"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Hörmətli oxucular!

Deyəsən, jurnalımızın səhifələrində təqdim olunan rubrikalar, toxunulan problemlər sırasında ölkəmizdə, eləcə də keçmiş SSRİ-də neft sənayesinin inkişafına xidmət etmiş qadınlara layiqli yer ayırmağın vaxtı çatıb.  Neft hasilatının bütün inkişaf dövrlərində bu taleyüklü sahənin təşəkkülündə  analarımızın, bacılarımızın və qızlarımızın zərif çiyinlərinə düşən çətin vəzifələr onların əməyinin qiymətini daha da artırıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il qadınlarımızı 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edərkən böyük minnətdarlıq hissi ilə qeyd etdi ki: “Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır”. Möhtərəm Prezidentimiz bir daha bizə xatırladır ki, müasir qadının təyyarə sükanını əlində saxlaması, kosmik ənginlikləri fəth etməsi, diplomatik fəaliyyətlə məşğul olması, neft mədənlərinə və idarələrinə rəhbərlik etməsindən danışarkən bu yolun ilk cəsur yolçularını təkcə yad etməməli, həm də onların peşə və mənəvi təcrübəsindən ibrət götürməliyik

 




Neft komandiri

Bu gün Firuzə Kərimova haqqında söz açacağıq. Həmkarları onu sevə-sevə “Neft komandiri” adlandırırdılar. Görkəmli neftçi və ictimai xadim haqqında onun qızı – pedaqoq Rəbiyyə Sultanzadə danışır. Həqiqətən də asan olmayan dövrün ab-havası hopmuş xatirələr xırdalıqlarınacan onun yaddaşına həkk olunub...

 – Azərbaycan qadınlarının birinci qurultayına gedəndə anam çox cavan idi, amma artıq ərə getmişdi. İri, qara gözləri ilə diqqəti cəlb edən qızı o zaman Azərbaycan bolşeviklər partiyası Mərkəzi Komitəsinin birinci katibi S.Kirov səhnəyə çağırır və başından çadranı götürür. Yəqin ki, bu hərəkəti ilə presedent yaratmaq istəyən Kirov nümayişkaranə surətdə çadranı parça-parça edərək zala atır. Özünü itirən Firuzə utandığından qıpqırmızı olur. Təcrübəli Ayna Sultanova səhnədə başıaçıq dayanmış, həyəcanından nə edəcəyini bilməyərək qalın hörüklərini oynadan qızı sakitləşdirmək üçün deyir: “Bu cür gözəl üzü çadra altında gizlətmək olmaz”.  

Zalda eyforiya keçmişdi, qadınlar dağılmışdılar, anam isə hələ də ağlayırdı: “İndi Balaxanının küçələri ilə evə necə qayıdacağam?” Rəfiqələrini bu çətin vəziyyətdən çıxarmaq üçün qadınlar rəyasət heyətinin stolu üzərinə  çəkilmiş al qumaşı ağlamaqdan gözləri qızarmış Firuzənin başına örtürlər. Bilirdilər ki, heç bir qadın çadrasız küçəyə çıxmağa cürət etməz. Gənc həyat yoldaşı əsl mühafizəçi kimi onun yanında gedir və özünü elə göstərirdi ki, arvadının al rəngli şərflə başını örtməsinə adi hal kimi baxır.   

