"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

(görkəmli mühəndisin 160 illiyi (1853-2013) münasibətilə)




Vladimir Şuxov

Vladimir Qriqoryeviç Şuxovun (1853–1939) adı Bakı nefti ilə qırılmaz tellərlə bağlıdır. Neft işinin elə bir sahəsi yoxdur ki, Şuxov orada parlaq izlər buraxmasın. 

1876-cı ildə məktəbi fərqlənmə diplomu ilə bitirən Şuxov mühəndis-mexanik ixtisasına yiyələnir. Gənc mütəxəssis biliklərini praktiki cəhətdən təkmilləşdirmək məqsədi ilə ABŞ-a birillik ezam olunur. Amerikadan qayıtdıqdan sonra o, mühəndis kimi fəaliyyətə başlayır, bir müddət sonra isə Varşava dəmiryol idarəsində layihə bürosunun rəisi təyin olunur. 1880-ci illərdə Şuxov Moskvaya köçür və burada tanınmış zavod sahibkarı Aleksandr Barinin texniki-tikinti kontorunda baş mühəndis vəzifəsində işləyir. Sonra səhhəti ilə əlaqədar cənuba, neft işinin sürətlə inkişaf etdiyi Bakıya yollanır.

Neft işi Şuxovun xoşuna gəlir və o, neftin saxlanılması, nəqli, emalı və yandırılması ilə əlaqədar olan bir sıra mühüm texniki məsələlərin həllinə başlayır. 

Neftin quruda nəqli məsələsini Şuxov belə həll edir: o, neftin su kimi boru kəməri ilə nəql olunmasını təklif edir. 1878-ci ildə 25 yaşlı mütəxəssis V.Q.Şuxov A.V.Barinin rəhbərliyi ilə Rusiyada ilk neft kəmərinin layihəsini hazırlayır və çəkilişinə nail olur. Uzunluğu 8,5 verst (9 kilometr), diametri 3 düym (7,62 santimetr), ötürmə qabiliyyəti 80 min pud olan Balaxanı–Qaraşəhər neft kəməri Nobel qardaşlarının şirkəti üçün nəzərdə tutulmuşdu. Bu kəmər vasitəsilə neft Balaxanı mədənlərindən Bakının Qaraşəhər adlanan hissəsindəki neft emalı zavodlarına nəql olunurdu. 

Qeyd etmək lazımdır ki, çəkdiyi neft kəməri ilə neftin nəqli prosesini öyrənən Şuxov şəxsi təcrübəsinə əsaslanaraq neftin borularla hərəkətini hesablamaq üçün empirik düstur çıxarır. Sonralar “Şuxov düsturu”ndan dünyanın bütün mühəndisləri istifadə edirlər. 

Şuxov neft qalıqlarının nəqli üçün də xüsusi metod işləyib hazırlayır. Bu metod Vartinqtonun düztəsirli buxar nasoslarında işlənmiş buxardan istifadə etməklə onların ilkin qızdırılmasına əsaslanırdı. Qızdırılma nəticəsində neft qalıqlarının özlülüyü azalır və onların su kimi nəql olunmasına imkan yaranır. Şuxov Bakıda ilk mazut kəmərini də çəkir, bu sahədə apardığı çoxsaylı təcrübələr nəticəsində yeni mazut kəmərlərinin tikintisi üçün formul tərtib edir və Amerika mütəxəssislərini qabaqlayaraq neft məhsullarının qızdırılma üsulu ilə nəqlinin ixtiraçısına çevrilir. 

1879-cu ildə uzunluğu 12 kilometr, diametri 3 düym olan ikinci Balaxanı–Qaraşəhər neft kəməri istismara verilir. Artıq 1884-cü ildə Balaxanı mədənlərində ötürücülük qabiliyyəti sutkada 200 min puddan çox olan 5 neft kəməri vardı. Bütün bu kəmərlər istedadlı mühəndislər Aleksandr Bari və Vladimir Şuxovun rəhbərliyi ilə çəkilmişdi. 

