"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Neft ta qədim zamanlardan qiymətli sərvət olub: babillilər onu yandırıcı maye kimi istifadə edirdilər; farslar ona sitayiş edir, onu Zərdüştün gücünün mənbəyi sayırdılar; hindilər onu hərbi yürüşdən əvvəl bədənlərinə yaxırdılar. XVIII əsrdə fransızlar neftdən sürtkü materialı kimi istifadə etməyə cəhd göstərdilər, 1958-ci ildə isə Dartmut (ABŞ) universitetində fenomenal bir kəşf etdilər: məlum oldu ki, neftdən kerosin almaq mümkündür və o, kömürdən alınan və 1858-ci ildə İsveçrədə patentləşdirilən kerosindən daha parlaq yanır! Bu arada bəşəriyyət artıq enerji böhranının astanasında idi: balina yağının və şam mumunun ehtiyatı sürətlə azalırdı. Avtomobil erası o qədər də uzaqda deyildi. Bəzi qəribə adamlar neftin yer səthinə sızdığı məkanlarda təkbaşına çuxurlar qazmağa çalışır, yaxud da onu axar suyun səthindən süzüb yığırdılar.   O vaxtlar dünyada  ilk dəfə Bakıda nefti sənaye üsulu ilə hasil etməyə başlamışdılar...





J.P. Getttt y- neftdən incəsənətə

Neft ta qədim zamanlardan qiymətli sərvət olub: babillilər onu yandırıcı maye kimi istifadə edirdilər; farslar ona sitayiş edir, onu Zərdüştün gücünün mənbəyi sayırdılar; hindilər onu hərbi yürüşdən əvvəl bədənlərinə yaxırdılar. XVIII əsrdə fransızlar neftdən sürtkü materialı kimi istifadə etməyə cəhd göstərdilər, 1958-ci ildə isə Dartmut (ABŞ) universitetində fenomenal bir kəşf etdilər: məlum oldu ki, neftdən kerosin almaq mümkündür və o, kömürdən alınan və 1858-ci ildə İsveçrədə patentləşdirilən kerosindən daha parlaq yanır! Bu arada bəşəriyyət artıq enerji böhranının astanasında idi: balina yağının və şam mumunun ehtiyatı sürətlə azalırdı. Avtomobil erası o qədər də uzaqda deyildi. Bəzi qəribə adamlar neftin yer səthinə sızdığı məkanlarda təkbaşına çuxurlar qazmağa çalışır, yaxud da onu axar suyun səthindən süzüb yığırdılar.   O vaxtlar dünyada  ilk dəfə Bakıda nefti sənaye üsulu ilə hasil etməyə başlamışdılar...

 

Gələcək milyarder Jan Pol Getti (Jean Paul Getty) 1898-ci ildə Böyük Britaniyadan olan mühacir ailəsində dünyaya gəlib. 1913-cü ildə Oksford universitetini bitirən Pol Tulsa rayonunda (Oklahoma ştatı) neft ticarətinə başlayır və 1916-cı ildə özünün ilk milyon dollarını qazanır. 1920-ci illərdə Pol Getti öz maliyyə imperiyasının özülünü təşkil edən bir neçə neft şirkəti almışdı. 1934-cü ildən 1946-cı ilə qədər o, Küveyt səhralarında uğursuz neft axtarışıyla məşğul oldu. 1946-cı ilin Milad bayramı ərəfəsində Küveytdəki neft quyuları fontan vurdu. Tezliklə aydın oldu ki, burada yerin təkində dünyadakı “qara qızıl” ehtiyatının azı on beş faizi yatır. Bütövlükdə 10 milyard ton! Bu möcüzə sayəsində Getti bir saatın içində neft kralına çevrildi, onun kiçik müstəqil şirkəti isə neft biznesinin nəhəngi oldu. 1949-cu ildə onun şirkəti Səudiyyə Ərəbistanından konsessiya aldı və bu 1950-ci ildə ona milyardlarla gəlir gətirdi. 1957-ci ildə Pol Getti dünyanın ən zəngin adamı elan edildi. Ömrünün sonunadək, yəni 1976-cı ilə qədər o, bu titulu qoruyub saxladı.

 

 

İncəsənətə yol

Pol Getti həyatının böyük hissəsini Avropada keçirmiş, orada da kolleksiya toplamağa başlamışdı. Onun maraq çərçivəsinə yunan və Roma incəsənəti, avropalı sənətkarların dekorativ əl işləri, İntibah dövrünün rəsmləri daxil idi. Kolleksiya böyüdüyü üçün Getti Kaliforniyada, Malibuda “Getti Villası” adlanan binanı tikdirdi. Bu bina bizim eranın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olmuş Roma villalarının dəqiqliklə təkrarlanmış surəti idi. Poll Getti burada gözəl bir muzey yaradıb və bu bina indi də “Getti Villası” (The Getty Villa) adlanır. Maqnat dünyadan köçərkən muzeyi və çoxmilyardlıq sərvətini öz adına yaradılmış xüsusi fonda vəsiyyət edib.

