"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

1883-cü ilin may ayının 16-da Bakıda Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynamış Rotşildlərə məxsus “Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti” qeydiyyata alındı. Vaxt keçdikcə Cəmiyyətin fəaliyyəti genişləndi və qarşıya şirkətin ofisinin yerləşməsi üçün bina tikilməsi məsələsi çıxdı. 




Neft irsimizdən

1883-cü ilin may ayının 16-da Bakıda Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynamış Rotşildlərə məxsus “Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti” qeydiyyata alındı. Vaxt keçdikcə Cəmiyyətin fəaliyyəti genişləndi və qarşıya şirkətin ofisinin yerləşməsi üçün bina tikilməsi məsələsi çıxdı. 1898-1899-cu illər ərzində Bakıda Quberniya (indiki Nizami) və İran (indiki Murtuza Muxtarov) küçələrinin tinində bu məqsədlə Rotşildin maliyyə vəsaiti hesabına neoqotik üslubda - Fransa qotikası ilə müasir qotikanın ən yaxşı ənənələrindən istifadə olunmaqla görkəmli bir bina ucaldıldı. Cəmiyyətin binası ümumi kompozisiya baxımından ciddi və sadə idi. Memar bu effektə Abşeronun ağ əhəng daşını müvəffəqiyyətlə emal etmək sayəsində nail olmuşdu. Möhtəşəm şəkildə tikilib başa gətirilmiş bina o dövrdə şəhərin üstün memarlıq nümunələrindən birinə çevrilmişdi.

Layihənin müəllifi mülki mühəndis Kazimir Brunoviç Skureviç (1866-1950) idi. O, polşalı memar Yuzef Vikentyeviç Qoslavskinin (1865-1904) dəvəti ilə Bakıya 1895-ci ildə Varşavadan gəlmişdi. Qeyd edək ki, Polşa Seyminin Varşavadakı binasının layihəsi də Kazimir Skureviçə məxsusdur.

Kazimir Brunoviç Skureviçin inşa etdiyi binalar monumentaldır, daha çox üç küçəyə açılır və ya şəhərin ümumi planında bucaqlı variantda təmsil olunurlar. Memar binanın kompozisiyasına xüsusi diqqət yetirərək, fasadın strukturuna kiçik formalar – detallar, naxışlar da əlavə etmiş, memarlıq kütləsi ilə ətraf mühit arasında harmoniya yaradılmışdır. Bina memarın fərdi dəst-xəttini qoruyub saxlamaqla yanaşı, mahiyyətcə şəhərin digər tikililəri ilə ahəngdar şəkildə qovuşmuşdu.

1912-ci ildə binanın sahibləri özlərinin Rusiya imperiyasındakı bütün müəssisələrini Britaniya-Hollandiya konserni «Royal Dutch Shell»ə satdılar. Buna görə də sonradan binada Niderland krallığının konsulluğu yerləşdi.

Azərbaycanda sovet hakimiyyətinin zor gücünə bərqərar edilməsindən sonra, 1930-cu illərdə bu bina “Mərkəzi Kəndlilər evi”nə verildi. Təəssüf ki, binanın diqqətlə hazırlanmış, ancaq o dövrün fəhlə-kəndli üslubuna uyğun gəlməyən fasadının bəzi detal və hissələri söküldü. Buna misal olaraq, binanın küncündəki qüllə-günbəzi, əsas girişin mərkəzindəki eyvanın gözəl bir hissəsini və s. göstərmək olar. Bununla da, məşhur polyak memarının müəllif layihəsi pozuldu və binanın fasadının arxitektur bütövlüyü itirildi.  

Hazırda həmin binada Azərbaycan Respublikasının Baş Prokurorluğu yerləşir.

Murtuza Muxarov küçəsi, 13 ünvanında yerləşən bina bu gün «Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü»nə uyğun olaraq dövlət əhəmiyyətli memarlıq abidəsidir (qeyd № 3268, səh.129).

Ona görə də prokurorluğun rəhbərliyi memar Elçin Əliyevin irəli sürdüyü binanın ilkin görünüşünün bərpası ideyasını dəstəkləmiş və müvafiq işlərin görülməsini maliyyələşdirməyə hazır olduğunu bildirmişdir.

Hazırda arxiv materiallarının toplanması və binanın itirilmiş fasad elementləri və hissələrinin layihələşdirilməsi işləri gedir.