"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

1872-ci ildə Balaxanı, Sabunçu və Ramana kəndləri yaxınlığında güclü neft fontanlarının vurması ilə Bakı yeni sənaye inqilabının paytaxtı kimi şöhrət tapdı. Bir neçə il ərzində Abşeron əhalinin sıx yaşadığı rayona çevrildi. Balaxanı ətrafında yüzdən çox quyu qazıldı. İlk mərhələdə burada 40-a yaxın kiçik şirkət fəaliyyət göstərirdi. O vaxt neft sənayeçiləri qarşısında duran ən böyük problem neftin Balaxanıdan Bakıya nəql edilməsi idi. 1877-ci ildə 1 pud neftin qiyməti 3 qəpik idi, onun şəhərə çatdırılması isə 20 qəpiyə başa gəlirdi. Hələ 1863-cü ildə kimyaçı professor D.Mendeleyev Bakıya səfəri zamanı neft kəməri çəkməyi tövsiyə etmişdi, onda istehsalın həcmi az olduğu üçün təklif reallaşdırılmamışdı. 1877-ci ildə bu problem o qədər aktuallaşmışdı ki, Balaxanıdan Bakıya çəkilmiş neft kəmərinin sahibi faktiki olaraq Abşeronun neftli rayonunun inhisarçısına çevrilə bilərdi. Neft kəmərinin çəkilişi təşəbbüsü ilə Nobel qardaşları çıxış etdilər və öz vəsaitləri hesabına onun tikintisi üçün konsessiya aldılar.  




Birinci neft bumu: Balaxanı

“Bilirsiniz Peterburqdan belə bir icazənin alınması nə deməkdir? – deyə Lüdviq Nobel öz dostuna yazırdı. – Ləyaqətini qoruyub saxlamaq və yalnız qanun və hüquq çərçivəsində hərəkət etmək istəyən adam üçün belə bir icazə baha başa gəlir”. Rusiya imperiyasında ilk neft kəmərinin çəkilişini A.Barinin kontoru öz üzərinə götürür, o dövr üçün möhtəşəm sayılan layihəni az əvvəl Pensilvaniya neft mədənlərinə ezamiyyətdən qayıtmış 25 yaşlı mühəndis V.Şuxov həyata keçirəcəkdi. Ən əvvəl D.Mendeleyevin neft kəməri ideyasını reallaşdırırlar. Bu işin gedişində inşaatçılar uzun zaman Bakının zavodlarına araba və dəvə karvanı ilə neft daşımaqla pul qazanan xırda nəqliyyat şirkətləri tərəfindən tez-tez sərt müqavimətlə rastlaşırdılar. Amma bütün maneələr aşılırdı. Lüdviq Nobel neft daşıyanları pulla ələ alır və yüksək maaşla onları inşaatçı kimi işə götürürdü. Tikilməkdə olan neft kəmərinin mühafizəsini Balaxanı əhalisi təşkil etmişdi. 1878-ci ildə Rusiya imperiyasının  uzunluğu 12 km olan ilk neft kəməri işə düşdü. O vaxt kəmərin ötürmə qabiliyyəti sutkada 80 min pud idi. Balaxanı–Bakı neft kəməri Azərbaycan neft sənayesinin inkişafında lokomotiv rolunu oynadı. Yüzlərcə mühəndis, konstruktor, fəhlə neft kəmərinin çəkilişi sahəsində çox qiymətli təcrübə qazandı və bu təcrübə sayəsində tezliklə Bakı–Batum neft kəməri kimi nəhəng layihənin reallaşması mümkün oldu. Əvvəlcə Nobellərin neft kəmərindən digər firmalar da istifadə edirdilər, neftin nəqlinin qiyməti 1 pud üçün 5 qəpiyə enmişdi. Yavaş-yavaş ikinci neft kəmərinin birgə tikintisi üçün assosiasiyalar meydana çıxırdı.

