"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Dənizdə neft hasilatının pioneri – Neft Daşları, sadəcə, açıq dənizdə kilometrlərlə uzanan estakadalar demək deyil. Neft Daşları SSRİ miqyasında neft hasilatını kəskin artırmış və müharibədən sonrakı dövrdə dağılmış şəhərlərin bərpasını sürətləndirmiş əfsanədir. O, Qara Qarayevin “İgidlik nəğməsi”ndə, Rəşid Behbudovun yaratdığı neftçi obrazında, Tahir Salahovun monumental əsərlərində tərənnüm olunmuşdur. Neft Daşları dünyada ilk elmi-texniki laboratoriya, SSRİ-dən, Varşava müqaviləsi ölkələrindən, Vyetnamdan, hətta Meksikadan olan minlərcə mühəndisin dənizin dibindən neft çıxarmağı öyrəndiyi akademiyadır. Uzunluğu 180 kilometr olan bu süni ada artıq yarım əsrdən çoxdur Bakının simvolu, II Dünya müharibəsindən sonra SSRİ-nın bərpasında göstərdiyi xidmətlərin canlı abidəsidir.







Neft Daşları

Dənizdə neft hasilatının pioneri – Neft Daşları, sadəcə, açıq dənizdə kilometrlərlə uzanan estakadalar demək deyil. Neft Daşları SSRİ miqyasında neft hasilatını kəskin artırmış və müharibədən sonrakı dövrdə dağılmış şəhərlərin bərpasını sürətləndirmiş əfsanədir. O, Qara Qarayevin “İgidlik nəğməsi”ndə, Rəşid Behbudovun yaratdığı neftçi obrazında, Tahir Salahovun monumental əsərlərində tərənnüm olunmuşdur. Neft Daşları dünyada ilk elmi-texniki laboratoriya, SSRİ-dən, Varşava müqaviləsi ölkələrindən, Vyetnamdan, hətta Meksikadan olan minlərcə mühəndisin dənizin dibindən neft çıxarmağı öyrəndiyi akademiyadır. Uzunluğu 180 kilometr olan bu süni ada artıq yarım əsrdən çoxdur Bakının simvolu, II Dünya müharibəsindən sonra SSRİ-nın bərpasında göstərdiyi xidmətlərin canlı abidəsidir.

Bakıda dəniz neftçisi nəsildən-nəslə keçən peşə sayılır. Bəs bütün bunlar necə başlamışdır?.. “Oqonyok” jurnalının 1957-ci il sayındakı “Dəniz neft mədəninin pionerləri” məqaləsində oxuyuruq: “Azərbaycanda günəşin doğmasını ilk izləyənlər “Neft Daşları”nda işləyən fəhlələrdir. Xəzər sahilindən uzaqda yaradılmış qeyr-adi metal ada haqqında az kitab yazılmayıb. Bu yaxınlarda Bakı kinostudiyasının istehsalı olan “Qara daşlar” filmi ekranlara çıxıb. Azərbaycanda hasil olunan neftin üçdəbir hissəsi bu gün “Neft Daşları”nda çıxarılır. Bu, 120 kilometrlik metal estakadalar və ikimərtəbəli möhkəm evlərin tikildiyi küçələrdır. Bu, gənc, hər şeylə maraqlanan, dənizdə heç də asan olmayan neft hasilatının sirlərinə yiyələnən insanların şəhəridir”.      

