"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Neft məsələsi Dmitri Mendeleyevin elmi yaradıcılığında həlledici yer tutur. XIX əsrin ikinci yarısında Rusiya, xüsusilə də Bakı neft sənayesinin təşəkkül tapmasında onun çoxşaxəli və sistemli xidmətləri olmuşdur. Neft problemlərini dərindən öyrənən Mendeleyev sənayeçilərə zavodlarda aparılan texnoloji proseslərin təkmilləşdirilməsi ilə bağlı praktiki göstərişlər verməklə kifayətlənmir, onlara həm də radikal tədbirlərdən çəkinməməyi məsləhət görürdü.

 




MENDELEY və BAKI NEFTİ (dahi alimin Bakıya ilk səfərinin 150 illiyi münasibətilə)

Alim ilk dəfə Bakıya 1863-cü ilin avqustunda Kokorevin xahişi ilə gəlmişdir: həmin il  sentyabrın 6-dan oktyabrın 8-nə kimi Mendeleyev Kokorevin zavodunda çalışaraq  neftin parçalanması ilə bağlı tədqiqatlar aparmışdır. Onun rəhbərliyi ilə bir sıra radikal tədbirlər həyata keçirilmişdir: 1) neftin zavoda və gəmilərdəki xüsusi rezervuarlara nəql edilməsi üçün quyulardan zavoda, zavoddan da dəniz sahilinə xüsusi borular çəkilmişdir; 2) Xəzər dənizindən Volqa keçidinə qədər neftin iki və ya üçdorlu gəmilərdə, Volqa keçidindən Nijni Novqoroda isə barjlarda daşınması təşkil olunmuşdur; 3) Nijni Novqorod yaxınlığında Bakı neftinin emal olunması və müxtəlif neft məhsulları alınması məqsədi ilə böyük zavod tikilmişdir.

Bu tədbirlər sayəsində Kokorevin iqtisadi baxımdan nisbətən zəif zavodu bir ildən sonra 200 min rubl gəlir əldə etmişdir. 1867-ci ildə isə Suraxanı zavodu artıq Moskva, Sankt-Peterburq, Tiflis və imperiyanın digər şəhərlərini təchiz etmək üçün ildə 100 min pud kerosin istehsal etmək gücünə malik idi.

Xatırladaq ki, 1860-cı ildə Avropaya Amerika kerosininin gətirilməsinə başlanılıb, Rusiyada isə artıq 1863-cü ildə Bakı (Balaxanı) kerosini işlədilirdi. O zamanlar bu maddəni fotonaftil adlandırırdılar.       

İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin iclaslarından birində alim qeyd etmişdi ki, mükəmməl neft sənayesinin yaradılması üçün öncə iltizam sistemini və kerosin aksizini ləğv etmək lazımdır, bu, Rusiya neft işinin kapitalist inkişafına gətirib çıxarar. Mendeleyev qeyd edirdi: “...Mənim şəxsi mövqeyim budur ki, təkcə neftə deyil, həmçinin necə olmasından asılı olmayaraq kerosinə də vergi qoyulmamalıdır. Vergi sənayeni sıxışdırır, çünki istehsalçı və fabrikant onu istehlakçıya qarşı çevirir və nəticədə tələbat azalır. Bütün hallarda vergi sənaye üçün sıxıntı yaradır və inkişaf dayanır”.

Alim bununla əlaqədar özü üçün belə bir qeyd də yazmışdı:  “Amerikaya sərgiyə getməyə hazırlaşarkən mən ştatlarda neft məsələsinin vəziyyətini öyrənmək üçün bəzi məlumatlar toplamaq istədim və fikrimi komissiyaya  bildirdim”. Həqiqətən də, böhran ərəfəsində Amerikada 70 milyon puda yaxın, Rusiyada isə yalnız 5 milyon pud neft çıxarılmışdı.  

1876-cı ildə (iyunun 21-dən iyulun 12-nə kimi) Mendeleyev ABŞ-da səfərdə olmuşdur: səfərin əsas məqsədi kerosinin qiymətinin düşmə səbəblərinin müəyyənləşdirilməsi və Amerikada neft işinin ozamankı vəziyyətinin qiymətləndirilməsi idi (səfəri təşkil edən Rusiyanın maliyyə nazirliyi bu məsələdə çox maraqlı idi). Mendeleyev Amerikanın «Reports of a Commission appointed for a revision of the revenue system of the US» hesabatlarını, həmçinin  «Laws of the US relating to internal revenue» qanunlarını təhlil etmiş və belə bir nəticəyə gəlmişdi ki: “…Pensilvaniya neftindən kerosin almaq çətin deyil, çünki neftin özü, demək olar ki, təmiz olmayan kerosindir və neftin təxminən beşdəbir hissəsi zay olur. Bizim bakılı texniklərin neftin emalına dair amerikalılardan öyrənə biləcəyi məsələ yoxdur, yalnız bəzi mexaniki avadanlıqları götürmək olar ki, onlardan da ancaq Amerikadakı kimi nəhəng zavodlarda istifadə etmək sərfəlidir”.

