"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

ABŞ-Azərbaycan yüksək səviyyəli görüşləri xronikası

 









ABŞ-Azərbaycan yüksək səviyyəli görüşləri xronikası

25-29 may 2012-ci il tarixlərində ABŞ-ın 194 nəfər Konqress və Senat üzvündən, qubernator və dövlət məmurlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Qonaqlar Azərbaycanın tarixi-mədəni guşələrini gəzmiş, Bakıda keçirilən “Avroviziya-2012” mahnı müsabiqəsinin final konsertini izləmişlər.Onlarregionda Azərbaycan kimi güclü, tolerant, zəngin mədəni-tarixi irsə malik olan bir strateji tərəfdaşının olmasına görə ABŞ xalqı adından Azərbaycan xalqına dərin təşəkkürlərini bildirmiş, gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləmişlər. Ən əsası, onlar Azərbaycan reallıqlarının ABŞ ictimaiyyətinə çatdırılmasında dəqiq, qərəzsiz və dost mövqe tutacaqlarına söz vermişlər.

27-31 iyul 2012-ci il tarixlərində ABŞ-ın Missisipi ştatının dörd nəfər senatoru, üç nəfər Senat üzvü və onları müşayiət edənlər: Hilman Freyzer, Qabriyel Freyzer, Albert Batler, Lidiya Kassaniol,Salli Doti, Adriana Vuten, Linda Koulman, Sonya Uilyams-Barnes Bakıya səfər etmişlər. QonaqlarAzərbaycan Respublikası PrezidentiAdministrasiyasında, Milli Məclisdə, Azərbaycan Diplomatiya Akademiyasında,ARDNŞ-də, YAP İcra Katibliyindəfaydalı görüşlər keçirmişlər. Bundan başqa, onlar Lahıca, Qəbələyə, Şəkiyə səfər etmiş, Qəbələ 4-cü Beynəlxalq Musiqi Festivalı çərçivəsində London Dövlət Filarmoniyası Orkestrinin çıxışına baxmış,Şəki Xan Sarayını və Kiş kəndindəki Alban kilsəsini ziyarət etmişlər.

4-7 oktyabr 2012-ci ildə Azərbaycan nümayəndə heyəti Hyuston şəhərində keçirilən və türkdilli xalqların mədəniyyət festivalı kimi tanınan“İpək yolu” festivalında iştirak etmişdir. ARDNŞ-nin sponsoru olduğu 50 mindən çox insanın iştirak etdiyi tədbirdə quraşdırılan Azərbaycan pavilyonunda milli xörəklər, tətbiqi sənət nümunələri, xalçalar və s. Azərbaycan incəsənət inciləri nümayiş etdirilmişdir. ARDNŞ tərəfindən görülmüş işlərin nəticəsini yüksək qiymətləndirən ABŞ Konqresinin üzvləri – xanım Şeyla Cekson Li, cənab HenriKuellar, cənab Pete Olson, Hyuston meri xanım Annis Parker və Stafford meri cənab Leonard Skarsella Azərbaycan Dövlət Neft Şirkətinə xüsusi tərifnamələr təqdim etmişlər.

8 oktyabr 2012-ci ildə Hyuston şəhərində ARDNŞ-nin təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Tədbirdə şəhər rəhbərliyinin və Konqresin nümayəndələri, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Elin Süleymanov, Türkiyənin və Yunanıstanın konsulları, nüfuzlu şəxslər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Azərbaycan milli mətbəxinin təamları, xalq musiqisinin canlı ifası gələnlərdə xoş təəssürat yaratmışdır.

4-14 noyabr 2012-ci il tarixlərində ARDNŞ nümayəndə heyətinin ABŞ-ın Texas ştatının Hyuston şəhərində şəhər meriyasının əməkdaşları, habelə konqresmenlər senator Ellis, xanım Şeyla Cekson Li və cənab Cin Qrinlə görüşləri olmuşdur. Görüşdə qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi müzakirə mövzusu olmuşdur. Səfər zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov Hyuston qocalar evində Azərbaycan icması ilə görüş keçirmişdir.

