"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycan paytaxtındakı neft mədənlərindən birində neftçilərin şərəfinə heykəltəraşlıq kompozisiyası yaratmaq ideyası şəhər ictimaiyyətini çoxdan düşündürürdü.




Qüdrətli neftçi əlləri

Ötən əsrin 70-ci illərinin ortalarında mütəxəssislər bu ideyanı həyata keçirməyə başlayanda abidənin harada ucaldılması məsələsi sual doğurmadı. Əlbəttə ki, o, Bibiheybət qəsəbəsində, ilk neft mədənlərindən birində yerləşməliydi. Hələ lap qədimdə bu diyara səyahət etmiş tarixçi Strabon burada yerin altından alov püskürdüyünü yazırdı. 

Kompozisiyanın zahiri görünüşü və “məzmunu” isə başqa bir mövzudur. Burada fikirlər üst-üstə düşmürdü, ona görə də təkcə respublikanın ən istedadlı heykəltəraş və memarları deyil, Azərbaycan Rəssamlar İttifaqı Bədii Fondunun nəzdində yaradılmış xüsusi şuranın üzvləri də böyük şövq və həyəcanla bu məsələ ilə məşğul olmağa başladılar. Şura abidənin təklif olunan bütün variant və parametrlərini ən yüksək səviyyədə, əsaslı şəkildə, xırdalıqları və tam təfsilatı ilə birlikdə nəzərdən keçirir və onların arasından ən layiqlisini seçməyə çalışırdı. Aydın məsələdir! Müəlliflər abidənin estetik və bədii xüsusiyyətlərinə böyük əhəmiyyət verir, onun güclü təsir qüvvəsinə malik olması və əlbəttə ki, ilk növbədə nəsillərin əsl xalq qəhrəmanlarına – neftçilərə sonsuz minnətdarlığını, neftçi əməyinin böyük mənasını ifadə etməsi üçün əllərindən gələni əsirgəmirdilər. 

Memar Aqil Əhmədzadə danışır ki, uzunsürən müzakirələrdən sonra xalq rəssamı Siruz Mirzəzadə, Arif Məhərrəmov və Rəşid Heydərzadənin təklif etdiyi variant bəyənildi. Onların ideyasına görə, “qara qızıl” hasilatçılarının ümumiləşdirilmiş obrazı ovcuna neft götürmüş qüdrətli neftçi əlləri şəklində təsvir olunmalı, fədakar əməyinin, qəhrəmanlıq və şücaətinin nəticəsi ilə fəxr edən neftçinin qürur rəmzinə çevrilməli idi. O qüdrətli əllərin barmaqları arasından xəsisliklə sızan bir damcı neft bu əvəzsiz sərvətin qöz bəbəyi kimi qorunduğunu, onu əhatə edən alov dilləri isə bu yerlərdə neftlə birlikdə qazın da çıxdığını rəmzləşdirir. 

Bütün tikinti və montaj işlərini istiqamətləndirmək şərəfi memar Vaqif Əmikişiyevə nəsib oldu. Ustalıqla hazırlanmış layihənin sənədləşdirilməsinin ardınca metal və betondan, müxtəlif bəzək materiallarından böyük bədii və mənəvi əhəmiyyətə malik bir abidə ucaltmaq çətin vəzifə idi. Bu möhtəşəm sənət əsərinin yaradıcılarından materiallardan ustalıqla istifadə etmək, bir-biri ilə qətiyyən əlaqəsi olmayan prosesləri məharətlə uzlaşdırmaq bacarığı tələb edilirdi. Səylə işlənmiş mühəndis hesablamaları və cizgiləri əsasında saysız-hesabsız metal konstruksiyaların hazırlanması Gəmi Təmiri Zavodunun ən yaxşı ustalarına həvalə olundu. Onlar müəssisənin rəhbəri Söhrab Salmanovun rəhbərliyi ilə bu ağır işi elə yerinə yetirdilər ki, hissələri bir-birinə birləşdirən mütəxəssislər hər hansı bir gözlənilməz problemlə üzləşmədilər. 

Bu incə işin çətin anları çox olub – karkasın quraşdırılması, beton blokların tökülməsi, qeyri-standart konstruksiyaların mənzilbaşına çatdırılması və qaynaq edilməsi, xırda detalların yerinə taxılması və möhkəmləndirilməsi...

Abidənin ən mənzərəli, təəssüratı gücləndirən hissəsi isə mozaika idi. Onun saysız-hesabsız detallarını hazırlamaq üçün ozamankı SSRİ Bədii Fondunun məhz bu işlə məşğul olan müəssisələrindən birinə əlvan smalta sifariş verilmişdi. Ən sevindirici hal isə o idi ki, layihənin reallaşdırılmasında əməyi olan hər bir kəs, hətta onun ətrafının abadlaşdırılmasında iştirak edən şəxslər belə böyük şövq və səylə çalışmışdılar. Xalq arasında bəlağətlə “Damcı” adlandırılan abidənin ətrafında əsasən sərv ağaclarından ibarət bağ salınmışdı. 

1979-cu ilin yazında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də iştirak etdiyi təntənəli açılış mərasimindən sonra ətrafdakı evlərin sakinləri abidəni əhatələyən bağın kölgəliklərində dincəlmək üçün buraya axışdılar, ətraf şən uşaq səsləri ilə canlandı və bu yer neftçilər qəsəbəsi sakinlərinin sevimli istirahət guşəsinə çevrildi. 

Azərbaycan neftçilərinin şərəfinə ucaldılmış abidə haqqında oxumaq xoş olardı, əgər onun cazibəsi barədə keçmiş zamanda danışmasaydıq, əgər bu yerlər müqəddəs abidənin təkcə zahiri görünüşünü deyil, ona olan münasibəti də dəyişmiş laqeyd praqmatizm, səhlənkarlıq və zövqsüzlük nəticəsində viran qalmasaydı. Kimsə “Damcı”nın yanında istər-istəməz bu pak yerin fonu kimi görünən boz rəngli ev tikib, yaxınlıqda öz aurası olan restoran var. Amma bu hələ hamısı deyil. Rayon rəhbərlərinin göstərişi ilə smaltanın səthi boyanıb. Bu boya təkcə abidənin bədii ideyasını pozmaqla kifayətlənmir, həm də istedadlı ustaların işinə hörmətsizliyi və dərin bir zövqsüzlüyü nümayiş etdirir. Fikrimcə, bu, özbaşınalığa son qoymaq üçün tutarlı bir əsasdır.