"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..




Neftçi Qurban haqqında mahnı

Bülbülün ifasında “Neftçi Qurban” mahnısı Naxçıvanın ucqar kəndlərindən birində doğulmuş sadə bir oğlanı bütün ölkəyə tanıtdı. Böyük müğənni elə oxumuşdu ki, mahnı Xəzər fatehlərinin, eləcə də Qurban kimi neftçi olmaq arzusu ilə alışıb-yanan minlərlə gəncin himninə çevrilmişdi. Bülbül təkcə fədakar, şən, qorxmaz dəniz neftçilərinin şəninə mahnı oxumur, bütöv kollektivləri əmək qələbələrinə ruhlandırırdı. İndi bu, fantastik görünür, amma neftçi Qurbanın vaxtında kollektiv əmək qələbəsi norma sayılırdı, zamanın qayəsi və hökmü idi. Sənətkar neftçi Qurbanın valehedici obrazını ustalıqla yaratmışdı. Fərman Salmanov deyirdi ki, neftçi Qurbanın şöhrəti və Bülbülün məşhur mahnısı onun Neft İnstitutuna daxil olmasında və sonralar Tümendə neftçi Qurbanın yolunu davam etdirməsində böyük rol oynayıb. Qəhrəmanlıq göstərmək şövqü, azart və özünə inam gənc Qurbanın xarakterinə uyğun idi. Bülbülün mahnısı sayəsində ucqar kəndlərdən çıxmış minlərlə gənc Fərman Salmanov kimi mahnının qəhrəmanına oxşamaq istəyirdi. 

Qurban Abbasovun mənsub olduğu nəsil üçün Bülbülün oxuduğu bu mahnı adi bir musiqi əsəri deyildi. Bu mahnı həmin nəslin ərsəyə gəlməsində böyük rol oynamışdı. Burada neftçi və müğənninin birgə nümunəsindən söz açılmalıdır. Çünki dəniz neftçilərinin qabaqcıl dəstəsinin formalaşmasında neftçi Qurbanın oynadığı rol görkəmli müğənninin şəxsiyyəti və ustalığı ilə tamamlanırdı. Mahnı ümumxalq məhəbbəti qazandıqdan sonra bu iki insan dostlaşmışdı. Neft Daşlarının yaradıcılarından biri olan neftçi Qurban elə bir gərginliklə işləyir və yaşayırdı ki, briqadasında çalışanlardan çoxu, əslində, onun mahnının qəhrəmanına bənzəmədiyini deyirdi. Özünə və tabeliyindəki işçilərə qarşı tələbkar olan Qurban Abbasov illərlə məzuniyyətə çıxmır, istirahət etmirdi. 

Qurban Abasqulu oğlu Abbasov (1926–1994) neft sənayesinin inkişafına və SSRİ-də aparıcı mövqeyi olan Azərbaycan dəniz kəşfiyyatı və qazma məktəbinin formalaşmasına böyük töhfə vermişdir. O, qazmaçılıqdan “Kaspmornefteqazprom”un baş direktoru vəzifəsinədək yüksəlmiş, Sosialist Əməyi Qəhrəmanı və Azərbaycanın əməkdar mühəndisi adlarına layiq görülmüşdür. Neftçi Qurban əmək fəaliyyətinə qazma ustası kimi başlamışdır. “Neft Daşları” yatağının kəşfi işində iştirak etməsi onun rəsmi tərcümeyi-halında cəmi birsətirlik yer tutur. Amma bu bircə sətir Azərbaycan iqtisadiyyatında neft-qaz sahəsinin inkişafına təsir göstərmiş neçə-neçə hadisəni ifadə edir. 

