"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Aberdin şəhərini tez-tez Avropanın neft paytaxtı adlandırırlar. O, Şotlandiyanın şimal-şərqində yerləşir. Aberdin Qrampian inzibati dairəsinin paytaxtı hesab olunur. Şəhərin əsası Qədim Romanın müstəmləkəsi Devanın yerində qoyulub və iki çayın – Di və Donun məcraları arasında uzanır. Bu çaylar şəhəri iki hissəyə - Köhnə Aberdinə (şimal hissə) və Yeni Aberdinə (cənub hissə) ayırır. XII əsrdən başlayaraq XV əsrə qədər Aberdin Şotlandiya krallarının iqamətgahı olub. XIX əsrdə Aberdin Şotlandiyanın şimal-şərq hissəsində mühüm şəhərlərindən birinə çevrilib.




Neft şəhəri – Aberdin

Aberdin şəhərini tez-tez Avropanın neft paytaxtı adlandırırlar. O, Şotlandiyanın şimal-şərqində yerləşir. Aberdin Qrampian inzibati dairəsinin paytaxtı hesab olunur. Şəhərin əsası Qədim Romanın müstəmləkəsi Devanın yerində qoyulub və iki çayın – Di və Donun məcraları arasında uzanır. Bu çaylar şəhəri iki hissəyə - Köhnə Aberdinə (şimal hissə) və Yeni Aberdinə (cənub hissə) ayırır. XII əsrdən başlayaraq XV əsrə qədər Aberdin Şotlandiya krallarının iqamətgahı olub. XIX əsrdə Aberdin Şotlandiyanın şimal-şərq hissəsində mühüm şəhərlərindən birinə çevrilib.

 

Ötən əsrin 60-cı illərində Şimal dənizində neft yataqlarının kəşf olunması məhz Aberdindən başladı. Bu tapıntı şəhəri çox sürətlə Avropada dəniz nefti hasilatının mərkəzinə çevirdi. Aberdin sahildən bir neçə yez kilometr aralıda yerləşən neft yataqlarının istismarının həyata keçirildiyi strateji məkan kimi seçildi. Ancaq şəhər bu statusunu təkcə Şimal dənizinə yaxınlığı ilə qazanmamışdı. Daha mühüm faktor nəqliyyat infrastrukturunun inkişafı və şərq düzənlərinin mərkəzində yerləşməsiydi. Hazırda şəhərdə neft və xidmət şirkətlərinin çox sayda ofisləri cəmləşib. Bunun təsdiqi olaraq Aberdin küçələrində bahalı maşınlar və butiklər görmək mümkündür.

 

Aberdin Birləşmiş Krallığın nəhəng liman şəhəridir. Buradan neft buruqlarına xidmət göstərmək üçün xeyli gəmi yola çıxır. Şəhərin və qraflığın əhalisi birlikdə yarım milyondan artıqdır. Bilavasitə Aberdində 200 mindən artıq insan yaşayır. Müasir Aberdin Şotlandiyanın şimal-şərqində çiçəklənən və kosmopolit bir şəhərdir. Şəhərin iqtisadiyyatı kifayət qədər inkişaf edib. Bu, özünü işsizliyin səviyyəsinə dair göstəricilərdə də büruzə verir – Aberdində işsizliyin səviyyəsi 2 faizi aşmır. Şəhərin başlıca sənaye sektorları iqtisadiyyatı uğurla irəli aparır – buraya ərzaq məhsulları və içkilər istehsalı, bioloji elmlər, turizm və təbii ki, energetika aiddir.

 

Aberdində iki universitetdən və çox sayda tədris və təhqiqat intstitutlarından ibarət güclü akademik baza var. Şotlandiyada əsas fəaliyyəti bütün sənaye sektorlarının inkişafına və onların əməkdaşlarının ixtisaslarının artırılmasına yönəlmiş bir sıra şirkətlər çalışır.  “Şəhər olaraq bizim rolumuz energetika sənayesi və digər inkişaf edən sektorlar vasitəsilə məşğulluq artımının sağlam sabitliyini dəstəkləməkdən ibarətdir”, - şəhərin fəxri meri Piter Stefan deyir.

 

Onun sözlərinə görə, Aberdin Şotlandiyanın şərq sahillərində aparıcı yer tutur. Mahiyyətcə, bu, coğrafi baxımdan Norveçə və Şimal dənizinin neft-qaz yataqlarına ən yaxın Britaniya adasıdır. Neft hasilatının ilk mərhələsində onun əsas üstünlüyü coğrafı mövqeyi olsa da, şəhərin bu imkandan səmərəli istifadə etməyə hazır olması sonrakı illərdə ciddi amilə çevrildi. 

