"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Görkəmli Azərbaycan kimyaçısı Yusif Heydər oğlu Məmmədəliyevin (1905-1961) əsas elmi yaradıcılığı qanlı-qadalı müharibə dövrünə və sonrakı ağır illərə təsadüf edir. Azərbaycan neft kimya elmi İkinci Dünya müharibəsi zamanı da intensiv inkişaf edirdi; bu mərhələdə neft sənayesini təcili şəkildə hərbi rejimə keçirmək lazım idi. Bu, ona gətirib çıxardı ki, respublikanın neft təsərrüfatı cəbhənin yüksək keyfiyyətli yanacaq-sürtgü materialları ilə təmin edilməsi üzrə bütün SSRİ-də əsas bazaya çevrildi, Bakının neft maşınqayırma zavodları isə başlıca olaraq hərbi məmulatlar istehsal etməyə başladı.





QƏLƏBƏ FORMULU

Görkəmli Azərbaycan kimyaçısı Yusif Heydər oğlu Məmmədəliyevin (1905-1961) əsas elmi yaradıcılığı qanlı-qadalı müharibə dövrünə və sonrakı ağır illərə təsadüf edir. Azərbaycan neft kimya elmi İkinci Dünya müharibəsi zamanı da intensiv inkişaf edirdi; bu mərhələdə neft sənayesini təcili şəkildə hərbi rejimə keçirmək lazım idi. Bu, ona gətirib çıxardı ki, respublikanın neft təsərrüfatı cəbhənin yüksək keyfiyyətli yanacaq-sürtgü materialları ilə təmin edilməsi üzrə bütün SSRİ-də əsas bazaya çevrildi, Bakının neft maşınqayırma zavodları isə başlıca olaraq hərbi məmulatlar istehsal etməyə başladı.   

 

... Y.H.Məmmədəliyev 1905-ci il dekabrın 31-də Naxçıvanda, Ordubad şəhərində bağban ailəsində anadan olub. İlk təhsilini Ordubaddakı yeganə dövlət məktəbində alıb. 1929-cu ildə Moskva Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. Burada dövrünün məşhur alim və pedaqoqlarından – N.D.Zelinski, A.A.Balandin, B.A.Kazanski və A.N.Nesmeyanovdan dərs alıb. 1931-ci ildə universiteti üzvi kataliz ixtisası üzrə bitirdikdən sonra Y.Məmmədəliyev Moskva kimya zavodunda, Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işləyib. 1933-cü ilin martında isə o, V.Kuybışev adına Neft Emalı üzrə Elmi-Tədqiqat İnstitutunda (indiki Azəbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu) kimyaçı-laborant vəzifəsinə qəbul edilib. Burada o, karbohidrogenlərin xlorlaşdırılması mövzusunda ilk müstəqil işini yerinə yetirib. Məmmədəliyevin əsas elmi fəaliyyəti neftin və neft qazlarının katalitik emalı ilə bağlı idi. O, Azərbaycanda neft-kimya elminin təməlini qoyanlardandır. Məmmədəliyev katalizatorlar vasitəsi ilə müxtəlif karbohidrogenlərin xlorlaşdırılması və bromlaşdırılmasında yeni üsullar təklif etmişdi.  Onun aromatik, parafin və tsikloparafin karbohidrogenlərin katalitik alkilləşdirmə sahəsində təhqiqatları sənaye miqyasında aviasiya yanacağının komponentlərini sintezləşdirmək imkanı yaradırdı. O, zəmanəsinin böyük kimyaçıları ilə yaxından əməkdaşlıq edirdi. Bu sırada Emmanuel Nobel adına mükafatın laueratı, kimya professoru V.F. Qerr (1875-1940) də vardı. Məmmədəliyev ABŞ, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Monqolustan və digər ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan SSR-ni dəfələrlə təmsil etmişdi. Məmmədəliyev həmçinin, görkəmli elm təşkilatçısı idi: onun təşəbbüsü ilə Şamaxı rəsədxanası, Əlyazmalar Fondu yaradılmış, Azərbaycan Neft Emalı üzrə Elmi-Tədiqaqat İnstitutu ilə Azərbaycan EA-nın Neft İnstitutu birləşdirilərək indiki Neft-Kimya Prosesləri İnstitutu meydana gəlmişdi.

