"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Qərbi Sibirin neft və qaz yataqlarının açılmasında müstəsna rol oynamış əfsanəvi geoloq Fərman Salmanovun – bu qeyri-adi insanın həyatı özünə və ömrünü həsr etdiyi işə inam tərbiyə edən bir dərs kitabıdır.  O, erkən yaşlarından maneələri bir-bir adlayaraq məqsədinə doğru inamla irəliləyib. Fərman özünü, sözün əsl mənasında, özü yaradıb, çünki ona kömək edəcək heç kəsi yox idi. Möhkəm xarakteri, ədalətə sonsuz inamı və həssaslığı addım-addım qarşısına qoyduğu məqsədlərə çatmağa və adını milyonların yaddaşına “Tümen neftini kəşf edən insan” kimi həkk etməyə imkan vermişdi.





FƏRMAN SALMANOV:“MƏN PROMETEY DEYİLƏM, GEOLOQAM”

Fərman Salmanov 1931-ci il iyulun 28-də  Azərbaycanın Şamxor rayonunun (indiki Şəmkir) Morul kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi, 1954-cü ildə isə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. Onun diplom işinin mövzusu Orta Ob neftçıxarma rayonunun perspektivləri ilə bağlı olmuşdur. Gənc geoloqun çıxardığı nəticələr, o dövrün nüfuzlu geoloqlarının fikrincə, “həddən artıq cəsarətli” idi – Sibirdə “böyük neftin” olmasına heç kim inanmırdı.

Bəs necə olmuşdu ki, Bakı ali məktəbinin məzununu məhz Sibir nefti maraqlandırır və nə üçün institutu bitirdikdən sonra o, məhz Sibirdə işləməyə göndərilməsində təkid edirdi? Və necə oldu ki, adi bir tələbə asanlıqla SSRİ nazirinə məktub yazdı? Nəhayət, Sibir neftinin perspektivləri ilə bağlı proqnozlarına bu oğlan hamını necə inandıra bildi?

Ət yeyən quş dimdiyindən bəlli olar

SSRİ neft sənayesi naziri Nikolay Baybakov deputatlığa namizəd kimi görüşlər keçirirdi. Bu görüşlərdən birində o, Fərman Salmanovun oxuduğu məktəbə gəlmişdi. Fərman rus dilində hamıdan yaxşı danışdığı üçün hörmətli qonağa məktəb haqqında məlumat verməyi ona tapşırmışdılar. Amma balaca Fərman hələ o vaxtdan qeyri-adi cəsarəti ilə seçilirdi: o, nazirə əvvəlcədən hazırlanmış mətnlə  məktəbləri barədə danışmaqdan savayı, bir kənd uşağı kimi özünü narahat edən problemlərdən də bəhs etmək qərarına gəldi. Sonralar müsahibələrinin birində dediyinə görə, əsas çıxışdan sonra o, dərhal yaxşıca hazırlaşdığı bəyanatı ucadan oxumağa başlamışdı: “Əziz  Nikolay Konstantinoviç! Mən sizə deputatlığa namizəd kimi iki məsələdən ötrü müraciət edirəm: məktəb yolunun asfaltlanması və işıq çəkilməsi üçün xahiş edirəm. Evdə biz təmiz paltar geyirik, məktəbə çatanda isə üst-başımız palçığa bulaşır. Yola asfalt döşənməlidir, amma buna pul ayırmırlar. Axşam saat beşdən sonra qaranlıq düşür, məktəbdə isə işıq yoxdur. Mən bilmirəm biz nə vaxt oxumalıyıq. Bir də onu demək istəyirəm ki, mən neftçi olacağam. Sizi əmin edirəm ki, məktəbi bitirdikdən sonra neft institutuna daxil olacağam”.

