"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Neft sənayesinin XIX əsrin ikinci yarısından başlamış güclü inkişafı Rusiyanı qabaqcıl sənaye dövlətlərinin səviyyəsinə qaldırdı. İnqilabdan əvvəlki Rusiyada neft sənayesi digər sahələrlə müqayisədə daha çox inkişaf etmişdi.






DƏNİZ BUXTASININ QURUDULMASI İŞİNİN PİONERİ

Hazırda neft və qaz sənayesində geniş tətbiq olunan bir çox texnoloji proseslərin, maşın və mexanizmlərin, eləcə də neft və qazla bağlı elmlərin əsası o dövrün görkəmli alim, ixtiraçı və mühəndislərinin istedadı sayəsində meydana çıxmışdır. Onlar geoloji-kəşfiyyat və axtarış işləri, neft-qaz yataqlarının işlənilməsi, neft və qaz quyularının qazılması və istismarı üçün texniki cəhətdən mükəmməl, iqtisadi cəhətdən rasional olan orijinal metodlar işləyib hazırlamış, neftin dərin emalı, neft-kimya istehsalı, neft və qaz kəmərlərinin çəkilməsi ilə bağlı texnoloji proseslərin əsasını qoymuşlar. Bu yeniliklərin bir çoxunun texnoloji baxımdan dünya neft-qaz əməliyyatları sahəsində analoqu yox idi. Belə texniki həll yollarından biri də Bakıda Bibiheybət körfəzinin qurudulması yolu ilə süni materikin yaradılması və Xəzər dənizinin sahil zolağının neft hasilatı rayonuna çevrilməsi olmuşdur.  

Abşeron yarımadasının neftlə zəngin olması çoxdan məlum idi. XIX əsrin 20-ci illərində dənizdə – Bibiheybət sahillərindən 18–20 metr aralıda neft quyuları qazılmışdı. Eduard Eyhvald (şəkil 1) 1834-cü ildə bu barədə yazırdı: “Orta Şah zolağında (Naftalan burnu, Bibiheybət) yerləşən 22 quyudan yaşıl rəngli maye – neft çıxarılır. Quyulardan biri sahildən 9 sajen aralıda dənizdə yerləşir. Quyunun dərinliyi 1 sajendir, gündəlik hasilat isə 25 puddur. Ümumiyyətlə, dənizdə neft mənbəyi çoxdur”.

1848-ci ilin martında akademik Q.V.Abix (şəkil 2) yazırdı: “Bir neçə gün əvvəl Bakı körfəzində böyük qaz mənbələri aşkar etmişəm. Yanar qaz bu mənbələrdən elə çox və elə bir güclə çıxır ki, qayıq onların yaxınlığında zorla davam gətirir. Qaz üç sajen dərinlikdən çıxır və sakit havada dənizin səthində alovlanır... Yalnız güclü külək belə alovu söndürə bilər”. 

1901-ci ildə Bibiheybət buxtasının böyük hissəsini, təxminən 300 desyatin sahəni, yəni Bayıl və Şıx burunlarını birləşdirən xətdən qərbə doğru uzanan bütün su ərazisini torpaqla doldurmaq qərara alındı. 1906-cı ilin mayında buxtanın doldurulması üzrə layihə və smetanın hazırlanması üçün beynəlxalq müsabiqə elan edildi. 1906-cı il noyabrın 20-də Bibiheybət buxtasının doldurulması üzrə İcraçı Komitəyə 16 müsabiqə layihəsi daxil olmuşdu: onların 5-i Almaniyadan, 3-ü Fransadan, 4-ü Bakıdan, 4-ü isə Rusiyanın müxtəlif şəhərlərindən göndərilmişdi.

1907-ci il yanvarın 30-da münsiflər heyəti fransalı mühəndis K.Şiyezin layihəsini 5000 rubl məbləğində üçüncü mükafata layiq gördü, digər layihələr isə geri qaytarıldı. Komitə texniki şöbənin rəhbəri mühəndis M.M.Filippova digər şəxslərlə birlikdə öz layihələrini işləyib hazırlamağı tapşırdı və 1907-ci il avqustun 3-də həmin layihə hazır oldu. 

Buxtanın doldurulması işinə başlanılması 1908-ci ilin mayında elan edilsə də, işlər faktiki olaraq 1909-cu ildə başlamışdı. İş çox pis təşkil olunmuşdu, kustar üsulla aparılır və ləng gedirdi. 1910-cu ildə Bakı neft sənayeçiləri Bibiheybət buxtasının doldurulmasına rəhbərlik etmək üçün bu sahənin mahir bilicisi sayılan Pavel Nikolayeviç Pototskini dəvət etdilər. O, təklifi qəbul etdi və dərhal Xersondan Bakıya gəlməyə razı oldu, axı bu vaxtadək hələ heç yerdə tamsulu dəniz körfəzi qurudulmamışdı. 

