"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Tahirə Əkbər qızı Tahirovanın hökumət pillələrində zəfər yürüşü həqiqətən də tələbəlik illərində başlamışdır.




Neftçi və nazir Tahirə Tahirova

1929-cu ildə Bakı fəhlə fakültəsində təhsilini başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsinə daxil olmuş və 1935-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 

Təhsilini aspiranturada davam etdirən, eyni zamanda da bitirdiyi institutun kafedralarından birində assistent işləyən Tahirə Tahirova tələbələrlə məşğələlər aparırdı. 1936-cı ildə Sovet İttifaqı rəhbərliyi ilə görüşmüş nümayəndə heyətinin tərkibində olarkən o, sovet hakimiyyətinin azad etdiyi məzlum Azərbaycan qadınına qətiyyən bənzəmirdi...

23 yaşlı qız həmin günlərdə ümum---ittifaq ağsaqqalı M.İ.Kalinindən bir-birinin ardınca üç ordeni qürur və özünə əminlik hissi ilə almışdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti neft ixtisası üzrə ali təhsil almış, elmi fəaliyyətə və müəllimliyə maraq göstərən ilk Azərbaycan qadınının xidmətlərini əsaslı hesab edərək 1936-cı il dekabrın 1-də onu Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və “Şərəf nişanı” ordeni ilə təltif etmişdi. O zaman Azərbaycan nümayəndə heyəti Stalin və komandası ilə birlikdə şəkil çəkdirmək iltifatına layiq görülmüşdü. 

Bu gün həmin şəklə baxanda ağıllı, iradəli simasında şəxsi ləyaqət hissi həkk olunmuş bu qızın öz ölkəsində hökumət strukturlarına doğru uzun və əzablı yol keçdiyinin və xalqına vicdanla xidmət etdiyinin bir daha şahidi olursan. 

O, adi bir yol keçməyib, vəzifə kürsülərini özünü göstərmək üçün verilmiş bir imkan kimi qəbul etməyib. Tahirə xanımın əmək siyahısı və hətta ən yüksək vəzifələri belə necə qəbul etməsi və üzərinə qoyulan vəzifələri necə yerinə yetirməsi barədə saysız-hesabsız dəlillər bunu sübut edir... 

Təcrübəli kişi mütəxəssilərin arasından elmi-tədqiqat institutunun direktoru seçilməsi üçün 27 yaşlı aspirant qız görəsən hansı biliklərə və təşkilatçılıq qabiliyyətinə malik olmalı idi? Böyük Vətən müharibəsi başlananda onu partiyanın Mərkəzi Komitəsinə neft şöbəsi müdirinin müavini vəzifəsinə dəvət edirlər, sonra isə o, Azərbaycan KP MK-nın neft üzrə katibinin müavini seçilir. Bu hadisə 1942-ci ildə “qara qızıl”ın və onun əsas tədarükçüsü olan Bakının böyük müharibədə strateji rol oynadığı bir dövrdə baş verir. Bu, quru ərazilərdə neft istehsalının zirvəyə çatdığı, yəni Tahirə Tahirovanın neft işi ilə məşğul olduğu dövr idi...

O günlərdə Tahirə xanım tələbə yoldaşı, geoloq Abdulla Bayramovla ailə qurmuşdu. 1940-cı ildə gənc ailənin qızı Elvira, 1941-ci ildə isə oğlu Rauf dünyaya gəlir. Amma Vətənin onun biliyinə və bacarığına ehtiyacı olduğu bir vaxtda ona ailə vəziyyəinə görə işdən ayrılmasına icazə verməzdilər! Allaha şükürlər olsun ki, anası Sürəyya xanım həmin günlərdə köməyinə gəlir və uşaqların qayğısını öz üzərinə götürür... Bəs özü!.. Deyirlər ki, o, evə gecəyarı gəlir, ayaqüstü yemək yeyir, iki saat mürgüləyəndən sonra yenidən işə qayıdırmış. Onun ekstremal hallarda həll etdiyi problemlərin sayı-hesabı yox idi. O günlərin gərginliyini təsəvvür etmək üçün həmin vaxtlar respublikaya bir çox vəzifəli şəxslərin qorxduğu Mircəfər Bağırovun rəhbərlik etdiyini xatırlamaq kifayətdir. Amma Tahirə xanım ondan qorxmurdu, çünki işində heç vaxt xətalara yol vermirdi. O, işini bilirdi, neft mədənləri, onların hər birinin vəziyyəti onun üçün açıq kitab idi. Axı hələ bu yaxınlarda maili qazmanın yeni üsullarını işləyib hazırlamış, hər bir quyunun iş effektivliyini və neft cəbhəsində vəziyyəti müəyyənləşdirən bir çox digər amilləri də hesablamışdı. O, vəhşi istismara yol verilməməsinin qayğısına qalır, bədxərclik və təsərrüfatsızlığın qarşısını almaq üşün yeni nəql üsulları tətbiq edirdi. 

Tahirə xanımı tanıyanlar onun qüsursuz ziyasına bələd idilər – o hətta günahı olanlara belə heç vaxt səsini qaldırmırdı, həmişə sakit və qətiyyətli idi, tabeliyində olan işçilərə əsaslı tapşırıqlar veriridi...

Təəccüblü deyil ki, sərt rəhbərlər belə onun qarşısında hisslərini cilovlayırdlar. Təkcə ona görə yox ki o, qadın idi. Onlar bu vicdanlı, məsuliyyətli və işini məftunluqla yerinə yetirən mütəxəssisə bir şəxsiyyət kimi hörmət edirdilər. 

Gənc, enerji dolu, savadlı Azərbaycan qadını olan Tahirə xanım rəhbər vəzifələrə irəli çəkildikdə belə elmi fəaliyyətdən kənarda qalmamışdı. O, Azərbaycan Sənaye İnstitutunda saat hesabı ilə dərs deyir, mühazirələr oxuyur, aspirantlarla məşğul olur, mədənlərdəki vəziyyəti diqqətlə izləyir və 1953-cü ildə müdafiə etdiyi dissertasiyası üzrə tədqiqat işı aparırdı. 

O, çiyinlərində çox ağır yük daşıyırdı, bir-birinin ardınca ən məsul və əziyyətli vəzifələri tutmuşdu – MK-da işlədikdən sonra Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan Həmkarlar İttifaqının sədri seçilmişdi...

1957-ci ildə Tahirə xanım Azərbaycan SSR Nazirlər Soveti yanında Elm və Texnika üzrə Dövlət Komitəsinin sədri işləyərkən respublikanın xarici işlər naziri vəzifəsinə də təyin olunmuşdu. O, eyni zamanda nazir vəzifəsini və Nazirlər Soveti yanında Elmi-Tədqiqat İşlərinin Əlaqələndirilməsi üzrə Dövlət Komitəsinin sədri səlahiyyətlərini yerinə yetirirdi. Sonra 1968-ci ilədək Nazirlər Soveti sədrinin müavini vəzifəsində elm və mədəniyyət məsələlərinə rəhbərlik etmiş, 1968-ci ildən 1984-cü ilədək digər vəzifələrin yükündən azad olaraq özünü bütünlüklə Azərbaycan SSR xarici işlər naziri vəzifəsindəki işinə həsr etmiş və 71 yaşında təqaüdə çıxmışdır.