Neft Daşlarının tarixi kökləri

Görkəmli mühəndis Fətulla bəy Rüstəmbəyov (1867–1946) 1934-cü ildə “Azərbaycanın neft təsərrüfatı” jurnalında dərc etdirdiyi silsilə məqalələrdə sualtı neft yataqlarının kəşfiyyatının, Xəzərdə qazma işlərinin və neft quyularının tikilməsinin nəzəriyyə və praktikasını izah etmişdi. O, Xəzər dənizində 6 potensial perspektiv şelf sahəsinin olduğunu göstərmişdi. Neft Daşlarının yaradılması layihəsinin əsasında da elə bu tədqiqatlar durmuşdu. 1945-ci ildə mühəndislər A.Orucov və Y.Səfərov dəniz mədənində sökülüb-yığılan boru konstruksiyasından istifadə üsulunu təklif etdilər. Bu konstruksiya istənilən hava şəraitində buruğun özülünü tez quraşdırmağa imkan verirdi. 1947-ci ildə bir qrup bakılı mühəndis dəniz buruqlarının estakada üsulu ilə tikintisi layihəsini işləyib hazırladı. Estakadanın dəniz səviyyəsindən hündürlüyü 5–7 metr, işlək hissənin eni isə 3,5 metr idi. Estakadalar sayəsində dənizi 40 metr dərinliyədək fəth etmək mümkün oldu. Neft Daşları rayonunda dənizin dərinliyi 10–25 metr civarındadır, neft yataqlarının bir hissəsi isə 60 metr dərinliyə qədər gedib çıxır. Geoloji şəkillərin, sınaq qazma işlərinin, seysmik kəşfiyyatın və qazma kəşfiyyatının köməyi ilə neft axtarışı 1949-cu ildə başlamış və 1951-ci ilədək fəal şəkildə davam etdirilmişdir. “Neft Daşları” yatağının kəşfi və mənimsənilməsində geoloq Fuad Səmədovun böyük xidmətləri vardır. Bir sıra alimlər, neftçilər və geoloqlar, o cümlədən F.Səmədov da Neft Daşlarının fəthinə görə sonralar Lenin mükafatına layiq görülmüşlər.  

1949-cu ildə Xəzərdə estakadaların tikintisinə başlanılır. F.Rüstəmbəyovun yazdığı kimi, dəniz neft yataqlarının qazma üsulu bir neçə maili quyunun eyni əsasdan qazılması zamanı daha əlverişli görünürdü. Artıq 1950-ci ildə Xəzərin neft yataqlarındakı hasilatın xüsusi çəkisi ümumi hasilatın 10,6%-ni təşkil edirdi. İlk fontan 1949-cu ilin noyabrında 1 saylı axtarış quyusunda vurdu. Onun debiti sutkada 100 ton idi. Bu, ümumittifaq miqyaslı hadisə idi. Neft Daşlarında intensiv iş 1950-ci ildən başlamış və artıq növbəti ilin fevralında neftlə dolu ilk tanker Bakıya yola salınmışdı.  

Neft hasilatı 1967-ci ilədək durmadan artırdı. Həmin dövrdə 769 hasilat və 116 su quyusunda iş aparılırdı. 70-ci illərin ortalarına doğru 115 milyon ton neft hasil edilmişdi ki, bunun da 87%-i fontan üsulu ilə çıxarılmışdı. Neft Daşları dünyanın hasilatçı ölkələri üçün dəniz neft yataqlarının mənimsənilməsində örnək olmuşdur. Buradakı təcrübədən onlarca ölkədə istifadə edilmiş, “Neft Daşları” dəniz qazma nəzəriyyəsi və praktikasının inkişafında güclü katalizator rolunu oynamışdır.

1951-ci ildən 1980-ci illərə qədər estakadaların ümumi uzunluğu 180 km-dək artmışdır. İndi Neft Daşları dənizin qoynunda yaşayış fondu, nəqliyyat və kommunikasiya sistemi ildən-ilə genişlənən bir şəhərdir. Artıq 63 yaşı olan Neft Daşları bu gün də memarların və inşaatçıların maraqla öyrəndiyi  süni adalar modelidir. Venesiyanın italyan bərpaçılarının Neft Daşlarına göstərdiyi maraq təbiidir. Məşhur arxitektor Luçano Bensi Bakıya səfəri zamanı bundan bəhs etmişdi. Dəniz mədəni kimi vəzifəsini başa çatdırdıqdan sonra Neft Daşlarını dəniz sağlamlıq kurortu və turizm mərkəzi kimi parlaq gələcək gözləyir.