Şuxov ilk buxar forsunkasını kəşf etdikdən sonra neft və neft məhsullarının ocaqda yandırılması kimi daha bir mühüm problem həllini tapır. Məhz bu ixtira sayəsində “Nobel qardaşları” şirkəti neft forsunkalarının praktikada tətbiqinə Amerikanın “Standard Oil” şirkətindən üç il əvvəl başlayır. 

Nobel qardaşlarından sonra Rusiyada ilk dəfə olaraq Şuxov neftdaşıyan gəmilərin inşası işinə qoşulur. Xəzər dənizində daşımaları həyata keçirmək üçün gəmilərin, Volqa çayında isə dəmir pərçim barjlarının inşası ilə neft və neft məhsullarının nəqli məsələsi həll edilir. 

İlk zamanlar Abşeronda nefti həcmi 200 funta yaxın olan taxta çənlərdə saxlayırdılar. Bu çənlər neft qüllələrinin yaxınlığında yerləşirdi. Sonralar nefti həcmi 70 min funta çatan yeraltı anbarlarda saxlamağa başladılar. Quyulardan güclü fontan vurduqda yeraltı anbarlar 2 saata dolur və bu zaman böyük miqdarda neft yerə sıçrayır və buxarlanırdı. Bu cür saxlanma üsulu böyük itkilərə səbəb olduğu üçün əlverişli deyildi. Buna görə də “Nobel qardaşları” şirkəti A.V.Barinin tikinti kontoru ilə birlikdə Rusiyada rezervuar xidmətinin yaradılmasına başladı. Qeyd olunduğu kimi, tikinti kontorunun baş mühəndisi Şuxov idi. O, pərçimlənmiş iri dəmir rezervuarlar vasitəsilə neft və neft məhsullarının saxlanılması problemini müvəffəqiyyətlə həll etdi. Rusiyada 20 mindən artıq metal rezervuar tikildi. Onların konstruksiyası indiyə kimi qorunub saxlanılmışdır.

Bu iş tezliklə öz nəticəsini verdi: neft və neft məhsullarının yaxşı təşkil olunmuş saxlanılma və nəql sistemi sayəsində “Nobel qardaşları” şirkəti Bakıda və bütün Rusiyada neft işinin liderinə çevrildi. 

Müasir krekinq prosesinin geniş miqyasda tətbiq olunmasına və qurğularının tərtibatına görə də Şuxova borcluyuq. 1890-cı il yanvarın 24-də Şuxov köməkçisi Sergey Petroviç Qavrilov ilə birlikdə təzyiq altında fasiləsiz krekinq prosesinin tamamilə yeni metodunu rəsmən təsdiqlətdirdi. 

Şuxov və Qavrilovdan əvvəl krekinq prosesində alov vasitəsilə bilavasitə qızmaya əsaslanan metal kublar tətbiq olunurdu. Dünyada ilk dəfə olaraq Şuxov və Qavrilov bu prosesdə qaynar qazların təsiri ilə qızdırılan borulardan istifadə olunmasını təklif etdilər. Borular həm düz, həm də spiralşəkilli ola bilərdi. 

Şuxovun 1891-ci ilə təsadüf edən ixtirasını ilk olaraq layiqincə qiymətləndirənlərdən biri də D.İ.Mendeleyev idi. Neftin emalı prosesində labüd olan benzin o vaxtlar lazımsız, hətta zərərli əlavə məhsul sayılırdı, çünki avtomobil nəqliyyatı yox idi, aviasiya isə bəşəriyyətin dühalarının xəyallarında mövcud idi. Lakin Şuxovun öz dövrünü 25 il qabaqlamış dahiyanə ixtirası, çox təəssüf ki, unudulmuşdur. 

