"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

“Romanovlar sülaləsi hökmranlığının 300 illiyi” adlı yubiley nəşrinin “Ticarət və sənaye” bölümündə səkkiz azərbaycanlının adı xatırlanır, onların arasında Şəmsi Əsədullayevin adı birinci çəkilir.





Şəmsi Əsədullayev: sahibkar və mesenat

Kitabda deyilir: “O, neft ölkəsində yaşamış, boya-başa çatmışdır. Bu ölkədə insanlar fitri ağılları, enerji və iradələri sayəsində ağlasığmaz sürətlə yoxsuldan milyonçuya çevrilirlər”... 1895-ci ildə onun neft sahəsində güclü fontan vurur və 56 gün davam edir. Quyu hər gün minlərlə pud neft verir. Bu, Bakıda ilk neft bumu tarixinin ən məşhur fontanı idi. Əsədullayev imperiyasının çoşqun inkişafı neft tankerlərinin, Volqaboyu şəhərlərində, Moskvada, Polşada, həmçinin Orta Asiya və İranda zavod və anbarlarının gündən-günə artması ilə səciyyələnirdi.  

Gəlirinə görə A.Nağıyev və Z.Tağıyevdən sonra üçüncü olan Əsədullayev inqilabdan əvvəlki Bakının tanınmış, hörmətli simalarından idi. Onun Rusiya müsəlmanları arasında böyük nüfuzu vardı. Əsl kübar görünüşünə malik Şəmsi Əsədullayev 1840-cı ildə Bakının Əmircan kəndində yoxsul bir ailədə dünyaya göz açmışdı. Hələ yeniyetmə ikən, böyük neft sənayeçisi Kokorevin Suraxanıdakı mədənlərində arabaçı işlədiyi vaxtlarda işgüzarlığı və qənaətcilliyi ilə fərqlənirdi. Bir neçə il işlədikdən sonra o, müəyyən məbləğ pul toplayıb özünə araba alır və tezliklə Kokorevin müəssisəsində prikazçik işinə keçir. Duz podratında ilkin kapital yığan Əsədullayev 1892-ci ildə neft veriminə görə perspektivli sayılan bir torpaq sahəsi alır. 

