"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycan – müasirliyi və sələflərimizin çoxəsrlik mədəniyyətinə, tarixinə, həyatına xas olmuş müxtəlif sivilizasiya və mədəniyyətlərin elementlərini ahəngdar şəkildə özündə uzlaşdıran adət və ənənələrə malik ecazkar bir ölkədir.





Tahir Salahov yaradıcılığında neft

Azərbaycan dünyaya görkəmli mütəfəkkirlər, alimlər, şairlər, memarlar, musiqiçi və rəssamlar bəxş edib. Müasir dövrümüzün məşhur azərbaycanlı rəssamlarından biri də Tahir Salahovdur. 

2013 ilin oktyabrında Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisi keçirilmişdir. 

Sərgidə tanınmış fırça ustasının müxtəlif illərdə yaratdığı rəsimlər, həmçinin xalçalara köçürülmüş əsərləri nümayiş olunmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, “Aydan”, “Səhər. Abşeron”, “Koroğlu”, Abşeron mövzusunda çəkilmiş triptix – “Atəşgah”, “Xəzər bu gün”, “Qız qalası” və digər məşhur tablolar tamaşaçılara təqdim edilmişdir. Ekspozisiyada elə əsərlər də vardı ki, ilk dəfə nümayiş olunurdu. Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi Tahir Salahovun 85 illiyinə təsadüf edirdi. 

Rəssam sərgidən bəhs edərkən demişdir: “İlk dəfədir mənim sərgim bu mərkəzdə keçirilir. Bu, yaradıcılığım üçün böyük impulsdur. Mən bu sərgini bu il 90 illiyini qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevə həsr edirəm. 2013-cü il Heydər Əliyev ilidir. Başqa cür ola da bilməz”. 

Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. O, dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Rəssamın 1957-ci ildə Surikov institutunda müdafiə etdiyi “Növbədən gələnlər” adlı diplom işi də bu mövzudadır. Sankt-Peterburq Rəssamlıq Akademiyasının kolleksiyasında saxlanılan sənət əsərində addımlayan gənc fəhlələr təsvir olunmuşdur. İmpressionizm üslubunda işlənmiş kompozisiya Deynekanın “Petroqradın müdafiəsi” əsərinə işarə vurur və “mülayim dövr”ün ab-havasını çatdırır. Salahovun 1960-cı illərdə yaratdığı əsərlər “sərt üslub” epitetinin tənqidinə səbəb olmuşdur. Məsələ təkcə bu qaşqabaqlı, əlləri cadar-cadar olmuş qəhrəmanların – təmirçilərin, geoloqların, neftçilərin, salçıların üzündəki ifadə və “həyat həqiqətləri”ndə deyildi. Məsələ həm də Xruşşovun “beşmərtəbələri” kimi ifratçılıqdan yaxa qurtarmış, “beynəlxalq” üslubun axarına düşmüş təsviri sənətdə idi. Bu dövrdə “Neftçi”, “Estakada”, “Neft Daşları”, “Neftçi portreti” yaradılır, Salahovun əsərləri təkcə incəsənət nümayəndələrinin deyil, sadə insanların da diqqətini cəlb edir. 

“Həyatın öz formasında təsvir olunması” modernist məzmunu üzə çıxarır, incəsənət vasitələrinə maraq yaradır. Salahovun əsərlərində şairanə şıqlıq hiss olunur: 1959-cu ildə yaradılmış “Neftçi” əsərində günəşdən dərisi mis rəngində olmuş qəhrəmanın ağzında al-qırmızı rəngli müştük var və yaxud 1967-ci ilə məxsus əsərində üçyaşlı “Aydan”ın ağ rəngli oyuncaq atının yüyəni qırmızı rəngdədir. Bu detallar vacib olmasa da, lazımdır, ciddi görkəmli konsert frakının cibindən görünən ağ dəsmal kimi. Tahir Salahovun “Yeni dəniz”, “Təmirçilər”, “Abşeron qadınları”, “Səhər eşelonu” kimi əsərləri hələ 1962-ci il Venesiya biennalesində böyük maraq doğurub. Onun ən məşhur əsərləri arasında “Xəzər üzərində” (1961), “Xəzərdə sübh çağı” (1986) və bu kimi sənət incilərini xüsusi qeyd etmək lazımdır. 

“Bakı – neftçi əməyinin romantikasıdır. Şəhər neft ilə, neft hasilatı ilə sıx bağlıdır. Bu mövzu həmişə məni cəlb edib. Buna görə də diplom işimi məhz bu mövzuya həsr etmişəm. Mən iki ay neftçilərin yataqxanasında yaşamışam, onlarla ailəvi dost olmuşam. Bakı – zəhmətkeş şəhərdir, əmək onun canına hopub. Onu başqa cür təsvir etmək də olmaz; məsələn, “Abşeron qadınları” əsəri ana və bacıların öz fəhlə oğullarına, qardaşlarına görə keçirdiyi həyəcanı ifadə edir. Neftçi ailəsi daim gözləyir, daim narahatdır, axı onların əməyi əsl qəhrəmanlıqdır”, – Tahir Salahov deyir. 

“Xəzər dənizində yalnız balıqçı qayıqlarının, ticarət gəmilərinin üzdüyü dövr çoxdan keçib. Coşqun açıq akvatoriyanın dərinliklərində qazma işləri gedir, neft çıxarılır. Şelflər, üzən adalar yaradılır. Dəmir dirəklər üzərində bərqərar olmuş zavodlar sərt, gözlənilməz təbiət hadisələrinin burulğanında işləyir. Güclü küləklər, fırtınalar. Zirehi xatırladan, qatlanmayan iş paltarlarında, ağır uzunboğaz çəkmələrdə işləyən əmək cəngavərləri. Yeni texnikanın ustaları. Neftçilər. Sərt görünüşləri onların məğzini, təbiətlərindəki sadəliyi, mətanəti, xeyirxahlığı gizlədə bilməz. Rəssam üçün xırda bir detalın da böyük mənası var. Estakadada, platformada üzü küləyə gedən fəhlələrlə tez-tez rastlaşmışam. Onların sərt, qabarlı əllərində nəvazişlə qızılgül apardıqlarını görmüşəm. Neftçilər bizim külrəngi, ağırlaşmış, yanar torpağımızda gül yetişdirməyi, bağça-bağ salmağı da bacarırlar”, – Tahir Salahov neftçilərə həsr etdiyi əsərlər barədə danışarkən belə deyir. 

2007-ci ildə Tahir Salahov daha bir əsərini – “Odlar yurdu” adlı 6 metrlik triptixini də neft mövzusunda işləyib. 

Rəssam 2008-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif olunub. 2012-ci ildə isə Tahir Salahov Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülüb.