"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

İstedadlı Azərbaycan rəssamı Sabir Çopuroğlu öz əsərlərini neftlə yaradır və bu zaman yalnız barmaqları və dırnaqları ilə işləyir. 





Sabir Çopuroğlu

İstedadlı Azərbaycan rəssamı Sabir Çopuroğlu öz əsərlərini neftlə yaradır və bu zaman yalnız barmaqları və dırnaqları ilə işləyir.

O, kəşfini Azərbaycanda qanuni şəkildə patentləşdirib.

Gürcüstanın və Azərbaycanın rəssamlar ittifaqlarının üzvü olan Sabir Çopuroğlu Gürcüstanın Borçalı rayonunun Anqeravan kəndində anadan olub. 

Uşaq vaxtlarında doğma kəndini əhatə edən əzəmətli sıra dağlara baxmaqdan zövq alardı. Sonra onda mürəkkəb rəssamlıq sənətinin bütün sirlərinə yiyələnmək üçün təhsil almaq arzusu oyandı. Bu məqsədlə o, Bakıya gəldi, amma Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmaq səyləri uğursuz oldu – istedadlı gənc qəbul imtahanına gecikdi. Buna baxmayaraq o, Bakı Dövlət Təsviri Sənət Məktəbinə daxil oldu və burada təhsilini müvəffəqiyyətlə başa vurdu. 

Şəkil çəkməyə başlayarkən rəssam ilkin olaraq karton üzərinə hər hansı bir eskizi köçürmür, müstəsna qrafik istedadı və güclü intuisiyası sayəsində o, fövqəladə gerçəkliyi ilə fərqlənən mürəkkəb süjetlər yaradır. Onun seçdiyi dəyişkən, gözlənilməz rakurslar süjetlərin gah ovuc içi kimi dar, gah da əksinə, panoram şəklində möhtəşəm görünməsinə imkan yaradır. Sabir Çopuroğlu özünün “neftli” əsərlərində ənənəvi təsviri sənətdə alışdığı improvizasiyalardan istifadə edərək arzuolunan monumentallığı yarada bilir.

Onun güclü ifadə qüvvəsinə malik əsərləri ümumi görünüşünə görə daş barelyefləri, həcminə görə isə heykəltəraşlıq əsərlərini xatırladır. Bu da, yəqin ki, təsadüfi deyil, çünki bir zamanlar rəssam Bakıda Azərbaycanın tanınmış heykəltəraşı və rəssamı Hamlet Musayevdən dərs almış, Tbilisidə isə uzun müddət Zurab Sereteli, Berdzeneşvili qardaşları, Zurab Nijaradze kimi məşhur sənətkarlarla ünsiyyətdə olmuş, onlardan incəsənətin sirlərini öyrənmişdir. 

Sabir Çopuroğlu daimi eksperimentlərindən usanmır. Neftin və rənglərin qovuşduğu əsərləri də bunu sübut edir. Belə bir qarışıq texnikanın köməyi ilə rəssam personajlarının həyəcanını, şəhər, kənd və təbiət motivlərinin özünəməxsus cizgilərini, memarlıq abidələrinin əzəmətini, Qarabağ atlarının gözəlliyini, qədim Abşeronun təsvirini, “Böyük İpək yolu”nda karvanların ahəngdar yürüşünü, bulaq başına toplaşmış qızların zərifliyini, sufi rəqslərinin təkrarolunmaz ritmini, əfsanəvi Dədə Qorqudun müdrikliyini, Şah İsmayıl Xətainin mətanətini çatdırmağa müvəffəq olur, uzun müddət yaddaqalan obrazlar yaradır.  

Yaradıcılığının özünəməxsus xüsusiyyətləri və təsviri sənət aləmində yeni olan qeyri-adi texnikası Sabir Çopuroğluya həm vətənində, həm də onun hüdudlarından uzaqlarda çoxsaylı pərəstişkarlar qazandırır. 2006-cı ildə Azərbaycan sənətkarı Almaniyanın Ervitte-Horn şəhərində keçirilən rəssamların II Beynəlxalq simpoziumunun laureatı olmuşdur.

O, Azərbaycanın təsviri sənətini beynəlxalq sərgilərdə ləyaqətlə təmsil edir.  Çopuroğlunun əsərləri ABŞ, Böyük Britaniya, İspaniya, Fransa, Belçika, Almaniya, Türkiyə, İran, Misir, Yaponiya və digər ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.