"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

İncəsənətlə birbaşa əlaqəsi olmayan təşkilatın ölkənin mədəni inkişafında fəal iştirak etməsi artıq heç kimi təəccübləndirmir. Çox misal gətirmək olar, amma bu mövzuya toxunanda bakılıların, eləcə də şəhərin qonaqlarının ağlına  ilk növbədə, yəqin ki, SOCAR-ın nəzdində fəaliyyət göstərən Nəfəsli Alətlər Orkestri gəlir. Orkestrin bu qədər populyar olması təsadüfi deyil. O, təkcə musiqiçilərin peşəkarlığına deyil, həm də geniş fəaliyyət dairəsinə əsaslanır.




Uğurlu reallıq: SOCAR və musiqi

İncəsənətlə birbaşa əlaqəsi olmayan təşkilatın ölkənin mədəni inkişafında fəal iştirak etməsi artıq heç kimi təəccübləndirmir. Çox misal gətirmək olar, amma bu mövzuya toxunanda bakılıların, eləcə də şəhərin qonaqlarının ağlına  ilk növbədə, yəqin ki, SOCAR-ın nəzdində fəaliyyət göstərən Nəfəsli Alətlər Orkestri gəlir. Orkestrin bu qədər populyar olması təsadüfi deyil. O, təkcə musiqiçilərin peşəkarlığına deyil, həm də geniş fəaliyyət dairəsinə əsaslanır.

“Bizim yaradıcı kollektivimiz bayram şənliklərinin və təntənəli mərasimlərin daimi iştirakçısıdır, – orkestrin bədii rəhbəri Yaşar Qarayusifli deyir. – Özümüzü müəyyən dərəcədə neftçilərin böyük ailəsinə aid etməyimiz çox xoşdur. Biz, ənənəvi olaraq, onların peşə bayramı günündə, sentyabrın 20-də şəhərin meydançalarında, həmçinin Pirallahı, Sahil qəsəbələrində və neftçilərin sıx yaşadığı digər yerlərdə səyyar konsertlər  çərçivəsində çıxışlar edirik. Qələbə bayramına və əlbəttə ki, ümummilli liderimiz Heydər Əliyevin xatirə gününə həsr olunmuş konsert proqramlarında xüsusi ruh yüksəkliyi ilə iştirak edirik”.

SOCAR orkestrinin çıxışlarına maraq çox böyükdür. Şəki şəhərinin yubiley şənliklərində, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının ilk buraxılışı münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirakı, ölkənin müxtəlif şəhərlərindəki açıq meydançalarda sistematik çıxışları, televiziyada tez-tez görünməsi orkestrin geniş auditoriyasının olmasından, populyarlığından söz açır. Orkestr həftədə iki dəfə – bazar ertəsi və cümə axşamları axşam saat 7-dən 9-a qədər Fəvvarələr meydanında konsert verir. Yoldan keçənlər musiqi səslərini eşidib ayaq saxlayırlar; dinləyicilər arasında əcnəbilər də az olmur, onlar orkestrin ifasını məmnunluqla dinləyir, rəqs edir, musiqiçilərin şəklini çəkərək ölkələrinə Bakı haqqında xoş xatirələr aparırlar. “Əminliklə deyə bilərəm ki, kollektivimizin respublikada analoqu yoxdur, – deyə Yaşar müəllim fəxrlə qeyd edir. – İlk dəfə 2011-ci il mayın 2-də Gül bayramı ərəfəsində çıxış etmişik. Bu bizim üçün gözəl başlanğıc oldu və orkestrin taleyini müəyyən etdi”.

Orkestrin kollektivi qısa müddətdə möhkəmlənmiş, peşəkarlığını artırmış, repertuarını zənginləşdirmişdir. Bu gün orkestrin proqramında Ü.Hacıbəylinin, D.Şostakoviçin, P.Çaykovskinin, J.Bizenin uvertüralarını, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”nu, caz kompozisiyalarını, müxtəlif illərin populyar mahnılarını, az-az səslənən Amerika və alman marşlarını və digər əsərləri dinləmək olar. Bu cür maraqlı və zəngin repertuar orkestrin rəngarəng konsert proqramları ilə çıxış etməsinə imkan verir. SOCAR orkestrinin kollektivi gənclərdən, əsasən də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin tələbələrindən ibarətdir. Onların əksəriyyəti respublikanın əməkdar müəllimi Yaşar Qarayusiflinin yetirmələridir. İfaçıların məharəti yüksək qiymətləndirilib, beynəlxalq və respublika müsabiqələrində qələbələrlə yadda qalıb.  Yaşar müəllimin fikrincə, rəhbərlik etdiyi orkestrin uğur və populyarlıq qazanmasında SOCAR rəhbərliyinin diqqəti və dəstəyi,  eləcə də Sosial İnkişaf İdarəsinin mədəni-kütləvi tədbirlər və istirahətin təşkili üzrə departamenti ilə əməkdaşlıq mühüm rol oynayıb. Orkestr üçün Yaponiya istehsalı olan yüksəkkeyfiyyətli musiqi alətləri alınıb, SOCAR-ın məşhur emblemi ilə bəzədilmiş yaraşıqlı kostyumlar tikilib. Ən əsası isə bu təşkilatların incəsənətə göstərdikləri böyük diqqət və qayğı, orkestrin mükəmməl fəaliyyəti üçün yaratdıqları şəraitdir.  SOCAR orkestrinin musiqiçiləri yaxın gələcəkdə daha geniş tərkibdə və daha zəngin repertuarla səhnəyə çıxmağa, konsertlərinin coğrafiyasını genişləndirməyə ümid edirlər. Musiqinin sərhədi yoxdur və bu ümidlərin həyata keçiriləcəyi realdır. SOCAR-ın Nəfəsli Alətlər Orkestri artıq bu istiqamətdə ilk addımını atıb. Bütün dünyanın izlədiyi Euronews kanalında bu gənc, istedadlı və parlaq gələcəyi olan kollektivin iştirakı ilə süjet nümayiş olunub. Uğurlar diləyirik!