"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

2013-cü ildə Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dövlət Geologiya, Neft və Qaz Muzeyinin yaradılmasının 20 ili tamam olur.





Xantı-Mansiysk şəhərindəki Geologiya, neft və qaz muzeyinin 20-ci ildönümü

Yeni muzey üçün xüsusi bina tikilməsi barədə qərar muxtar mahalın Duması tərəfindən 1995-ci ildə qəbul edildi. Tikintinin maliyyələşdirilməsi məqsədilə mahal qubernatorunun sədrliyi ilə büdcədənkənar fond yaradıldı. Həmçinin geoloji-kəşfiyyat və hasilat müəssisələrinin, təbii ehtiyatlardan istifadə ilə bağlı olan idarələrin rəhbərlərinin, elmi təşkilatların nümayəndələrinin daxil olduğu Qəyyumlar Şurası yaradıldı.

Vəsaitin toplanmasına bir neçə il vaxt sərf olundu. 2000-ci il fevralın 19-da, Xantı-Mansiyskdə Yuqra ərazisində neftin 7 milyardıncı tonunun hasilatına həsr olunmuş təntənələr zamanı regionda ilk Dövlət Geologiya, Neft və Qaz Muzeyinin özülünə gələcək nəsillərə müraciət yazılmış xatirə kapsulu atıldı. 2003-cü ilin martında muzey qapılarını ziyarətçilərin üzünə açaraq müvəqqəti sərgilərini təqdim etdi. Muzeyin açılışı isə Xantı-Mansiyskdə əlamətdar idman hadisəsi – biatlon üzrə dünya çempionatı ilə eyni vaxta salındı. 

 “Structural Engineering International” (SEI) jurnalının (Sürix, İsveçrə, 2003-cü il) yazdığına görə, muzeyin binası 2000–2003-cü illərdə dünyada çətin ərazi şəraitində tikilmiş orijinal memarlıq əsərləri onluğuna daxil edilmişdir. Formasına görə bina nəhəng kvars druzasını xatırladır, bu isə karbohidrogen ehtiyatlarının üstünlüyü barədə ümumi qəbul olunmuş rəyin əksinə olaraq regionun yeraltı sərvətlərinin müxtəlifliyini və zənginliyini tərənnüm edən rəmzi məna daşıyır. Muzeyin ilk layihəsinin müəllifi Vladimir İliç Şpilmandır. Binanın son versiyası isə Vladimir Vasilyeviç Kolosnitsının rəhbərlik etdiyi Moskva memarlarına məxsusdur. Layihə  “Milzor Co. Ltd. KBBM” qrupu tərəfindən  2000–2003-cü illərdə reallaşdırılıb.

Dövlət Geologiya, Neft və Qaz Muzeyinin fondu 2003-cü ildən formalaşmağa başlamışdır. İlk əşyanın muzeyə daxil olduğu vaxtdan keçən 10 il ərzində fondda 33 mindən çox eksponat toplanmşdır.

Muzey fondu mənbələrin xarakterinə görə iki hissəyə ayrılır: ümumi fondda olan muzey əşyalarının 22,9%-ni təşkil edən təbiət elmləri hissəsi və tarixi-mədəni hissə (77,1%). Təbiət elmləri fonduna geologiya və paleontologiyaya aid eksponatlar daxildir. Muzeyin ümumi fondunun 12,5%-ni təşkil edən geologiya fondunun əsasını dünyanın müxtəlif guşələrində, o cümlədən Uralın qütbə yaxın ərazilərində çıxarılmış mineralları özündə birləşdirən kolleksiya təşkil edir. Bu kolleksiyanın ən qiymətli hissəsi isə 300-dən çox nümunəsi olan kvars və kalsit, həmçinin əqiq və berill minerallarıdır. Uralın qütbə yaxın Dodo və Puyva yataqlarından çıxarılmış kvars kolleksiyası daha çox maraq doğurur. Burada ən böyük mineralın çəkisi 300 kiloqrama çatır. Muzeydə 1953-cü ildə Sibir qazının kəşf olunduğu P-1 Beryozovo dayaq quyusundan çıxarılmış nadir kern kolleksiyası da yer alır. Paleontologiya fondunun əsas tematik hissəsi (ümumi fondun 10,4%-i) keçmiş Sovet İttifaqının ərazisindən toplanmış fanerozoy dövrünə məxsus onurğasız heyvanlar və bitki kolleksiyaları, foraminifer və mikrofitofossiliya kolleksiyalarından ibarətdir.

Tarixi-mədəniyyət fondu təqdim olunan eksponatların sayına görə muzeyin əsasını təşkil edir. Bunlar əyalətdəki neft-qaz ehtiyatlarına malik zəngin yataqları kəşf etmiş insanlar və hadisələr haqqında məlumat verən yazılı, təsviri, maddi abidələrdir.

