"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qurulmasına və inkişafına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar bir-birini əvəzləməkdədir.








Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: “Gələcəyə baxış”

Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qurulmasına və inkişafına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar bir-birini əvəzləməkdədir. Azərbaycan-ABŞ diplomatik əlaqələrinin qurulmasının 20 illiyi fonunda bu reallıq bir daha təsdiqlənir: münasibətlərdə qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlayan ölkəmiz 20 illik müstəqillik tarixində etibarlı tərəfdaş imici qazanmış və bu mövqeyini günbəgün möhkəmləndirməkdədir. Bu mənada 24-26 aprel tarixlərində Vaşinqton şəhərində keçirilən “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” beynəlxalq konfransı 2012-ci ilin ən mühüm və yaddaqalan hadisələrindən biri kimi dəyərləndirilməlidir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin fevral ayında qurulub. 1992-ci ilin mart ayında Azərbaycanın ən vacib strateji tərəfdaşlarından biri olan ABŞ Bakıda səfirliyini açıb. Hazırda Azərbaycan-ABŞ münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan bu gün dünya birliyinin fəal faktorudur. Bu fikir Vaşinqtonda keçirilmiş konfransın əsas leytmotivini təşkil etmişdir.

Amerikada yaşayan Avrasiya Türkdilli icmalarının "Türkaz" Şurası, USAN Amerika Azərbaycanlıları Şəbəkəsi, ABŞ-ın Con Hopkins Universitetinin "Caspian" Strateji İnstitutu tərəfindən təşkil olunan bu möhtəşəm tədbirdə Birləşmiş Ştatların böyük nüfuza malik siyasətçiləri, səfirlər, görkəmli elm xadimləri, hərbçilər, tanınmış ekspertlər və "beyin mərkəzləri"nin mütəxəssisləri, habelə Azərbaycan və Türkiyə icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirin miqyasını təsəvvür etmək üçün "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" konfransında 35 nəfər Federal konqresmenin, 5 nəfər federal senatorun, 2 qubernatorun, 15 ştatdan Senat, 25 ştatdan Nümayəndələr Palatası üzvlərinin, 3 şəhər merinin, 10 federal nazirlik təmsilçisinin, ABŞ-da akkreditasiya olunan 6 ölkə səfirinin, həmçinin 10 ölkədən diplomatların, generalların, 50-dən artıq universitet və strateji tədqiqat mərkəzindən görkəmli mütəxəssislərin iştirak etdiyini qeyd etmək kifayətdir.

İlk dəfə belə geniş səviyyədə təşkil olunan tədbirdə Azərbaycanın geosiyasi, geostrateji və geoiqtisadi əhəmiyyəti, dünyada tutduğu əhəmiyyətli mövqeyi və s. məsələlər ətrafında müzakirələr, həmçinin, respublikamızın dünyada dinlər və svilizasiyalararası dialoq üçün mühüm rol oynaması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan nümayəndə heyəti üzvlərinin, eləcə də ABŞ təmsilçilərinin dəyərli çıxışları dinlənilib, ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edən fikirlər səsləndirilib.

ABŞ-ın Luiziana ştatının qubernatoru Bobbi Cindal Azərbaycan və Amerika xalqlarına əlamətdar hadisə münasibətilə təbrikini çatdıraraq bildirib ki, ABŞ-Azərbaycan münasibətləri regional təhlükəsizlik və terrorizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir. O nəzərə çatdırıb ki, Azərbaycan kimi Luizianada da neft və qaz istehsalı iqtisadiyyatın əsasını təşkil edir: “Dünyanın ölkənizin və bizim ştatımızın neft və qaz ehtiyatlarına ehtiyacı var. Mən həqiqətən inanıram ki, biz dünyamızı enerji ilə təmin edirik”. Çıxışın sonunda B.Cindal bildirib: “Sizin neft və qaz şirkətinizlə çox yaxşı müzakirələrimiz oldu. Sizin də neft-kimya sənayesinə investisiya yatırmaq sahəsində bizim gördüyümüz bir çox işləri həyata keçirdiyinizi görmək sevindirici amildir. Biz birgə işləmək, texnologiyaları, təcrübələri bölüşmək istiqamətində müzakirələr apardıq”.

İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov ötən 20 il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafı, əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən bəhs edib. Komissiyanın üçüncü iclasında aviasiya sahəsində Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran S.Şərifov ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün imkanların genişləndirilməsinin vacib olduğunu, bu baxımdan “Azadlığa Dəstək Aktı”na edilmiş “907-ci düzəliş”in strateji münasibətlərin ruhunu əks etdirmədiyini və daha geniş əməkdaşlığa mane olduğunu bildirib. Nazir, ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa humanitar yardımın ayrılmasının ABŞ-ın rəsmi mövqeyi ilə uzlaşmadığını diqqətə çəkib: «Humanitar məqsədlə ayrılmış yardımın birtərəfli qaydada deyil, Dağlıq Qarabağın azərbaycanlı icmasının da nəzərə alınmaqla ayrılması vacibdir».

ABŞ Administrasiyasının rəsmi təmsilçisi, dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubinin çıxışı bu fikirlə yadda qalıb: “Azərbaycanın demokratik ölkə, regional və qlobal lider kimi inkişafına inanırıq”. O, ABŞ-Azərbaycan diplomatik əlaqələrinin yaradılmasının 20 illiyi ilə bağlı bir sıra məqamlara toxunaraq bildirib: «Görün nə qədər yol gəlmişik, Azərbaycan bizə nə qədər yaxın olub. Hesab edirəm ki, o günləri xatırlamaq bu əlaqələrin yaradılmasına töhfə vermiş və burada iştirak edən hər bir insanda şəxsi məmnunluq hissi yaradır. Bu konfrans da onu göstərir ki, ABŞ-Azərbaycan əlaqələri rəsmi Vaşinqtonun bütün strukturlarında mühüm yer tutur. ... Bugünkü konfrans da bu əlaqələrin gələcəyinə ümidlə baxmağa əsas verir”. Erik Rubin əminlik və qətiyyətlə vurğulayıb ki, Azərbaycan həmişə Birləşmiş Ştatların dostu və tərəfdaşı olaraq qalacaq.

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov isə ABŞ-la Azərbaycan arasında bir çox oxşarlığın olduğunu önə çəkərək, bu sırada tolerantlığı xüsusi vurğulamış, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini, irəlidə görülməli daha böyük işlərin olduğunu qeyd edib, bu münasibətlərin təkcə iki ölkə üçün deyil, bütün bölgə üçün əhəmiyyətindən danışıb. 

Milli Məclisin beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ ilə Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu, konfransın başlıca məqsədinin mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarət olduğunu diqqətə çəkib. 

ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan və hərtərəfli diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu fəxrlə qeyd edən ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər üzrə komitəsinin sədri İleana Ros-Lehtinen bildirib ki, Azərbaycan digər xalqların rəğbətini qazanıb, regionda və dünyada artan nüfuzu ilə mühüm tərəfdaşa çevrilib. O, Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyasına imkan verən, gəlirlərin neft və qaz satışından asılılığını azaltmağa yönələn bir sıra uğurlu islahatlar həyata keçirdiyini söyləyib, iki ölkə arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsinin zəruri oldğunu vurğulayıb.        

ABŞ Senatının üzvü Rocer Uiker Azərbaycanın gündən-günə nüfuzunun artmasına sevindiyini bildirib: “2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq arenada mühüm yer tutacaq”.

ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin Konqresdə yüksək qiymətləndirildiyini söyləyən ABŞ Konqresinin üzvü Cerri Konnoli beynəlxalq terrorizmə qarşı qlobal mübarizədə tutduğu mövqeyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür edib, ölkəmizlə əlaqələri çox yüksək qiymətləndirib: “Əminəm ki, ölkələrimiz arasında strateji əhəmiyyət daşıyan bu münasibətlər gələcəkdə yalnız inkişaf edəcək”. ABŞ Senatının üzvü Çak Şumers “Biz Azərbaycan xalqı ilə möhkəm dostluq qurmuşuq”, ABŞ Konqresinin üzvü Stiv Koen “Azərbaycan xalqı tolerantlığı ilə digər xalqlara nümunədir”, Konqresin digər üzvləri Bill Kəssidi, Ted Po, Qreq Harper, Şeyla Cəkson Li “Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır”, “Azərbaycan Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur”, “İnanıram ki, güclü və inkişaf edən Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaqdır”, “SOCAR-ın enerji təminatında artan rolunu yüksək dəyərləndirirəm” söyləməklə iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırıblar. Konfransda səsləndirilən fikirlərdə bildirilib ki, Azərbaycan qlobal enerji tələbatının ödənilməsi və dünya bazarlarında sabitliyin bərqərar olunmasında mühüm rol oynayır. ABŞ-ın Azərbaycanla tərəfdaşlığını davam etdirərək Xəzər hövzəsinin etibarlı enerji istehsalçısı kimi Azərbaycanla münasibətlərin inkişafına nail olması beynəlxalq ictimaiyyət üçün çox vacibdir.