"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

1911-ci il aprelin 25-də  Ramana qəsəbəsində çox kasıb bir ailədə oğlan uşağı doğuldu, onun adını Baba qoydular və həmin vaxt heç kəs güman etmədi ki, taleyi bu uşağa necə parlaq gələcək vəd edir...





ХХ ƏSR NEFT VƏ QAZ GEOLOGIYASININ ƏFSANƏSI

1911-ci il aprelin 25-də  Ramana qəsəbəsində çox kasıb bir ailədə oğlan uşağı doğuldu, onun adını Baba qoydular və həmin vaxt heç kəs güman etmədi ki, taleyi bu uşağa necə parlaq gələcək vəd edir...

 

Hazırda milli geologiya tarixinə bir sıra neft yataqlarının öncül kəşfiyyatçısı kimi düşən Baba Qurbanqulu oğlu Babazadənin adı Azərbaycanda yaxşı tanınır. Onun rəhbərliyi altında “Qala” (1936), “Buzovna” (1940), “Maştağa” (1944) və bir sıra başqa iri neft və qaz-kondensat yataqları kəşf edilib. Bu yataqların istismarı Bakı neft rayonunda karbohidrogenlər hasilatının artırılmasını, yeni neft-qaz çıxarma bazasının yaradılmasını təmin edib. B.Babazadə neftçilər arasında Azərbaycanda və SSRİ-də birincilərdən olaraq Sosialist Əməyi Qəhrəmanı (1944) fəxri adına, Buzovna-Maştağa yatağının kəşf edilməsinə görə isə SSRİ Dövlət mükafatına (1947) layiq görülüb.

 

BÜTÜN HƏYATI – ŞÜCAƏT

Baba Babazadə  fədakar əməyi ilə İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə öz töhfəsini vermiş azərbaycanlı mütəxəssislərdəndir. Düzdür, o, arxa cəbhədə çalışıb; “məxfi iş” yerinə yetirdiyi üçün üç nəfər həmkarı kimi onu da cəbhəyə aparmayıblar.

 

Demək olar ki, sovet ordusunun bütün hərbi texnikası o vaxt Bakı nefti ilə işləyirdi. Sovet İttifaqı marşalı G.K.Jukov Bakı neftçilərinin əməyini yüksək qiymətləndirərək yazırdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənin müdafiəsi və düşmən üzərində qələbə üçün lazım olduğu qədər yanacaq verirdilər”. Bu, adı neft kəşfiyyatı və hasilatı ilə bilavasitə bağlı olan insan üçün böyük qiymətdir.

B.Babazadə 1934-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsini bitirib.

 

Gənc geoloq  “Əzizbəyovneft”dəki ilk iş günündən başlayaraq “Qala” yatağında aparılan axtarış-kəşfiyyat işlərinə böyük maraq göstərib. 1936-cı ildə Qaladakı köhnə mədəndə 507 nömrəli quyunun qazılması zamanı stratiqrafik (çöküntü) tipli, “Qala dəsti” adlandırılan yeni bir horizont kəşf olundu. Quyuya nüfuz edilməsi üzrə görülən işlər B.Q.Babazadənin rəhbərliyi altında aparılmışdı. Bu kəşf böyük regional neft kompleksinin yaradılmasının başlanğıcını qoydu.

1942-ci ilin fevralında “Əzizbəyovneft”in baş geoloqu olan B.Babazadə Buzovna-Maştağa yatağını kəşf edir və buna görə Qırmızı Əmək bayrağı ordeni ilə təltif olunur.

 

1944-cü ildə neft işinə görkəmli töhfələrinə görə o, respublikada, o cümlədən bütövlükdə SSRİ-də birincilərdən olaraq Sosialist Əməyi Qəhrəmanı fəxri adına, ondan üç il sonra isə birinci dərəcəli Stalin mükafatına layiq görülür. Bu, əsl zəfər idi. 

 

GENERAL LİBASI YARAŞIRDI 

Görkəmli geoloqun oğlu Oqtay Babazadənin xatirələrindən: “1950-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə atama III ranqlı baş direktor fəxri adı verildi. Yəni SSRİ üzrə onun səviyyəsində olan bütün neft işçiləri general mundiri aldılar. Bu, möhtəşəm bir libas idi. Atam evə gələndə məndə elə bir fəxarət duyğusu yaranırdı ki, bunu sözlə ifadə etmək mümkün deyil”.