 

Böyük Britaniyanın kontinental şelfi hazırki neft və qaz hasilatı göstəricilərinə, perspektivinə, eləcə də mövcud olan nəhəng qalıq resurslarının işlənilməsinə görə dünya standartlarına tam uyğun coğrafi hövzə hesab olunur. Britaniyanın neft-qaz sənayesi insanlar və müəssisələr üçün təhlükəsiz ətraf mühit yaradılması baxımından böyük üstünlüyə malikdir. Bu kontekstdə Aberdin Böyük Britaniyanın neft və qaz sənayesində son 40 ildə mühüm yer tutub və növbəti 40 il ərzində bu mövqeni qoruyub saxlamaqda davam edəcək.

 

Şəhər Avropanın enerji paytaxtıdır və upstream sektorunun dünya mərkəzi adını almaq uğrunda Hyustonla (ABŞ) rəqabət aparır. Bundan başqa, o, Şərq yarımkürəsində Britaniyanın və Avropanın bütün əməliyyatları üçün strateji bazadır. Aberdin həmçinin, sualtı işlərin mərkəzi, eləcə də yeni texnologiyaların işlənilməsi və bazara çıxarılması üzrə dünya lideridir.

 

 

Şəhərin fəxri meri Piter Stefanın fikrincə, neftin perspektiv qiymətləri və texnologiyaya sərmayə qoyuluşunun artımı şəraitində Böyük Britaniyanın kontinental şelfi bundan sonra da neft-qaz şirkətləri üçün səbatlı hasilat və investisiya regionu olmaqda davam edəcək. Şəhərin və bütövlükdə bölgənin dəniz işlərində dünya mərkəzi olaraq artan rolu bu sektorun uzunmüddətli perspektivdə davamlı inkişafının təminatına kömək edəcək. Yaxın perspektivdə Aberdin şirkətlərinin öz işlərini şaxələndirmələri, həmçinin enerji və dəniz obyektlərinin bərpa olunan mənbələrinin işlənilməsi üçün böyük imkanlar yaranacaq.

 

“Bu gün Aberdin geniş beynəlxalq əlaqələrə malik dünya səviyyəli enerji şəhəridir; biz dünyanın digər enerji ölkələri ilə əlaqələrimiz, xüsusilə də Xəzəryanı ölkələrlə inkişaf etməkdə olan münasibətlərimizlə fəxr edirik”, - Piter Stefan bildirir.

 

 “Biz öz təcrübəmizi Xəzəryanı ölkələrlə bölüşməkdən məmnun olarıq”, - deyən Stefan qeyd edir ki, Aberdinin qapıları həmişə açıqdır: “Biz qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına baxmağa, danışıqlar aparmağa hazırıq. Hərdən çətinliklər yaranır, ancaq biz neft-qaz tematikası üzrə yüksək standartlara malik işgüzar şəhər olaraq əməkdaşlığın yeni imkanlarını müzakirə etməyə həmişə şadıq”.

 

 Mer daha sonra əlavə edir: “Gələcəkdə biz Xəzəryanı ölkələri Aberdinə cəlb etmək, şəhərlərimiz arasında ticarətin və investisiya qoyuluşunun stimullaşdırmaq imkanlarını axtarıb tapmağa ümid edirik. Xəzəryanı ölkələrlə əməkdaşlığımız inkişaf etdikcə, biz qeyri-neft sektorunda da tərəfdaşlığımızın inkişafı üçün imkanları nəzərdən keçiririk. Turizm, təbii elmlər, yeyinti sənayesi, kənd təsərrüfatı, idman və beynəlxalq mədəniyyət sektorları üzrə əlaqələrimizin və tərəfdaşlığımızın möhkəmləndilməsi yollarını axtarırıq. Hazırda birgə işlədiyimiz bütün ölkələrə münasibətdə biz ilk növbədə neft sektorunu nəzərdən keçiririk. Aberdin şəhərini təkcə neft paytaxtı yox, həm də enerji şəhəri adlandırılır. Biz, təbii ki, neft emal edirik. Ancaq iqtisadiyyatın bir çox başqa sahələri,  kiçik və orta biznesin inkişafı böyük maraq və əhəmiyyət kəsb edir.

 

Yeni kəşf olunan neft yataqlarına və bu kəşflərin baş verdiyi ölkələrə gəlincə, mer hesab edir ki, Aberdinin neft biznesi avtomatik olaraq qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqda maraqlıdır. Məsələn, Aberdində yerləşən şirkətlər dünyanın neft tapılan istənilən yerinə gedirlər. “Yeni kəşflər sadəcə olaraq bizdə maraq doğurmaya bilməz”, - deyə o, ümid etdiyini bildirir ki, gələcəkdə Qazaxıstan-Azərbaycan-Avropa neft-qaz dəhlizi tam gücü ilə işə düşəcək və bütün bunlar gerçəkliyə çevriləcək.