 

1936-cı ildə Bakı neft nəşriyyatında Məmmədəliyevin “Azərbaycanın təbii qazları və onların kimyəvi emalı” adlı ilk kitabçası nəşr olundu. Bu elmi işdə o, qazların kimyəvi emalının sxemini göstərmiş və reaksiyaları təfərrüatlı şəkildə, qazabənzər karbohidrogenlərin xlorlaşdırılması məsələlərinə xüsusi diqqət ayırmaqla təsvir etmişdi. Daha 3 il keçdi və Leninqradda çıxan “Tətbiqi kimya jurnalı”nda Məmmədəliyev və onun tələbəsi A.M.Quliyevin metanın xlorlaşdırılması barədə məqaləsi dərc olundu. Bu məqalədə müəlliflər işləyib hazırladıqları halogenləşdirmə üsulunu müfəssəl şəkildə təsvir etmişdilər. 

 

İrəli gedərək qeyd edək ki, Məmmədəliyevin tədqiqatları əsasında xlorlu metan kompleksi alınması məqsədi ilə Bakıda bir müddət əvvəl tikilmiş təcrübə zavodu müharibə dövründə hərbi aviasiyanın ən zəruri məhsullardan biri ilə təchiz edilməsində cəbhəyə əvəzsiz kömək göstərmişdi.

 

Müharibə ərəfəsində AzNEİ-də Məmmədəliyevin rəhbərliyi altında partlayıcı birləşmələrdə istifadə olunan toluolun alınması üzrə aparılan silsilə tədqiqatlar ilk nəticələrini verdi. 1941-ci ilin iyununa doğru İnstitut öz tərkibində 18 yaxşı təchiz edilmiş laboratoriyanı, 2 təcrübə zavodunu, yardımçı emalatxanaları və xüsusi təsərrüfatları birləşdirirdi. Müharibənin ilk günlərindən İnstitut öz fəaliyyətini cəbhənin tələbatlarına uyğunlaşdırdı.  

Artıq 1942-ci ildə Məmmədəliyevin rəhbərlik etdiyi qrup tərəfindən benzolun alkilləşdirmə üsulunun əhatəli və intensiv öyrənilməsi nəticəsində xam neftdən toluolun yeni sintezi prosesi işlənib hazırlandı və sənayedə tətbiq edildi. Bu, Sovet İtifaqının müdafiə sənayesinin inkişafına mühüm töhfə idi, çünki partlayıcı maddələrin yaradılması üçün toluol resursu xeyli artırılmışdı. 

Qısa müddətdə sənaye miqyasında yüksək oktanlı aviasiya benzini komponenti olan kumolun alınması da təşkil olundu. Bu, aviasiya yanacağına yüksək effektli əlavənin yaradılması məqsədilə aromatik karbohidrogenlərin katalitik alkilləşdirməsi üzrə çoxsaylı araşdırmaların nəticəsində mümkün olmuşdu. Artıq Bakı zavodları Sovet İttifaqının aviasiyası üçün yüksək keyfiyyətli benzin istehsalını əhəmiyyətli şəkildə artırmış və müdafiə ehtiyacları üçün vacib məhsulların sürətli istehsalı sahəsində geniş perspektivlər açılmışdı. Məmmədəliyevin bu kəşfindən əvvəl mövcud olan aviamotor yanacaqlarının istehsal prosesləri cəbhənin tələbatını qane etmirdi.   