M.Muxtarovun karyerası da 1880-ci ildə Balaxanıda başlamışdı. İxtiraçı qazma avadanlığını təkmilləşdirmiş, istehsalın artırılmasına və istismar müddətinin uzadılmasına nail olmuşdu. M.Muxtarov tezliklə boru kəmərlərinin çəkilişi üzrə birgə layihələrin təşəbbüskarı olur. Rəqiblər artıq əməkdaşlıq etməyi və iri sənaye layihələri yaratmağı öyrənmişdilər. İkinci Balaxanı–Bakı neft kəmərinin uzunluğu 12,9 km idi. Dərhal daha üç neft kəmərinin – Balaxanı–Suraxanı zavodu, Balaxanı–Qara şəhər, Suraxanı zavodu–Zığ zolağı kəmərlərinin tikintisinə başlanılır. V.Şuxov tərəfindən yaradılmış peşəkar konstruktor və inşaatçı kollektivinin səyləri nəticəsində artıq 1890-cı ildə neftin nəqli ümumi uzunluğu 278 km olan 25 neft kəməri ilə həyata keçirilirdi. Həmin kəmərlərlə zavodlara və anbarlara sutkada 24 min ton neft ötürülür, mədənlərə su verilirdi. Neftin çatdırılmasının qiyməti 10 dəfə azalmışdı. Birinci neft bumu faktiki olaraq Balaxanı–Bakı neft kəmərinin istismara verilməsi ilə başlamışdı. Balaxanı neft kəmərini çəkənlər XX əsrin əvvəllərində Rusiya imperiyasının ən iddialı layihəsini – 833 km-lik Bakı–Batum neft kəməri layihəsini həyata keçirmək üçün əvəzsiz təcrübə qazanmışdılar. Bu kəmərin çəkilişi 1906-cı ildə başladı və 10 il davam etdi. 1920-ci ildə məhz Balaxanı neft mədənlərinin bərpası ilə Azərbaycanda güclü neft sənayesinin qurulmasına başlanıldı.

N.K.Baybakovun 1999-cu il martın 7-də, xalqımızın ümummilli lideri Heydər Əliyevin ona “Şöhrət” ordeni təqdim etdiyi gün verdiyi müsahibədən: “İndi mən keçmiş trest rəisi kimi Balaxanı–Sabunçu–Ramana neft rayonunun dirçəlişi ilə məşğul olmaq istərdim. Bu yataqlar çox köhnədir, yüz ildən çoxdur istismar olunur. Amma biz onların geoloji ehtiyatlarının haradasa yarısını çıxarmışıq. “Quyruqda” olan qalıq nefti sıxışdırıb çıxarmaq üçün lazımi tədbirlər də bizə məlumdur”. N.K.Baybakov 1911-ci ildə Sabunçu kəndində anadan olmuş, məktəbi Balaxanıda bitirmiş və elə burada da əmək fəaliyyətinə başlamışdır.

Neft Daşları 

Dənizdə neft hasilatının pioneri – Neft Daşları, sadəcə, açıq dənizdə kilometrlərlə uzanan estakadalar demək deyil. Neft Daşları SSRİ miqyasında neft hasilatını kəskin artırmış və müharibədən sonrakı dövrdə dağılmış şəhərlərin bərpasını sürətləndirmiş əfsanədir. O, Qara Qarayevin “İgidlik nəğməsi”ndə, Rəşid Behbudovun yaratdığı neftçi obrazında, Tahir Salahovun monumental əsərlərində tərənnüm olunmuşdur. Neft Daşları dünyada ilk elmi-texniki laboratoriya, SSRİ-dən, Varşava müqaviləsi ölkələrindən, Vyetnamdan, hətta Meksikadan olan minlərcə mühəndisin dənizin dibindən neft çıxarmağı öyrəndiyi akademiyadır. Uzunluğu 180 kilometr olan bu süni ada artıq yarım əsrdən çoxdur Bakının simvolu, II Dünya müharibəsindən sonra SSRİ-nın bərpasında göstərdiyi xidmətlərin canlı abidəsidir.