"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Stavangeri haqlı olaraq Norveçin ən gözəl şəhəri adlandırırlar. Şəhər Şimal dənizinin sahilində, Bokna-fyord buxtasının girişində, yarımadada yerləşir. Bir tərəfdən dənizlə, digər tərəfdən fyordlarla əhatə olunan Stavanger Norveç paytaxtından təxminən 300 kilometr məsafədə yerləşir. Şəhərin əhalisi təxminən 120 min nəfərdir. Stavanger bu göstəriciyə görə ölkənin dördüncü şəhəridir. Müasir şəhərin yerləşdiyi ərazinin tarixindən məlumdur ki, 872-ci ildə Hafrsfyord döyüşü burada baş vermişdir. Bu, Norveç dövlətinin yaranması üçün həlledici hərbi toqquşmalardan olmuşdur.  Bu gün Stavangerdə həmin hadisəni əbədiləşdirən “Qayada qılınclar” abidəsi ucalır.






Dünyanın neft şəhərləri: Stavanger

Şəhər öz tarixi başlanğıcını 1125-ci ildən götürür. Əfsanəyə görə, həmin ildə Norveç kralı I Siqurd Maqnuson (Sigurd I Magnusson) burada kafedral kilsə tikmək qərarına gəlir. Kilsəni İngiltərədən gəlmiş fəhlələr tikir, layihəyə isə Vinçester yepiskopu Reynald  rəhbərlik edir.

Stavanger tez bir zamanda Norveçin əsas ticarət şəhərinə çevrilir. 1536-cı il kilsə islahatından sonra Stavangerin dini əhəmiyyəti nisbətən zəifləyir. 19-cu əsrdə iqtisadiyyata ikinci nəfəs gəlir – burada konserv istehsalı inkişaf etməyə başlayır.

Şəhərin yerləşdiyi ərazi təbiət landşaftları ilə zəngindir. Burada dağlar da var, meşələr də, körfəzlər də. Əvvəlcə Stavangerin inkişafına balıq ticarəti təkan verib, Şimal dənizində böyük neft yataqları aşkar edildikdən sonra isə şəhər neft hasilatçısına çevrilib.

Stavangerin inkişafının əhəmiyyətli sıçrayışı 1969-cu ildə, şəhər kənarında neft tapıldıqdan sonra başlamışdır. Cənubda yerləşən Gansfjord fyordundakı adada neft yataqları kəşf olunur, hasilata başlanılır.  Bundan sonra Stavangerə Norveçin neft paytaxtı adı verilir. Şəhərdə neft və qaz şirkətlərinin açılması ilə Stavangerin sürətli inkişafı başlayır.

Neft sənayesi indi Norveç iqtisadiyyatının mühərrikidir, Stavangerdə isə bu xüsusilə hiss olunur, çünki neft hasilatı ilə məşğul olan bir çox şirkətlərin, məsələn, Şimali Avropada ən böyük neft şirkəti və qaz təchizatçısı olan StatoilHydro dövlət şirkətinin baş ofisi burada yerləşir.

Hazırda Şimal dənizinin Norveç sektorunda fəaliyyət göstərən iri milli və beynəlxalq neft hasilatçı şirkətləri, neft-qaz sahəsi ilə bağlı servis müəssisələri, habelə Norveçin neft direktoratı Stavangerdədir.

Stavangerin məşhur muzeylərinə baş çəkmədən onun malik olduğu mədəniyyəti dərinliyinə qədər hiss etmək olmaz. Ən populyar muzeylərdən biri də 1999-cu ildə, neft hasilatına başlanılmasından 30 il sonra açılmış Norveç neft muzeyidir. Bu gün o, dünyadakı neft muzeylərinin ən yaxşısı sayılır. Muzeyin binası neft platforması şəklindədir. Burada siz neft və neft məhsulları, onların istehsalı və istifadə olunması, həmçinin şəhərin həyatında və inkişafında rolu  haqqında ətraflı məlumat ala bilərsiniz.

Ümumiyyətlə Norveçdə muzey yaratmağı bacarırlar. Əvvəlcə qədim əsrlərə aid tarixi faktlar təqdim olunur, dinozavrlar haqqında məlumat verilir, sonra isə neftin əmələ gəlməsinin tarixi dövrləri və mərhələləri nümayiş etdirilir. Məsələn, qazma qurğularının əsas növləri sərgilənir,  onların hansı süxurlar üçün nəzərdə tutulduğu barədə məlumat təqdim edilir. Stavanger neft muzeyində praktiki olaraq hər şey şelf hasilatına həsr olunmuşdur. Ümumiyyətlə, Norveçdə mancanaq qurğularına rast gəlməzsiniz, Stavangerdə də belə qurğular yoxdur, bütün yerli neft Şimal dənizi şelfində nəhəng platrformaların köməyilə çıxarılır.

Muzeydə platformalar, onların inkişafı və bugünkü vəziyyəti barədə məlumat verilir. Burada neft-qaz hasilatı işinin təkamül prosesini əks etdirən sadə maketlər çoxdur. Məlum olur ki, əvvəlcə platformalar dənizin dibində yerləşdirilirmiş, sonra isə üzən platformalardan istifadə olunmuşdur. İndi isə çalışırlar ki, ümumiyyətlə pltaforma tikməsinlər və sualtı hasilata keçsinlər. Dənizin dibində neftçıxaran qurğuların quraşdırılması, boru xətlərinin çəkilməsi robotlar tərəfindən aparılır, bütün bu proseslər isə sahildən idarə olunur. Norveç şimala doğru hərəkət edərək, okeanın dərinliklərinə çatmağa çalışır, buna görə də hasilatın köhnə metodları artıq münasib sayılmır.

Norveçdə ilk neftin çıxarıldığı “Ekofiks” yatağına diqqət böyükdür. İndi burada 10 platforma stendindən ibarət bir maket-şəhərcik salınmışdır. Hər stendin yanında platformaların tam təsviri, onların tikintisində istifadə olunmuş texnologiyalar haqqında məlumat verilir, foto və videomateriallar təqdim olunur.

Zaldan zala keçdikcə, sanki bölmələri, dar dəhlizləri olan əsil neft buruğunda səyahət edir, Şimal dənizinin mənzərəsinə tamaşa edirsən.  

Muzeydə ziyarətçilərə buruq ustasının kostyumunu geyinməyə, virtual quyu qazılmasını idarə etməyə, xilasedici pilləkənlə aşağı enməyə, qabaqcıl neft platformalarının maketlərinə, müxtəlif neft növləri doldurulmuş sınaq şüşələrinə baxmağa, neft platformasında adi iş gününü əks etdirən səs yazılarını dinləməyə, əsil xilasedici kapsulda oturmağa imkan yaradılır. Bütün bunların maket şəklində təqdim olunduğu zal ziyarətçilərdə güclü təəssürat doğurur.

Şimal dənizində neft hasilatı, platformaların quraşdırılması və istifadəyə verilməsi, ümumiyyətlə, 50 il ərzində bu sahədə baş vermiş inkişaf muzeydə öz tam əksini tapmışdır.

Mədəni irsinin zənginliyi və neft sənayesinin inkişafına görə, Stavanger 2008-ci ildə Avropanın mədəniyyət mərkəzi seçilmişdir.