 

1942-ci ildə Məmmədəliyev doktorluq dissertasiyasını müdafiə edir. Əsərin yüksək səviyyədə işlənməsi “İzvestiya” qəzetində də qeyd olunmuşdu (03.06.1943). Tatyana Tessin qəzetdə dərc olunmuş “Bizim günlərin dissertasiyası” başlıqlı oçerki bu sözlərlə başlayırdı: “Alimlərimizin bu dəhşətli günlərdə yazdıqları, Vətən müharibəsi illərində müdafiə etdikləri dissertasiyalar nə vaxtsa xüsusi araşdırmaların predmeti olacaq... Budur, azərbaycanlı Y.Məmmədəliyevin doktorluq dissertasiyası. Əsərdə müasir kimyanın mühüm məsələlərindən birinə, toluol sintezi probleminə toxunulur. Toluol trinitrotoluolun sintezində əsli maddədir, biz onu texniki adıyla trotol, tol, tolit kimi tanıyırıq. Bu maddə artilleriya mərmilərinin, aviasiya bombalarının, dəniz minalarının və bir çox başqa partlayıcıların hazırlanmasında istifadə olunur. Müharibə ilə sıx şəkildə, qan bağlılığı olan bu əsər mərmi gurultusu, tüstü, atəş, düşmənə zərbə şəraitində yaşayıb-yaradan bir alimin işidir (Məmmədəliyevin dissertasiyası belə adlanır: “Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi”)”.

 

Doktorluq dissertasiyasının müdafiəsindən 3 il sonra alim Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir və Azərbaycan SSR EA-nın Neft İnstitutunun direktoru təyin edilir. Beləliklə, Məmmədəliyev Azərbaycanda ilk kimyaçı akademik olur (1945). 1947-ci ildə onu SSRİ Neft Sənayesi Nazirliyinin texniki şurasının sədri təyin edir, elə həmin il də Azərbaycan EA-nın prezidenti seçirlər (1950-ci ilə qədər).

 

Y.Məmmədəliyevin elmi həyatı daim Azərbaycanın ictimai həyatı ilə sıx bağlı olmuşdur. Bunu belə bir maraqlı fakt da sübut edir: 1944-cü il aprelin 14-də V.S.Komarov başda olmaqla bir qrup moskvalı alim respublikanın elmi-texniki potensialı və alimləri ilə tanış olmaq üçün Bakıya gəlir. Bu səfər Azərbaycanda Elmlər Akademiyasının açılıb-açılmaması məsələsi baxımından həlledici əhəmiyyət daşıyırdı. Məmmədəliyevlə uzun və faydalı söhbətdən sonra SSRİ Elmlər Akademiyasının danışıqlar otağına ilk daxil olan rəhbəri Komarov bəyan edir: “Yusif Məmmədəliyev kimi yalnız bircə alimi olan respublika öz Akademiyasına layiqdir” (1945-ci ilin 27 martında SSRİ Nazirlər Sovetinin sərəncamına uyğun olaraq Azərbaycan SSR-də Elmlər Akademiyası təsis olundu).

 

1945-ci ildə Məmmədəliyevin “Aviasiya yanacaqları istehsalında alkilləşdirmə reaksiyası” adlı monoqrafiyası işıq üzü görür. Monoqrafiyada alimin katalitik alkilləşdirmə sahəsində tədqiqatlarının nəticələri toplanmış, neft qazlarının və aromatik karbohidrogenlərin əsasında yerli xammaldan dizel yanacağı almağın praktik imkanları göstərilmişdi.

 

Kitab iki hissədən ibarətdir. Bir hissədə doymamış, ikincidə isə aromatik karbohidrogenlər və izometrik strukturlu parafinlərin köməyi ilə alkilləşdirmədən bəhs edilir. Müəllifin hazırkı mərhələdə çoxsaylı mümkün katalizatorlardan məhz sulfat turşusu üzərində dayanması onun istehsalının iri miqyasda aparılması və maddənin yüksək katalitik aktivliyi ilə əsaslandırılıb. Kitabın hər bir hissəsində mövcud ədəbiyyatın geniş icmalı verilib. Monoqrafiyanın bu cəhətinin də çox dəyərli olduğunu qeyd etmək gərəkdir, çünki indiyədək bu qiymətli məsələyə dair məlumatlar bir yerə toplanmamışdı və kimya ədəbiyyatında dağınıq bir şəkildə qalırdı. Y.H.Məmmədəliyevin kitabı bu xüsusda da dünya monoqrafiya ədəbiyyatındakı boşluğu doldurur...”

