"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

ARDNŞ-nin Avstriyada nümayəndəliyinin rəhbəri Gülmirzə Fəxrəddin oğlu Cavadovla müsahibə






Azərbaycan – Avropa İttifaqı üçün etibarlı partnyor

Cənab Cavadov, ARDNŞ-nin Avstriya nümayəndəliyi hansı səbəblərdən yaranıb, ARDNŞ-nin Avropa bazarlarına daxil olması strategiyası nədən ibarətdir, son illər ərzində nümayəndəlik nə kimi işlər aparıb?

 

ARDNŞ-nin Avstriyada öz nümayəndəliyini yaratmasının əsas səbəbi şirkətin son illər keyfiyyətcə yeni səviyyəyə qədəm qoymasıdır.  Beynəlxalq şirkətə çevrilmiş SOCAR artıq bütün dünyada tanınan bir brenddir. Şirkət rəhbərliyi qarşısına təkcə neft və qaz hasilatının artırılmasını deyil, eyni zamanda enerji ehtiyatları üçün yeni bazarlar axtarmaq, infrastrukturu təkmilləşdirmək, yeni texnologiyalardan istifadə etmək, dünyanın aparıcı şirkətlərinin təcrübəsini öyrənmək, beynəlxalq standartlara uyğunlaşmaq, ətraf mühitin mühafizəsində rolunu artırmaq, əməkdaşlarının sağlamlığını və təhlükəsizliyini qorumaq, gələcəkdə alternativ enerji mənbələrini inkişaf etdirmək  kimi məqsədlər də qoyub. Bu vəzifələrin həyata keçirilməsi üçün Vyana kimi strateji cəhətdən mühüm olan yerlərdə nümayəndəliklər açmaq zərurəti meydana çıxır. Uzun illərdir Vyana dünyanın “neft paytaxtı” rolunu oynayır, çünki OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və OPEC fondu (neft ixrac edən ölkələrin maliyyə-kredit təşkilatı) bu şəhərdə yerləşir. Vyana eyni zamanda Avropanın siyasi paytaxtlarından biri, Mərkəzi və Şərqi Avropanın güclü iqtisadi mərkəzidir.   O, bir sıra iri şirkətlərin mərkəzi və regional mənzil-qərargahlarına, həmçinin nümayəndəliklərinə ev sahibliyi edir. 

 

Bununla bağlı onu da qeyd etmək lazımdır ki, məhz nümayəndəliyin açılmasından sonra Azərbaycan OPEK-in müvafiq iclaslarında iştirak etməyə başlayıb. Dövlətimizin başçısı İ.Əliyevin göstərişindən sonra, əlaqələrin və dialoqun təşkil edilməsi, təcrübə mübadiləsinin aparılması üçün Azərbaycanın sənaye və energetika naziri N.Əliyev OPEK-in illik iclaslarının işində iştirak etməyə başladı. 

 

Vyanada nümayəndəliyin açılmasına səbəb olan əsas amillərdən biri də odur ki, Azərbaycan qazının Avropaya nəql olunması məqsədilə hazırlanan Nabucco layihəsi qazın məhz Baumqartenə - Vyana yaxınlığında yerləşən Mərkəzi Avropa Qaz Bölüşdürücü Mərkəzinə çatdırılmasını nəzərdə tutur. Avropanın qaz arteriyalarının böyük hissəsi Baumqartendən keçir. Vyana birjası isə ən mühüm qaz satışı mərkəzlərindən biridir. 

 

 

TAP və bu yaxınlarda oyunu tərk etmiş ITGI layihələri də qazın Mərkəzi və Cənub-Şərqi Avropaya ötürülməsini nəzərdə tuturdu.  Avstriya paytaxtında müntəzəm olaraq, neft və qaz sənayesinə həsr olunmuş beynəlxalq və regional konfranslar, sərgilər keçirilir. “Şahdəniz” layihəsinin tərəfdaşları, o cümlədən ARDNŞ və potensial istehlakçı şirkətlər arasında Azərbaycan qazının Avropaya nəqli ilə bağlı danışıqlar da çox vaxt Vyanada aparılır.         

 

ARDNŞ-nin strateji xətti təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft-qaz strategiyasına əsaslanır. Bu strategiya ilk növbədə Azərbaycanın enerji təhlükəsizliyinin təminatına, respublikanın daxili enerji tələbatının ödənilməsinə, eyni zamanda enerji ehtiyatlarının dünya bazarına çıxışının diversifikasiyasına  xidmət edir. 