 

1997-ci ildə Los-Ancelesdə tikintisi Getti Fonduna 1,2 milyard dollara başa gəlmiş Getti Mərkəzi açıldı. Antik heykəllər və qədim vazalar istisna olmaqla Gettinin bütün kolleksiyası buraya gətirildi. Sözü gedən eksponatlar isə əvvəlki kimi Malibudakı “Getti Villası”nda saxlanılır.

Getti Villası

Bu gün Pol Gettinin villası dünyada antik incəsənət nümunələrinin toplandığı ən yaxşı muzeylərdən biri sayılır. 2006-cı ildə başa çatan yenidənqurma işləri 12 il çəkib və 275 milyon dollara başa gəlib. Memarlar Xorxe Silvetti və Rodolfo Maçado villanın içərisini yenidən qurublar və villaya bitişik parkda dörd yüz nəfərlik kiçik açıq amfiteatr tikiblər. Villada saxlanılan ən dəyərli sənət əsərlərindən biri də eramızdan 400 il əvvələ aid mərmər Afrodita heykəlidir.  Kolleksiyada eramızdan əvvəl 6500-cü ildən eramızın 400-cü ilinədək yaradılmış 44 000 qədim yunan, Roma, etrusk  incəsənət əsəri var.

 

Getti Mərkəzi

Mərkəz görkəmli memar Riçard Meyer tərəfindən “köklərlə keçmişə, inamla gələcəyə” modern üslubunda layihələşdirilib. Memarlıq incisi sayılan binaların bu möhtəşəm kompleksi təpənin zirvəsində yerləşir. Mərkəzin divarları İtaliyadan gətirilmiş qızılı daşlarla – Kolizeyin tikintisində istifadə olunmuş travertinlə üzlənib. Muzeyin korpusları işığa doğru istiqamətlənib və tamaşa meydançaları olan keçidlərlə birləşdirilib. Buradan Los-Ancelesə, Sakit okeana və Big Bear xizək kurortunun yerləşdiyi dağ silsiləsinə ecazkar mənzərə açılır. Ziyarətçilər dağın ətəklərindən zirvəyə funikulyorda qalxa bilərlər.  

 

Mərkəzin böyük ərazisində beş pavilyon var. Bunlar Sərgilər,  Şimal, Şərq, Cənub və Qərb pavilyonlarıdır. Pavilyonlarda rəsmlər, qrafik əsərlər, manuskriptlər, heykəllər, dekorativ əl işləri nümayiş olunur. Incəsənət əsərlərinin xronoloji ardıcıllıqla düzüldüyü ekspozisiya Şimal pavilyonundan başlayıb, Qərb pavilyonunda bitir. 

Muzeydə bir neçə daimi sərgi fəaliyyət göstərir. Alman rəssamlarının İntibah dövrünə aid rəsm əsərləri Qərb pavilyonunda sərgilənir. Nürnberq və Saksoniyadan, İsveçrə və Yuxarı Reyn rayonundan toplanmış əsərlər Martin Şonqauer, Böyük Lukas Kranax, Albrext Dürer kimi görkəmli rəssamların fırçasından çıxıb.

Kolleksiyada Deqa, Qogen, Van Qoq, Uilyam Henri Foks, Tintoretto, Tisian, Rembrandt, Rubens, Renuar və Men Reyin işləri yer alır. Bundan başqa, burada Qədim Yunanıstan dövrünün rəsm və xəttatlıq, dekorativ sənət nümunələrindən başlamış günümüzün müasir fotoqrafçılıq və digər incəsənət əsərlərinədək geniş eksponat kolleksiyası var. Getti Mərkəzinin pavilyonlarındakı 44 min əsərdən (!) 1200-ü nümayiş etdirilir.

Hər pavilyonun birinci mərtəbəsində yerləşən qalereyalarda fotoşəkillər sərgilənir. Pavilyonların ikinci mərtəbəsi öz aralarında şüşəbənd körpücüklərlə və ətrafdakı təpələrin, muzeyin mərkəzi meydançasının göründüyü açıq terraslarla əlaqələndirilib. Mərkəzin binaları arasında yerləşən açıq terraslarda və bağlarda heykəllər qoyulub. Mərkəzdə yerləşən hovuzlu bağ elə salınıb ki, burada işığın, rənglərin və onların inikasının oyunu aydın nəzərə çarpır.   

Mərkəzin ekspozisiyasında təbii işıq ən mühüm ünsürlərdən biridir. Binada bir çox divarlar şüşədəndir və günəşin interyeri işıqlandırmasına imkan verir. Kompyuterlə idarə olunan jalüz və süzgəc sistemi otaqdakı işığı elə tənzimləyir ki, ziyarətçilər qalereyadakı rəsmləri təbii işıqda seyr edə bilirlər.

Mərkəz müntəzəm olaraq mühazirələr, konfranslar, nümayişlər, qiraətlər, tamaşalar, kinofilmlər və sərgilər təşkil edir. Mərkəzdə Wi-Fi telefonları istifadə olunur, bu telefonlarla ziyarətçinin mövqeyi müşahidə edilir və qalereyada tanış olduğu incəsənət əsərləri barədə ona faydalı informasiya verilir.

 

Şübhəsiz ki, Getti Muzeyi bəşəriyyətin mədəni irsinin qorunub saxlandığı qlobal xəzinədir. Neft milyardları burada incəsənətin himninə çevrilib!