4-9 dekabr 2012-ci ildə ARDNŞ-nin vitse-prezidenti XalikMəmmədovun və Milli Məclisin üzvü cənab Asim Mollazadənin ABŞ-a səfəri olmuşdur. Səfər zamanı onların Vaşinqtonda ABŞ Konqressinəyeni seçilmişüzvlərlə görüşü olmuşdur. Dekabrın 21-də Hyuston şəhər meriyasında ARDNŞ ilə Hyuston meriyası arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, o cümlədən gələcəkdə Hyustonda Amerika-Azərbaycan dostluq parkının salınmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanmışdır. Mərasimdə ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov, Senator Rodni Ellis və Hyuston Mədəniyyət Mərkəzinin direktoru İradə Axundova iştirak etmişlər.

27 yanvar - 02 fevral 2013-cü ildə ABŞ-ın 8 federal konqresmeninin aparat rəhbərləri: Mayk Staley, Maykl Platt, Marşal Makomber, Met Leffinqvel, Stiv Mur, Barri Bennet, xanım CinHinz və xanım Lauri Esaunun Azərbaycana səfəri olmuşdur. Qonaqlar Azərbaycan Respublikası PrezidentiAdministrasiyasında, Milli Məclisdə, Xarici İşlər Nazirliyində, bir sıra nazirlik və komitələrdə, Dövlət Neft Fondunda və Dövlət Neft Şirkətində görüşlər keçirmiş, Qusardakı Şahdağ xizəksürmə kompleksində olmuşlar.

5-15 mart 2013-cü il tarixlərində Azərbaycan Respublikasının nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdə olmuşdur. Nümayəndə heyətində Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov, millət vəkilləri Asim Mollazadə, Sahibə Qafarova, Sevinc Fətəliyeva və ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov təmsil olunmuşlar. Azərbaycan nümayəndə heyəti Amerika-Azərbaycan Dostluq Günü çərçivəsində Texas ştatının Nümayəndələr Palatasında və Senatda yüksək səviyyəli rəsmi görüşlər keçirmişdir.Texas ştatının qubernatoru Rik Perrinin xanımı Anita Perri tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə Qubernator Sarayında ziyafət verilmişdir. O, 2010-cu ildə Bakıya səfəri haqqında şəxsi təəssüratlarını bölüşmüşdür. Sarayda Rik Perri xanım Perri ilə nümayəndə heyətini qəbul etmiş, Azərbaycanın apardığı enerji siyasətinin ABŞ-ın strateji maraqlarına uyğun olduğunu vurğulamış, ABŞ-Azərbaycan münasibətlərinə xüsusi önəm verdiyini söyləmişdir. O, Azərbaycanın Cənubi Qafqaz regionunda vacib ölkə olduğunu qeyd etmiş və Azərbaycana səfər etmək istədiyini söyləmişdir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Ostin şəhərində Stratfor şirkətinin təsisçisi və rəhbəri Corc Freydmanla, habelə Texas A&M universitetində görüşləri olmuşdur. Səfir Elin Süleymanov və ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov martın 7-də Hyuston Universitetinin prezidenti Renu Xator ilə görüş keçirmişlər. Görüş zamanı qarşılıqlı fayda verəcək məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Hyuston Universiteti ilə Azərbaycanın təhsil müəssisələri arasında əlaqələrin qurulması imkanları müzakirə edilmişdir.

