"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

“Fransanın “Total” şirkəti uzun illər ərzində Azərbaycanda çoxlu layihələri uğurla həyata keçirmişdir və yeni qaz yatağının kəşfi böyük nailiyyətdir”.

Azərbaycan Prezidenti İlham Əliyev, 9 sentyabr, 2011-ci il




Total

“Fransanın “Total” şirkəti uzun illər ərzində Azərbaycanda çoxlu layihələri uğurla həyata keçirmişdir və yeni qaz yatağının kəşfi böyük nailiyyətdir”.

Azərbaycan Prezidenti İlham Əliyev, 9 sentyabr, 2011-ci il

 

“Total” dünyanın 130 ölkəsində 96 mindən artıq əməkdaşı çalışan beynəlxalq enerji şirkətidir. Öz törəmə şirkətləri və filialları ilə birlikdə”Total” neft və təbii qaz hasilatı üzrə dünyada dördüncü yeri tutur.

Total-Azerbaijan şirkətinin baş direktoru Kristian Qyudiçelli SOCAR+ jurnalına müsahibəsində birgə işin yekunlarından danışır və gələcəyə yönəlmiş planlarını bölüşür:

 

- Cənab Qyudiçelli, “Total” artıq 15 ildir ki, Azərbaycanda çalışır. Bu əməkdaşlığın inkişafını necə qiymətləndirirsiniz və onun əsas mərhələləri hansılardır

 

- Bəli, “Total” artıq 15 ildən artıqdır ki, Azərbaycanda aktiv işləyir. Biz burada müxtəlif fəaliyyət mərhələlərindən keçmişik, bəziləri uğurlu, bəziləri isə az uğurlu olub, ancaq nə etməli? Neft biznesindəki həyat budur! Biz Azərbaycanla əməkdaşlığa 1996-cı ildə “Şahdəniz” yatağı üzrə PSA müqaviləsi ilə başlamışıq. Sonradan nəhəng qaz və kondensat yatağına malik olduğu bəlli olan “Şahdəniz” üzrə konsorsiumda 10 faiz payla tərəfdaşıq. Layihənin operatoru BP konsorsiumu uğurlu inkişafa çatdırıb və “Total” həmişə bu əməkdaşlıqda konstruktiv tərəfdaş olmağa çalışıb.

 

Bu gün biz Azərbaycanda hələlik “Şahdəniz”in ilk mərhələsinin məhsulunu alırıq. Konsorsium indi yatağın işlənilməsinin ikinci mərhələsinə hazırlığı bitirmək üzrədir. Bu mərhələ yatağın bəzi hallarda 500 metrdən artıq dərinlikdə olan ehtiyatlarının tam işlənməsinə yönəlmişdir. Bu, ən müasir texnologiyalar vasitəsi ilə sualtı işlənmə olacaq. Ancaq unutmamalıyıq ki, bu, həm də müəyyən geoloji təhlükələr və mürəkkəb təzyiq rejimləri ilə əlaqədar olaraq qazma işlərinin çətin şəraitdə aparılacağı deməkdir. Çalışırıq ki, operator hər iki texniki sahədə bizim malik olduğumuz təcrübədən yararlansın – inkişafın müəyyənedici stadiyasına daxil olduğumuz üçün biz seminarlar keçiririk, konstruktiv təkliflər veririk. Görüləcək işlər çoxdur.  

 
“Total” Azərbaycanda operator olmağı həmişə istəyib. Biz ilk dəfə şansımızı dayazsulu “Lənkəran-Talış-Dəniz” blokunda sınadıq. Təəssüf ki, ilk cəhdimiz uğurlu alınmadı və nəticədə biz bu blokda işləməkdən imtina etdik. “Abşeron” blokunun kəşfiyyatı layihəsində, bu layihənin operatoru “Şevron”un tərəfdaşı qismində daha bir cəhd göstərdik. İlk quyu qazıldı və o da istənilən nəticəni vermədi. Buna baxmayaraq, “Total” göstəriciləri yenidən araşdırdı və biz “Abşeron”da kəşfiyyata yenidən qayıtdıq. 2009-cu ildə biz operator qismində ARDNŞ-lə yeni PSA müqaviləsi imzaladıq və sonradan layihədəki payımızın bir hissəsini GDF Suez şirkətinə satdıq. Artıq 2011-ci ilin əvvəlində qazma işlərinə başlaya bildik və həmin ilin ortalarında yataqda karbohidrogen ehtiyatları aşkarlandı. Dəyərləndirmələrdən sonra, sentyabrda yatağın kəşf olunduğu elan edildi. O vaxtdan bəri fəaliyyətimiz laylardakı ən məhsuldar məsamələrin yoxlanılmasına yönəlib. Biz yatağın işlənilməsini layihələşdirmək və Azərbaycana yeni resurslar qazandırmaq üçün bacardığımız qədər çox məlumat toplamağı planlaşdırırıq. Bu, ölkənizdə SOCAR-la əməkdaşlığımızın yeni mərhələsi olacaq.

