"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Təəssüf ki, onu Azərbaycanda az tanıyırlar, amma ixtiralarından Şimal dənizindən Küveytədək bütün neft dünyasında istifadə edirlər. Unikal texnologiyaların müəllifi olan bu şəxs 55 yaşında dünyadan köçüb.

Onun haqqında Azərbaycanın görkəmli jurnalistlərindən biri Azad Şərifin oçerkinə əsaslanaraq danışacağıq. 

 





Onu Hindistan və Braziliya neftinin “atası” adlandırırdılar...

 “1960-cı il aprelin 28-də Bakıda opera teatrında respublikanın yubileyi qeyd olunurdu. N.S.Xruşşovun əksəriyyəti elm və mədəniyyət xadimlərindən ibarət olan böyük tərkibli nümayəndə heyətində italyan kino artistlərini xatırladan, zövqlə geyinmiş bir şəxs də vardı. Yaxasında Stalin mükafatı laureatının üç medalı, müxtəlif orden plankalarının bütöv bir cərgəsi parlayırdı. Biz, bir neçə bakılı jurnalist, ona yaxınlaşdıq. Özünü təqdim etdi: Eyyub Tağıyev. Azərbaycanlıdır, İçərişəhərdə doğulub, boya-başa çatıb. 

“Niyə nümayəndə heyəti ilə birlikdə deyilsiniz?” – deyə soruşduq

“Gülməyin, amma mən zövq alıram, ətrafda hamı azərbaycanca danışır, milli musiqi səslənir. Mən Bakı üçün çox darıxıram,” – deyə o, qüssə ilə əlavə etdi. Bu zaman zəng çalındı. Biz ayrıldıq. Sonra məlum oldu ki, həmişəlik ayrılmışıq. 

1967-ci ilin yanvarında Moskva qəzetlərində bir nekroloq dərc olundu – Eyyub Tağıyev qəflətən vəfat edib. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn olundu. 

 

Başlanğıc 

Eyyub Tağıyev 1912-ci il yanvarın 27-də Bakıda anadan olmuşdur. Ailəsi babasının Böyük Qala küçəsi – 38 ünvanındakı ikimərtəbəli evində yaşayırdı. Bu ev indiyə kimi qalır. Tağıyevlər İçərişəhərdə hörmətli ailələrdən biri idi. Onun ata babası Hacı Zeynalabdin Tağıyev məşhur milyonçu və mesenatın adaşı idi. Eyyubun atası İsmayıl Tağıyev təhsil görmüş adam idi, inqilabdan əvvəl Kiyevin Tereşşenko qardaşları şəkər zavodunu Zaqafqaziyada təmsil edirdi. 

Eyyub 1928-ci ildə Sənaye İnstitutuna (indiki Neft Akademiyası) daxil olub. 1932-ci ildə institutu bitirdikdən sonra Lökbatan qazma kontorunda işə başlayıb. Həmin illərdə heç kimin köməyi olmadan ingilis dilini öyrənib. 1937-ci ildə Bakıda xüsusi Suraxanı eksperimental qazma kontoru yaradılır, Bakıdan və hətta Moskvadan olan bir çox istedadlı mütəxəssislər buraya cəlb edilir. 26 yaşlı Eyyub Tağıyev kontora rəhbər təyin edilir və onun qarşısında qazma mühərriklərinin yeni konstruksiyalarını və turbin qazması texnologiyalarını işləyib hazırlamaq vəzifəsi qoyulur. Bu kollektiv yüksək sürətlə işləyən turboburlar icad edir. Sonralar ABŞ-ın və Avropanın neft şirkətləri SSRİ-dən bu turbinli qazma maşınlarının lisenziyasını almışdır. 1941-ci ildə müharibə başlayanadək belə davam etdi...

 

Müharibə

Müharibə idi. Almanlar Stalinqrad üzərinə hücuma keçmişdilər. Onlar Volqanı keçərək Bakı neftinin nəql olunduğu əsas arteriyanı kəsmək istəyirdilər. Ölkə rəhbərliyi şərq rayonlarında neft hasilatını təşkil etmək məqsədilə E.Tağıyev başda olmaqla Bakı eksperimental qazma kontorunun bütün heyətini avadanlıqları ilə birlikdə Perm vilayətinin Krasnokamensk şəhərinə köçürdü. Onlar burada “İkinci Bakı”nı axtarmağa başladılar və tapdılar da. O zaman Eyyub Tağıyevin 32 yaşı vardı... 

40-cı illərin sonlarında Xəzər dənizində yataqların mənimsənilməsinə başlanılır. Dənizdə qazma işləri üzrə baş idarə – “Qlavmorneft” yaradılır. E.Tağıyev idarənin baş mühəndisi təyin olunur. O, texnologiya və avadanlıqların təkmilləşdirilməsi üçün yeni-yeni təkliflər irəli sürür. Tağıyevin dərinlik estakadalarında dirəklərin vurulması və özüllərin möhkəmləndirilməsi üçün təklif etdiyi 100 ton gücündə turbovibrator qazma işlərini sürətləndirir.

