"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Müasir insanın həyatını avtomobilsiz təsəvvür etmək çətindir. O, etibarlı dost və köməkçidir, bizi işə, məktəbə aparır, təbiətin qoynuna çıxarır, yeni aldığımız televizor və ya kompüteri evə çatdırmaqda bizə yardım edir. Sadiq dəmir dostumuz günün 24 saatında bizi Azərbaycanın istənilən guşəsinə aparmağa hazırdır. Onu yalnız yedizdirmək, yəni bakına benzin tökmək lazımdır. 




BENZİN HAQQINDA HEKAYƏ

Bir az tarixdən

Hələ yüz il əvvəl avtomobil nadir hadisə idi. İnsanlar at, ulaq, dəvə minir,  səyahətə araba ilə çıxır, uzaq məsafələrə isə parovozun dartdığı qatarla gedirdilər.

 Daha əvvəllər – XIX əsrin sonlarında isə benzin həşəratlarla mübarizə vasitəsi kimi ancaq apteklərdə satılırdı. Çox vaxt neftdən yalnız kerosini ayırır, qalanını isə, benzin də daxil olmaqla, yandırır, ya da sadəcə, tullayırdılar. 1886-cı ilə kimi bu belə davam etdi. 1886-cı ildə alman mühəndislər Q.Daymler və K.Bents bir-birindən xəbərsiz daxiliyanma mühərriki ilə işləyən arabalar ixtira etdilər və patentləşdirdilər. Həmin arabalar dünyada ilk avtomobillər hesab olunur. Yeri gəlmişkən, tanınmış avtomobil markası olan “Mersedes”i bu günə kimi həmin ixtiraçıların adını daşıyan  “Daymler-Bents” zavodu istehsal edir.

Bu gün Yer kürəsində yüz milyonlarca maşın şütüyür, onların heç biri benzinsiz yerindən tərpənə bilməz.  

Bəs bu sehrli yanacaq – benzin nədir? Benzin – xoşətirli maddədir. Vətəni ərəb ölkələri sayılan benzinin adının mənası da bu cür tərcümə olunur. Rəsmi olaraq benzini ilk dəfə böyük ingilis fiziki Maykl Faradey almışdır. O, 1825-ci ildə neftdən tezalışan maddə ayırmışdır. Alim bu maddəni Yaxın Şərqdə hasil olunmuş neftdən sintez etdiyi üçün onun adını da ərəb sözü ilə ifadə etmişdir.   

Benzinin sənaye üsulu ilə alınması ilk vaxtlar çox primitiv idi. Zavod qazan, soba, borular və iki çəlləkdən ibarət olurdu. Qazan sobanın üstünə qoyulur, ona birləşdirilmiş boru isə su ilə dolu çəlləkdən keçərək boş çəlləyə çıxırdı. Su çəlləyi soyuducu rolunu oynayır, ayrılan yanacaq boş çəlləyə axırdı. Bu yolla alınmış benzindən evlərin qızdırılması və işıqlandırılması üçün istifadə edirdilər. 

XIX əsrin sonlarında isə benzindən məhz yanacaq kimi istifadə olunmağa başlanıldı. Bayaq qeyd etdik ki, daxiliyanma mühərriki də o zamanlar kəşf olunmuşdu. Maşınların populyarlığı sürətlə artdığı üçün onların istehsalı da getdikcə daha geniş vüsət alırdı. Nəticədə benzin istehsalı da artmağa başladı. Neftin sadə emalı zamanı alınan yanacaq sürətlə artan tələbatı ödəmirdi. Neft emalı sənayesi qarşısında benzin istehsalı üçün əlavə mənbələrin tapılması kimi ciddi vəzifə dururdu.

1891-ci ildə rus mühəndisi Şuxov krekinq üsulunu (ingilis dilində “cracking” “parçalanma” deməkdir) kəşf etdi. Bu, neft karbohidrogenlərinin daha yüngül maddələrə parçalanması prosesidir. Bu zaman alınan yanacağın keyfiyyəti oktan ədədi ilə ifadə olunur: oktan ədədi yüksək olduqca benzinin də keyfiyyəti artır. Yəqin ki, yanacaqdoldurma stansiyalarında belə hərf və rəqəm birləşmələrinə rast gəlmisiniz: Aİ92, Aİ95, Aİ98 – bunlar benzinin oktan ədədləridir.  

Neft benzinə necə çevrilir?

Emal prosesində neft əvvəlcə sudan, qazdan, bərk qarışıqlardan və s. təmizlənir. Bu mərhələ ilkin separasiya adlanır və birbaşa neft hasil olunan mədənlərdə aparılır. Sonra neft, emal zavoduna gətirilir və burada o, əsaslı şəkildə təmizlənir – duzlar, su qalığı və həll olmuş yüngül qazlar (metan və etan) neftin tərkibindən çıxarılır. Sonra rektifikasiya kolonlarında emal prosesi başlanır. Burada xüsusi kolonda qızdırılan neft parçalanır: əvvəlcə ən yüngül benzin qarışıqları, sonra daha ağır kerosin, daha sonra dizel, mazut və s. ayrılır. Bu maddələr haqqında jurnalımızın növbəti buraxılışlarında danışacağıq. Alınmış benzin buxarları kondensasiya olunur və bizim benzin adlandırdığımız mayeyə çevrilir.

İndi isə maşınımızın bakını benzinlə dolduraq. Yolçu yolda gərək!