 

“Zirə”, “Neft Daşları”nın şimal-şərq qanadı, “Palçıq Pilpiləsi”, “Qaradağ”, “Kirovdağ”, “Mişovdağ”, “Qum-dəniz” və başqa neft yataqlarının kəşfi B.Q.Babazadənin adı ilə bağlıdır. Onun çoxillik əməyinin  nəticəsi “Buzovna-Maştağa neft yatağı və Abşeronda dərin yataqların perspektiv strukturlarının axtarışı” monoqrafiyasında öz əksini tapıb. Babazadənin rəhbərliyi altında neftli və qazlı layların struktur qanunauyğunluqları, onların mənşəyi, terrigen və karbon çöküntüləri yığıntılarının təsnifatı, mezazoy çöküntülərinin axtarışının əsaslandırılması, yeni geoloji materiallar əsasında ehtiyatların proqnozlaşdırıması və digər məsələlərin öyrənilməsi ilə bağlı fundamental tədqiqatlar həyata keçirilib. Geoloq-alimin çoxsaylı elmi işləri təkcə Azərbaycanda yox, bütün keçmiş SSRİ miqyasında neft yataqlarının rasional işlənməsi və geoloji kəşfiyyat üçün başlıca istiqamətverici rola malik idi.  

Onu “Allahdan geoloq vergisi verilmiş adam” adlandırırdılar. Babazadənin hesabında 80-dən artıq elmi iş var. Neft Akademiyasında dərs dediyi zaman o, 20-dən çox elmlər namizədi hazırlayıb, gələcək geoloqlara öz peşələrinə məhəbbət aşılayıb, öz zəngin təcrübəsini səxavətlə onlarla bölüşüb.

 

HƏYATI “KOMETA KİMİ” KEÇDİ… 

O.Babazadənin xatirələrindən: “Atam elmimizi bir sıra nüfuzlu forumlarda layiqincə təmsil edirdi. O, yeni nəsil geoloqları qayğıkeşliklə dəstəkləyirdi, öz həmkarlarına həmişə kömək edirdi. Hətta belə bir əhvalat olub: onu ikinci dəfə Stalin mükafatına təqdim edəndə, imtina edərək deyib: “Bu mükafatdan məndə artıq var... Daha biri nəyə gərək?” Və o, öz yerinə üç silahdaşını mükafata irəli sürüb. Vaxtsız və qəfil ölüm ömrünün baharında onu həyatdan qopardı”

 

Bəli, o, həyatdan çox gənc yaşlarında getdi. O, öz xalqına hələ nə qədər fayda verə bilərdi. Ancaq gördüyü işlər, kəşf etdiyi yataqlar, tərtib etdiyi xəritələr indi də Azərbaycan xalqına, Vətənə xidmət edir.

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü B.E.Xainin xatirələrindən: “Baba Babazadənin kim olduğunu başa düşmək üçün o illərdə “Azneftin Bakıda və Azərbaycanda nə demək olduğunu bilmək lazımdır. O vaxtlar “Azneft” SSRİ-də istifadə olunan neftin əsas hissəsini verirdi, kiçik bir şəhər üçün böyük müəssisənin əhəmiyyəti necədirsə, onun da Bakı və Azərbaycan üçün önəmi o qədər idi. “Azneft”in baş geoloqunun kim olması, nəçi olması mühüm məsələdir. Azərbaycanın bütün neft sənayesinin yalnız taktiki işləri yox, həmçinin strateji inkişafı ondan asılı idi...”.

 

O.Babazadənin xatirlərindən: “Görkəmli geoloq və olduqca məşğul adam olmasına baxmayaraq, atam bağ evində torpaqla əlləşməyi çox sevirdi. 1962-ci ilin həmin faciəvi günü, avqustun 18-də atam bağda nəyisə deşmək üçün  aləti götürüb. Alət xarab vəziyyətdə olub və yüksək gərginlikli cərəyan atamı vurub. Atamın cəmi 52 yaşı vardı... O, ölmək üçün çox cavan idi...”

Baba Babazadənin xatirəsi təkcə onun yaxınlarının qəlbində yaşamır. Azərbaycan öz qəhrəmanlarını unutmur – Xəzərin mavi ənginliyində uzun illər “Babazadə” teploxodu üzüb, Xəzər dənizində iri geoloji struktur Babazadənin adını daşıyır.