"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycandan qayıtdıqdan sonra, mən demək olar ki, hər yerdə - şərflər, köynəklər, donlar, plakatlar və masa örtüklərinin üzərində buta görürəm! Kim bilirdi ki, bizim “peysli” (“yelpənək” naxışı) adlandırdığımız naxış əslində butadır? Odlar diyarına səfər etməzdən əvvəl, mən buta və ya “peysli” naxışlarına bir o qədər də diqqət yetirmirdim.





Amerikalılar Azərbaycanda

Azərbaycandan qayıtdıqdan sonra, mən demək olar ki, hər yerdə - şərflər, köynəklər, donlar, plakatlar və masa örtüklərinin üzərində buta görürəm! Kim bilirdi ki, bizim “peysli” (“yelpənək” naxışı) adlandırdığımız naxış əslində butadır? Odlar diyarına səfər etməzdən əvvəl, mən buta və ya “peysli” naxışlarına bir o qədər də diqqət yetirmirdim.  

Butanın Zərdüşt dininin qədim rəmzi olduğunu və təbii qaz mənbəyindən çıxan alovu təcəssüm etdirdiyini öyrənmək həm mənim, həm də Birləşmiş Ştatlardan gəlmiş digər 175 nəfər ziyarətçi üçün Azərbaycana səfər çərçivəsində qazanılan zəngin təəssüratlardan biridir. Qanunvericilik orqanlarının üzvləri, biznesmenlər və qeyri-kommersiya təşkilatlarının təmsilçilərindən ibarət olan bu nümayəndə heyəti mədəni mübadilə və bu il Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinə tamaşa etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Azərbaycana dəvət olunmuşdu. Bizim qrup Kanzas ştatını təmsil edirdi və həmin ştatın senatoru (mənim həyat yoldaşım), habelə dörd nəfər rəsmi təmsilçisi və həmin təmsilçilərdən birinin həyat yoldaşı (təqaüdə çıxmış müəllim), eləcə də təhsilə və ekologiyaya aid layihələri idarə edən müəssisənin sahibi kimi mənim özüm bu qrupa daxil idik.

Bakıda bizi böyük qonaqpərvərliklə qarşıladılar və biz öz müstəqilliyini yenicə qazanmış Azərbaycanın cəmi iyirmi ilin ərzində əldə etdiyi inkişafın təəssüratı altında geri qayıtdıq. Qrupumuzun əksər üzvləri Qafqaz regionunda heç vaxt olmamışdılar və bu gün qlobal müstəvidə mövcud olan bir çox mühüm geosiyasi problemlərin mərkəzi sayılan bu ölkədən nə gözləyəcəklərini bilmirdilər. Misal üçün şəxsən mən bilmirdim ki, Azərbaycan əvvəllər də müstəqil dövlət olmuşdur, lakin həmin müstəqillik uzun sürməmişdir. Bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra, Azərbaycan nefti II Dünya müharibəsində Sovet ordusuna köməklik etmək üçün istifadə edilmiş və bu, hektarlarla torpağın çirklənməsinə səbəb olmuşdur. Mən onu da bilmirdim ki, Azərbaycanın İranla ümumi sərhədi var və milyonlarla Azərbaycan mənşəli insan İranda yaşayır. Bu mürəkkəb münasibətlər haqqında onların mənfi təsirinə şəxsən məruz qalmış insanlardan daha çox məlumat almaq bizim üçün maarifləndirici əhəmiyyət daşıyırdı. 

 

Biz səyahət edərkən, sevimli məşğuliyyətlərimizdən biri mətbəxdir. Kanzas kənd təsərrüfatı ştatıdır və becərilən və ixrac olunan minlərlə ton kile taxılı, qarğıdalı və soya paxlasına malikdir. Hər il Kanzasın heyvandarlıq müəssisələrindən milyonlarla mal-qara keçir və bunun sayəsində də, iribuynuzlu ev heyvanları bu ştatın ən çox ixrac etdiyi mallardan birinə çevrilmişdir. Azərbaycan əyalətlərinin bəzilərini görmək və dadlı meyvələr, tərəvəz və ətin harada yetişdirildiyini və toplandığını öyrənmək çox xoş idi. Biz həmçinin burada ərzaq dükanlarını ziyarət etməkdən həzz aldıq, Azərbaycan, İran, Rusiya və daha uzaq ölkələrdə istehsal olunan və gətirilən bir çox turşu, kompot, şirə, mürəbbə və konserv məhsullarını gördük və mən heç vaxt bu qədər çoxlu və müxtəlif qatıq qutuları və çeşidləri görməmişdim!