Gənc oğlana diqqətlə qulaq asandan sonra Baybakov rəyasət heyətində oturanlardan birinə tərəf çevrilərək amiranə tərzdə dedi ki, 3 ay ərzində göstərilən problemlər həll olunmalıdır. Daha sonra o ayağa qalxıb Fərmana yaxınlaşaraq dedi ki, onun peşə seçimini bəyənir. “Biz Qərbi Sibirdə yeni yataqlar kəşf etməliyik” – Baybakov vurğuladı və qeyd etdi ki, Fərman həmişə onun köməyinə ümid bəsləyə bilər. Ola bilsin ki, nazirin bu sözləri kimin üçünsə sadəcə rəsmiyyət nümunəsi olaraq qaldı, amma Fərman üçün yox. Məsələ onun  “ədəbsizliyində” və ya “əlaqələr ilə öyünmək” arzusunda deyildi – əksinə! Fərman Salmanov uşaqlıqdan ədalətə və düzgünlüyə inanırdı. Məhz buna görə də ali məktəbi bitirəndə Baybakovun verdiyi sözü xatırladı və Sibirdə işləməyə göndərilməyinə kömək etmək xahişi ilə ona məktub yazdı. Baybakov da sözünün üstündə durdu. Nəticədə Fərman Salmanovun özünün də dəfələrlə qeyd etdiyi kimi, bu görüş həqiqətən  onun taleyini həll etdi: Sibirdə işləməyin gərəkliliyi haqqında fikri nazir səviyyəsində təsdiqləndi!

Maraqlıdır ki, Fərman Salmanovun ədalətə sonsuz inamı heç vaxt zərrə qədər də olsun sarsılmayıb. Bunu cavanlığında onun başına gəlmiş başqa bir hadisə də sübut edir. Stalin repressiyaları onun ailəsindən də yan keçməmişdi – Fərmanın atasını şərləyib həbs etmişdilər. Onda tələbə idi. Buna baxmayaraq bütün varlığı ilə inandığı ədalət uğrunda mübarizə aparmağa qərar verdi. Fərman o zaman üçün ağlasığmaz bir hərəkət etdi – atasını buraxmaq tələbi (!!!) ilə şəxsən Mircəfər Bağırovun adına teleqram göndərdi! Bir müddət sonra  Fərman Salmanovu institutun yataqxanasından götürüb birbaşa Bağırovun yanına apardılar. Bu, “gedərgəlməz” yol sayılırdı. Amma Fərman qorxmadı, özünü itirmədi və bu məcburi çağırışa mətanətlə davam gətirdi. Əlbəttə,  Bağırovla adi bir tələbənin nə danışdığını ancaq güman etmək olar, amma... hadisədən bir həftə sonra Fərmanın  atasını həbsdən buraxmışdılar...

Xəyallar gerçək oldu...

Yeri gəlmişkən, Fərman Salmanov Sibir haqqında Baybakovla  həmin “taleyüklü görüşündən” xeyli əvvəl də düşünür, xəyallar qururdu. Bu möcüzəli diyar haqqında ona orada uzun müddət sürgün həyatı yaşamağa məcbur olmuş babası Süleyman danışmışdı: o, 17 yaşında kənd mollası ilə münaqişəyə girmiş və Sibirə göndərilmişdi. Babasının Sibir və Uzaq Şərq, oradakı nəhayətsiz üfüqlər və bolsulu çaylar, sərt, vəhşi, amma gözəl təbiət haqqında hekayələri gənc Fərmana ilham verirdi. Düzdür, 10 yaşlı Fərman o uzaq diyarı fəth etmək istəyini anasına bildirəndə qadın  bu barədə heç eşitmək belə istəməmişdi. Amma dayısı onun marağını bəyənmiş və bir dəfə bacıoğlusuna Obruçevin “Kyaxtadan Kulciyə”, “Mənim Sibirboyu səyahətlərim” kitablarını gətirmişdi. Sonralar özünün qeyd etdiyi kimi, Fərman  o vaxtdan Vladimir Afanasyeviç Obruçevə həmişəlik pərəstiş etmişdir. O kitabları oxuyandan sonra Fərman Sibir arzularının  mütləq həyata keçəcəyinə əmin olmuşdu.

Gənc Fərman xəyallara dalmaqla qalmır, ardıcıl surətdə öz arzusuna doğru irəliləyirdi. Baxmayaraq ki onun təhsil illəri ağır müharibə dövrünə düşmüş və o, anasının yeganə dayağı olmuşdu (qardaşı Mais və bacısı Amura hələ balaca idilər, atası isə artıq qeyd edildiyi kimi, 1937-ci ildə həbs edilmişdi), geologiyaya sonsuz həvəsi, əslində, gündəlik çətinliklərdən və qayğılardan Fərmanı xilas edirdi: o, ciddi şəkildə gənc təbiətşünaslar dərnəyində məşğul olur və qalan vaxtını dağda-daşda  keçirirdi. Fərman hər şeyi unudaraq saatlarla daşlara baxa bilərdi. O həm də topladığı daşlardan kolleksiya düzəltmişdi. Sonralar məşhur geoloq olan Fərman Salmanov evindəki daş muzeyi ilə fəxr etdiyini gizlətmir, ilk eksponatları məktəb vaxtlarında necə topladığını xüsusi bir həyəcanla yada salırdı.

