"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

“SOCAR plus” jurnalının “SOCAR Turkey Enerji” şirkətinin icraçı direktoru Kənan Yavuzla müsahibəsi.




“SOCAR Turkey” – iki qardaş ölkənin məhsuldar partnyorluğu

–      “SOCAR Turkey Enerji” şirkətinin yarandığı vaxtdan bu günə kimi fəaliyyətini və Azərbaycanla Türkiyə arasındakı iqtisadi münasibətlərin güclənməsində rolunu necə qiymətləndirirsiniz?

– SOCAR – Türkiyə Cümhuriyyəti tarixində ən böyük özəl sektor sərmayəçisidir. Yatırdığı investisiyalar hər iki ölkənin iqtisadiyyatının güclənməsinə və rifah səviyyəsinin yüksəlməsinə xidmət edir. Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasını rəhbər tutan, Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirən bir çox layihələrə imza atan “SOCAR Turkey” iki qardaş ölkə arasında bağları ilbəil daha da möhkəmləndirir. Ortaq gələcəyimizə doğru atdığımız hər bir addım və iki ölkənin gələcək rifahına töhfə verən hər bir layihə bizi fərəhləndirir. 

–      Şirkətin Türkiyənin enerji bazarındakı missiyası və uzunmüddətli strategiyası nəyə əsaslanır?

–     SOCAR 2008-ci ildə “Petkim” neft-kimya holdinqinin özəlləşdirilməsi ilə Türkiyədə fəal investisiya fəaliyyətinə başladı və bu fəaliyyətini sürətlə davam etdirir. “SOCAR Turkey” şirkətinin hədəflərindən biri də inteqrasiyadır. “Petkim”in özəlləşdirilməsi ilə inteqrasiyaya qədəm qoyduq və layihələrimizi planlaşdırdıq. Emal, neft kimyası, enerji, logistika və paylaşdırıcılıq – fəaliyyətimizi bu beş əsas dəyər üzərində qurmuşuq. SOCAR Türkiyədə ən böyük investor roluna iddia edir. Türkiyədə dövlətdən başqa heç bir qurum neft kimyası sahəsinə bu qədər sərmayə yatırmağa cürət etməmişdi. Təkcə Petkim yarımadası üzrə “Value-Site-2023” layihəsi çərçivəsində neftayırma sahəsinə təxminən 5 milyon dollar investisiya qoyulmuşdur. Bu, ölkədə neft kimyası və neft məhsullarının istehsalına qoyulan investisiyanın əsasını təşkil edir. Hazırda  Türkiyə bölgənin ən liberal bazarıdır. Bizim neft-kimya sahəsində xammala, Azərbaycanın isə bazara ehtiyacı var. Türkiyə iqtisadiyyatının inkişafı enerjiyə böyük tələbat yaradır. Bu tələbatın ödənilməsi eyni zamanda inteqrasiya zərurətini şərtləndirir.  İnteqrasiya Petkim yarımadasını kimya sənayesi parkına çevirəcək, Türkiyə neft-kimya sənayesinin və minlərcə kiçik və orta müəssisənin rəqabət qabiliyyətini artıracaq.  

–      “Petkim”in SOCAR tərəfindən idarə olunması onun fəaliyyətinə hansı yenilikləri gətirmişdir və bu fəaliyyətin bundan sonrakı təşkili və inkişafı ilə əlaqədar hansı planlarınız var?

–     2008-ci ilin may ayından etibarən SOCAR Türkiyədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı altında fəaliyyət göstərir. “Petkim”in SOCAR tərəfindən özəlləşdirilməsindən sonra inteqrasiya layihəsi çərçivəsində bölgəyə ciddi investisiyalar qoyulmağa başlanılmışdır. Bunun nəticəsində insanların bir çoxu işlə təmin olunmuşdur. Bu investisiyalar dünyanın diqqətini Petkim yarımadasına yönəltmiş və dünya iqtisadiyyatında söz sahibi olan şirkətlərin Türkiyəyə marağını artırmışdır. Petkimlə “APM Terminals” şirkəti arasında imzalanan uzunmüddətli saziş buna parlaq misaldır. “Petkim”in yerləşdiyi Əliağa bölgəsində SOCAR-ın dəstəyi ilə tikilən texniki liseydə 300-ə yaxın tələbə təhsil alır və yaxın gələcəkdə onların hesabına “Petkim”də yüksəkkeyfiyyətli işçi qüvvəsinin sayı artacaqdır.