Pavel Nikolayeviç Pototski 1879-cu ildə Peterburqda köklü bir zadəgan ailəsində doğulmuşdu. Atası – piyada qoşunları (infanteriya) generalı – Mixaylovsk Akademiyasının professoru idi. O, oğlunu hərbçi görmək istəyirdi və bu məqsədlə də onu Paj korpusuna vermişdi. Amma gənc Pavel mühəndis olmağı arzulayırdı. O, Paj korpusundan Yol və Rabitə İnstitutuna keçdi və 1901-ci ildə bu institutu bitirdikdən sonra Hollandiyaya gedərək orada oxudu. Hollandiyadan qayıtdıqdan sonra isə P.N.Pototski Xersonda Dnepr çayının mənsəbində kanal tikintisində işləməyə başladı.

Xersonda belə bir hadisə olmuşdu. Pototski hazır və təsdiqlənmiş layihəni icra etmək əvəzinə, öz layihəsini irəli sürmüş, buna görə də işləri nəzərdə tutulan vaxtdan iki dəfə tez başa vurmaq mümkün olmuşdu. Bu kanal indi də qalır. Əlverişli havada bəndin divarı üzərində daşdan hörülmüş sözlər aydın oxunur: “POTOTSKİ. Liman fəhlələri onu unutmayıblar”.

Pototski Bakıda da təşəbbüskarlığından qalmırdı. Onun  təkidi ilə 1910-cu ildə Sormovo zavoduna yerqazan maşınlar sifariş verildi, 1916-cı ildə Bakıya göndərildi. “Karvan iki güclü torpaqsoran maşından, 6 buksir paroxodundan, tutumu 1100 kubmetr olan 10 barjdan, 2 ponton və digər obyektlərdən ibarət idi”.

Buxtanın doldurulması üçün lazım olan qruntu dənizin dibindən çıxarırdılar, sahilin möhkəmləndirilməsi və şimal bəndinin tikintisində isə Şıx burnunda və Nargin adasında   çıxarılan yerli daşlardan istifadə olunurdu.  

“Layihəyə görə, Xəzər dənizi səviyyəsindən 0,8 sajen hündürlükdə yaradılacaq torpaq örtüyünün həcmi köndələn profillər üzrə aparılmış dəqiq hesablamalar nəticəsində 1.520.000 kub sajen həddində müəyyənləşdirilmişdi”.  

Amma karvan işə başlamağa macal tapmamış hərbi məqsədlər üçün Baltik sahillərinə göndərildi. 1918-ci ilədək akvatoriyanın yalnız 193 hektar sahəsi doldurulmuşdu. Vətəndaş müharibəsi dövründə işlər daha da çətinləşdi.

1919-cu ilin avqustunda Pototskinin bir gözü tutuldu, sonra ikinci gözündə problemlər yarandı.  1920-ci ilin iyununda o, görmə qabiliyyətini 90% itirmiş ikinci gözünü müalicə etdirmək üçün Moskvaya getdi. “Görmə sinirinin atrofiyası. Xəstəlik əlacsızdır – məşhur həkimlərdən birinin çıxardığı hökm belə idi”. Üç aydan sonra Pototski Bakıya qayıtdı.

Kor olmuş Pototski nə edəcəyini bilmirdi. Onun 41 yaşı vardı və fəaliyyətinin çiçəklənən dövründə işsiz-gücsüz evdə oturmağı bacarmazdı.

Pototski və həyat yoldaşı Nadejda Anatolyevna Bakının Böyük Minarə küçəsindəki 23 saylı evdə yaşayırdılar. “Evin qarşısında işçi kooperativi açılmışdı. Onlara hesabdar lazım idi. Beləliklə, dünya şöhrətli mühəndis mağazaya işə düzəlir və hesablarla məşğul olmağa başlayır”.

Amma Bakı neftçiləri Pototskini unutmurlar. Bibiheybət buxtasında işlərin davam etdirilməsi haqda qərar çıxarılanda əvvəlcə respublika partiya komitəsinin birinci katibi S.M.Kirov (1886–1934), sonra da Azneftin sədri A.P.Serebrovski (1884–1938) bu işə rəhbərliyi üzərinə götürməyi Pototskiyə təklif etdilər. Azərbaycan sovetləşdiriləndən sonra inqilabdan əvvəlki mühəndislərin əksəriyyəti yeni hökumətlə əməkdaşlıq etməyə dərhal razı olmurdu. Neftçi həyatından uzaq düşmüş kor mühəndis əvvəlcə tərəddüd keçirdi, amma Azneftin ovaxtkı texniki direktoru F.A.Rüstəmbəyovla söhbətindən sonra Pavel Nikolayeviç razılaşdı: Rüstəmbəyov ona dəniz neft yataqlarının mənimsənilməsi ilə bağlı möhtəşəm planlardan danışmışdı.  