Geologiya, Neft və Qaz Muzeyi Rusiya Federasiyasında dövlət statusuna malik yeganə “neft muzeyi”dir. Muzeyin unikallığı onun profili və idarəçilik mənsubiyyəti (mədəniyyət sahəsi) ilə müəyyənləşir. Elmi tədqiqatların, komplektləşdirmə və qoruma fəaliyyətlərinin prioriteti muzey əşyaları ilə, Qərbi Sibir neft-qaz əyalətinin geoloji xüsusiyyətlərini, onun kəşfini, sosial, texnoloji, iqtisadi reallıqlarını, burada iri neft-qaz kompleksinin yaradılması və inkişaf etdirilməsi tarixini sənədli şəkildə əks etdirən qiymətli mədəniyyət abidələri ilə işdən ibarətdir.  

Uzun illər ərzində Geologiya, Neft və Qaz Muzeyi “Neft erasının adamları” adlı kompleks elmi-tədqiqat layihəsini həyata keçirir. Bu layihə Qərbi Sibirin şimal hissəsinin iqtisadi cəhətdən mənimsənilməsi tarixinə dair fakt və hadisələrin araşdırılması ilə bağlıdır. Onun nəticələri “Qərbi Sibir: axtarışın tarixi”, “Yuqranın adlı yataqları” toplularında, “Unudulmuş adlar” silsiləsindən olan sənədli filmlərdə öz əksini tapmışdır.

Muxtar mahalın görkəmli şəxsiyyətlərinin xidmətlərinin tanıdılması və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 2004-cü ildə “Yuqranın ulduzları” memorialı açılmışdır. Bu günə kimi Geologiya, Neft və Qaz Muzeyi binasının fasadına üzərində ulduzlar və görkəmli şəxslərin adı həkk olunmuş 31 xatirə nişanı vurulmuşdur.

2012-ci ildə burada federal muzeylərlə birgə sərgi layihələri reallaşdırılmışdır. Rusiyanın 1812-ci il Vətən müharibəsində qələbəsinin 200 illiyinə həsr olunmuş sərgidə Rusiyanın mərkəzi muzeyləri – A.S.Puşkin adına Ümumrusiya Muzeyi (Sankt-Peterburq), Dövlət Din Tarixi Muzeyi (Sankt-Peterburq), Mərkəzi Hərbi-Dəniz Muzeyi (Sankt-Peterburq), şəxsi kolleksiya sahibləri iştirak etmişlər. “Sadə əşyaların heyrətamiz tarixi” adlı sərgidə Politexnik Muzeyin (Moskva) 30-dan çox nadir eksponatı və Sergey İvanovun “1000 illik nur” kitabından materiallar nümayiş olunmuşdur.

Rusiyada “Soçi–2014” Mədəni Olimpiada Muzeyləri ilində Geologiya, Neft və Qaz Muzeyi “Prometeyin odu” rəmzi adını alan sərgi təqdim edir. Kerosin lampasının ixtirasına (1853) həsr olunmuş sərgi XIX–XX əsrlər alman və rus firmalarının istehsalı olan kerosin lampalarının unikal kolleksiyasını nümayiş etdirir. Sərgidə Bakı neftindən kerosinin alınmasına və ölkədə neft sahibkarlığının tarixinə xüsusi yer ayrılmışdır. Ekspozisiyada mühüm əşyalar – neft şirkətlərinin səhmləri, Rusiyanın pul nişanları, sərgilərin təsviri, 1896-cı il Ümumrusiya sərgisinin medalı, neft məhsullarının reklamı, iri neft sahibkarlarının portretləri təqdim olunur.

2013-cü ildə Qərbi Sibirdə neft-qaz yataqlarının kəşfi prosesinin başlanmasının  60-cı ildönümü qeyd olunur. 60 il əvvəl – 1953-cü il sentyabrın 21-də Xantı-Mansiysk muxtar mahalının Beryozovo kəndindəki P-1 quyusunda ilk qaz-su fontanı dünyaya yeni hasilat rayonunun kəşfini xəbər verdi. Bu əlamətdar hadisənin şərəfinə Geologiya, Neft və Qaz Muzeyi 2013-cü ildə bir sıra tədbirlər planlaşdırır. 

