"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Qətər Fars körfəzinə qədər uzanan Şərqi Ərəbistan yarımadasında kiçik bir ərəb dövlətidir. Cənubdan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. 2011-ci ilin statistik nəticələrinə əsasən, Qətər dünyanın ən zəngin dövləti sayılır. Nüfuzlu “Forbs” jurnalının tərtib etdiyi reytinqə görə burada adambaşına düşən orta illik gəlir 88 min 222 ABŞ dolları təşkil edir.




Qətər

 

Ümumi məlumatlar

Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Pliniy (I əsr) tərəfindən də xatırlanır. Regionda aparılan arxeoloji qazıntılar göstərir ki, bu torpaqlar bizim eradan əvvəl 4-2-ci minilliklərdə paytaxtı Bəhreyn olan Dilmun və təxminən indiki Omanın ərazisində mövcud olmuş Maqan krallıqlarının nəzarəti altında olub. Burada əhali dənli bitkilər becərmək, mis əritməklə məşğul olur və Şumer, Akkad, Babilistan, Assuriya ilə intensiv ticarət aparırdı. B.e. əvvəl 6-cı əsrdə Qətər və onun ətraf əraziləri Fars dövləti tərəfindən zəbt olundu.

Ərəb yarımadasının digər xanlıqları kimi, Qətər dövləti də VII əsrdə Ərəb xilafətinin tərkibinə daxil oldu. XIII əsrdən etibarən Bəhreyn əmirlərinin, XVI əsrdən başlayaraq isə Portuqaliyanın nəzarəti altına keçən Qətər 1871-1916-cı illərdə Osmanlı imperiyasının tərkibində olmasına baxmayaraq, ölkədə real hakimiyyəti yerli şeyxlər idarə etmişlər. 1916-cı ildə ölkədə Britaniya protektoratı qurulub.

1971-ci il sentyabrın 1-dən etibarən Qətər müstəqil dövlətdir.

Siyasi nöqteyi-nəzərdən Qətər mütləq monarxiya dövlətidir və ölkədəki hakimiyyət bütünlükdə Əl-Tani sülaləsinə məxsusdur. Siyasi partiya və həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edilib. Dövlət dini İslamdır. Qətərin yerli sakinləri, İslam dininin əsası Məhəmməd ibn Əbdül-Vəhhab (1703 – 1787) tərəfindən qoyulmuş vəhhabi təriqətinə itaət edirlər.  

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatına əsasən, 2011-ci ildə Qətər əhalisinin ümumi sayı 1.9 milyon insan təşkil edib. Onların 1.4 milyonu kişi, 0.5 milyon nəfəri isə qadındır. Əhalinin 96%-i şəhərlərdə yaşayır. 2010-2015-ci illərdə əhalinin artım sürətinin 2.9%, insan ömrünün orta hesabla kişilər üçün 79 il, qadınlar üçün isə 78 il təşkil edəcəyi gözlənilir. Əslində, Qətərdə ərəblər əhalinin üçdə iki hissəsini təşkil edirlər, ölkənin qalan sakinləri isə pakistanlılar, hindular, farslar, bəluclar, Afrika mənşəlilər və başqalarıdır.

XX əsrin 30-cu illərinin sonlarında iri neft yataqlarının kəşf edilməsi ənənəvi Qətər cəmiyyətinin bütün strukturunu kökündən dəyişdi. Qətərlilərin ənənəvi məşğuliyyətləri – mirvari hasilatı, balıqçılıq, dəvəçilik və qoyunçuluq, qismən də əkinçilik praktik olaraq keçmişdə qaldı. Bu, həm bədəvilərə, həm də “ucqar” yerlərdə – oazis və xırda qəsəbələrdə yaşayan oturaq sakinlərə aiddir. XX əsrin sonlarında Qətərin demək olar ki, bütün əhalisi şəhərlərdə məskunlaşdı.

İqtisadiyyat

Bu gün Qətər iqtisadiyyatının əsasını neft və qaz hasilatı təşkil edir. Bu sahə ümumdaxili məhsulun 55%-dən çox hissəsini, ixrac gəlirlərinin təxminən 85%-ini, dövlət gəlirlərinin isə 70%-ni təmin edir. Neft-qaz sənayesindən əldə olunan gəlirlər sayəsində Qətər müasir, yaxşı inkişaf etmiş iqtisadi infrastruktur və adambaşına düşən gəlir səviyyəsi baxımından Qərbi Avropadan geri qalmayan zəngin bir ölkəyə çevrilmişdir.  

Qətərin aşkar edilmiş neft ehtiyatları təxminən 2.3 milyard ton, təbii qaz ehtiyatları isə 17.9 trilyon kub metr təşkil edir. Bu isə o deməkdir ki, ölkə dünyada qaz ehtiyatlarının həcminə görə 3-cü yeri tutur. Qətər ildə stabil olaraq 100 milyard kubmetrdən çox təbii qaz hasil edir. 2011-ci ildə isə təbii qaz hasilatı 110 milyard kubmetrdən də çox olmuşdur. 2030-cu ilə bu göstəricinin 255 milyard kubmetrə çatacağı gözlənilir. Öz iqtisadiyyatının diversifikasiyasını təmin etmək və xammal ixracından asılılığı aradan qaldırmaq üçün Qətər dövləti iqtisadiyyata iri həcmli xarici investisiyalar cəlb edərək, ölkə infrastrukturunun inkişafına və tikinti sahələrinə böyük sərmayələr qoyur.