 

1945-ci ilin sonunda Məmmədəliyev SSRİ Dövlət (Stalin) Mükafatına layiq görülür. Bu münasibətlə “Vışka” qəzeti yazırdı: “Sovet aviasiyasının şan-şöhrətli qəhrəmanı Pokrışkindən soruşun, cəzur təyyarəçi general Dzusovdan, yaxud qırıcı təyyarəçi general Osipenkodan soruşun: “Səmada hökmranlıq qazanmaqda sizə kim kömək etdi?” Onlar cavab verəcəklər: - “Təyyarə yığanlar və neftçilər”.

... Yakovlev, Mikulin və Məmmədəliyev – onlar eyni işi görürdülər – sovet təyyarəçilərinə hamıdan yüksəyə, hamıdan uzağa uçmaq və daha yaxşı manevr qabiliyyətli olmağa kömək edirdilər. 

Daim yüksəklərə və yüksəklərə! – bu, təkcə təyyarəçilərin devizi deyil, bu, həm də qabaqcıl sovet aliminin devizidir. Hazırda Y.H.Məmmədəliyev öz laboratoriyasındakı qurğularda təyyarə yanacağının keyfiyyətinin artırılması üçün yeni, daha effektiv bir proses hazırlanması üzərində işləyir. Yaxşı bilir ki, onun əməyi Vətənin hüdudsuz ənginliklərinə uçan aviasiyamız üçün, hərbi qüdrətimizin yüksəlişi üçün gərəkdir”.

 

Y.Məmmədəliyev dizel yağlarının köpüklənməsinin aradan qaldırılması problemini də diqqətdə saxlayırdı. Bu təzahürlə mübarizə məqsədi ilə yağlara üzvi silikonların əsasında xüsusi növlü aşqarlar vurulur. Məmmədəliyevin rəhbərlik etdiyi alimlər qrupu bu cür birləşməni alkilləşdirmə reaksiyası yoluyla sintezləşdirməyə nail olmuşdu. İsbat edilmişdi ki, maşın yağlarına 0,5-1,0% həcmində aşqarların (alkilxlorsilanlar) əlavə edilməsi yolu ilə köpüklənməni büsbütün aradan qaldırmaq mümkündür.

 

Ötən əsrin 40-cı illərinin sonu, 50-ci illərinin əvvəlində Məmmədəliyev özünün bir sıra tədqiqatları ilə bütövlükdə xarici neft kimyaçılarını qabaqlaya bilmişdi: ilk dəfə məhz o, dünya elmi ədəbiyyatında tsikloparafinlərlə olefinlərin sulfat turşusunun iştirakı ilə alkilləşməsinin təsvirini vermiş, eləcə də haloidbenzolların alkilləşməsi prosesini təklif etmişdi.

 

Aydın məsələdir ki, onun tədqiqatları dünya elm ictimaiyyəti tərəfindən təqdir olunurdu. 1946-cı ildə Amerikada çıxan “Review of Petroleum Technology” jurnalı (v.8, p.373) alimin araşdırmalarının nəzəri əhəmiyyətini belə ifadə etmişdi: “Alkilləşdirmə reaksiyalarının nəzəri aspektlərinin öyrənilməsi sahəsində Y.H.Məmmədəliyevin “Aviasiya yanacağının istehsalında alkilləşdirmə reaksiyası” monoqrafiyası yüksək qiymətə layiqdir”.

Müharibə zamanı Məmmədəliyev öz əməkdaşları ilə birlikdə Azərbaycan qaz təsərrüfatının layihələşdirilməsi işlərində təbii və süni neft qazının xassələrindən və tədqiqat materiallarından geniş istifadə edirdilər. Belə ki, onun rəhbərliyi altında xloryaradıcı metan və etanın (karbon tetraxlorid, xlorlu metil və dixloretan), eləcə də neft qazı əsasında aviasiya benzini üçün yüksək oktanlı əlavələrin alınması metodları işlənib hazırlanmışdı.   