İlk addımlar və qələbə

Beləcə, ali məktəbi  bitirən kimi arzularının məkanı olan Sibirə təyinat alan Fərman Salmanov 1955-ci ildən Kemerovo vilayətində Plotnikovski neft kəşfiyyatı ekspedisiyasının rəhbəri kimi işə başlayır. Az sonra  Qryaznenski ekspedisiyasının baş geoloqu olur.  Qeyd etmək lazımdır ki, F. Salmanov lap başlanğıcdan  Kuzbassda neft axtarışını tamamilə perspektivsiz hesab edirdi. Amma onun fikrini soruşan yox idi. Bizim qəhrəmanın xarakteri burada da özünü göstərdi: 1957-ci ilin avqustunda Fərman böyük risk edərək geoloji partiyasını özbaşına və gizli şəkildə Surquta apardı. O əmin idi ki, nefti məhz orada axtarmaq lazımdır. Odur ki qazmanı dayandırmaq haqqında kəskin və hətta təhdidedici əmrlərə baxmayaraq, F.Salmanov kəşfiyyatı davam etdirdi.

O dövrdə belə əməllər, əlbəttə, təqdir olunmurdu. Subordinasiyanın pozulması yolverilməz sayılır və cəsur, ipə-sapa yatmayan adamlara xoş münasibət yaratmırdı. Məşhur geoloq Yuri Ervye Kuzbass geologiya idarəsinə yenicə rəhbər qoyulmuşdu.  Fərman Salmanovun belə bir addım ataraq idarə ilə əlaqələrini kəsməsi onların münasibətlərini çətinləşdirməyə bilməzdi. Az sonra iş daha da böyüdü: onu Sov.İKP sıralarından çıxarmağa (o zaman bu, az qala ölümə bərabər idi), geoloqların taxta evlərini söküb başqa vilayətə apardığına görə haqqında cinayət işi açmağa çalışdılar. Doğrusu, heç  Surqutda da onu gözləmirdilər... Fərmanı hər yerdə “gənc avantürist” adlandırırdılar. 

O isə inadından dönmür, daxili bəsirət gözü ilə uğur qazanacağına inanır və heç nəyə baxmadan qazmanı davam etdirirdi. Rəhbərlik Salmanovun cəsarətini izah edə bilmədiyindən gözlənilmədən güzəştlərə getdi və köhnə tarixlə onun Surqutdakı geoloji partiyaya göndərilməsi haqqında əmr imzalandı. Amma hələ də ona inanmırdılar. 1961-ci il martın 21-də  Meqion kəndi yaxınlığında ilk quyudan neft fəvvarə vursa da, ona dedilər ki, sevinmək hələ tezdir və bu, sadəcə, təbii anomaliyadır, bir neçə həftədən sonra quyu sönəcək. Niyəsi? Qərbi Sibirdə böyük neft ola bilməz! Ona görə ki, ola bilməz!

Ust-Balık rayonunda ikinci quyu fəvvarə vuranda Salmanov rəhbərliyə aşağıdakı məzmunda radioqram göndərdi: “Quyu bütün qaydalara uyğun olaraq əməlli-başlı fontan vurur”. Ən qəribə teleqramı isə Fərman Nikita Xruşşova göndərmişdi: “Mən nefti tapdım. Bax belə. Salmanov”.

Bundan sonra kəşflər bir-birinin ardınca düzüldü: Mamontov, Meqion, Pravdinski, Ust-Balık, Surqut, Fyodorov, Urenqoy, Yamburq və başqa iri yataqlar açıldı.

