"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Sikkə – metaldan (qızıl, gümüş, mis və ya mis xəlitələri, nikel, alüminium və s.) hazırlanmış pul nişanıdır, dövriyyə və ödəniş vasitəsidir. Bonlar – ödəniş vasitəsi kimi qüvvədən düşmüş, kolleksiya əşyasına çevrilmiş kağız pullardır.





Üzərində neft və qazla bağlı işarələr olan sikkələr və bonlar haqqında

Kolleksiyalar müxtəlif olur: kimi saat, samovar, ütü yığır, kimi də kərpic.Hətta tramvay və bir çox başqa əşya kolleksiyaları da var.

Kiçik formalı əşyalar, məsələn, poçt markaları, açıqca, kibrit etiketləri, kağız pul (bon), sikkə kolleksiyaları daha asan toplanır və informativ xarakter  daşıyır. Tərtibatında neft buruqları, üzən və stasionar dəniz platformaları və estakadaları, neft-qaz emalı zavodlarının panoramı, neft fontanları, qaz məşəlləri və fənərləri, neft anbarları, neft-qaz tankerləri və bu kimi digər obyektlərin təsvirindən istifadə olunmuş bu kiçik formaların tarixi neft-qaz işinin yaranması, təşəkkülü, dövlət və cəmiyyətin öz milli sərvətinə münasibəti haqqında informasiya daşıyır. Müxtəlif dövlətlərin pullarında neft və qaz mövzusu XIX əsrin sonu – XX əsrin əvvəllərində meydana çıxmışdır. Ötən 130–140 il ərzində 30-a yaxın dövlət, üzərində neft və qazla bağlı nişanlar həkk olunmuş adi, gündəlik həyatda işlətmək üçün, habelə xatirə əhəmiyyəti daşıyan sikkələr və kağız pullar buraxmışdır, onlardan bəzisi hələ də dövriyyədədir. Hazırda neçə dövlətdə və hansı dövlətlərdə bu cür pulların işlənilməsini dəqiq demək çətindir, çünki onların sayı nişanlardan, dövlət iqtisadiyyatının prioritetlərindən, hansısa bir hadisəni qeyd etmək istəyindən və digər səbəblərdən dəyişir. Sonuncu nümunə kimi 2008-ci ildə döyülmüş 25 avro nominallı Avstriya sikkəsini göstərmək olar . Pulun üz tərəfində (avers) XIX əsrə məxsus qaz fənəri, əks tərəfində (revers) isə qaz və kerosin fənərləri üçün seriumdan közərmə qalpağı hazırlamış avstriyalı ixtiraçı Karl Auer fon Velsbaxın (1858–1929) şəkli döyülmüşdür. Sikkənin özəyi niobiumdan hazırlanmışdır. Mərkəzi hissəsi gümüş çənbərlə haşiyələnmişdir. Niobium xüsusi oksidləşdirici proses vasitəsilə sayrışan yaşıl rəngə boyanmışdır. Bu, işıq fenomeninin rəmzidir.

Kolleksiya sikkələrinin numizmatik, tarixi və zərgərlik qiyməti onların nominalından əhəmiyyətli dərəcədə yüksəkdir, çünki onları hansısa bir nailiyyətin əbədiləşdirilməsi məqsədilə az tirajla buraxır, nadir və ya qiymətli metallardan (platin, qızıl və s.) hazırlayırlar. Relyef qəliblərdə hazırlanmış bu pulların üzərində neft-qaz mədənləri, emal zavodları, məşəllər zərgər incəliyi ilə təsvir olunmuşdur. Adi, gündəlik həyatda işlənilən sikkələrin isə böyük sosial-siyasi dəyəri var, onların üzərindəki təsvirlər ölkənin iqtisadi prioritetlərini əks etdirir. Deyirik ki, neft xalqın sərvətidir, “iqtisadiyyatın bel sütunudur”, “qara qızıldır”, ona görə də hər bir vətəndaş  bu sərvətin təsvirini  görməli və əlində tutmalıdır.  

Kağız pulların ömrü metal pullardan az olsa da, onlar daha çox informasiya daşıyır, çünki daha böyük sahəyə malikdir. Bir neçə ölkənin tədavülündə neft-qaz mövzusunda kağız pul nişanları vardır və bu yaxınlaradək Azərbaycan özünün 2001-ci il buraxılışı olan 1000 manatlıq əsginası ilə həmin ölkələrin sırasında idi. 