Maraqlı fakt: alim 1923-cü il sentyabrın 10-da “Sinclair”in mühəndisləri ilə şəxsən görüşmüşdür. Sentyabrın 23-də isə o yazırdı: “Sokolnikidə amerikalılarla görüşdüm. Təmiz havada Şuxov və Bartonun patentləri məsələsini müzakirə etdik. Mən onlara bildirdim ki, Amerikanın deyil, öz neft sənayemiz üçün işləyirəm” (Şuxova Y.M. Vladimir Qriqoryeviç Şuxov. Rusiyanın ilk mühəndisi. – M., 2003, s. 330). “Neft və şist təsərrüfatı” jurnalının oktyabr sayında isə Şuxov yüksək temperaturlarda neftin parçalanması qurğusu üçün aldığı patentləri amerikalı ixtiraçılar Barton, Klark, Dobbs və İsomun son nəşrləri ilə müqayisə etmişdi. Məqalənin sonunda alim yazırdı ki: “Rusiyanın neft sənayesi arxayınlıqla krekinq qurğuları tikə bilər. Amerikalılar onu havayı iqtibas üçün qınaya bilməzlər” (Нефтяное и сланцевое хозяйство, 1923, №10, s. 481-483). 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, amerikalı V.Bartonun kəşfindən 1 il əvvəl bakılı kimyaçı-mühəndis S.K.Kvitkoya “Mazutun yüksək temperaturda təzyiqli və təzyiqsiz parçalanması zamanı benzinin alınması”na görə 21963 saylı patent verilmişdi (1912-ci il). 

Maraqlı fakt (və ya təsadüf): Şuxovun ixtirası ilə eyni vaxtda dünyada ilk dəfə benzin mühərriki ilə işləyən avtomobil düzəldilir və beləliklə də benzinin daimi və əsas istehlakçısı yaranır. Avtomobil 1885–86-cı illərdən praktiki əhəmiyyət daşımağa başlayır. Həmin illərdə alman mühəndislər Q.Daymler və K.Bens daxiliyanma mühərriki ilə işləyən ilk avtomobili düzəldirlər. ABŞ-da avtomobil istehsalına 1905-ci, Rusiyada isə 1910-cu ildə başlanılmışdır. Yalnız 25 ildən sonra milyonlarla avtomobil istehsal ediləcək və benzin neft emalının əsas və zəruri məhsuluna çevriləcəkdi. 

Şuxov su və neftin çəkilib vurulması probleminə xüsusi diqqət yetirirdi. Məlum olduğu kimi, Amerikanın Vartinqton nasoslarının işini tənzimləmək üçün kompensator adlanan və maşında nizamlayıcı çarx rolunu oynayan sadə cihazdan istifadə edilirdi. Bu zaman nasosların rasional hesablanması üçün qaydalar yox idi. Şuxov 1897-ci ildə yazdığı “Düztəsirli nasoslar” əsərində kompaund-nasosların buxar hissəsinin ölçüləri arasında optimal nisbətin müəyyənləşdirilməsi məsələsini ətraflı tədqiq etmiş və bu cür nasosların kompensatorsuz və kompensatorla işini hesablamışdı. Şuxov tərəfindən təklif olunan hesablama nəzəriyyəsi o qədər praktik idi ki, dərs vəsaitlərinə də daxil edilmişdi. 

Sonda bir daha qeyd etmək istərdik ki, Vladimir Şuxovun təkcə neft işinə aid olmayan görkəmli ideyaları, ixtiraları və qurğuları arasında ən əhəmiyyətlisi neftin krekinqi prosesi idi. Bu ixtira neft dünyasında inqilab etdi; əbəs yerə deyil ki, 1923-cü ildə Neft Sənayesi Şurası, 1964-cü ildə isə SSRİ Elmlər Akademiyası onu “Şuxov prosesi” adlandırmışdır. 

Bu dahi ixtiraçının, “Bakının Alfred Nobeli”nin elmi-texniki fəaliyyəti layiqli qiymətini almışdır: V.Q.Şuxov 1929-cu ildə SSRİ Elmlər Akademiyasının fəxri üzvü seçilmiş və Lenin mükafatına layiq görülmüşdür; 1932-ci ildə isə ona Əmək Qəhrəmanı adı verilmişdir. 

Maraqlı fakt: 2009-cu il oktyabrın 1-də “LUKoil” şirkətinin prezidenti bakılı Vahid Ələkbərov Rusiya neft və qaz sənayesinin inkişafında misilsiz xidmətlərinə görə Moskvada Vladimir Şuxov adına qızıl medalla təltif olunmuşdur.