"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

“Sumqayıt” yarandığı gündən klubun rəsmi internet səhifəsi də (www.sfc.az) fəaliyyətə başlayıb. Əsas, əvəzedici komandalardan başqa, aşağı yaş qruplarının oyunlarından xəbərlər, foto və video reportajlar operativ olaraq klubun rəsmi internet səhifəsində öz əksini tapır. Klubun eyni zamanda facebook və twitter kimi böyük sosial şəbəkələrdə rəsmi səhifələri də fəaliyyət göstərir.





RƏSMİ SAYT, İNTERNET TELEVİZİYA VƏ AZARKEŞLƏRLƏRLƏ QURULMUŞ DÜZGÜN İŞ

“Sumqayıt” yarandığı gündən klubun rəsmi internet səhifəsi də (www.sfc.az) fəaliyyətə başlayıb. Əsas, əvəzedici komandalardan başqa, aşağı yaş qruplarının oyunlarından xəbərlər, foto və video reportajlar operativ olaraq klubun rəsmi internet səhifəsində öz əksini tapır. Klubun eyni zamanda facebook və twitter kimi böyük sosial şəbəkələrdə rəsmi səhifələri də fəaliyyət göstərir.

Qeyd edək ki, mart ayında klubun “internet televiziyası” (tv.sfc.az) da azarkeşlərin ixtiyarına verilib. Sayt ölkə Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarının yerinə yetirilməsi məqsədi ilə yaradılıb. Klubun rəsmi saytının nəzdində fəaliyyət göstərən media portal klubun əsas və əvəzedici komandalarının ev oyunlarını canlı yayımlayır. Burada həmçinin, aşağı yaş qruplarının görüşlərindən videoçarxlar, “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi tədbirləri əks etdirən görüntülər, məşqçilərin, futbolçuların, rəsmi şəxslərin və görkəmli idman xadimlərimizin müsahibələri yerləşdirilir.

“Sumqayıt” FK azarkeşlərlə də məqsədyönlü iş aparır. Klubun rəsmi fanklubuna üzv olmaq istəyən hər bir fanatın adı qeydiyyatdan keçirək məlumatlar bazasına daxil edilir.

Statistika həvəskarları üçün qeyd edək ki, ötən mövsüm “Sumqayıt” FK-nun oyunlarını 55265 tamaşaçı izləyib. Doğma meydanda rekord göstərici ikinci turda “Qəbələ” ilə keçirilmiş oyunda qeydə alınıb – 8000 tamaşaçı.

Kamran Quliyev: “Gənclərdən qurulmuş komandanın təcrübə yığması vacib amillərdəndir”

 

“Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev klubun yaranması, hazırkı vəziyyəti və gələcək planlar barəsində “SOCAR+” jurnalına müsahibə verib.

- Ötən ilin iyun ayının ortalarında “Sumqayıt” Futbol Klubunun təssisçiləri tərəfindən təklif aldım. Layihəni bəyəndim. Amma AFFA-da işlərimi yarımçıq saxlaya bilməzdim. Ona görə də təsisçilərdən bir qədər vaxt istədim. Bu zaman kəsimində təklifi dəyərləndirdim və məsuliyyəti öz üzərimə götürməyə qərar verdim. Tez bir zamanda məşqçi və futbolçuların axtarışına başladıq. Federasiyada çalışarkən millinin futbolçuları ilə şəxsi tanışlığım var idi. Təbii ki, planlarımıza daxil olan futbolçular klubsuz deyildi. Əvvəlcə futbolçuların klubları ilə danışıqlara başladıq. Daha sonra Rusiyada çıxış edən əslən azərbaycanlı futbolçuların axtarışına çıxdıq.

 

- İlk günlərdə hansı çətinliklərlə üzləşdiniz?

- Futbolçuların və inzibati heyətin formalaşdırılması, Akademiyanın yaradılması yönündə bəzi işlər apardıq. Demək olar ki, sıfırdan klub yaratmalı olduq. Hazırda əsas və əvəzedici komandadan başqa, 8 yaş qrupu üzrə komandalarımız AFFA-nın müxtəlif liqalarında mübarizə aparır. “Sumqayıt” Azərbaycan Premyer Liqasında mübarizə aparan yeganə klubdur ki, iki qız komandası ilə təmsil olunur. Ən böyük çətinliyimiz isə Sumqayıtda infrastrukturun olmamasıdır. Bildiyiniz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yalnız bir meydança var. Həmin arenada əsas və əvəzedici komandamız oynayır. Belə olan halda aşağı yaş qrupları üzrə komandalarımızın ev oyunlarını keçirmək üçün bəzi problemlərlə üzləşirik. Hətta əsas və əvəzedici komanda da məşqlərini tez-tez başqa stadionlarda keçirməli olur ki, bu da bizə çətinlik törədən amillərdən idi. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işlərinə start verildi. Bu, Azərbaycan futbolunun inkişafı üçün atılan ən önəmli addımlardandır.

 

- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadiondakı yenidənqurma işləri necə davam edir?