 1917–22-ci illərdə Şimali Qafqazın neft çıxarılan rayonlarında, Azərbaycanda və Orta Asiyanın bir hissəsində meydana çıxan və “neft rublları” adlandırılan yerli əsginaslar – əvəzedicilər, pul surroqatları xüsusi maraq doğurur. 1918-ci ildə Azərbaycanda 50 rubl nominallı banknot buraxılmışdır. Banknotun üzərində Bakı şəhərinin üçdilli alov həkk olunmuş gerbi, onun kölgəsində isə neft mədənləri, mədən maşınlarının ayrı-ayrı hissələri, gəmi lövbəri və meyvə dolu bolluq buynuzu təsvir edilmişdır. Üzərində neft və qazla bağlı nişanlar olan buna bənzər digər əsginaslar çoxrənglidir, onlardan bəzisi poliqrafiya sənəti nümunəsi hesab oluna bilər. “Qrozneft”də buraxılmış bonlar haqqında isə eyni sözləri demək mümkün deyil.   Bu hesab orderləri qəzet kağızında hər hansı bir təsvirsiz çap olunmuşdu, üzərində dövlət rəmzlərindən yalnız Qroznı neft idarəsinin möhürü yer alırdı, başqa sözlə, mahiyyət etibarilə bunlar “manufaktura və ərzaq” talonları idi. İ.Q.Fuks və V.A.Matişevin “Neft və qaz aludəçilik dünyasında” əsərində (1998) deyilir: “1918–22-ci illərdə Rusiyada, xüsusilə Qafqazda, mal almaq üçün yerli buraxılış olan 50 bondan istifadə edilirdi. 1920-ci illərin əvvəllərində Meksikada ilk dəfə neft rezervuarları və buruqlarının şəkli olan kağız pullar buraxılmağa başladı. 

2010-cu ildə Polşanın Xalq Bankı “Polşa şəhərləri” silsiləsindən 2 zlotı dəyərində sikkə buraxdı. Malopolsk voyevodluğuna daxil olan Qorlitse şəhəri Polşa neft sənayesinin mərkəzi sayılır. Polşada və Avropada ilk küçə neft lampası burada yandırılıb. Pulun üzərində şəhərin panoramı fonunda məhz bu lampa və neft şaxtası təsvir olunub

Maraqlıdır ki, müxtəlif ölkələrdən olmalarına baxmayaraq, rəssamların təxəyyülü bir-birinə yaxındır; məsələn, Azərbaycanın 50 qəpikliyinin, BƏƏ-nin 50 filsinin ,Braziliyanın 20 sentavosunun, Kuk adalarının 50 sentinin üz tərəfində (avers) neft buruqları, Rumıniyanın 3 leyinin, Mozambikin 100 meticais, Kolumbiyanın 5 pesosunun üzərində isə neft və qaz emalı zavodları təsvir olunub. Sikkələr bəzən onları buraxan dövlətlərdən daha çox “yaşayır”; məsələn, Almaniya Demokratik Respublikasının 30 illiyi münasibətilə döyülmüş yubiley sikkəsində neft emalı zavodunun təsviri və zavodun işçilərinin profilləri həkk olunmuşdur.  
 Konfutsi (e.ə. 551–479) “dünyanı nişanlar və rəmzlər idarə edir” deməkdə haqlı idi. Sözsüz ki, sikkələr həm nişan, həm də rəmzdir. Ölkənin dövlət rəmzlərinin geniş təbliğata ehtiyacı var. Sadəcə, anlamaq lazımdır ki, bu işarələr kimlərə ünvanlanıb. Hər gün on milyonlarca adamın pulların üzərində ölkənin rifahını tərənnüm edən işarələrlə qarşılaşmasından yaxşı nə ola bilər?

Fikrimizcə, neft-qaz simvolikasını Azərbaycan Milli Bankının heç olmasa bir banknotunun, eləcə də poçt markalarının, zərflərin, açıqcaların, ümumiyyətlə, kolleksiya predmeti olan bütün əşyaların üzərinə qaytarmaq lazımdır.

Əlbəttə, kiçikhəcmli bir yazıda neft-qaz rəmzlərini əks etdirən bütün ölkələrin pullarını göstərmək çətindir, buna ehtiyac da yoxdur. Əsas onu bilmək lazımdır ki, neftin milli sərvət olduğu ölkələrin əksəriyyətində bu simvollar pulların üzərinə köçürülür və bu, əlahiddə iftixar mənbəyidir.