Martın 9-da Azərbaycan nümayəndə heyətinin Kaliforniya ştatına səfəri başlamışdır.Nümayəndə heyəti ştatın Kapitoli binasında Xarici əlaqələr şöbəsinin direktor müavini cənab Jorge Jaramillo, Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin direktor müavini cənab Paul Oliva və Kaliforniya qubernatorunun Ofisinin Beynəlxalq siyasət, planlaşdırma və tərəfdaşlıq şöbəsinin rəhbəri Abiqeyl L. Brauninq ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycanla Kaliforniya arasında siyasi, iqtisadi, mədəni, turizm və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, tərəfdaşlıq və dostluq münasibətlərinin gücləndirilməsi  istiqamətində tədbirlər görülməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov Azərbaycan biznesinin təmsilçisi kimi SOCAR-ın transmilli şirkətə çevrildiyini, Avropanın 11 ölkəsində, ABŞ-da (Vaşinqton, 2012) nümayəndəliklər yaratdığını diqqətə çatdırmışdır. O, Avropada, o cümlədən Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə, Rumıniya və Birləşmiş Ərəb Əmirliklərində böyük həcmli investisiyalar yatırıldığını qeyd etmişdir. X. Məmmədov Kaliforniya bazarının öyrənilməsi və qarşılıqlı biznes əlaqələrinin qurulması üçün potensial imkanların araşdırılmasının zəruriliyindən də danışmışdır. 

Nümayəndə heyətini Kaliforniya Senatının sədri cənab Darrel Staynberq də qəbul etmişdir. O, Azərbaycanın Amerika Birləşmiş Ştatlarının ən mühüm müttəfiqlərindən biri olduğunu qeyd etmiş və  Azərbaycan-Amerika, Azərbaycan-Kaliforniya əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır. Görüşdə millət vəkilləri Kaliforniya ilə siyasi, strateji və mədəni sahələrdə əlaqələr, eləcə də Azərbaycan-İsrail və İsrail-ABŞ münasibətləri barədə danışmışlar. Cənab Ştaynberq Azərbaycanla Kaliforniya arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd etmiş, Azərbaycan-İsrail münasibətlərinə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. O, söyləmişdir ki, Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan nümayəndə heyətinə sual verməyə bilməz. Belə ki, o Dağlıq Qarabağ münaqişəsinin nə üçün həll olunmadığı barədə sual vermiş və tərəflərin danışıqlara cəlb olunması sahəsində öz dəstəyini təklif etmişdir. Sonra Kaliforniya Senatında Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.     

Kaliforniya Senatında Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi qəbul təşkil edilmişdir. Senatın Respublikaçılar partiyasının lideri Bob Haff öz çıxışında Azərbaycanın müsəlman dünyasında ilk parlamentar demokratiya ölkəsi və Birləşmiş Ştatların qlobal və regional təhlükəsizlik siyasətində və enerji təhlükəsizliyi sahəsində güclü müttəfiqi olduğunu vurğulamışdır. Azərbaycan Milli Məclisinin üzvü Səməd Seyidov senatorlara müraciətində hər iki xalqı birləşdirən ortaq dəyərləri qeyd edərək Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyətini vurğulamışdır.

