"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Dünyada tanınmış beynəlxalq enerji şirkətlərindən olan “Statoil” 36 ölkədə fəaliyyət göstərir və ofşor yataqlarının ən iri operatoru sayılır. Neft və qaz hasilatı sahəsində 40 illik təcrübəyə malik şirkət ən son texnologiyalardan və innovativ biznes həll yollarından geniş istifadə edir. Baş ofisi Norveçdə yerləşən “Statoil”  şirkətinin dünya üzrə 21.000-dən çox işçisi var.




Statoil

Dünyada tanınmış beynəlxalq enerji şirkətlərindən olan “Statoil” 36 ölkədə fəaliyyət göstərir və ofşor yataqlarının ən iri operatoru sayılır. Neft və qaz hasilatı sahəsində 40 illik təcrübəyə malik şirkət ən son texnologiyalardan və innovativ biznes həll yollarından geniş istifadə edir. Baş ofisi Norveçdə yerləşən “Statoil”  şirkətinin dünya üzrə 21.000-dən çox işçisi var.1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Statoil”  hazırda ölkədə ikinci ən böyük xarici investordur. Bu şirkət “Azəri–Çıraq–Günəşli” neft və “Şahdəniz” qaz yataqları, Bakı–Tbilisi–Ceyhan və Cənubi Qafqaz boru kəmərləri layihələrinin iştirakçısıdır. Hazırda Azərbaycandakı hasilatda şirkətin payı gündə 100.000 barrel neft ekvivalentinə bərabərdir.

“Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen “SOCAR+” jurnalına müsahibəsində ötən 20 ildə görülən işlərə yekun vurur və gələcək planlarını bölüşür:

- “Statoil” Azərbaycana 20 il bundan əvvəl gəlib. Ölkəmizlə əməkdaşlığın inkişafını və onun əsas mərhələlərini necə qiymətləndirirsiniz? Zəhmət olmasa, şirkətinizin cəlb olunduğu əsas layihələrdən danışın…

– “Statoil” 1992-ci ildə Azərbaycana gələndə ölkə çətin vəziyyətdə idi. Çox az sayda beynəlxalq şirkət Azərbaycanın potensialını görürdü və “Statoil”  onlardan biri idi. “Azəri–Çıraq–Günəşli” yataqlar bloku (“AÇG”) və müvafiq olaraq Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri “Statoil”  və Azərbaycan üçün ilk mühüm meqa-layihə oldu və biz 1994-cü ildə tərəfdaşlarımızla birgə “Əsrin müqaviləsi”ni imzaladıq. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi və Cənubi Qafqaz boru kəməri barədə razılıq əldə olundu. Növbəti mühüm layihə “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsidir. Biz Azərbaycanda “Zəfər–Məşəl” ofşor strukturlarında əlavə kəşfiyyat işlərində iştirak edəcəyik. Azərbaycan “Statoil”un beynəlxalq fəaliyyətində əsas yerlərdən birini tutur. Ötən 20 il ərzində “Statoil” Azərbaycanda tərəfdaşı olan SOCAR ilə çox məhsuldar əməkdaşlıq qurmuşdur. Əminik ki, şirkətlər arasında əlaqələr Azərbaycan və Norveç arasında dövlətlərarası əməkdaşlığın inkişafına da təkan verib. Keçmişə nəzər salaraq deyə bilərik ki, Azərbaycan “AÇG” və “Şahdəniz” layihələrini inkişaf etdirib, dünya bazarına neft və qaz ixrac etməyə başlayıb. Hazırda “Statoil” və tərfdaşlarının üzərində işlədiyi “Şahdəniz-2” layihəsi həyata keçirildikdən sonra Azərbaycan Avropanın əsas qaz tədarükçüsünə çevriləcəkdır. 

– Bu vaxtadək “Statoil” Azərbaycana nə qədər sərmayə yatırıb? Mövcud və gələcək layihələrə daha nə qədər investisiya qoyula bilər?

– “Statoil”  Azərbaycandakı layihələrə 6 milyard ABŞ dollarından çox vəsait qoyub. Bu il tərəfdaşlarımızla birlikdə “Şahdəniz-2” layihəsinə qoyulacaq sərmayə ilə bağlı yekun qərar qəbul edəcəyik. Bu, dünyada ən böyük ofşor layihələrindən biridir və Avropaya qaz nəqli sisteminə qoyduğumuz sərmayə ilə birlikdə “Şahdəniz-2” layihəsi yaxın 5–6 ildə “Statoil”un Azərbaycandakı investisiyalarını ikiqat artıracaqdır. Bu yaxınlarda Xəzər dənizində “Zəfər–Məşəl” strukturlarının işlənilməsi ilə bağlı SOCAR ilə memorandum imzalamışıq. Əgər bu strukturlarda kəşfiyyat işləri uğurlu olsa, “Statoil” yaxın on ildə Azərbaycana daha çox investisiya qoyacaqdır.  