- Bu gün klubun sərəncamında olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə istifadəyə verilmiş, sonralar isə 2 dəfə təmir olunmuşdur. Ötən mövsümün əvvəlində klubun baş sponsoru “Azərikimiya” İstehsalat Birliyinin təşəbbüsü ilə arenada cari təmir işləri aparıldı. Paltardəyişmə otaqları əsaslı təmir olunaraq futbolçuların ixtiyarına verilib. Hazırda isə Sumqayıt şəhər stadionunda əsaslı şəkildə yenidənqurma işləri aparılır. Bu ərazidə FİFA-nın tələblərinə uyğun olaraq, iki meydança inşa olunacaq. Meydançalardan biri son texnologiyalarla hazırlanmış süni, digəri isə təbii örtüklü olacaq. Bundan başqa, iki meydançanın arasında universal tipli tribuna azarkeşlərin ixtiyarına veriləcək. Futbolsevərlər hər iki meydançada baş verən hadisələri canlı izləyə biləcəklər. Tribunaların alt hissəsində isə futbol klubunun fəaliyyəti üçün inzibati, texniki, tibbi və s. infrastrukturun inşası nəzərdə tutulub.

 

- Ötən mövsümü necə xarakterizə edərdiniz?

- Ötən mövsüm “Sumqayıt” Futbol Klubu Premyer Liqanı 12-ci pillədə tamamladı. Biz bununla öyünə bilmərik. Lakin klubumuz ötən il Azərbaycan futboluna xeyli gənc futbolçular bəxş etdi. Əsas qapıçımız Andriy Popoviç, müdafiəçimiz Bədavi Hüseynov və yarımmüdafiəçilərimiz Uğur Pamuk, Murad Ağayev mütəmadi olaraq A milli komandanın təlim-məşq toplanışlarına dəvət alır. Adları çəkilən futbolçular hazırlıq prosesləri ilə yanaşı A milli komandanın rəsmi oyunlarında da meydana çıxıblar. Qeyd edək ki, Bədavi Hüseynov bizim klubda bir illik icarədə çıxış etdikdən sonra “Anji” klubunun baş məşqçisi Qus Hiddink tərəfindən təlim-məşq toplanışına aparıldı. Orada özünü yaxşı tərəfdən göstərmiş həmyerlimiz hazırda Mahaçqala klubunun əsas heyətinin üzvüdür.

Klubun daha 9 futbolçusu – Kamil Nurəhmədov, Ruslan Tağızadə, Ruslan Qurbanov, Emin Mustafayev, Emil Balayev, Eşqin Quliyev, Abdulla Abatsiyev, Slavik Alxasov və Orxan Həsənov isə il ərzində 21 yaşadək futbolçularından ibarət yığmamızın uğurları üçün tər töküblər.

Ötən mövsüm 5 futbolçumuz – Hacı Əhmədov, Samir Yusifov, Orxan Əliyev, Şamil Cəmaləddinov və Ruslan Nəsirli U-19 millimizin şərəfini qoruyublar.

 

- “Sumqayıt” FK-nun heyəti yalnız azərbaycanlı futbolçulardan qurulub...

- “Sumqayıt” Futbol Klubunun heyətində legioner futbolçu yer almır. Klubumuzda xaricdən dəvət olunan Azərbaycan əsilli gənc futbolçular da çıxış edir. Bu, dünya futbolunda son illər müşahidə olunan bir tendensiyadır. Hər bir ölkə öz həmvətənlilərinin xaricdə yaşayan uşaqlarını yığma komandalara cəlb etmək istəyir. Bizim komandada artıq Almaniya, Rusiyada, Türkiyədə, Belçikada yaşayan Azərbaycan əsilli futbolçular yer alır. Bu cür seleksiya ölkə futbolunun inkişafı üçün atılan addımdır.

 

- Kluba hansı şirkətlər sponsorluq edir?

- Klubun baş sponsoru “Azərkimya”  İstehsalat Birliyidir. Digər partnyorlarımız isə “PAŞA Həyat Sığorta” ASC, “TAC” şirkəti,  “Spektr Travel”, “AcessBank” və AZENCO şirkətləridir. Ümumiyyətlə, sponsorluğa gəldikdə, tək bizim kluba yox, Azərbaycanın bütün klublarına sponsorluqdan daha geniş istifadə olunmalıdır. İnkişafda olan futbolumuz üçün dörd-beş böyük şirkətin yardımı, zənnimcə, yetərli deyil.  

 

- “Sumqayıt” FK 2012/2013 mövsümünə heç də pis başlamayıb. Klubun bu il Premyer Liqada əsas məqsədi...

- Desəm hədəfimiz çempionluqdur, bu yalan olar. Əsas məqsədimiz çempionatı orta sıralarda bitirməkdir. Ümumiyyətlə, “Sumqayıt” Futbol Klubu  bir illik layihə deyil. Əminliklə deyə bilərəm ki, bu layihə ölkə futbolunun inkişafına töhvəsini verəcək. Sadəcə gənclərdən qurulmuş bir kollektivin müəyyən zamana ehtiyacı var. Əlbəttə, hamılıqla səbr etməliyik. Klubun rəhbərliyi, baş sponsorumuz və partnyorlarımızın dəstəyi ilə bütün imkanlardan istifadə edib öz məqsədimizə nail olacağımıza inanırıq. İlk addımları atdığımız sürətlə inkişaf etsək, bu layihənin bəhrəsini bütün ölkə görəcək.