Martın 11-i axşam Kaliforniya Senatının və Kaliforniya beynəlxalq əlaqələr fondunun təşkilatçılığı altında senatorlar Mark Sanliyer, Ted Lyö, Rod Rayt, Fran Pavley, Ted Qeynes, Marti Blok, habelə hökumət nümayəndələri, Kaliforniyanın biznes rəhbərləri və Azərbaycanın dostlarının iştirakı ilə Satter Klub-da Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edilmişdir.
ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri martın 13-də Vaşinqtonda Türk-Amerika Alyansı tərəfindən təşkil olunmuş və türkdilli ölkələrin nümayəndələrinin dəvət olunduğu “Enerji ticarətinin inkişafı”na dair toplantıda iştirak etmişlər.“Enerji ticarətinin inkişafı” mövzusunda keçirilən beynəlxalq toplantıda Azərbaycana həsr olunmuş xüsusi panel təşkil edilmişdir. Çıxış edənlər bir sıra siyasi, iqtisadi və strateji məsələlər barədə öz fikirlərini qonaqlarla bölüşmüş, enerji ticarəti və enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət verilmişdir. Azərbaycanın Avropanın, ABŞ-ın və dünyanın digər ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rolu çıxış edən qonaqların bir çoxu tərəfindən xüsusi vurğulanmışdır. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosundan Dövlət katibinin köməkçisinin müavini Erik Rubin, keçmiş senator Deyl Volker, keçmiş Dövlət katibinin köməkçisinin müavini, eləcə də Milli Təhlükəsizlik Şurasının direktoru Devid Merkel və Nyu-Yorkun keçmiş konqresmeni Maykl MakMahon çıxış edərək Azərbaycanın enerji təhlükəsizliyi, strateji əməkdaşlıq və iqtisadi münasibətlər sahəsində ABŞ üçün etibarlı tərəfdaş və dost ölkə olduğunu qeyd etmişlər. Tədbir zamanı nümayəndə heyətinin üzvləri 60-dan çox senator və nümayəndələrlə tanış olmuş, 15 senator və konqresmenlə fikir mübadiləsi aparmışlar. Onların bir çoxu 28-29 may 2013-cü il tarixlərində Bakıda keçiriləcək “Azərbaycan-ABŞ Dostluq Konfransı”na dəvət olunmuşdur. 2007-2011-ci illərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının ilk xanım spikeri olmuş, hazırda Palatada Demokratların rəhbəri Nensi Pelosi da toplantıda iştirak etmişdir. Tədbirin sonunda Azərbaycan haqqında “Odlar Yurdu” adlı videoçarx nümayiş etdirilmişdir. 

Martın 14-də Azərbaycan nümayəndə heyətinin üzvü Xalik Məmmədov və səfir Elin Süleymanov Conz Hopkinz Universitetinin Pol H. Nitze adına Qabaqcıl Beynəlxalq Elmlər Məktəbinin dekanı professor Vali N. Nasr ilə görüş keçirmişlər. Vali N. Nasr Conz Hopkinz Universitetinin tələbələrinin Bakıya səfəri zamanı yaradılmış hər cür şəraitə, göstərilmiş qayğı və diqqətə görə Azərbaycan tərəfinə öz minnətdarlığını bildirmiş və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini söyləmişdir.X. Məmmədov universitetin nəzdində təklif olunan xüsusi Azərbaycan proqramının və ya institutunun yaradılması ideyasını bəyənmiş, bu təklif ətrafında müzakirələrin yaxın gələcəkdə Vali N. Nasrin iştirakı ilə Bakıda davam etdirilməsinin zəruri olduğunu söyləmişdir. Bildirilmişdir ki, ABŞ-da belə bir institutun fəaliyyət göstərməsi Azərbaycanla ABŞ arasındakı ikitərəfli münasibətlərin daha da genişlənməsinə və Dövlət Neft Şirkətinin ABŞ bazarında tanınmasına vəmüsbət imicinin formalaşmasına təsir göstərəcəkdir. 

Martın 14-də ABŞ Konqresində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə konqresmen Dana Rohrabaker arasında görüş olmuşdur. Cənab Rohrabakerlə görüş zamanı Azərbaycan-İran və Azərbaycan-Rusiya münasibətləri qısa şəkildə müzakirə olunmuşdur. O, bir neçə konqresmenlə birlikdə Azərbaycana gəlmək niyyətində olduğunu söyləmiş, həmçinin Azərbaycan barədə təəssüratlarını nümayəndə heyətinin üzvləri ilə bölüşmüşdür.

Martın 15-də Azərbaycan nümayəndə heyətinin üzvləri ABŞ Konqresində konqresmen Co Uilson ilə görüşmüşlər. Co Uilson ABŞ ilə Azərbaycan arasında mövcud olan tərəfdaşlıq və dostluq münasibətlərini dəstəklədiyini söyləmiş, bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirmişdir. Nümayəndə heyətinin üzvləri tərəfindən mayın 28-29-da Bakıda keçiriləcək konfransa dəvət olunan konqresmen Uilson dəvəti qəbul etmiş və iş qrafikinin uyğun olacağı halda məmnuniyyətlə Azərbaycana gələcəyini söyləmişdir.