 

Siz əməkdaşlığı qiymətləndirməyimi istədiniz. Deyərdim ki, biz həmişə əməkdaşlıq qurulmasına və aktiv iş metodlarının tətbiq olunmasına can atmışıq. Mən öz komandamı həmişə tərəfdaşlarımızla fikir mübadiləsinə, analizlərin izah olunmasına və layihənin strategiyasının qurulmasını müzakirə etməyə istiqamətləndirirəm. Deyə bilərəm ki, bu yanaşma faydalı olub və biz tərəfdaşlarımızla müsbət və konstruktiv fikir mübadiləsi apara bilirik. Beləcə, biz bütün çətinlikləri dəf etmək üçün onlarla eyni xəttin üzərində durmağı bacarırıq.

 

- “Total”ın Azərbaycana yatırdığı sərmayələrin ümumi məbləği nə qədərdir? Cari və gələcək layihələrin reallaşdırılmasına investisiya qoymaq üçün hələ nə qədər vəsait sərf etməyi planlaşdırırsınız?

- İndiki “Abşeron” layihəsinə qədər “Total” tərəfindən Azərbaycan sularında kəşfiyyata xeyli miqdarda vəsait yatırılıb: “Lənkəran” bloku üzrə layihəyə 56 milyon ABŞ dolları qoyulmuşdu, “Abşeron” üzrə birinci layihə “Total”a 86 milyon dollara başa gəlmişdi. Bunlar bir yerdə 140 milyon dollardan çox edir.


“Abşeron” blokunda işin cari mərhələsinə gəlincə, geoloji-kəşfiyyat işlərinin investisiyalaşdırılması bir neçə yüz milyon dollar təşkil edib, əgər gələcək inkişafdan danışırıqsa, layihəyə sərmayə qoyuluşunun çoxmilyardlı olacağını gözləmək mümkündür.

 

“Şahdəniz”ə gəlincə, onunla bağlı layihələrin hamısı çoxmilyardlıdır: işlənmənin birinci mərhələsi təxminən 5 milyard dollara başa gəlib. Cənub-Qafqaz qaz (CQQ) kəməri ilə qaz nəqlinin investisiyalaşdırılması 1 milyard dollar təşkil etdi. Buraya məsrəfləri təxminən 4 milyard dollar səviyyəsinə çatan BTC-ni (Bakı-Tbilisi-Ceyhan) də əlavə edə bilərik. Bu il “Şahdəniz”in işlənməsinin ikinci mərhələsi 3 milyard dollardan artıq həcmdə sazişlərin imzalanmasını zəruri edəcək. Əlbəttə, “Total” bütün bu layihələrə öz payını qoyub və qoyacaq.

 

Bütün bunlar göstərir ki, “Total” Azərbaycana əhəmiyyətli həcmdə sərmayələr yatırmışdır.  


- Biz başa düşürük ki, şirkətiniz böyük dərinliklərdə qazma işlərinin uğurla həyata keçirilməsi sahəsində yüksək təcrübəyə malikdir. Məsələn, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron”da məhsuldar lay 6550 metrlik qazmadan sonra aşkar olundu. Şirkət bu müqavilə blokunda kəşfiyyat işlərini davam etdirəcəkmi? Daha böyük dərinliklərdə qazma işlərinin aparılması mümkündürmü?