Amerikaya səfərindən 1 il sonra alim “Şimali Amerikanın Pensilvaniya ştatında və Qafqazda neft sənayesi” adlı fundamental hesabat-kitabını nəşr etdirir və bununla da ABŞ-da öyrəndiklərini ümumiləşdirir.

Alimin Qafqaza növbəti səfəri 1880-ci ildə baş tutur və Bakını, Qroznını, Vladiqafqazı, Tiflisi, Batum və Novorossiyskı əhatə edir. Əsas məqsəd Bakıda böyük neft ehtiyatları olduğu halda niyə 7 milyon puda yaxın neft hasil olunduğunu aydınlaşdırmaq idi; istehsalı nə ləngidir; niyə dənizə yaxın olan Bakı və Kuban neft mədənləri qənaətlə istismar olunmur.

1880-ci il sentyabrın 22-də “Qolos” qəzetində dərc etdirdiyi “Bakı nefti ilə nə etməli?” məqaləsində Mendeleyev neft emalı sənayesinin rasional şəkildə qaydaya salınması məsələsini qaldırır. Onun müstəqil fikri neft sənayeçiləri ilə münaqişəyə səbəb olur.

Burada maraqlı bir faktı nəzərə çatdıraq: “Nobel qardaşları” şirkətinin rəhbəri Lüdviq Nobel Mendeleyevin texniki tövsiyələrini praktikada ilk tətbiq edənlərdən olmuşdur. O, kerosinin saxlanması və daşınması üçün dəmir rezervuarlar və dəmiryol sisternləri, buxar gəmiləri və barjlar hazırlatmışdı. Alim qeyd edirdi ki: “…bütün bunlar onun adını mənim üçün fövqəladə surətdə cəlbedici edirdi. Lakin mən Rusiyanın daxilində neftdən kerosin və həmçinin sürtkü yağları emal edilməsi üçün zavod tikdirilməsi fikrimin orada, Bakıda, cənab Nobel tərəfindən qərəzlə qarşılanmasından sarsıldım”.

Mendeleyev dəyərsiz qalıqlardan kerosindən, demək olar, 4 dəfə baha olan yağ istehsal olunmasını təklif edirdi: “Neft qalıqlarından sürtkü və işıqlandırıcı yağlar hazırlamaq lazımdır, onları kobud yanacaq kimi yandırmaq olmaz…  Bizim çoxlu ağır qalıqları olan Bakı nefti üçün ağır neft yağlarından davamlı istifadə yolları axtarıb tapmaq lazımdır. Bu məsələnin həlli buxar qazanlarında bəsit üsullarla yandırılma deyil”.   

O dövrün iki görkəmli şəxsi – elementlərin dövri sisteminin yaradıcısı Mendeleyev ilə Qafqazın ən böyük sahibkarı Hacı Zeynalabdin Tağıyev arasındakı dostluğu xüsusi qeyd etmək lazımdır. Onları çox şey birləşdirirdi: iqtisadi maraqlarını hər şeydən üstün tutduqları vətənlərinə məhəbbət, ruh yüksəkliyi və fədakar əmək.

Görkəmli kimyaçı haqqında məqaləni Azərbaycan neftinin Mendeleyevin elmi həyatında oynadığı rolu aydın əks etdirən qısa xronologiya ilə tamamlamaq istərdim:

17 avqust 1863-cü il

V.A.Kokorev Mendeleyevlə görüşündə ona Qafqaza səfər etməyi və özünün qır və neftdən işıqlandırıcı yağlar istehsal edən zavoduna baxmağı təklif edir.

6 sentyabr 1863-cü il

Mendeleyev Bakıya gəlir və Kokorevin Suraxanıdakı zavoduna baş çəkərək yağların keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər təklif edir.

14–19 sentyabr 1863-cü il

Neft emalı prosesinin yaxşılaşdırılmasına yönəldilən tədqiqatlar aparmış (taranın yaxşılaşdırılması üçün tədbirlər təklif etmiş), işıqlandırıcı yağların istehsalının artırılmasına xüsusi diqqət yetirmişdir.

11 fevral 1876-cı il         

Rusiya Texniki Cəmiyyətinin Bakı neft sənayesinin inkişafına mane olan problemlərin aradan qaldırılması üzrə komissiyasının iclasında çıxış etmiş, neft biznesinin aksizdən tamamilə azad olunması da daxil olmaqla bir sıra təkliflər vermişdir.

18 dekabr 1876-cı il      

Rusiya Texniki Cəmiyyətinin iclasında “Amerikanın neft sənayesi” haqqında məruzəsində Amerika və Bakı neft sənayesini müqayisə  etmişdir.

1877-ci il

Alimin “Şimali Amerikada, Pensilvaniya ştatında və Qafqazda neft sənayesi” adlı kitabı nəşr olunmuşdur.