Daha bir maraqlı fakt: Sovet ordusu Volqa və Qafqaz uğrunda gedən döyüşlərdə qələbə çalaraq faşistləri qərbə doğru geri oturtduqdan sonra Bakının Keşlə qəsəbəsi yaxınlığında tikilmiş zavodda Məmmədəliyevin rəhbərliyi ilə kustar üsulla düzəldilmiş qurğularda min tonlarla yüksək oktanlı benzin komponenti istehsal olunmuşdu. Bu isə Bakı zavodlarına Cənub cəbhəsinin döyüş aviasiyası üçün əla markalı benzin istehsalını əhəmiyyətli dərəcədə artırmaq imkanı yaratmışdı. 

 

1943-cü ilin sonlarında “Azneftkombinat”ın o zamankı rəhbəri, tanınmış neftçi Süleyman Vəzirov Məmmədəliyevin xidmətlərini belə səciyyələndirmişdi: “Professor, kimya elmləri doktoru yoldaş Məmmədəliyev Böyük Vətən Müharibəsi illərində yarımzavod miqyasında katalitik alkilləşdirmə-dealkilləşdirmə reaksiyalarına əsaslanan üç mühüm prosesi işləyib hazırlayıb və sınaqdan keçirib. Beləliklə, gənc alim, professor Məmmədəliyevin məhsuldar və fədakar yaradıcı əməyi artıq bizim Qızıl Ordunun yüksək oktanlı aviasiya benzini ilə təmin edilməsi işində “Azneftkombinat”a əhəmiyyətli imkanlar qazandırıb və gələcəkdə hərbi müdafiə baxımından əhəmiyyətli olan neft məhsullarının istehsalını artırmaq üçün perspektivlər açır”. (Cəbhəni aviasiya yanacağı ilə təmin etdiyi üçün 1944-cü ilin yanvarında professor Y.H.Məmmədəliyev Lenin ordeni ilə təltif olunur).

 

Azərbaycan neftçilərinin və neft kimyaçılarının fədakar əməyi Sovet Ordusunun hərbi hissələri tərəfindən yüksək qiymətləndirilirdi. Müharibə illərində Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinə və Bakı Komitəsinə Sovet Ordusunun əsgər və zabitlərindən, general və admirallarından daxil olmuş məktub və teleqramlarda döyüş texnikasının vaxtlı-vaxtında neft, yanacaq və yağlarla təmin etdikləri üçün bakılılara dərin minnətdarlıq ifadə olunurdu.

 

Sovet İttifaqı marşalı Konstantin Rokossovski (1896-1968) isə Azərbaycan SSR KP MK-ya məktubunda yazırdı: “Cəsur şahinlərin hər zərbəsində, hünərvər sovet tankçılarının hər bir yürüşündə, alman faşistlərinin hərbi qüvvələri üzərindəki hər qələbədə uğurun mühüm bir hissəsi Bakı neftçilərinə məxsusdur”. 

Görkəmli sovet sərkərdəsi, marşal Georgi Jukovun xatirələrində oxuyuruq: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizin müdafiəsinə, düşmən üzərində qələbəyə bəs edəcək qədər yanacaq verdilər”.

 

Alimin dərc olunmuş çoxsaylı əsərləri arasında reaktiv yanacağın katalitik yolla alınması, politexnik naftenlərin detsiklizayiyası və başqa sırf elmi məsələlərə həsr olunmuş işlərə xüsisi diqqət yetirmək lazımdır. Bu əsərlərin elmi səciyyəsi ölkə xaricində böyük şöhrət qazanmışdı (burada SSRİ-nin faşizm üzərində qələbəsi də, Məmmədəliyev tərəfindən strateji raketlər və Yerin ilk peyki üçün yanacağın alınması və nəticədə Qaqarinin kosmosa uçması da əsas amillərdən olmuşdu).