 

Avropa bazarı ARDNŞ üçün əhəmiyyəti apriori strateji xarakter daşıyır ki, bu da Avropa və Azərbaycanın  həm coğrafi, həm də siyasi-iqtisadi yaxınlığı ilə əlaqədardır. Avropa bazarının daha stabil, davamlı, nizamlanmış və tarazlı olmasını da qeyd etmək lazımdır. Bu bazar enerji daşıyıcılarının nisbətən yüksək qiymətləri ilə fərqlənir və Avropada enerji ehtiyatlarına tələbat getdikcə artır.  Beynəlxalq Energetika Agentliyinin son məlumatına əsasən, yaxın 25-30 ildə Avropanın enerji daşıyıcılarına, xüsusilə də qaza tələbatı 30-40% artacaq. Buna görə də, Avropa yeni qaz yataqlarının və marşrutlarının tapılmasında maraqlıdır. Bu gün bu siyasət enerji təhlükəsizliyini təmin etməyə çalışan Avropa İttifaqının əsas strateji xəttidir. Buna görə də Avropa bazarına çıxış ARDNŞ üçün əhəmiyyətlidir.   

 

Azərbaycan indiyədək iştirakçısı olduğu bütün beynəlxalq sazişlərdə özünü layiqli, etibarlı tərəfdaş kimi göstərib. Sabit və dinamik iqtisadi artıma malik olan ölkəmiz sosial-iqtisadi həyatda əhəmiyyətli uğurlar qazanmış, ictimai-siyasi təhlükəsizliyini təmin etmiş və respublikaya qoyulan xarici investisiyaların da təhlükəsizliyinə təminat vermişdir. Azərbaycan hər zaman Avropanın müvafiq təşəbbüslərini  dəstəkləməyə və Avropanın enerji təhlükəsizliyinin təminatında iştirak etməyə hazır olduğunu bildirib. Bütün bu amillər Azərbaycanı  Aİ-nın etibarlı və perspektivli tərəfdaşına çevirir. 

 

ARDNŞ son beş ildə London, Tbilisi, Buxarest, İstanbul, Cenevrə, Vyana, Kiyev, Frankfurt, Astana və Tehranda nümayəndəliklərini, Cenevrə, Sinqapur və BƏƏ-də treydinq ofislərini açıb. Gürcüstanda, Türkiyədə, İsveçrədə və BƏƏ-də irimiqyaslı sərmayə qoyuluşları, Ukrayna və Rumıniyanın yanacaq-energetika bazarına qoşulması şirkətimizin xaricdə aktiv fəaliyyətinin göstəricisidir.   

 

ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinə gəldikdə isə, qeyd etmək lazımdır ki, biz Avstriya, Macarıstan, Slovakiya. Sloveniya, Xorvatiya və Çexiyada bazarın öyrənilməsi və marketinqi ilə məşğuluq və şirkətin bu və ya digər enerji layihələrində iştirakı üçün potensial imkanları aşkara çıxarmağa çalışırıq. Nümayəndəlik neft-qaz sahəsində istifadə olunan müasir texnologiyaları öyrənmək məqsədilə müntəzəm olaraq beynəlxalq tədbirlərdə iştirak edir.

 

Qeyd etmək lazımdır ki, nümayəndəlik Azərbaycan neftinə və neft məhsullarına olan tələbatla bağlı çoxlu sifarişlər alır və bu barədə baş ofisə məlumat verir. Nümayəndəlik ARDNŞ-nin praktik olaraq bütün regional konfranslarda iştirakını təmin edir, tez-tez ölkəmizin neft-qaz sənayesi, şirkətin həyata keçirdiyi layihələr və gələcək planları ilə bağlı hesabatlarla çıxış edir. Nümayəndəlik həm də ARDNŞ və avropalı potensial istehlakçılar arasında danışıqlarda vasitəçi rolunu oynayır.

 

Məlum olduğu kimi, ARDNŞ-nin fəaliyyətində prioritetlərdən biri Azərbaycan qazının Avropaya nəqlinə dair layihələrin gerçəkləşməsidir. Azərbaycan qazının Avstriyaya və ümumiyyətlə Avropaya nəqli marşrutlarına dair müzakirələrin indiki durumunu necə xarakterizə edə bilərsiniz? 

 

Azərbaycan qazının Avropaya nəql edilməsi ilə bağlı hazırlanmış bəzi layihələr  - ITGI, SEEP – öz aktuallığını itirmişdir və hazırda TANAP, TAP və Nabucco West kimi layihələr fəal müzakirə olunur. Artıq TAP  və Nabucco West  Azərbaycan qazının Avropaya daşınması üçün prioritet layihələr hesab edilir. “Şahdəniz” konsorsiumu TAP və Nabucco West konsorsiumlarında pay almaq üçün danışıqlar aparır. Əlbəttə, digər alternativ layihələr də var: maye qazın Qara Dəniz vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutan AGRI (LNG) və sıxılmış qazın Bolqarıstana nəqlini nəzərdə tutan CNG layihələri və s. 

Avropaya qaz nəqli marşrutlarını müəyyənləşdirən danışıqlar 2013-cü ilin birinci rübünün sonuna kimi davam edəcək. Azərbaycan və “Şahdəniz” konsorsiumunun araşdırmaları davam edir.  Bir şeyi deyə bilərik ki, sonda kommersiya cəhətdən ən cəlbedici marşrut seçiləcək.   