Bakının memarlığı və incəsənəti daha bir unudulmaz təəssürat idi. Kanzasa qayıtdığımız vaxtdan bəri biz öz dostlarımızı “Alov Qüllələri”nin gecə mənzərəsinin video-çəkilişi və yeni Milli xalça muzeyinin foto şəkilləri ilə heyran edirdik. İçərişəhərdə məşhur qəzəlxan-şair Əlağa Vahidin heykəlini xoşladıq, Müasir incəsənət muzeyi isə bizim tanımadığımız, lakin indi dünyanın ən yaxşı sənətkarlarının sırasına aid etdiyimiz Azərbaycanlı müasir rəssam və heykəltəraşların əsərləri ilə zəngin olan gözəl binadır. Əlbəttə ki, əsas məqsədimiz “Eurovision” mahnı müsabiqəsinə tamaşa etmək idi! Bu möhtəşəm musiqi bayramı müasir texniki səviyyəyə uyğun gələn səhnə quruluşunda fantastik ifaçıları dinləməklə, Avropa mədəniyyəti və siyasəti üzrə dərs keçmək kimi idi (mən fəxrlə deyirəm ki, Kanzas ştatının bütün nümayəndələri gecə saat 3.30-da sona çatan tamaşanı axıra kimi maraqla izlədilər!) 

Yəqin ki, Azərbaycan barəsində mənim üçün ən maraqlı olan cəhət neft-qaz sənayesi haqqında və Sovet dövründən miras qalmış çirkli əraziləri təmizləmək və ekoloji maarifləndirmə və təhsili genişləndirmək üçün sərf edilən əmək haqqında öyrəndiyim məlumatlar idi. Kanzas Azərbaycan miqyasında olmasa da, neft-qaz hasil edən bir ştatdır.  Ştatımız həmçinin böyüməkdə olan külək enerjisi sektoruna, o cümlədən indiyədək quraşdırılmış yüzlərlə və quraşdırılması nəzərdə tutulan daha çox turbinə malikdir. Külək enerjisinin tətbiq edilməsi ilə davamlı inkişafın faydası insanlar, xüsusilə gənc nəsil tərəfindən daha çox dərk edildi və indi tələbələr Yaşıl məktəblər, məktəb bağçalarının becərilməsi, təkrar emal, suya və enerjiyə qənaət kimi proqramlar vasitəsilə ekologiya haqqında daha çox məlumat almağı arzu edirlər. ARDNŞ-nin Ekoloji Parkının ziyarəti əsnasında aydın oldu ki, bu məsələlər Azərbaycanda da nəzərə alınır. Hərçənd yaxın onilliklərdə neft iqtisadiyyatın hərəkətverici qüvvəsi olmağa davam edəcək, hökumət artıq iqtisadiyyat və ekologiya arasında müvazinətin yaradılmasının ən yaxşı üsulları barədə düşünür. Bu məqsədə nail olmaq asan deyil, lakin Eko-Park (onun tərkibində ekoloji təhsil mərkəzi var), məktəblərdə ekoloji müsabiqələrə sponsorluq, Köhnə şəhərdə təkrar emal məntəqələri, habelə ölkə miqyasında meşə bərpası proqramı təşkil edir və bu istiqamətdə ciddi əmək sərf olunduğunu nümayiş etdirir. Bu təşəbbüslər haqqında aldığım məlumat sayəsində mən Azərbaycanın məqsədləri və prioritetləri haqqında dolğun təsəvvürlər əldə etdim.

Bu səfər əsnasında Azərbaycanın bu qədər fərqli cəhətləri haqqında təəssürat qazandıqdan sonra ölkənin cəmi 20 il əvvəl müstəqillik qazandığını unutmaq asandır. Bu, istiqaməti dəyişdirmək və həm ölkə daxilində, həm də dünyada təəssürat yaratmaq üçün çox qısa vaxtdır.  Biz Azərbaycan xalqının ənənəvi qonaqpərvərliyinin şahidi olmaqdan və Amerikan Mərkəzində, Amerikan Ticarət Palatasında mövcud olan və iki xalq arasında mədəni mübadilə proqramları vasitəsilə həyata keçirilən ABŞ - Azərbaycan tərəfdaşlıqları haqqında məlumat almaqdan çox böyük qürur hissi keçirdik. Gələcəkdə mən bu cür sürətlə dəyişən ölkənin tərəqqisinin şahidi olacağıma və dövlətlərarası münasibətlər, təhsil, biznes və mədəniyyət sahələrində genişləndirilmiş tərəfdaşlıq vasitəsilə Birləşmiş Ştatlar və Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsində iştirak edəcəyimə ümid bəsləyirəm.