1955-ci ildə Romada keçirilmiş IV Beynəlxalq neft konqresində alim haloidstiralın alınması və neftdən yuyucu vasitələrin əldə olunmasına dair iki məruzə ilə çıxış etmişdi. Hər iki məruzə böyük uğur qazanmışdı. Tərkibinə xlor və ya brom daxil olan haloidstirallar asan polimerləşirlər, bu birləşmələr kimyəvi və termal sabitlikləri, həmçinin yüksək dielektrikləşmə səciyyələri ilə fərqlənirlər. Yusif Məmmədəliyev öz əməkdaşları ilə birlikdə dünyada ilk dəfə olaraq xlor və brombenzola əsaslanan sadə ikimərhələli proses işləyib hazırlamışdı. Həmin üsulun tətbiq edilməsi Bakı alimlərinin əvvəlcədən hesabladıqları məhsulun buraxılışına gətirib çıxardı. Neftdən alınan yuyucu vasitələri isə Məmmədəliyev neft sənayesi tullantılarının sulfatlaşdırılması yolu ilə əldə edirdi. 

Bütün bu elmi uğurlar “alkilləşdirmənin kralı” (SSRİ Elmlər Akademiyasının müxbir üzvü N.İ.Şuykin azərbaycanlı alimi belə adlandırırdı) Y. Məmmədəliyevin Nobel mükafatına təqdim edilməsi məsələsini gündəmə gətirmişdi. Sovet İttifaqının iri şəhərlərindən olan alimlər tərəfindən Nobel mükafatının (məlum olduğu kimi, o, 1901-ci ildən başlayaraq ilbəil bir sıra elm xadimlərinə, o cümlədən kimyaçılara təqdim olunur) Yusif Məmmədəliyevə verilməsi haqda təkliflər irəli sürülürdü. 1957-ci ilin dekabrında Sov. İKP MK-nın Rəyasət Heyətində keçirilən toplantıda Y.Məmmədəliyevin namizədliyinin Nobel mükafatı müsabiqəsinə təqdim edilməsi məsələsi müzakirə olunanda heç bir fikir ayrılığı yaranmadı. Aəzrbaycanlı alimin namizədliyinin lehinə nüfuzlu alimlərdən başqa Sov. İKP MK-nın baş katibi Nikita Xruşşov da, SSRİ DTK-nın sədri A.Şepilov və MK-nın Siyasi Bürosunun üzvləri də çıxış edirdilər. Ancaq iştirakçılardan birinin oxuduğu anonim məktub səsvermənin nəticələrini heçə çıxardı. Naməlum müəllif öz məktubunda bildirirdi ki, Məmmədəliyevin elmi kəşfi öz məğzində hərbi sirr daşıyır. Bu, açıq-aşkar yalan idi, çünki Məmmədəliyevin əsərləri artıq çoxdan həm SSRİ-də, həm də xaricdə çap olunurdu...

Bir cidd fakt da mütləq qeyd edilməlidir: bu cür pariya iclaslarının gündəliyi əvvəlcədən ali partiya rəhbərliyinin bütün səviyyələrində kifayət qədər çox sayda insana məlum olurdu. Hərçənd bu, Beynəlxalq mükafatın təqdim edilməsi üzrə Nobel komitəsinin nizamnaməsi ilə kəskin ziddiyyət təşkil edirdi. 

 

Məmmədəliyev ruhdan düşmür, əldən çıxan Nobel mükafatı haqqında düşünməməyə çalışırdı, çünki o, qoynunda yaşayıb-işlədiyi gerçəkliyin mahiyyətini aydın şəkildə anlayırdı. 1960-cı ildə alim Parisdə keçirilən kataliz üzrə beynəlxalq konqresdə məruzə ilə çıxış etmiş və böyük uğur qazanmışdı.

Y.H.Məmmədəliyev çoxsaylı tələbələr və ardıcıllar yetişdirmişdi. Onlardan M.M.Hüseynovu, A.M.Quliyevi, M.A.Mərdanovu, C.A.Əliyevi, M.A.Məmmədyarovu və bir çox başqalarını göstərmək olar. Bu istedadlı alimlər öz tədqiqatları ilə müəllimlərinin ideyalarını davam və inkişaf etdirirdilər. Xüsusilə də onlar tərəfindən xlorlu karbohidrogenlərin sintezi və çevrilməsi sahəsində klassik işlər yerinə yetirilmiş, doymuş və dien karbohidrogenlərinin xlorlaşdırılması reaksiyaları, eləcə də metanın katalitik xlorlaşdırılması reaksiyası həyata keçirilmişdi.

