"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

İlk neft bumunun tarixi, məlum olduğu kimi, 1872-ci ildə Sabunçu kəndi yaxınlığında neft fontanlarından başlamışdır. Bu hadisədən çox keçmədi ki, Sabunçu və yaxınlıqdakı digər iki kəndin sahibi ­­­– Teymur bəy Qara bəy oğlu Aşurbəyov Bakının ən nüfuzlu neft sənayeçilərindən birinə çevrildi. Teymur bəy Aşur xanın nəslindən idi.





Bakının neftxudaları – Aşurbəyovlar ailəsi

Bir müddət də keçdi. Sabunçu kəndi yaxınlığındakı neft quyuları sayəsində “Aşurbəyov və qardaşları” şirkəti Bakıda ən gəlirli müəssisələrdən birinə çevrildi. Sonralar Teymur bəyin oğullarının davam etdirdiyi ailə biznesinin uğur yolu belə başladı. Müvəffəqiyyətin rəhni onda idi ki, başqalarından fərqli olaraq Teymur bəy təzyiqlərə boyun əyməmiş, torpaqlarını icarəyə verməmiş və  sərbəst şəkildə öz müəssisəsini inkişaf etdirmişdi. Nəticədə o, nüfuzlu neft sənayeçisi, eyni zamanda Bakı neft sənayeçiləri kodeksinin təşəbbüskarı olmuşdur. Bu, şəhərin iri neft sahibkarları arasında biznesin aparılması qaydaları, münaqişələrin həlli və xeyriyyəçiliyin hamı üçün vacib sayılması barədə əldə olunmuş şifahi razılaşma nəticəsində yaranmışdı. Teymur bəyin oğulları Əli bəy və Bala bəy atalarının işini davam etdirərək Bakı nefti uğrunda güclənən rəqabətlə əlaqədar tez-tez meydana çıxan münaqişələrin ən nüfuzlu arbitrləri olmuşlar.  

Kiçik oğul Bala bəy Aşurbəyov 1904–1917-ci illərdə mesenat kimi ad çıxarmışdı,  azərbaycanlı tələbələrin bir çoxu Sankt-Peterburq və Moskvanın ali məktəblərində onun vəsaiti hesabına təhsil alırdı. O özü gimnaziyanı və Tiflisdə iqtisadiyyat kurslarını bitirmişdi. Gələcək həyat yoldaşı – xalça, daş-qaş və əntiq əşya tacirinin qızı İsmət xanım Sultanova ilə də elə burada tanış olmuşdular. Əvvəl Tiflisdə, sonra isə Bakıda bir neçə gün toy çaldırmışdılar. Teymur bəy 1904-cü ildə toy hədiyyəsi olaraq inqilabdan əvvəlki Bakının memarlıq incilərindən sayılan üçmərtəbəli mülkünü onlara bağışlamışdı. Bu bina ovaxtkı Şəhər Dumasının, indi isə Bakı meriyası binasının müəllifi olan İosif Qoslavskinin sonuncu işi idi. Aşurbəyovların mülkü Praçeçnaya küçəsində, indiki Qoqol–28 ünvanında yerləşirdi. Binanın divarları naxışlarla bəzədilmişdi. Üçüncü mərtəbədə mahir rəssam fırçasından çıxmış “Oazis” adlı əlvan panno vardı. Divar naxışları bu mülk və onun yaradıcıları,  ümumiyyətlə, XX əsrin əvvəllərində Bakıda memarlığın çiçəklənmə dövrü haqqında dolğun təsəvvür yaratsa da, təəssüf ki, bu günə kimi bərpa olunmamışdır. Qoqol küçəsindəki evin naxışları indi də öz parlaq rəng palitrası ilə göz oxşayır və o vaxtlar Aşurbəyovların evində hökm sürən bayram əhvali-ruhiyyəsindən xəbər verir.

Birinci mərtəbədə “Aşurbəyov qardaşları və Ko” neft şirkətinin ofisi, həmçinin gürcü knyaginyası Dadianinin mənzili yerləşirdi. İkinci mərtəbədəki 11 otaq və böyük zalda Bala bəy ailəsi ilə, üçüncü mərtəbədə isə valideynləri və böyük qardaşı Əli bəy yaşayırdı. Aşurbəyov qardaşları uğurlu biznesmenə çevrilmişdilər, onların yaratdığı “Əli bəy və Bala bəy Aşurbəyov qardaşları” şirkəti isə Bakının ən inkişaf etmiş neft şirkətlərindən biri idi. Şirkətin mədənləri Sabunçu və Zabrat  kəndləri yaxınlığında yerləşirdi. Uzun illər Aşurbəyov mədənlərinin müdiri işləmiş dağ mühəndisi Lann sonralar Estoniyanın mədənçıxarma sənayesi naziri olmuşdur.  