 

ARDNŞ Avstriyanın bugünkü neft və yanacaq bazarında yer alıbmı? Ümumiyyətlə, gördüyünüz işlərlə bağlı bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

 

 

ARDNŞ-nin Avstriyanın neft və yanacaq bazarında iştirakına gəldikdə, qeyd etmək lazımdır ki, şirkətin strateji maraqlarına cavab verən, Rumıniya və İsveçrədəki fəaliyyətini dəstəkləyən bütün mümkün variantlar nəzərdən keçirilir. Əlbəttə ki, burada Avstriya və Macarıstanın Mərkəzi və Şərqi Avropada strateji cəhətdən mühüm ölkələr olduğu da nəzərə alınmalıdır.  Biz region bazarlarında vəziyyəti ətraflı öyrənir və bu barədə baş ofisə məlumat veririk. 

 

Nümayəndəlik sosial-mədəni tədbirlər də həyata keçirir, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən sərgilər, konsertlər təşkil edir. Biz bu istiqamətdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi ilə sıx və məhsuldar əməkdaşlıq edirik.   Bu ilin fevralında nümayəndəliyin təşkilati və maliyyə dəstəyi ilə Vyana İncəsənət Akademiyasında gənc azərbaycanlı rəssamların sərgisi və sərginin açılışında Azərbaycan axşamı keçirilmişdir.

Avstriyanın jurnalistləri və KİV-ləri ilə də aktiv iş aparılır. Bu ilin aprel-may aylarında Eurovision 2012 müsabiqəsi ərəfəsində Avstriyanın 12 aparıcı KİV redaktorlarından ibarət iki nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunub.   ARDNŞ rəhbərliyi tərəfindən tam və hərtərəfli dəstəklənmiş bu səfərlər nəticəsində Avstriya mətbuatında Azərbaycanın zəngin mədəniyyətindən, tarixindən və tolerantlığından bəhs edən 25-ə yaxın məqalə dərc olunub.   Bu məqalələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və nəticələri, həmçinin bu təcavüzün nəticəsi kimi  bir milyon insanın qaçqına çevrilməsi barədə məlumatlar da yer alıb. Azərbaycan cəmiyyətinin müasirliyi, unikal turizm imkanları və ölkənin sürətli iqtisadi inkişafı da diqqətdən kənarda qalmayıb. Məqalələrdə Azərbaycanda neft hasilatının tarixi ilə bağlı  çox maraqlı və təəssüf ki, bu vaxtadək Avropa ictimaiyyətinə məlum olmayan faktlar da təqdim olunub. Bu məqalələr Avstriyada və bütün regionda böyük rezonans doğurub.

 

Nümayəndəlik Avropa Komissiyası ilə birlikdə Rusiya, Türkiyə, Azərbaycan, Avstriya və Almaniyada “Qaz monopoliyası” („Gas Monopoly“) adlı film çəkmiş Avstriyanın FischerFilm  teleşirkətinə əlindən gələn köməyi etmişdir.

 

ARDNŞ rəhbərliyi nümayəndəliyin bununla bağlı müraciətinə anlayışla yanaşmış və çəkiliş qrupunun Azərbaycana səfərini və görüşlərini təşkil etməkdə yardımçı olmuşdur. Nəticədə, Avropa tamaşaçılarına Azərbaycan qazı, onun tarixi, ixrac imkanları haqqında ətraflı məlumat verilmişdir. Filmdə ARDNŞ-nin beynəlxalq şirkətlərə və KİV-lərə açıq olması xüsusi qeyd olunur. Film Avstriyada və Avropanın digər ölkələrində nümayiş olunub. 

 

Və sonda, “SOCAR plus” jurnalının redaksiyasına və oxucularına nə arzu edərdiniz?

 

Sizin jurnalın redaksiyasına ARDNŞ-nin xaricdəki nümayəndəliklərinin fəaliyyətini işıqlandırdığına görə təşəkkür etmək istəyirəm. Sizə və oxucularınıza yeni-yeni uğurlar arzulayıram. 

 

«SOCAR plus»-un arayışı

Gülmirzə Fəxrəddin  oğlu Cavadov ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin rəhbəridir. O, 2008-ci ilin martından  bu vəzifədə çalışır. Bakılıdır. 134 saylı məktəbi bitirib. ARDNŞ-də karyerasına şirkətin Avstriya nümayəndəliyinin direktoru kimi başlayıb. Cavadov müxtəlif illərdə “İnterpol”un Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosunda, Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikasının Avstriya, Sloveniya və Slovakiyadakı  səfirliklərində, BMT, ATƏT və Vyanada yerləşən digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliklərində işləyib.  

Ailəlidir, iki övladı var.