Qeyd edək ki, onun dəliqanlı hərəkəti ilə Meqion yatağında neft tapılması arasında dörd il vaxt keçmişdi. Bu illərdə  itaətsizliyi sərt şəkildə cəzalandıran sistemdən zərbələr almaqla qalmamış, başqa sınaqlardan da keçməli olmuşdu. Təchizat işində böyük çətinliklər var idi. Geoloqlar ailələri ilə birlikdə ilin böyük hissəsini ekstremal şaxtaların olduğu rayonda, demək olar, çöl şəraitində yaşayırdılar. Onun partiyası yalnız Fərmanın ruh yüksəkliyindən ilhamlanaraq, sözün əsl mənasında, ölüm-dirim mübarizəsi aparırdı. 1960-cı ildə (yeni yatağın kəşfindən 1 il əvvəl) Salmanovun dəstəsinə cəmi bir traktor vermişdilər. Geoloqlar atla gəzir, qazmanın hər bir metri böyük məhrumiyyətlər bahasına başa gəlirdi. Amma onlar bu böyük işin öhdəsindən gəldilər və qələbə çalmağı bacardılar.

Başdan-başa neftə boyanmış ömür  

1962–64-cü illərdə Salmanov Ust-Balık neft kəşfiyyatı ekspedisiyasının (NKE) baş geoloqu, 1964-cü ildən isə Pravdinski NKE-nin rəhbəri olur. 1970-ci ildə o, Baş Tümen Sənaye-Geoloji İdarəsinin rəisi Y.Q.Ervyenin  müavini, neft və qaz üzrə baş geoloq, 1978-ci ildə isə “Baştümengeologiya”nın rəhbəri təyin olunur.

1970-ci illərin enerji böhranı nəticəsində SSRİ neftinə tələbat  artmışdı və bu da Fərman Salmanovun inadkarlığına “haqq qazandırırdı”. Onun ruh yüksəkliyi ilə yeni yataqlar açması lap yerinə düşmüşdü. İndi sovet sisteminə onun gücü, geologiyada dərin bilikləri və tabeliyində olanlara müvəffəqiyyət əhvali-ruhiyyəsi aşılamaq bacarığı lazım idi. Neft ixracının düzgün  planlaşdırılması üçün ehtiyatların olması əsas şərt idi.  Salmanovun “Baştümengelogiya”ya rəhbərlik etdiyi dövr ərzində ehtiyatlar iki dəfədən də çox artırılmışdı. Onun proqnozları son dərəcə düzgün çıxırdı. Bu baxımdan Fərman Salmanov hətta müasir Rusiya iqtisadiyyatının inkişaf istiqamətlərinin də  müəyyən edilməsində həlledici rol oynamışdır. Onun kəşf etdiyi yataqlar hazırda “Qazprom”, “Sibneft”, “Rosneft” və başqa şirkətlərə gəlir gətirir.

Fərman Salmanov Qərbi Sibirdə çalışdığı 30 illik fəaliyyəti ərzində Tümenin şimalında 130-dan çox  “qara qızıl” və “mavi yanacaq” yataqlarını birbaşa kəşf etmiş, yaxud bu açılışların iştirakçısı olmuşdur. 1987-ci ildə isə Moskvaya köçmüş, “yeni dövrü”  SSRİ geologiya nazirinin müavini vəzifəsində (1987–1991-ci illər) qarşılamışdır. Amma tezliklə ittifaq nazirlikləri sistemi ləğv olundu, Salmanovun nazirliyinin bağlanması isə geologiyanın bir dövlət təsisatı kimi sıradan çıxmasına gətirib çıxardı. Neft sənayesinin ayrı-ayrı bölmələrinin qlobal idarəçiliyi kommersiya şirkətlərinin şöbələrinə keçdi. Salmanov bununla razılaşmır, fikrini belə əsaslandırırdı ki, geoloji şəbəkənin süqutu ehtiyatların tükənməsinə, gələcəkdə isə neft və qaz hasilatı həcminin azalmasına səbəb olacaq. Məhz buna görə 1992-ci ildə o özünün “Rosplan” şirkətini yaratdı və maksimal qazma səviyyəsi 3500-dən 5000 metrə qədər olan çətin yataqların işlənməsi ilə məşğul olmağa başladı. O əmin idi ki, Samotlor və Urenqoy kimi iri yataqlarda ehtiyatların tükənməsindən sonra əsas hasilat mənbəyi yerin texnoloji cəhətdən çətin qazılan dərin qatları  olacaq.