Geoloq günü ərəfəsində “Beryozovoda ilk qaz” mövzusunda görüş keçiriləcəkdir. Geologiya, Neft və Qaz Muzeyində fəxri qonaqlar – veteran geoloqlar, mahalın geoloji-kəşfiyyat idarələrinin rəhbərləri və əməkdaşları toplaşacaqlar. İllər ötdükcə əfsanəyə çevrilmiş bu hadisələrin iştirakçısı olmuş insanların canlı xatirələri Beryozovo möcüzəsinin tapmaca və sirlərini açan bəzi faktların dəqiqləşdirilməsinə kömək edəcək.

2013-cü ilin sentyabrında Xantı-Mansiysk şəhərinin sakinləri və qonaqları “Beryozovo qazı. Hesab nöqtəsi” adlı sərgi layihəsi ilə də tanış ola biləcəklər. Beryozovodakı P-1 dayaq quyusundan çıxarılmış kern süxurlarının unikal kolleksiyası (1344 m dərinlikdən çıxarılmış kern materialı nümunələri), topogeodeziya və geofizika avadanlıqlarının nümunələri, kartoqrafik materiallar, fotoşəkillərin əslləri, həmçinin Beryozovo yatağının əfsanəvi kəşfiyyatçılarına məxsus xatirə əşyaları ziyarətçilərin diqqətinə təqdim olunacaqdır. Ekspozisiyanın təqdimatı Neft və Qaz Sənayesi İşçiləri gününə həsr olunmuş tədbirlər çərçivəsində Geologiya, Neft və Qaz Muzeyində keçiriləcəkdir. Xantı-Mansiysk muxtar mahalının sakinləri də muzey fondundan götürülmüş eksponatlarla tanış olmaq imkanı əldə edəcəklər.   

Bu il muzey həmçinin  ölkə geologiya elminin görkəmli nümayəndələrinin, muxtar mahal ərazisində fəaliyyət göstərən geoloji-kəşfiyyat və neft istehsalı müəssisələrinin yubileyinə həsr olunmuş bir sıra sərgi layihələrini təqdim etməyi planlaşdırır.

Muxtar mahalın bələdiyyə muzeylərində “Neft erasının adamları” elmi-tədqiqat layihəsinin nəticələri nümayiş etdiriləcəkdir.

Rusiyada ətraf mühitin mühafizəsi ili çərçivəsində muzey əməkdaşlarının elmi-tədqiqat işləri əsasında bir sıra ekoloji-maarifləndirici tədbirlər kompleksi işlənib hazırlanacaq və reallaşdırılacaqdır. “Xüsusi uşaqların”, ixtisaslaşdırılmış sosial korreksiya müəssisələrində tərbiyə alan uşaqların sosial adaptasiyası və yaradıcı reabilitasiyası üzrə iş davam etdiriləcəkdir.

Geologiya, Neft və Qaz Muzeyi müxtəlif məqsədli auditoriyalarla – məktəbəqədər uşaqlardan veteranlaradək – qarşılıqlı münasibətlər qurub.

Muzeyin əməkdaşları fəal surətdə ziyarətçi auditoriyasının genişləndirilməsinə, uşaq və  gənclərin ölkənin təbii sərvətlərinə, mahalın ənənələrinə və tarixinə  marağının artırılmasına yönəldilən müxtəlif forma və metodlardan istifadə edirlər.

Hər il Geologiya, Neft və Qaz Muzeyinə 35–36 min ziyarətçi gəlir. Onların əksəriyyəti 18 yaşınadək uşaqlar, tələbələr və yaşlı vətəndaşlardır. Muzey hər il 3 mindən çox məşğələ və ekskursiya, 30-a yaxın mühazirə təşkil edir.

Geologiya, Neft və Qaz Muzeyinin əsas fəaliyyət prinsipi dəyişməzdir – bütün kateqoriyalardan olan ziyarətçilər üçün maksimum açıq olmaq.

Muzey əlil uşaqların, adaptasiya oluna bilməyən müxtəlif qrupların sosial və mədəni reabilitasiyasına yönəldilən layihə və proqramlar həyata keçirir, mahalın bir çox mühüm tədbirlərində fəal iştirak edir. Turizm və sosial maarifləndirmə əhəmiyyəti daşıyan bir obyekt kimi Geologiya, Neft və Qaz Muzeyi görüşlər, ictimai və elmi diskussiyalar, əhalinin şəxsi təhsili üçün açıq meydana çevrilmişdir.  

Muzeydə ənənəvi olaraq Geoloq günü, Beynəlxalq Muzeylər günü, Qələbə günü, Neft və Qaz Sənayesi İşçiləri günü, Xantı-Mansiysk muxtar mahalının – Yuqranın yaradılması günü kimi əlamətdar tarixlərə həsr olunmuş bayramlar keçirilir. Geologiya, Neft və Qaz Muzeyinin yaradılmasına həsr olunan bayram tədbirlərinə isə xüsusi diqqət veriləcəkdir.