–      Türkiyədə STAR neft emalı zavodu layihəsinin reallaşdırılması istiqamətində görülən işlər hansı mərhələdədir? Qarşıda hansı vəzifələr durur? Layihənin hansı texniki-iqtisadi göstəriciləri birincidərəcəli əhəmiyyətə malikdir? Zavodun məhsulları hansı bazarlara çıxarılacaq? Xammal hansı mənbələrdən alınacaq?

–     İnteqrasiyanın mühüm hissəsi – STAR neft emalı zavodu layihəsinin reallaşdırılmasına indiyə kimi 200 milyon dollar vəsait xərclənib. 2012-ci ilin dekabrında Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan dövlətin strateji sərmayələrin təşviq edilməsinə dair ilk vəsiqəsini SOCAR-ın prezidenti Rövnəq Abdullayevə təqdim etmişdir. Növbəti 4 ildə maşın və avadanlıqların təchizatı, daşınması, quraşdırılması kimi prosesləri həyata keçirəcəyik və 2016-cı ilin sonuna kimi Türkiyənin yeni neft emalı zavodu istismara buraxılacaq. STAR zavodu Türkiyənin ticarət sahəsindəki defisiti 2,5 milyon dollar azaldacaq. Emal sayəsində Türkiyədə xam neftlə neft məhsulları arasındakı qiymət fərqi aradan qalxacaqdır. İldə 10 milyon ton neft emalı potensialına malik olacaq STAR zavodu dünyanın ən qabaqcıl emal texnologiyasına yiyələnəcək və ətraf mühitin qorunması standartlarına uyğun olacaqdır.  Zavodun tikintisində yan sənaye ilə birlikdə 10 min nəfər işlə təmin olunacaqdır. Zavod fəaliyyətə başladıqdan sonra isə təxminən 1000 nəfər daimi işlə təmin ediləcək. Burada müxtəlif neft markaları – “Ural”, “Azəri”, “Kərkük” neftini emal etmək üçün çevik istehsal prosesləri həyata keçiriləcəkdir. STAR zavodunda ildə 1 milyon 660 min ton nafta istehsal olunacaq ki, bu da “Petkim”in əsas xammalını təşkil edəcəkdir. Bu gün “Petkim” nafta tədarükünün 80%-ni idxal edir. STAR zavodu işə düşdükdən sonra onun xaricdən asılılığı qalmayacaqdır. Zavod, nafta ilə yanaşı, 5 milyon 950 min ton ultraaşağı kükürdlü motorin, 500 min ton aviasiya yanacağı,  500 min ton reformat, 630 min ton koks, 240 min ton maye qaz, 415 min ton qarışıq ksilen, 75 min ton olefinik maye qaz, 145 min ton kükürd istehsal ediləcək. 

–      Bölgəmizin və Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP layihəsinin reallaşdırılması hansı mərhələdədir?

–     SOCAR-ın Türkiyədəki irimiqyaslı investisiyalarından biri də Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) olacaqdır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 26-da TANAP ilə bağlı Hökumətlərarası sazişı imzalamışlar. Liderlər bu layihənin ölkələrimiz üçün strateji əhəmiyyətini xüsusi vurğulamışlar. TANAP “21-ci əsrin layihəsi” olacaq. Bu layihə hər iki ölkənin siyasi iradəsi ilə ərsəyə gəlmişdir və enerji tariximizdə bir inqilabdır. Layihə ölkələrimizin maliyyə və infrastruktur resursları hesabına həyata keçiriləcəkdir. TANAP layihəsinin texniki tərəfinə gəldikdə isə, bu boru kəməri Azərbaycan qazının Gürcüstandan keçərək, Türkiyə üzərindən nəqlini və satılmasını təmin edəcəkdir. Layihəyə yatırılacaq sərmayənin ümumi həcmi təxminən 7 milyard dollar təşkil edəcək. “Şahdəniz-2” konsorsiumu tərəfindən hasil olunacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri TANAP vasitəsilə Türkiyəyə veriləcək, 10 milyard kubmetri isə Bolqarıstan və ya Yunanıstan sərhədlərinə nəql olunaraq buradan Avropa Birliyinə ötürüləcəkdir. Türkiyədən keçən xəttin uzunluğu təxminən 2000 kilometr olacaq. Boru kəmərinə ilk qazın 2018-ci ildə vurulması gözlənilir. Kəmərin potensialının 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.

 

- Uğurlar arzulayırıq.