Məmmədəliyev başda olmaqla Azərbaycan neft kimyaçıları məktəbinin fəaliyyəti, xüsusilə də aromatik karbohidrogenlərin alkilləşdirilməsi sahəsində aktiv rolu N.D.Zelinskinin 90 illik yubiley təntənələri zamanı məxsusi qeyd olunmuşdu. Böyük alimlər B.A.Kazanski, A.N.Nesmeyanov və A.F.Plate yubilyarın neft kimyası sahəsində xidmətlərindən bəhs edən məqalədə yazırdılar: “Nikolay Dmitriyeviç və onun məktəbinə aid alimlər tərəfindən kəşf edilən və işlənib hazırlanan karbohidrogenlərin katalitik çevrilməsini nəzərdən keçirməyi yekunladırarkən biz həmçinin olduqca vacib bir reaksiyanın üzərində dayanmalıyıq... Biz alkilləşdirmə reaksiyasını nəzərdə tuturuq... Benzolun etilbenzol, izopropilbenzolun əmələ gəlməsi ilə alkilləşdirilməsi prosesinin işlənib hazırlanmasının bir hissəsi Nikolay Dmitriyeviçin tələbəsi Y.H.Məmmədəliyevə məxsusdur. Böyük eksperimental işin nəticəsində ona bu reaksiyanın elə rahat şəraitdə aparılmasını işləyib hazırlamaq müyəssər olub ki, artıq benzolun ali homoloqlarını əldə etmək olduqca asandır...” (“Kimya uğurları”, M., 1951, 20-ci cild, buraxılış 1, 42-ci səhifə).

 

Sonda başqa bir görkəmli azərbaycanlı kimya aliminin – akademik M.F.Nağıyevin 1962-ci ildə keçirilmiş elmi sessiyada Məmmədəliyevi alim və Azərbaycan SSR EA-nın prezidenti kimi səciyyələndirən sözlərini sitat gətirmək istərdim. O demişdi: “Böyüklük uzaq məsafədən daha yaxşı görünür. Yusif Heydər oğlu yüksək nüfuza malik idi – bu, ilk növbədə onun əməyinin, onun elmi düşüncəsinin nəticəsi idi. O, aydın təfəkkürə sahib alim idi və neft kimyası elmini zənginləşdirirdi. Bizə qoyub getdiyi ideya və düşüncələr, başladığı, bitirə bilmədiyi maraqlı işlər onun bizə mirasıdır. O, Akademiyanın prezidenti seçiləndə orada cəmi 120 işçi vardı. O, elmi işçilərin sayını 5 mindən yuxarı qaldıra bildi. Bu, məsələnin kəmiyyət tərəfidir. Keyfiyyətə gəlincə, onun fəaliyyəti Akademiyanın daha vacib və mütərəqqi istiqamətlərinin, kimya ilə yanaşı, yarımkeçiricilər nəzəriyyəsi, maddənin strukturu, hesablama riyaziyyatı və kibernetika, istilik texnikası, astrofizika və bir çox başqa elm sahələrinin inkişafına göstərilən diqqət və qayğıda ifadə olunurdu”.

Dahi alimin yaradıcı fəaliyyəti ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilirdi. 1958-ci ilin aprel ayında Y.H.Məmmədəliyev ikinci dəfə Azərbaycan EA-nın prezidenti (ömrünün sonuna qədər) seçilmişdi. Həmin ilin iyun ayından o, texniki kimya ixtisası üzrə SSRİ EA-nın müxbir üzvü olmuşdu.  

...Deyilənlər Məmmədəliyev fenomenini müəyyən qədər izah etmək üçün yetərlidir: bu fenomenin əsasında böyük alimin inadkarlığı, yorulmazlığı, əməksevərliyi və məqsədyönlülüyü dayanır.