...Çətin hava şəraitində Qara daşlar rayonunda dirəklər üzərində ev tikdilər, elektrik stansiyası qurdular. Bundan sonra M.Kaveroçkinin briqadası 1949-cu il iyunun 24-də ilk quyunu qazmağa başladı. Dörd aydan sonra, daha dəqiq desək, 1949-cu il noyabrın 7-də qazmaçılar 1100 metr dərinliyə çatdılar və gündəlik hasilatı 100 ton olan quyu fontan vurdu. İkinci quyuda qazma işlərini Qurban Abbasovun briqadası görürdü. 1950-ci ildə fontan vuran bu quyudan isə gündə 110 ton neft çıxarılırdı. 1951-ci ilin fevralında “Neft daşları”ndan çıxan ilk tanker yükünü boşaltmaq üçün Bakının Dübəndi limanına yan aldı. Dəniz fatehlərinin yaşadıqları dəmir dirəklər üzərindəki kiçik evcik sonradan böyük bir şəhərciyə çevrildi. Estakadalar üzərində qurulan bu şəhərciyin “Neft daşları” kimi məşhurlaşmasında neftçi Qurbanın təşkilatçılıq qabiliyyəti az rol oynamayıb. 

Neftçi Qurban 1959-cu ildə Stalin mükafatına layiq görülmüş, neft yatağının kəşfində və dünyada ilk və hələ də yeganə olan dəniz neft şəhərinin salınmasında iştirakına görə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. 

O, Naxçıvan MSSR-dən SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçilmişdir. M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra dəniz kəşfiyyatı idarəsi trestinə rəhbərlik etmiş, “Neft daşları” neft-qazçıxarma idarəsinin rəisi işləmiş, sonra “Kaspmornefteqazprom” birliyinin baş direktoru təyin olunmuşdur. Qurban Abbasov 1981-ci ildə “Kaspmornefteqazprom”un baş direktoru olduqdan sonra “Neft daşları”ndan ilk neft kəməri çəkildi. 

80-ci illər SSRİ-də dəniz qazması və gəmiqayırma işinin intensiv inkişafı dövrüdür. Həmin illərdə respublikanın neft sənayesinin inkişafına ümummilli liderimiz Heydər Əliyev şəxsən rəhbərlik edirdi. “Kaspmornefteqazprom” İstehsalat Birliyinin baş direktoru Qurban Abbasovun təşəbbüsü ilə müasir gəmilərdən ibarət neft donanması yaradılmışdı. Yükqaldırma gücü 2500 ton olan “Azərbaycan” adlı üzən kranın köməyi ilə “Günəşli” yatağında iri stasionar platformalar quraşdırılır və möhkəmləndirilir. Donanmanın tərkibindəki yarımdalma və özüqalxan qazma qurğularının köməyi ilə Xəzər dənizinin bütün rayonları və sahilyanı respublikaların – Rusiya, Qazaxıstan və Türkmənistanın əraziləri tədqiq olunur. Bu keçmiş sovet respublikaları hələ indiyədək Qurban Abbasovun təşəbbüsü ilə yaradılmış kəşfiyyat-qazma donanmasının 80-ci illərdə topladığı qiymətli informasiyadan pulsuz istifadə edir. Kəşfiyyat-qazma işlərinə “Nefteqaz” tipli 22 gəmi də cəlb olunmuşdu. Bakının elmi-tədqiqat institutlarının mütəxəssisləri bu gəmilər vasitəsilə Rusiya, Qazaxıstan və Türkmənistanın Xəzər şelflərindəki perspektiv yataqları kəşf etmiş, Azərbaycanın “Azəri”, “Çıraq”, “Kəpəz” və dərinlikdə yerləşən digər yataqlarını üzə çıxarmışlar. Bahalı ekspedisiyalar zamanı perspektiv yataqlar haqqında toplanan elmi informasiya təmənnasız olaraq Xəzəryanı respublikaların mütəxəssislərinə ötürüldü. Neftçi Qurban ömrünün son günlərinədək əvvəlki intensiv həyat rejimini davam etdirmiş, kiçik kəşfiyyatçı-qazma dəstəsi ilə Qara daşlara desant çıxarıldığı, dirək üzərindəki kiçik evdən başlayan gələcək “Neft daşları”nı yaratmağa başladığı, 1949-cu ilin soyuq qış günlərində sərt Xəzər küləyinin şiddətinə dözdüyü zamanlarda olduğu kimi yaşamışdır. 

Ölkəmiz müstəqilliyini yenidən qazandıqdan sonra neftçi Qurban Azərbaycan Respublikasının yüksək mükafatlarından birinə – “Şöhrət” ordeninə ilk layiq görülənlər arasında olmuşdur.