Anam danışırdı ki, qadın klubunun fəallarından olan Səriyyə Xəlilovanın öldürüldüyü günü yaxşı xatırlayır. İdman kostyumu geyindiyi üçün atası və qardaşı onu öldürmüşdülər. Həmin gün dəfn mərasimində bir çox qadınlar çadralarını ataraq əl-ələ irəliləyirdilər. Bu, qadın manifestasiyası idi, o zaman onlar bunun necə adlandığını bilmirdilər, sadəcə, qəlblərinin səsi ilə hərəkət edirdilər. Çadranın Azərbaycan qadınının həyatında əhəmiyyətini indi müəyyənləşdirmək çətindir. Bu həm müdafiə, həm də əsarət rəmzi idi. Eyni zamanda həm də adət idi. Amma bu, hamı üçün deyil, başqasının... bu halda ərinin iradəsinə tabe olmaq qisməti ilə barışmış qadınlar üçün belə idi. Fotoşəkillərdən görünür ki, ailəmizdə çadralı qadın olmayıb. Deməli, özəl həyatda çox şey ailə mühitindən, tərbiyədən asılıdır; məsələn, bizim ailədə  uşaqlara sərbəstlik verilirdi. Böyüklərin söhbətlərindən aydın olur ki, həyat paradokslarla dolu olub. Təsəvvür edin, imkanlı ailədən olan 14 yaşlı qız çadrasının altında Balaxanı mədənlərindəki fəhlələrə vərəqə daşıyıb – lap romantik macəra filmindən kadra bənzəyir! Hə, o zaman çox mürəkkəb dövr idi.       

Anam 1906-cı ildə Balaxanıda anadan olub. Onu Müsəlmanların savadlandırılması üzrə Bakı Cəmiyyətinin – “Nəşri-maarif”in Balaxanıdakı ibtidai qız məktəbinə göndərirlər. Bəzi qonşular qızın valideynlərini ölümlə hədələyir, qohumlar onu məktəbdən çıxarmağı tələb edirlər. Amma nə Firuzə, nə də ailəsi bu hücumların qarşısında boyun əymir. 1919-cu ildə o, məktəbi əla qiymətlərlə başa vurur. Əminəm ki, xarakterindəki əsas xüsusiyyətlər – inadcıllıq, çətinlikləri dəf etmək bacarığı və ən əsası – qeyri-adi sosial dinamizm də həmin illərdə formalaşıb. Onu da qeyd etmək lazımdır ki, onda bu sosial enerjini siyasi söhbətlər deyil, incəsənət doğurub.    

1919-cu ildə anam Fatma Maqsudovanın rəhbərlik etdiyi dram dərnəyinə üzv yazılıb. Tamaşalarda bütün rolları – həm qadın, həm kişi rollarını qızlar oynayırdılar. Anam “Arşın mal alan”, “Məşədi İbad” tamaşalarında oynayıb. Dərnəkdəki 15 rəfiqəsi kimi o da qadın hərəkatının fəal tərəfdarına çevrilib. Anam sonralar xatırlayırdı: “Gənclik illərimdəki rəfiqələrimin hamısı öz məqsədlərinə çatıb. Afidə Babayeva orta məktəbdə direktor, Firuzə İbrahimova və Bəri Gül mühəndis oldular. Bəhriyyə Qafarova “Nizami” kinoteatrının direktoru, Rəhimə Quliyeva – müəllimə, Səriyyə Axundova yazıçı idi”. Anam çox enerjili insan idi. O, təkcə biliyini, bacarığını deyil, maddi vəsaitini də başqaları ilə bölüşürdü. Valideynlərinin Balaxanıdakı evində bir çoxları sığınacaq tapmışdılar. Xeyriyyəçilik dəb deyildi, həyatın təbii prinsipi idi, anam da həyatı boyu bu prinsipə əməl edib.

Balaxanıda mədən çox idi, amma daş hasarla çevrələnmiş  ikimərtəbəli evlər də az deyildi, həyətlərdəki quyulardan neft çıxırdı. Danışırlar ki, 1918-ci ildə daşnaklar Bakıda qətliam törədərkən anamgilin ailəsi qaçaraq canlarını qurtarıblar, qiymətli əşyalarını isə boş quyuda gizlədiblər.   

Sovet hakimiyyəti gələndə babam əmlakının müsadirə olunmasını gözləməyib, Balaxanıdakı evini hökumətə təhvil verib. 1920-ci ildə Firuzə Kərimova anası ilə birlikdə həmin evdə “Körpə” adlı uşaq evi açıb. Anam xatırlayırdı ki, uşaq bağçası evin qonaq otağında yerləşirdi. Mavi rəngə boyanmış bu otaqda oyma kaşı sobalar düzəldilmiş,  döşəmədən tavanadək xalçalar asılmışdı. O, uşaqları sevirdi, körpələr də ona mehr salırdılar. O, uşaq bağçasında müəllimə olmaq qərarına gəlir. Bu arzusu onu əvvəlcə “Rabfak”a, sonra da Xalq Təhsili İnstitutuna aparır. Gündüzlər uşaqlara tərbiyə verir, axşamlar isə özü oxuyurdu.