 

Hindistan 

1955-ci ilin payızında SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin Daşkənddə Hindistanın baş naziri Cəvahirləl Nehru ilə görüşür. Nehru Hindistanda neft ehtiyatlarının axtarışı üçün mütəxəssislər qrupunun göndərilməsini xahiş edir. Kosıgin SSRİ-nin ozamankı neft sənayesi naziri N.Baybakova belə mütəxəssislərin tapılması və Hindistana göndərilməsini tapşırır və qrupa “Şərq adamı”nın rəhbər təyin olunmasını məsləhət görür. Baybakov fikirləşmədən Eyyub Tağıyevi təklif edir... 

Elə ilk görüşdə Nehru Tağıyevə deyir: “Bizə öz neftimiz çox lazımdır. Hər il biz Qərb şirkətlərindən neft almaq üçün 200 milyon dollardan çox pul xərcləyirik”. Hind alimləri ölkələrində neftin olduğuna əmin idilər, amma təcrübəli geoloq, geofizik və qazmaçılar olmadığı üçün geoloji kəşfiyyat apara bilmirdilər. Sovet mütəxəssisləri Hindistanın geoloji xəritəsini tərtib etməyə başladılar və neft ehtiyatları baxımından perspektivli sayılan ştatlara yollandıalr. 1956–61-ci illərdə neft və qaz kəşfiyyatı üzrə işlərin planı hazırlandı. Tağıyevin və köməkçilərinin proqnozları özünü doğrultdu: 1958-ci ilin mayında Pəncabda, 1959-cu ilin sentyabrında Bombeyin 250 kilometrliyində sovet mütəxəssisləri tərəfindən qazılan quyu fontan vurdu. Bundan sonra Tağıyev Hindistanın neft üzrə baş idarəsinin ömürlük məsləhətçisi təyin olunur. 

 

Braziliya 

1961-ci ildə Eyyub Tağıyev Amazon çayının neftli hövzəsini tədqiq etmək üçün həmkarı E.Bəkirovla birlikdə Braziliyaya yollanır. Altı ay davam edən ağır işdən sonra onlar Braziliyada böyük neft və qaz ehtiyatlarının olması barədə dəlilləri ortaya qoyurlar. Eyyub Tağıyev xatırlayırdı ki, Braziliyada 40 dərəcədən yuxarı temperaturda, yüksək rütubət şəraitində, mığmığaların içində işləmiş, müxtəlif nəqliyyat vasitələri ilə, bəzən də piyada 25 min kilometr məsafə qət etmişdilər. 

“Jurnal do Brazil” Eyyub Tağıyevin fotosunu çap edir. Şəklin altında isə yazılır: “Onun portfelində Braziliyanın bütün neft sirləri gizlənib”.

 

Yenə də Moskva

Qayıtdıqdan sonra Tağıyev Qubkin adına İnstitutun (indiki Rusiya Neft və Qaz Akademiyası) qazma proseslərinin texnologiyası və tədqiqi kafedrasına rəhbərlik etməyə başlayır. O zaman onun 44 yaşı vardı. Sonra o, institutun elmi işlər üzrə prorektoru təyin olunur. Elmi dərəcəsi olmasa da, Tağıyev 50-dən çox kitab, monoqrafiya və məqalənin müəllifi idi, qiymətli ixtiralarına görə 18 beynəlxalq patent almışdı. Amma bir gün ozü də gözləmədən elmlər doktoru olur. 1965-ci ilin dekabrında institutun rəhbərliyi ona texnika elmləri doktoru dərəcəsi verilməsi barədə qərar qəbul edir. 

 

Xatirə

Eyyub Tağıyev 1967-ci il yanvarın 17-də, 55 illiyinə on gün qalmış qəflətən vəfat edib. 

Rusiya Neft və Qaz Akademiyasının binasında onun portreti asılıb. Adına tələbələr üçün mükafatlar təsis olunub. Onun xatirəsi təkcə Rusiyada əziz tutulmur. Alim İmran Cəfərov 1986-cı ilin payızında SSRİ Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin tərkibində Hindistana səfərini belə xatırlayır. Hindistanlılar qonaqların arasında Azərbaycandan da nümayəndələrin olduğunu bildikdə onları Kəlküttənin mərkəzi parkına aparır və Eyyub Tağıyevin qara mərmərdən hazırlanmış büstünü göstərirlər. Pyedestalın üzərində isə qızılı hərflərlə yazılıbmış: “Hindistan neftinin atası”. 

E.Tağıyevin xidmətləri vətənində də unudulmur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2011-ci ildə “Butafilm” studiyasında üç dəfə Stalin mükafatı laureatı, texnika elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, neft və qaz quyularının qazılması üzrə görkəmli mütəxəssis haqqında “Bakının neft kralı” adlı sənədli film çəkilib.