"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Bakıdakı ən gözəl tikililərdən birinin – “İsmailiyyə”nin inşası faciə ilə əlaqədardır. Hadisə belə olub: inqilaba qədərki Azərbaycan burjuaziyasının təmsilçilərindən olan Ağa Musa Nağıyev (1849-1919) faciəvi şəkildə oğlunu itirir. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edir.




Ismailiyyə

Bakıdakı ən gözəl tikililərdən birinin – “İsmailiyyə”nin inşası faciə ilə əlaqədardır. Hadisə belə olub: inqilaba qədərki Azərbaycan burjuaziyasının təmsilçilərindən olan Ağa Musa Nağıyev (1849-1919) faciəvi şəkildə oğlunu itirir. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edir.

 

Bu kədərli hadisədən bir az sonra Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə onun tərəfindən tikilmiş olan qızlar məktəbində Novruz bayramına həsr olunmuş məclis keçirilir. Adətən bu cür bayramlar üç gün çəkirdi və arzu edən hər bir kəs ona qatıla bilərdi. Məclisə şəhərin mötəbər şəxsləri də gəlirdi. Son xəbərləri Hacı ilə müzakirə etdikdən sonra onunla məsləhətləşən qonaqlar qərara alırlar ki, adı xəsisliyə çıxmış Nağıyevı xeyriyyə cəmiyyəti üçün bina tikdirməyə sövq etsinlər.

 

Tarixçi-yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında belə bir maraqlı epizod təsvir olunur: “Hacı Zeynalabdin fürsət tapıb soruşur: “Ağa Musa, oğlunun adını əbədiləşdirmək istəyirsən? Müsəlman xeyriyyə cəmiyyətinin öz binası yoxdur, mənim tikdirdiyim qızlar məktəbindən bir az aşağıda isə əla boş yer var. Orada ev tikdir, “İsmailiyyə” adlandıraq. Onda sənin bəxtsiz oğlunun adı bizim yaddaşımızdan silinməz”. Musa Nağıyev  ruhlanıb deyir: “Nə deyirəm, yaxşı təklifdir. Razıyam”.

 

Tikinti üçün şəhərin mərkəzində boş buraxılmış “Qapan dibi” adlanan meydan ayrıldı. Bu sahə lap əvvəlcədən məscid tikintisi üçün nəzərdə tutulmuşdu. Məscidin ətrafında fəvvarələrlə bəzənən bağ salınması planlaşdırılırdı. Lakin Rusiya imperiyası dövründə böyük nüfuz sahibi olan xristian ruhaniləri Aleksandr Nevski kilsəsinin – “Qızıl kilsə”nin yanında belə bir məscidin tikilməsinə əngəl törətdilər. Məsələnin həllini uzadan məmurların qərarını gözləyə-gözləyə bu meydan tədricən təbii bazara çevrildi. Şəhərkənarı kəndlərdən buraya ərzaq və başqa mallar, hətta heyvan gətirirdilər, bu isə palçıq və üfunətlə müşayiət olunurdu. Bu yer hakimiyyət nümayəndələri üçün göz dağına çevrilmişdi. Deputatlar bu palçıqlı, zibilli meydanda şəhər bağı salmaq rəyinə gəlmişdilər.

 

“İsmailiyyə”nin layihələşdirilməsi üçün polşalı memar İosif Ploşko dəvət olundu. Memar layihəni 1910-ci ildə tərtib etdi. Binanın özülünün qoyulması 1908-ci ilin 21 dekabrında baş verdi, tikinti isə 1913-cü ilin əvvəlində başa çatdı. “İsmailiyyə”nin təntənəli açılışından sonra onun ağ daşla işlənmiş, “Nikolayevski” küçəsinə açılan pəncərələrə malik geniş akt zalında Müsəlman xeyriyyə cəmiyyəti üzvlərinin toplantısı, müsəlman qadınların, Bakı ziyalılarının yığıncağı, ruhanilərin qurultayı keçirildi.

 

1918-ci ilin martında Bakı qırmızı qvardiyanın atəşi altına düşəndə, bir sıra başqa binalar kimi, “İsmailiyyə” də zərər çəkdi: müsəlman cəmiyyətinin dayağı olan bina müqavimət mərkəzlərindən biri idi və aramsız hücumlara məruz qalmışdı. Bina güllə və mərmilərdən ciddi şəkildə zədələnmişdi. Bununla belə, memarlıq abidəsi 1922-23-cü illərdə memar Aleksandr Dubovun rəhbərliyi ilə bərpa olundu və Türk mədəniyyəti sarayı adlandırıldı. Təəssüf ki, restavrasiya zamanı binanın fasadındakı və böyründəki yazılar silinmişdi. 

 

Bərpa edildikdən sonra “İsmailiyyə” binasının ətrafında Mirzə Ələkbər Sabir adına meydan saldılar. Bu, şəhərin həmin guşəsini bakılıların sevimli istirahət məkanına çevirdi.

 

Binanın bərpa olunmasından sonra müxtəlif illərdə burada müxtəlif təşkilatlar və təsisatlar yerləşib: “Azərbaycanın təhqiq olunması və öyrənilməsi cəmiyyəti”, “Arxeologiya komissiyası”, “Türk mədəniyyəti cəmiyyəti”, Əlyazmalar fondu, SSRİ Elmlər Akademiyasının respublika filialı və b. Hazırda binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.