2002-ci ildən F.Salmanov “İtera” MMC Direktorlar Şurası sədrinin  müşaviri, “Yuqnefteqaz” MMC Direktorlar Şurasının sədri vəzifələrində işləyir. Bazar münasibətlərinə keçid ərəfəsində F.Salmanov öz bilik və intuisiyasının köməyi ilə Qərbi Sibirin uzaq perspektivlərini də yaxşı görürdü. Onun rəhbərliyi altında “Rosplan İnterneşnl”də Yeni Urenqoy və Şərqi Urenqoy yataqlarında dərin qatların öyrənilməsi başa çatdırılmış və  ilk dəfə olaraq qaz, kondensat və neft hasilatı üçün işlənilmişdi. F.Salmanov ömrünün son günlərinə qədər “İtera” şirkətində Kalmıkiya Respublikasında neft və qaz ehtiyatlarının axtarış və kəşfiyyatı ilə məşğul olmuşdu.

Fərman Salmanov  2007-ci il martın 31-də uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişmiş və Moskvada Vaqankov qəbiristanlığında dəfn edilmişdir.

Son söz yerinə

Fərman Salmanovun tədqiqatları dünyanın enerji bazarında Rusiyanın qabaqcıl mövqeyinin saxlanmasına imkan yaradan zəngin bir irsdir. Rusiya neft sənayesinə “ikinci nəfəs” verən bu şəxsin dünya neftçıxarma işinin əsasını qoymuş Azərbaycanı təmsil etməsi rəmzi məna daşıyır. Amma maraqlıdır ki, Salmanov özü həmişə təvazökarlıqla vurğulayırdı: “... Yanlış bir fikirdir ki, guya, Salmanov Qərbi Sibiri təkbaşına fəth edib, xalqımıza istilik və işıq bəxş edib. Sizi bu yanlış fikirdən daşındırmaq istəyirəm. Mən Prometeyə az oxşayıram. Bütün bu illər ərzində mənimlə çiyin-çiyinə minlərcə  geoloq, neftçi, qazçı, inşaatçı işləyib, əllərindən gələni  əsirgəmədən neft və qaz hasil ediblər. Və mən xoşbəxtəm ki, bu böyük insanların əhatəsində olmuşam. Mən geoloqam və təbii ki, geologiyanı ən maraqlı və ən yaxşı sənət hesab edirəm. Bütün zamanlarda bizi “cığıraçanlar” adlandırıblar. Bu, Yerin təkini kəşf edən bir çox nəsillərin qürur duyduğu ən yüksək bir addır”.

Redaksiyadan:

F.K.Salmanov böyük neft və qaz yataqlarının formalaşması və yayılması problemlərinə həsr olunan bir sıra sanballı elmi əsərlərin müəllifidir. O, 160 elmi məqalə və 10 monoqrafiya çap etdirmişdir. Geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Neft və qaz geologiyası” elmi-texniki jurnalının baş redaktoru olmuşdur.

Lenin mükafatının (1970), İ.M.Qubkin adına mükafatın laureatı, Rusiya Federasiyasının əməkdar geoloqudur. Neft və qaz sənayesinin fəxri işçisidir. Onun haqqında “Sibiriada”, “Riskin strategiyası” da daxil olmaqla bir sıra sənədli və bədii filmlər çəkilmişdir. Xantı-Mansiysk və Yamalo-Nenetsk muxtar dairələrinin, Surqut şəhərinin, Texas ştatının (ABŞ) və Tszinçjou şəhərinin (Çin) fəxri vətəndaşı olmuşdur.

“Lenin” (1966), “Oktyabr inqilabı” (1983) ordenləri, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni (1971, 1978), “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunmuşdur.

Xantı-Mansiysk şəhərində geologiya muzeyinin qarşısında, giriş hissəsində neft və qaz qəhrəmanının heykəli qoyulmuşdur. 2009-cu ilin iyununda Surqutda geoloqların xatirə kompleksində qəhrəmanın büstü açılmış, xatirə lövhəsi və nişanı qoyulmuşdur. 2008-ci ildə “YuTeyr” şirkətinin “Tu-154 M” (bort nömrəsi RA-85805) təyyarəsinə Sibir neftinin fatehi Fərman Salmanovun adı verilmişdir.