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri ərəfəsində erməni lobbisi Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğuna etiraz məktubu göndərmiş, bu səfərin baş tutmasına maneçilik törədəcəklərini bildirmişlər. Lakin Kaliforniyadakı erməni lobbisi Azərbaycan nümayəndə heyətinin səfərinə, o cümlədən rəsmi ziyafətin keçirilməsinə mane olmaq istiqamətində mərkəzləşdirilmiş şəkildə müxtəlif səylər göstərsə də, öz məqsədlərinə nail ola bilməmiş və səfər çərçivəsində nəzərdə tutulmuş bütün tədbirlər uğurla başa çatmışdır. Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri Azərbaycan-ABŞ münasibətlərinə yeni töhfə vermiş və Azərbaycanın ABŞ-da tanınmasına kömək etmişdir. Texas Senatı Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə Texasla Azərbaycan arasında geniş iqtisadi, ticari və dostluq münasibətlərinə dair 374 saylı qətnamə qəbul etmişdir.Qubernatorun Ofisi isə Azərbaycan nümayəndə heyətini rəsmi salamlamaq məqsədilə xüsusi təbrik sənədini onlara təqdim etmişdir.Martın 7-də İndiana ştatının Konqresi Xocalı faciəsinin 21-ci ildönümünə dair qətnamə qəbul etmişdir.

Azərbaycan nümayəndə heyətinin Kaliforniyaya səfəri barədə məlumat ABŞ-ın 258 mətbu orqanında dərc olunmuşdur. Səfər həmçinin Azərbaycan, Türkiyə, bir sıra MDB ölkələrinin mətbuat orqanları tərəfindən geniş işıqlandırılmışdır. Erməni mətbuatı isə səfərin baş tutmasını böyük təlaşla qarşılamışdır. Belə ki, onlar Azərbaycana dost münasibət bəsləyən ABŞKonqresinin Nümayəndələr Palatasında demokratların rəhbəri Nensi Pelosinin təhqiramiz şəkillərini yaymış, mətbuatda tənqid etmişlər.

Keçirilmiş görüşlər zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında lazımi məlumat verilmiş və konstruktiv mövqe nümayiş etdirilmişdir. Bu məsələ ilə bağlı bir çox kongressmenlər və ABŞ rəsmiləri Azərbaycana dəstək nümayiş etdirmiş, məsələnin Minsk Qrupu çərçivəsindən çıxarılaraq bilavasitə ABŞ ilə rəsmi Moskva arasında danışıqlar yolu ilə həlli təklif olunmuş, bunun ABŞ-ın yeni Dövlət Katibi cənab Con Kerrinin diqqət mərkəzində olduğu nəzərə çatdırılmışdır.    

Azərbaycan nümayəndə heyətinin üğurlu səfəri nəticəsində ABŞ-ın Tennessi ştatının Nümayəndələr Palatasının Baş Assambleyası Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar 48 saylı qətnamə qəbul etmişdir. Qətnamədə Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı və Xocalı faciəsi xüsusilə pislənilmişdir. ABŞ rəsmiləri Azərbaycanın Avropada və dünyada enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirmiş və bunun Azərbaycan hökumətinin ölkədə təmin etdiyi stabillik nəticəsində mümkün olduğunu vurğulamışlar. Türk-Amerika Toplantısında iştirak edən 62 konqresmenin təqribən yarısından çoxu və 8 senatorun hamısı çıxışlarında ABŞ-Azərbaycan münasibətlərinin vətəndaş cəmiyyətləri səviyyəsində inkişafını xüsusi vurğulamışlar.