Bala bəy və İsmət xanım evlərində heyrətamiz dərəcədə işıqlı bayram atmosferi yaratmışdılar və onların beş qızının və oğulları Rişad bəyin xoşbəxt uşaqlığı bu atmosferdə keçmişdi. Gəncliyində gözəl mənzərə rəssamı olan böyük qızları Saranın bədii zövqü də elə bu bayram və yaradıcılıq əhvali-ruhiyyəsi altında təşəkkül tapmışdı.     Sara xanım sonralar tanınmış tarixçi, klassikaya çevrilmiş “Şirvanşahlar dövləti” kitabının və Bakının tarixinə dair bir sıra kitabların müəllifi olmuşdur.   

1899-cu ildən Teymur bəy və oğulları Persidski küçəsində Ağamalovun evində hər il təşkil edilən zərgərlik sərgisinin qonağı olurdular. Aşurbəyovlar əcnəbilərin Qafqaz silahlarına və zərgərlik məmulatlarına olan böyük marağını ilk sezənlərdən idilər. 1900-cü ildə keçirilən sərgi hətta Bakının zəngin neft maqnatlarını da heyrətə salmış, həris kolleksiyaçılara çevirmişdi. Həmin il Parisdə nümayişə çıxarılmağa iddia edən məmulatlar sərgilənmişdi. Ən yaxşıları Moskvaya, böyük knyaginya Yelizavetanın sədrlik etdiyi “kustar” komitəyə göndərilmişdi. Azərbaycan zərgərlərinin Parisdə qazandığı böyük uğur Bakının neft sənayeçiləri arasında “ləl-cavahirat bumu” yaratdı. Paris triumfu yeni düşkünlüyə, yeni dəbə – Qafqaz zərgərlərinin əl işlərinin alınmasına start verdi. Bakının mahir ustalarının düzəltdiyi məmulatlar daha yüksək qiymətləndirilirdi, sonra Gəncə, Nuxa (indiki Şəki) və Quba zərgərlərinin əl işləri gəlirdi. Tezliklə Bakı milyonçularının evlərində Qafqaz soyuq silahlarının və zərgərlik məmulatlarının möhtəşəm kolleksiyaları toplandı. Aşurbəyovlar öndə gedənlərdən idilər. Hələ 1900-cü ildə Teymur bəy zərgər və sənətkarlara sərgidə bəyəndiyi əl işlərini sifariş vermişdi.

Onun nəvələri – Sara xanımla bacıları uşaqlıqdan Bakının ən zəngin evlərindən birində, valideynlərinin səyi nəticəsində muzeyə çevrilmiş bir evdə böyümüşdülər. Ailə hər il yay aylarını Avropada keçirirdi. Sara xanımın ən parlaq uşaqlıq xatirələri 1913-cü ilə aiddir: “Atam bayram düzəltmişdi, müsəlmanlar üçün, demək olar, kafir bayramı sayılan Yeni il bayramı – yolka bayramı düzəltmişdi. O dövrün bütün məşhur milyonçularının – Tağıyevin, Əsədullayevin, Şibayevin, Səlimovun uşaqları bizə qonaq gəlmişdilər. Sonralar yazıçı olmuş və Avropada M.Əsədbəy adı ilə tanınan Lyova Nissenbaum da onların arasında idi”.

Aşurbəyovların evi təkcə memarlıq incisi deyil, həm də şəhərin mədəni həyatının bir parçası idi. Zadəganlar, yaradıcı elita Aşurbəyovların evinə dəvətli ziyafətlərə toplaşırdılar. Şərqin və Avropanın valehedici sənət əsərləri ilə süslənmiş zallar qonaqları heyran edirdi. Bala bəylə həyat yoldaşını xeyriyyəçilik, mesenatlıq və incəsənətə hamilik sahəsində elita üçün örnək göstərirdilər.

İsmət xanımın və Bala bəyin gözəlliyin və möhtəşəm əsərlərin duyulması üçün yaratdıqları xoş atmosfer şəhər zadəganlarını Praçeçnaya küçəsindəki evə çəkirdi;  məsələn, Aşurbəyovlar yerli sənətkarlara imperator Nikolaya hədiyyə edilmiş 8 funtluq gümüş qabın surətini sifariş vermişdilər. Qab fil sümüyü üzərində qızıl və müxtəlifrəngli minalarla işlənmişdi. Sənətkarlar işin öhdəsindən məharətlə gəlmişdilər. 1900-cü il sərgisində nümayiş olunmuş bu sənət əsəri Parisdə əməlli-başlı gurultu qoparmışdı. Şamilin dağ mühəndisi F.Vəzirovun kolleksiyasında olan qılıncı və gümüş çərçivəli, üstündə ad yazılmış tapançalar kimi və əlbəttə ki, Bakı zərgərlərinin əl işi olan, zümrüd, almaz və yaqutla süslənmiş nəfis diademalar (çutqabağı). 1900-cü ildə dəyəri 2500 rubl olan bu diademalardan bəzisinin qiyməti Parisdəki zəfərdən sonra 25–30 minə qalxmışdı. Əvvəllər yerli varlılar tərəfindən layiqincə dəyər verilməyən Bakı zərgərlik sənəti Parisdəki uğuru sayəsində həmin illər çiçəklənmə dövrünü yaşayırdı. Təəssüf ki, bu dövr çox qısa oldu.   