Turizm və mədəniyyət

Qətər zəngin tarixə malikdir. Ölkə ərazisində qədim sivilizasiyaların yeni-yeni izlərini aşkarlayan və get-gedə daha da genişlənən arxeoloji qazıntılar da bunu sübut edir. Qətər həm də qonşu ölkələrlə müqayisədə nisbətən mülayim adət-ənənələri, özünəməxsus mədəni irsi, yerli sənətkarların son dərəcə gözəl əl işləri ilə diqqəti çəkir.

Turizm biznesinə qoyulan sərmayələrin həcmi tezliklə Qətəri Fars körfəzi ölkələri arasında ön mövqeyə çıxaracaq. Hazırkı mərhələdə Qətər əhalisinin 70%-i Doha şəhərində yaşayır. Burada möhtəşəm göydələnlər, ticarət mərkəzləri və yeni mehmanxanalar inşa olunur. Ölkədə tam əmin-amanlıq hökm sürür, gecə vaxtı küçələrdə arxayınlıqla gəzmək mümkündür.  

Qətərdə istirahət etmək üçün ən yaxşı vaxt sentyabr-yanvar və mart-may ayları sayılır. Turistləri çox gözəl mehmanxanalar və narın qumlu çimərliklər gözləyir. Bir çox çimərliklərdə hovuzdan-hovuza keçidlər və xüsusi əyləncəli “su təpəcikləri” quraşdırılmışdır. Fars körfəzi haqlı olaraq “dayvinq” (suyadalma) üçün ən əlverişli yerlərdən hesab edilir. Qətərdə turistlərə təklif edilən ən məşhur əyləncələrdən biri də safaridir. Sürətli maşın yarışmalarından sonra, turistləri Fars körfəzinin sahilində qurulmuş çadırlarda ləziz barbekyü kababı gözləyir.

Qətərin paytaxtı Doha şəhəri dünyanın ən böyük ticarət mərkəzlərindən biridir və bütün ölkə əhalisinin 80%-i burada cəmləşib. Doha bölgədəki ən gözəl dəniz sahillərindən birinə malikdir. Burada ərəb üslubundan tutmuş müasir üslublara qədər ən müxtəlif arxitektura nümunələrinə rast gəlmək olar. Dohada yarımadanın etnoqrafiyasını əks etdirən bir neçə muzey fəaliyyət göstərir. Burada ənənəvi və müasir üslublarda tikilmiş çoxmərtəbəli ticarət komplekslərinə rast gəlmək adi haldır. Doha həmçinin inkişaf etmiş aviasiya sənayesinə, dəniz donanmasına və bütün dünyaya yayımlanan peyk teleradio yayımı şəbəkəsinə malikdir - Qətərin  “Əl-Cəzirə” şirkəti hər yerdə yaxşı tanınır.

 

Qətər haqqında maraqlı faktlar

Qətərin ümumdaxili məhsul (ÜDM) strukturunda sənaye sahəsi əsas yer tutur (75%). Xidmət sektoru 25%, kənd təsərrüfatı isə 0.1% təşkil edir.

Neft gəlirlərinin böyük qismi səmərəli şəkildə sosial sahəyə xərclənir. Lakin bu mənfəətdən yalnız Qətər vətəndaşları istifadə edə bilərlər.

Paytaxt Dohanın hüdudlarından kənarda, demək olar, heç nə yoxdur. Buna görə də, mahiyyət etibarı ilə Qətər elə Dohadan ibarətdir. Şəhər çoxlu sayda 2-3 mərtəbə evlərdən ibarət seyrək məhəllələrdən və ya çoxlu yeni tikililərdən – göydələnlərdən ibarətdir.

Qətərdə daimi çaylar yoxdur. Yalnız qrunt sularının üzdə axdığı yerlərdə ara-sıra oazislərə rast gəlmək mümkündür. Ölkənin qalan ərazisi isə ucsuz-bucaqsız səhralardan ibarətdir.

Qətərdə içməli su məşhur qazlı içkilərdən baha satılır. Ərzaq məhsullarının əksər hissəsi BƏƏ və ya Səudiyyə Ərəbistanından idxal edilir. Qətər özü isə ərzaq məhsullarının istehsalı ilə məşğul olmur.

Qətərdə benzinin qiyməti cəmi 25 ABŞ sentidir, buna görə də qətərlilər azlitrajlı avtomobillər almırlar, yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş (tamintiqallı) maşınlardan istifadə edirlər. Burada heç kim piyada gəzmir. Dohada ictimai nəqliyyat praktiki olaraq mövcud deyil.

Qətərlilər idmanı çox sevirlər. Özləri idmanla məşğul olur və məmnuniyyətlə idman proqramlarına baxırlar. 2022-ci ildə futbol üzrə dünya birinciliyi Qətərdə keçiriləcək.

Qətər əmirinin sifarişi ilə “Stadiumconcept” alman studiyası “Floating Offshore Stadium”  (üzən stadion) layihəsini işləyib hazırlamışdır. Bu stadion 2022-ci ildə futbol üzrə dünya çempionatını qəbul edəcək. Stadionu su ilə hərəkət etdirmək (!) və yer kürəsinin istənilən başqa nöqtələrində istifadə etmək mümkün olacaq.

Qətərin dövlət bayrağının ölçüləri 11:28 nisbətindədir və bu, bütün dünyada ən ensiz və ən uzun dövlət bayrağıdır.