Əsədullayev 1892-ci ildə ilkin kapitalı 500 rubl olan şirkətini tezliklə inkişaf etdirir. Onun şirkəti 1909-cu ildə 10 milyon rubl məbləğində dəyərləndirilirdi. 1893-cü ildə öz şirkətini açanda onun 50 yaşı vardı. Artıq böyük təcrübə qazanmışdı. Əsədullayevin şirkətinin əsl yüksəlişi isə 1895-ci ildə həmin o məşhur fontanla başlamışdı. 1908-ci ildən 1912-ci ilədək Əsədullayevin mədənlərində illik hasilat 6–8 milyon pud  civarında idi. O, 1910-cu ildən Bakının yüksəkgəlirli neft şirkətlərinin sahiblərindən ibarət elitar kluba daxil olur. Şəmsi Əsədullayev həmin məşhur fontanın vurduğu sahədən gələn gəlirlə 1908-ci ildə 37 neft quyusu alır, quyuların 17-də neft fasiləsiz olaraq çıxırdı və hasilat get-gedə artırdı. O dövrdə Əsədullayevin mədənlərində 600-dən çox fəhlə işləyirdi, onun müəssisələri ən müasir avadanlıqla təchiz olunmuşdu. 1910-cu ildə Şəmsi Əsədullayev artıq Nobel və Rotşildlərin rəqibi kimi gurultulu şöhrət qazanmışdı. O, coşqun sürətlə inkişaf edən imperiyasına şəxsən rəhbərlik edir, Xəzərdə və Volqada neft və kerosin daşınması işində lider mövqeyi qazanmağa çalışırdı. Xəzərdə Nobellərin ilk “Zoroastr” neft tankeri peyda olduqdan sonra Əsədullayev dərhal “Asiya”, “Afrika”, “Amerika” adlı üç neft tankeri alır. Abşeronda neft kəmərləri sisteminin yaradılması işində də Əsədullayev Nobeldən sonra ikinci idi. Başqaları risk etmək istəmirdilər, yeniliklərə ehtiyatla yanaşırdılar, Şəmsi Əsədullayev isə riskli işlərə – neft kəmərlərinin çəkilişinə böyük vəsaitlər xərcləyir və bundan itirmir, əksinə, qazanırdı. Tezliklə boru kəmərləri neftin araba ilə daşınmasını kölgədə qoydu. “Bakının 1870–1917-ci illər tarixinə dair sənədlər” toplusunda verilən məlumata görə, 1907-ci ildə “Nobel qardaşları” şirkətinə məxsus boru kəmərlərinin ümumi uzunluğu 17 verst idi, Əsədullayevin neft kəmərləri isə 12,5 verst məsafədə uzanırdı. İnqilabaqədərki Bakıda neft sənayesinin əsas idarəedici və əlaqələndirici orqanı olan Bakı Neft Sənayeçilərinin Qurultayı Şurasının materiallarından daha maraqlı informasiya əldə etmək olar. Şurada təmsilçilik səs hüququ ilə müəyyən olunurdu. Üzvlük haqqı və səs hüququ isə üzv şirkətlərin hasil etdikləri hər puda görə hesablanırdı. Səslərin və yaxud o vaxt deyildiyi kimi, “kürəciklər”in sayı şirkətin gücü və istehsal həcmi ilə müəyyən olunurdu. Qurultayın nizamnaməsinə əsasən, ildə 100 min puddan 500 min puda qədər neft, 100 mindən 200 min puda qədər işıqlandırıcı və sürtkü yağları istehsal edən, borulara 1 milyondan 2 milyon pudadək neft vuran şirkət birinci səs hüququna malik idi. İkinci və hər bir sonrakı səsi almaq üçün ildə 2 milyon pud neft hasilatına, 800 min pud məhsul istehsalına və 8 milyon pud neftvurma gücünə malik olmaq lazım idi. Bakı neft sənayeçilərinin 32-ci qurultayında Şəmsi Əsədullayevin şirkəti 10 səs topladı və Bakı neft şirkətlərinin ilk onluğuna daxil oldu. Nobel qardaşları 19 səs topladılar. İkinci yerdə Rotşildlərin “Xəzər-Qara dəniz neft cəmiyyəti”, ondan sonra “Xəzər yoldaşlığı”, daha sonra “S.M.Şibayev və Ko”, “A.İ.Mantaşev cəmiyyəti”, Musa Nağıyevin şirkəti gəlirdi. İlk üç şirkət 1912-ci ildə dünyada ən böyük trest olan “Royal Dutch Shell” tərəfindən idarə olunurdu, Nağıyev və Əsədullayevin şirkətləri isə 4-cü və 5-ci yerləri tutmuşdur. Müsəlman sahibkarlara qarşı ayrı-seçkilik və məhdudiyyətlər nəzərə alınarsa, bu, inamlı bir nailiyyət idi.

 