Görmə qabiliyyətini itirməsinə baxmayaraq, tezliklə Pototski Bibiheybət körfəzinin “Parç” adlandırılan qapalı hissəsinin şimal tərəfində, suyun altında qalmış sahənin qurudulmasına dair gözəl bir layihə hazırladı. İşsizlikdən pas atmış yerqazan maşınları tez bir zamanda təmir etmək mümkün deyildi, başqa mexanizm də yox idi. Onda Pototski belə bir çıxış yolu təklif etdi: “Parç”ın qapılarında ikiqat taxta şpunt tağ və gil ilə örtülmüş daş sədlərdən ibarət sukeçirməyən bənd tikmək, sonra isə suyu çıxararaq bu balaca buxtanı qurutmaq. Üzən kranlar və kran-gəmilər olmadığından Pototskinın göstərişi ilə səddin çəkilişi zamanı daşların qaldırılması üçün üç taxta kran quraşdırıldı; bu kranlar sonradan buxtanın cənub bəndinin tikintisində də istifadə olunmuşdu. Bir neçə qrunt yol, dar bir dəmiryol xətti çəkildi – çünki gələcək quru sahəsinin hər hektarına 65.000 kubmetr qrunt tökmək lazım idi. O, bütün rəqəmləri və məlumatları yadda saxlamalı, əzbər bilməli idi.

1930-cu ilin mənbələrindən oxuyuruq: “1928-ci ilin sonuna doğru qurudulmuş ərazi hesabına İliç mədəninə 20 hektara yaxın yeni sahə əlavə olundu. Bu sahədə hazırda gündəlik hasilatı 510 ton olan 28 buruq fəaliyyət göstərir”. Geoloq Qolubyatnikov 1922-ci ilin payızında Bakı neft mədənlərinin tədqiqinə dair materiallarda Pototski haqqında yazırdı: “Buxtanın doldurulmasına görə minnətdar olduğumuz  bu istedadlı mühəndis görmə qabiliyyətini əqli qüvvəsinin çiçəklənən dövründə itirmişdir. Ümid etmək lazımdır ki, Azneft bu əməkçini təmin etmək üçün imkan tapacaq, onu da nəzərə almaq lazımdır ki, “neftxudalar” buxtanın doldurulması istiqamətində gördüyü nəhəng işlərə görə ona pul verməmişlər”.    

Bibiheybət buxtasının, o cümlədən “Parç”ın doldurulmasının birinci mərhələsi müvəffəqiyyətlə başa çatdıqdan sonra Pototski ikinci layihəni işləyib hazırlayır: bu layihə daha 79 hektar sahənin doldurulmasını nəzərdə tuturdu. Həmin illərdə Maksim Qorki yazırdı: “...Biz Bibiheybətdə, insanların neftli torpaqları sudan azad etmək üçün dənizin bir parçasını kəsib ayırdıqları yerdəyik... Güclü nasoslar insanların cəsarətindən təlatümə gəlmiş dənizin bulanıq yaşıl rəngli suyunu vurub çıxarır... Heç də poetik olmayan bu səs-küyün içində gərək ki soyadı Pototski olan bir əfsanəvi mühəndis haqqında danışırlar. O, tamamilə kor olub, ancaq Bibiheybəti elə yaxşı tanıyır ki, xəritədə işlərin getdiyi yerləri və yeni işlərin başlanılmalı olduğu nöqtələri yanılmadan göstərir”.

İkinci layihə müəllifin ölümündən az əvvəl həyata keçirildi. Beləliklə, 1933-cü ilin əvvəlində Pototskinin layihəsi ilə dəniz körfəzinin torpaqla doldurulmuş və neft quyularının qazılmasına hazır olan hissəsi 100 hektara çatdırıldı. 1910-cu ildən başlayaraq Bibiheybət buxtasının qurudulmuş ümumi sahəsi 300 hektar təşkil edirdi. Pavel Nikolayeviç 20 ildən artıq bir müddətdə unikal tikintiyə rəhbərlik etmiş, bunun 10 ilini görmə qabiliyyətindən məhrum şəkildə işləmişdi. Bu ecazkar adamda nadir keyfiyyətlər toplanmışdı: o, məqsədyönlü idi, dərin biliklərə, fenomenal yaddaşa, təşkilatçılıq qabiliyyətinə malikiydi, özünə və tabeliyində olan adamlara qarşı çox tələbkar idi. 

Neftçilər Pototskini “Komandarm” adlandırırdılar. 1929-cu ildə Pototski ən yaxşı tikintiyə görə SSRİ Ali Xalq Təsərrüfatı Sovetinin 1-ci mükafatına layiq görüldü, 1931-ci ildə isə Azərbaycanın ilk neftçiləri sırasında Lenin ordeni ilə təltif olundu.

Pavel Nikolayeviç Pototski 1932-ci il martın 15-də Bakıda vəfat etmişdir. Vəsiyyətinə görə, onu Bibiheybətdə dənizin kənarında, mənalı ömrünün son günlərinədək işlədiyi yerdə dəfn etmişlər.