 
-Siz haqlısınız. Quyunun qazıldığı yerdə suyun dərinliyi 474 metr idi və biz qazlı layı 6600 metrdən artıq dərinlikdə aşkarladıq. “Total”ın bütün geoloji aspektləri öyrənmək niyyəti açıq-aşkardır. Biz bu aspektlər üzrə blokun real imkanlarını qiymətləndiririk. Bu, o deməkdir ki, daha böyük dərinliklərdə də qazma işləri aparıla bilər. “Abşeron”da müsbət nəticə alındığı indiki vaxtda strukturdakı çıxarıla bilən qaz ehtiyatlarının açılış səviyyəsini və miqdarını müəyyənləşdirmək məqsədi ilə qiymətləndirmə işlərinin aparılmasına zərurət yaranıb. Bütün bunlar üçün artıq aşkarlanmış məhsuldar laylara istiqamətlənmiş daha çox quyu qazmaq lazım gələcək. Bu quyular faydalı yerləşdirilərsə, onların köməyi ilə biz başqa aspektləri, məsələn, qazmanı daha da dərinləşdirmək perspektivlərini də öyrənə biləcəyik. Hazırda əldə olunmuş seysmik kəşfiyyat məlumatlarının təfsiri bu sahədə iki hədəfə – kəşfiyyat və dəyərləndirmə məqsədlərinə çatmağın mümkünlüyünü göstərir. Ancaq unutmaq olmaz ki, bu cür yanaşma əlavə texniki quyular qazılmasını tələb edir. Qazılacaq quyuların konstruksiyası düzgün olarsa, naməlum məsamələrdə üzləşə biləcəyimiz mümkün yüksək təzyiq ehtimallarının öhdəsindən gələ bilərik. Belə quyuların işlənməsində qazma qurğularının gücü də vacib parametr ola bilər.  “Total” çalışır ki, “Abşeron”un bundan sonrakı işlənməsi və blokun resurslarının tam həcmdə aşkarlanmasına imkan verən daha effektiv proqram tərtib etsin. Bu mühüm məsələdir və onun həlli Azərbaycana daha böyük fayda verəcək.


- Cənab Qyudiçelli, şirkətiniz qlobal miqyaslı bir çox tədbirlərə sponsorluq edir. “Total”ın Azərbaycanda maliyyələşdirdiyi proqramlar varmı və əgər varsa, bu, hansı sahələrə aiddir?



- Bəli, bizim belə proqramlarımız var. Bizim maliyyələşdirmələrimizin zirvəsində korporativ ictimai məsuliyyət layihələri dayanır və bu, iştirak etdiyimiz bütün layihələrə - “Şahdəniz”, Cənub-Qafqaz qaz və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri layihələrinə aiddir. Bu layihələrin operatoru BP-dir, artıq “Total” da öz proqramlarına start verib. Bu yaxınlarda üç müxtəlif sahəyə - təhsil, səhiyyə və mədəniyyətə aid proqramlar həyata keçirmişik. Təhsil sahəsində biz bir neçə yüz nəfər həm sağlam, həm də inkişaf çatışmazlığı olan uşağı eyni vaxtda qəbul edəcək internatın bərpası layihəsini dəstəkləmişik. Səhiyyə sahəsində əsas layihəmiz son vaxtlar ağ ciyər xəstəlikləri probleminə cəmləşib. Biz yerli Qeyri-Hökumət Təşkilatları,  Azərbaycan səhiyyə kommunikasiyalar assosiasiyası ilə əlaqələr yaratmış və onlarla birlikdə profilaktik tədbirlər kampaniyasına başlamışıq. İştirakçıların fədakar əməyi və Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlıq sayəsində vərəmlə mübarizə üzrə milli proqram çərçivəsində aparılan iş uğurlu alınıb. Mədəniyyət sahəsində isə “Fransızcaya toxunuş” layihəsini reallaşdırırıq. “Total” hər il Azərbaycanda fransız dilinin tədrisi üzrə təşəbbüsləri dəstəkləyir: alimlər üçün fransız dilinin praktikası üzrə regional müsabiqələr, ARDNŞ əməkdaşları üçün fransız institutunda təlim proqramları həyata keçirilir. 

Biz böyük uğur qazanmış “Fransa incəsənəti” sərgisini dəstəkləmişik. Fransa muzeylərindən 400-ə yaxın əsərin Bakıya gətirilməsi və iki ay ərzində Milli İncəsənət Muzeyində nümayiş etdirilməsi əsl mədəniyyət hadisəsi idi və biz çox şadıq ki, Heydər Əliyev Fondu və Fransanın Mədəniyyət və Rabitə Nazirliyi ilə birlikdə bu möhtəşəm layihənin iştirakçısı olduq.


- Müsahibə üçün çox sağ olun!

 

- Xoş gəlmisiniz, çox xoş idi. Mənim qapılarım sizin üçün həmişə açıqdır!