Mesenat-xeyriyyəçi 

Ş.Əsədullayevin ictimai və xeyriyyəçilik fəaliyyəti milli ziyalı təbəqəsinin formalaşmasında böyük rol oynayıb. Bakı realni məktəbi (indiki Dövlət İqtisad Universiteti) binasının tikintisinə sərf olunan vəsaitin əsas hissəsi Ş.Əsədullayev tərəfindən ayrılmışdı. O, Zaqafqaziyada ən böyük təhsil ocağı olan Tiflis Aleksandr Müəllim İnstitutunu himayəyə götürmüşdü və burada təhsil alan azərbaycanlı tələbələr üçün öz adına təqaüd təsis etmişdi. Əsədullayev müsəlman tələbələr üçün kvotanın artırılmasına nail olmuşdu. Sonralar məşhur memar olan Zivər bəy Əhmədbəyov bakılı mesenatın təqaüdü hesabına 1901-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmişdi. Əhmədbəyov Təzəpir və Əjdərbəy məscidlərinin, Əmircandakı məscidin və Bakıdakı bir çox memarlıq abidələrinin müəllifidir. Əsədullayevin vəsaiti hesabına Moskvada, Sankt-Peterburqda, Bakıda, Kaluqada, Yaltada, Baxçasarayda, Volqaboyu şəhərlərində, praktiki olaraq onun neft imperiyasının filiallarının yerləşdiyi bütün şəhərlərdə bir sıra möhtəşəm binalar tikilmişdir. Əsədullayevin sahibkarlıq fəaliyyətinin coğrafiyası İrandan Lodza (Polşa) qədər uzanırdı. O, Moskvanın Vozdvijenka küçəsindəki malikanələrindən birini şəhərin müsəlman icmasına bağışlamışdı. Tatar mədəniyyət icması hələ bu yaxınlaradək bu binada yerləşirdi. Bakı neft bumunun memarlıq incilərindən biri də Əsədullayevin Bakıda, indiki Qoqol və Tolstoy küçələrinin (keçmiş Gimnaziya küçəsi) kəsişməsində 1903-cü ildə tikilmiş malikanəsidir. 

1910-cu ildə Əsədullayevin çiçəklənən şirkəti iflas təhlükəsi ilə üzləşir: sahibkarın paxıllığını çəkənlərdən hansısa ondan Volqa üzərindəki şəhərlərdən birinə kerosin göndərməsi tələb olunan teleqramı qəsdən məhv edibmiş. Cərimə şirkəti iflas həddinə gətirib çıxarıb. Əsədullayev evlərini, Mərdəkandakı bağını, tankerlərini, neftverən torpaqlarını girov qoymalı olub. Müflis olan sahibkarın dadına qudaları H.Z.Tağıyev və A.N.Nağıyev çatırlar. Əsədullayevin oğulları Əli və Mirzə bu iki milyonçunun qızları ilə evli idilər. Hətta xəsisliyi ilə ad çıxaran Nağıyev borcun böyük hissəsini ödəyir. Məsələ təkcə qohumluqda deyildi. Onlar bilirdilər ki, Şəmsi mütləq yenidən qalxacaq. Belə də oldu... 

Lakin 1913-cü il aprelin 21-də Ş.Əsədullayev naməlum şəraitdə Yaltada vəfat etdi. “Kaspi” qəzeti yazırdı: “Şəmsi Əsədullayev səxavəti ilə tanınırdı, o, xeyriyyəçiliyə böyük vəsaitlər xərcləyir, tələbələrə təqaüd verir, din qardaşlarına kömək edirdi. Son vaxtlar o, Moskvadakı müsəlman xeyriyyə təşkilatlarına böyük məbləğdə ianələr vermişdi. O, təbiətən ağıllı bir ticarət adamı idi”. Bakıda mesenatın cənazəsini gətirən qatarı minlərlə adam qarşıladı. Onlar cənazəni vağzaldan Əsədullayevin Qoqol küçəsindəki evinə qədər əlləri üstündə apardılar. Ertəsi gün səhər açılandan onun evinə doğru minlərlə adam axışırdı. Onların arasında Əsədullayevin mədənlərində, emalatxanalarında, zavodlarında, tanker və anbarlarında işləyən üç mindən çox fəhlə vardı. Duma qlasnısı Mehdi bəy Hacınski nitq söylədi: “Mən burada müqəddəs Qurandan bir neçə kəlməni xatırlatmaq istəyirəm. Hər kəs ölümü dadacaqdır. İnsan özündən sonra təmiz ad qoymalıdır. Bu ad var-dövlətlə ölçülmür. Bir çox zəngin adamlar öləndən sonra unudulurlar. Amma Şəmsi Əsədullayev kimi insanların adları hər bir müsəlmanın xatirəsində yaşayacaqdır. Çünki bu adlar ölməzdir. O, var-dövlətindən yoxsullara, xüsusilə də maarifçiliyə pay ayırırdı...”