 Ataları təki qardaşlar da təkcə uğurlu biznesmen deyil, mesenat kimi də hörmət qazanmışdılar. Onlar Bakının ictimai həyatının, bütün əhəmiyyətli xeyriyyəçilik aksiyalarının fəal iştirakçıları idilər. 1908-ci ildə Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid tikilməsi üçün vəsait toplananda Bakı neft maqnatlarının bu savab işə töhfəsinin əhəmiyyətli hissəsi Aşurbəyov qardaşlarının payına düşmüşdü. 1910-cu ildə Bala bəy əlavə olaraq Peterburq məscidinin böyük namaz zalı üçün təmtəraqlı çilçıraq hədiyyə etmişdi. 

1920-ci ildən Azərbaycanda – SSRİ-nin müttəfiq respublikalarından birində – ilk növbədə neft emalı zavodlarının milliləşdirilməsinə başlanılır, tezliklə bütün neft sənayesi dövlətin mülkiyyətinə çevrilir. Əksər neftxudalar artıq çoxdan xaricdə idilər. Aşurbəyovlar doğma Bakıdan ayrılmaq istəmirlər, amma onları, demək olar, ölkədən sıxışdırıb çıxarırlar. Əli bəyi həbs edirlər, yalnız İsmət xanımın uzaq qohumu olan N.Nərimanovun sayəsində onu azadlığa buraxırlar. Tezliklə N.Nərimanov Bala bəyə ailəsi ilə birlikdə Türkiyəyə köçməyə kömək edir. Ailə beş il İstanbulda yaşayır, yeni iqtisadi siyasət dövründə sakitlik yaranan kimi yenidən Bakıya qayıdır. Qoqol küçəsindəki mülkdə artıq çoxdan yeni sakinlər məskunlaşmışdı və Aşurbəyovlar qohumlarının Şah döngəsindəki kiçik mənzilində yaşamağa məcbur olurlar. Onlar elə bilirdilər ki, unudulublar, amma 1935-ci ildə Bala bəyi həbs edirlər. O, neft sənayeçisi, köhnə Bakının neftxudası olmaqda ittiham edilir və  Qazaxıstan şəhərlərinin birində həbsxanaya salınır. Uzun illər sonra həbsxana həkiminin dediyinə görə, kameraya fitnəkar yerləşdirirlər və o, Stalini söyməyə başlayır. Hamı susur, Bala bəy isə özünü saxlaya bilməyib “Stalin diktatordur!” deyir. Bu sözlər kifayət edir ki, 1937-ci ildə onu güllələsinlər. Üç il sonra – 1940-cı ildə böyük qardaşı ürəktutmadan vəfat edir. Ailəni aclıqdan Sara xilas edir. O, bir neçə Avropa dili bilirdi və tərcüməçi kimi işə düzəlir. Saranın sayəsində ailə ayaq üstə durur, bacıları təhsil alırlar, qardaşı Rişad tibb institutunu bitirir. II Dünya müharibəsi zamanı o, hərbi-səhra hospitalında həkim işləyir və 1944-cü ildə Budapeştin alman faşistlərindən azad edilməsi zamanı həlak olur. Bacıları onun ölümünü uzun illər analarından gizlədirlər. İsmət xanım 1954-cü ildə, toyunun 50-ci ildönümü günündə vəfat edir.  

Onun böyük qızı Saranı elmdə parlaq gələcək gözləyirdi. Artıq məşhur tarixçi olan Sara xanım yaşlı vaxtlarında yazırdı: “Mən 120 məqalə və dörd kitabın müəllifiyəm. “Şirvanşahlar dövləti” kitabına görə üç mükafat almışam – “əməkdar elm xadimi” adı, SSRİ Dövlət mükafatı və “Şöhrət” ordeni. Mənim kitablarımda rəhbərlərə və marksizm-leninizm klassiklərinə istinadlar yoxdur. Mənim kitablarımı açın, orada Lenindən, Stalindən, Bağırovdan, Xruşşovdan, Brejnevdən, Qorbaçovdan sitatlar görməzsiniz. Onların tarixi mənim ürəyimi parçalayıb, məni doğmalarıma həsrət qoyub, bizim gözəl evimizi dağıdıb. Mənim devizim – hakimiyyətlə heç bir kompromisə getməməkdir. Atam Bala bəy də belə idi. O, tarixdə neft sənayeçisi kimi qalıb, onun öhdəsindən nə Nobel qardaşları gələ bilib, nə Bağırov, nə də Stalin”.