Elçiliklə ərə getmək istəmirdi, sevib ailə qurmuşdu, özü kimi enerji dolu, şən bir adamla, onu anlayan, daim arxasında duran bir adamla. Atam Ağaxan Kərimov Lənkəran şəhərinin komendantı təyin olunanda gənc ailə İranla həmsərhəd bu cənub şəhərinə köçür. Burada qadının çadrasız küçəyə çıxması ədəbsizlik sayılırdı. Anam orada da qadınlarla işləməyi, onları maarifləndirməyi davam etdirir. Əri ilə birlikdə Azərbaycan və talış kəndlərini gəzir, bir dəfə isə yolu azaraq gəlib bir toy evinə çıxırlar. Anam burada da  qadınlara sərbəst həyatdan qorxmamağı, oxumağı tövsiyə edir, təbliğatından qalmır.  Qadın toyunun qonaqları anamın söhbətlərindən təəccüblənir, ona diqqətlə qulaq asır, bu qəribə qadının nə demək istədiyini anlamağa çalışırdılar. Vəziyyətin gərginləşdiyini görən qızlardan biri sakitcə onun qulağına pıçıldayır: “Bura İrandır, sözünü qurtar, çıx get. Yoxsa səni öldürəcəklər”.

Digər qabiliyyətli fəallarla birlikdə anamı da Zaqafqaziya Sənaye Akademiyasına təhsil almağa göndərirlər. 1932-ci ildə neftçi-mühəndis diplomunu alarkən o deyir: “Elə günlər var ki, unudulmazdır. Bu gün mənim üçün unudulmaz gündür. Bir zamanlar çadra örtürdüm. Bu gün isə mənə neft komandiri, təşkilatçı-mühəndis deyirlər”.

Amma mədəndəki kişilər Firuzəyə özünü qalib kimi hiss etməyə imkan vermirlər. Hətta bir dəfə başına mazut tökürlər və o, hörüklərini kəsməli olur.  İlk günlər o çox ağlayırdı. Fəhlələr açıq-aydın onun üzünə deyirdilər: “Qadınların burada nə işi var? Nefti sizsiz də çıxarırdıq, indi də çıxararıq. Sizin yeriniz ev, ailədir...” Hələ inqilabdan əvvəl təhsil almış baş mühəndis isə deyirdi: “Nədir, burada necə qarşılanmağın xoşuna gəlmir? Qadının öz yerini bilməməsi mənim də ürəyimcə deyil”. Əlbəttə, anam dərhal mühəndis vəzifəsini tuta bilərdi, axı o, Zaqafqaziya Sənaye Akademiyasını bitirmişdi, amma başqa cür hərəkət edir. Başa düşür ki, əsrlər boyu kök atmış xurafatı bir diplomla söküb atmaq mümkün deyil. O, buruqda dublyor kimi işə götürülməsini xahiş edir və heç bir işdən boyun qaçırmır. Gün gəlir, fəhlələr məğlubiyyətlərini etiraf edirlər: “Təslim oluruq, Firuzə xanım, sən qazandın...” O vaxtdan onu “neft komandiri” adlandırmağa başlayırlar. Rayon qazma idarələrindən birində əvvəlcə plan, sonra texniki şöbənin mühəndisi vəzifəsindən bu idarənin direktoru, daha sonra Leninneft və Buzovnaneft kimi iri trestlərin rəisi vəzifəsinə yüksəlir. Fədakar əməyi sayəsində bir sıra mükafatlara layiq görülür. Böyük səylər və həyəcanlar bahasına başa gəlmiş nailiyyətləri ona həyatda yerini tutmuş şəxsiyyətin məmnunluq hissini bəxş edir. Firuzə Kərimovanın əmək rəşadəti neft tarixinə əbədi yazılmış və vətənimizə şöhrət qazandırmışdır.