13 may 1880-ci il

Qafqazda (Bakı, Qroznı, Vladiqafqaz, Tiflis, Batum və Novorossiysk) neft mənbələrini və neft işinin vəziyyətini  öyrənmək məqsədi ilə regiona ezam olunmuşdur.

2529 may 1880-ci il

Abşeron neft mədənlərində olmuş, Suraxanı və Balaxanı yataqlarını nəzərdən keçirmiş, H.Z.Tağıyevin Bibiheybətdəki neft mədənlərinə baş çəkmişdir. Oğlunun şərəfinə “Vladimir Mendeleyev” adlandırılan neft fəvvarəsinin açılışında onunla birlikdə iştirak etmişdir.

1 iyun 1880-ci il

Abşeron yataqlarını nəzərdən keçirdikdən sonra “Qolos” qəzetinə məktubunda Bakıda neft işinin vəziyyəti ilə bağlı təəssüratlarını bölüşmüşdür.

2 iyun 1880-ci il

Rusiya Texniki Cəmiyyətinin Bakı şöbəsinin iclasında “Bakıda kerosin istehsalının vasitələri” haqqında məruzənin müzakirəsi zamanı Bakı neftinin tədarükünü artırmaq üçün Mərkəzi Rusiyada yeni zavodların tikilməsini təklif etmişdir.

7 iyul 1880-ci il  

Kuban vilayətinin rəisi general N.N.Karmalinə amerikalıların Qafqaz (Qroznı və Bakı) neft regionunu inhisara almaq cəhdi barədə məktub yazmışdır.

7 yanvar 1882-ci il

Rusiya Fizika-Kimya Cəmiyyətinin kimya şöbəsinin iclasında Azərbaycan neftinin 6 müxtəlif  növündə yüngül məhsulların miqdarının eyniliyi barədə məlumat vermiş və Azərbaycan neftinin Amerika neftindən fərqini göstərmişdir.

2  dekabr  1882-ci il

Rusiya Fizika-Kimya Cəmiyyətinin kimya şöbəsinin iclasında Bakı neftindən pentan alınması haqqında məruzə etmişdir.

3 mart 1883-cü il

Rusiya Fizika-Kimya Cəmiyyətinin kimya şöbəsinin iclasında neftin emalının yeni üsulu və Azərbaycan neftinin tədqiqində ondan istifadə olunması barədə məlumat vermişdir.

1884-cü il

Bakı neft sənayeçilərinin 1-ci qurultayında (26 oktyabr – 8 noyabr, Bakı) fəal iştirak etmişdir.

Маy 1886-cı il

Bakıya ezamiyyətə gəlmiş, Abşeron neft mədənlərində olmuşdur. Rusiya Texniki Cəmiyyətinin Bakı şöbəsində “Neft işinin sonrakı inkişafının şərtləri” və “Bakı neft sənayesinin sonrakı inkişafına dəstək tədbirləri” adlı məruzələrlə çıxış etmişdir.

15 mart 1887-ci il        

Dövlət əmlakı naziri M.N.Ostrovskiyə “Neft və kerosin boru kəmərləri məsələsi” barədə hesabat xarakterli məruzə təqdim etmiş və Bakı–Batum boru kəmərinin əhəmiyyətini ətraflı şəkildə izah etmişdir.

16 fevral 1889-cu il       

“Novoye vremya”  qəzetində “Rotşild və neft kəməri” adlı məqalə çap olunmuşdur. Məqalədə Rusiyada neft işinin vəziyyəti işıqlandırılmış və Rusiya (Bakı) neft məhsullarının ticarətində Bakı–Batum boru kəmərinin əhəmiyyəti barədə Mendeleyevin rəyi verilmişdir.

27 avqust 1889-cu il

London Kimya-Texnika Cəmiyyətinin prezidenti L.Monda və Britaniya Elmin İnkişafına Yardım Assosiasiyasının şöbə müdiri V.Andersona “Bakı neftinin tükənməsi barədə şayiələrlə bağlı” məktub yazmışdır. Bakının neft ehtiyatlarının tükənməsi barədə şayiələri inkar edən məktub Rusiya və xarici mətbuatda dərc olunmuşdur.

3 yanvar 1893-cü il

Maliyyə naziri S.Y.Vittenin xahişi ilə “Rusiyanın fabrik-zavod sənayesi və ticarəti” kitabı üçün müfəssəl giriş sözü hazırlamışdır. Kitab Amerikanın kəşfinin 400 illiyi münasibətilə Çikaqoda keçirilən Ümumdünya Kolumb Sərgisinin ziyarətçiləri üçün nəzərdə tutulmuşdur. Alimin bu məqaləsində Rusiyada, xüsusilə də Azərbaycanda neft işinin inkişafının tam tarixi xülasəsi verilmişdir.

Yuxarıda təqdim olunmuş qısa xronologiya, fikrimizcə, Azərbaycan neftinin D.İ.Mendeleyevin elmi həyatında rolunu aydın şəkildə təsvir edir. Səciyyəvi haldır ki, alimin təxminən 500 nəşrindən 71-i Rusiya (Bakı) neft işinə həsr olunub.