– Cənab Sorensen, qeyd etdiyiniz kimi, şirkətiniz Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Zəfər–Məşəl” strukturlarında birgə kəşfiyyat və hasilat işlərinə dair SOCAR ilə memorandum imzalayıb. Bu layihədə iştirakınız hansı məntiqdən irəli gəlir? Planlaşdırdığınız investisiyalar haqqında da məlumat verməyinizi istərdik.

– Birincisi, “Zəfər–Məşəl” yatağında kəşfiyyat aparmağa ehtiyacımız var və burada yeni ehtiyatların tapılmasına ümid edirik. İnvestisiyaların həcmi barədə danışmaq isə hələ tezdir, çünki bu, tapacağımız neft və ya qazın həcmindən asılı olacaqdır. “Zəfər–Məşəl” strukturunda operatorluq üçün müraciətimiz isə Xəzərdə kəşf edilməmiş ehtiyatların olmasına əminliyimizdən irəli gəlir. “Statoil” Norveçdə, Tanzaniyada və Braziliyada böyük neft və qaz yataqları kəşf edib. İnanıram ki, eyni texnologiya və qabiliyyətimizi Xəzərdə də tətbiq etsək, mühüm kəşflər edə bilərik. 

– Bu gün “Statoil” Bakı–Tbilisi–Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri kimi böyük enerji nəqli layihələrinin iştirakçısıdır. Xəzər sahillərindən Avropaya karbohidrogen ehtiyatları daşımağı nəzərdə tutan yeni nəqliyyat layihələrində, xüsusilə TANAP, “Nabucco West” və digərlərində iştirak etmək niyyətiniz varmı?

– Bəli. Hazırda tərəfdaşlarımızla birlikdə bu layihələri nəzərdən keçiririk.

– Cənab Sorensen, sizin şirkətiniz sponsorluq fəaliyyətinə də cəlb olunub və  xüsusilə incəsənətin dəstəklənməsi və inkişafı ilə bağlı proqramlarda fəal iştirak edir. “Statoil”un fəaliyyətinin bu tərəfi haqda nə deyə bilərsiniz?

– Biz Azərbaycanda neft və qazın şərəfli tarixinin sənədləşdirilməsi və qorunub saxlanılmasına dair bir çox layihələrə cəlb olunmuşuq. Nobel neft sərgisi bütün dünyanı gəzərək Nobel qardaşları, onların neft sənayesinin inkişafında rolu barədə məlumat yayıb. Biz neftlə bağlı Azərbaycan sənət əsərlərinin toplandığı “İncəsənətdə neft” kitabının nəşrinə dəstək vermişik. Ötən il bizim dəstəyimizlə Bakının Müasir İncəsənət Muzeyində çağdaş Azərbaycan incəsənətinin 62 nümunəsi sərgilənib. Bu əsərlər “Statoil”un geniş sənət kolleksiyasından götürülüb. İncəsənətin insan şüuru üçün əhəmiyyəti böyükdür. İncəsənət düşüncə qabiliyyətini artırır, neft və qaz sənayesinin inkişafında isə bu xüsusiyyətin mühüm rolu vardır. Bizim bütün ofislərimizdə sənət əsərləri saxlanılır və mənə elə gəlir ki, ofislərimizdəki atmosfer əməkdaş və qonaqlarımızın çox xoşuna gəlir. Bu, “Statoil”un bir şirkət kimi inkişafına, eləcə də Azərbaycandakı fəaliyyətimizin genişlənməsinə kiçik, amma mühüm töhfədir.   

Müsahibəyə görə çox sağ olun!

Qeyd.

Lars Troen Sorensen “Statoil-Azərbaycan” şirkətinin prezidentidir. O, 2010-cu ildən bu vəzifədə çalışır. Cənab Sorensen Danimarkada doğulmuş, Kopenhagen Biznes Məktəbini bitrimişdir. “Statoil”da karyerasına xəzinədar kimi başlamışdır. Azərbaycana gəlməzdən əvvəl Lars Sorensen “Statoil ASA” şirkətində böyük vitse-prezident və investor əlaqələri departamentinin rəhbəri işləmişdir. Evlidir, üç övladı var. Ailəsi ilə birlikdə Bakıda yaşayır. 

“Statoil” haqqında məlumat:

Nəhəng beynəlxalq enerji şirkəti olan “Statoil” 36 ölkədə fəaliyyət göstərir. Şirkət Norveç kontinental şelfində neft və qaz hasilatı sahəsində 40 illik təcrübəsinə əsaslanaraq dünyanın enerjiyə olan tələbatını məsuliyyətlə, modern texnologiyalardan və qabaqcıl işgüzar həllərdən istifadə etməklə ödəməyi qarşısına məqsəd qoymuşdur.  Baş ofisi Norveçdə yerləşən “Statoil” şirkətinin dünya üzrə 21.000-dən çox işçisi vardır. Şirkət Nyu-York və Oslo fond birjalarının siyahısına daxildir. www.statoil.com saytında şirkət haqqında geniş məlumat əldə etmək olar