"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Hyuston Təbiət Elmləri Muzeyinin Uiess Energetika Zalı (Wiess Energy Hall) enerji məsələlərinə dair dünya standartlarına uyğun bilik və izahat verən interaktiv sərgidir. ABŞ-da ən çox ziyarət edilən muzeylərdən biri kimi burada milyonlarla insan, o cümlədən məktəb şagirdləri paleontologiya, malakologiya, entomologiya, geologiya və enerji də daxil olmaqla bir çox mövzulardan bəhs edən eksponatları öyrənmək imkanı əldə edirlər. 




ABŞ-da aparıcı interaktiv ekspozisiya – WIess Energy Hall

Wiess Energy Hall daimi ziyaratçilərinə interaktiv vasitələrlə tektonik sallar, lay süxurlarının keçiciliyi, yer sistemləri barədə ətraflı məlumat verir. Zalda yarıqlar və qübbəşəkilli duz yataqları kimi müxtəlif geoloji hadisələr haqqında eksponatlar toplanmışdır. Burada qaya parçasına çəkiclə vurmaqla seysmik məlumatları əldə etmək, dünya enerji sənayesinin nailiyyətlərindən xəbərdar olmaq mümkündür. Kapitan Merkaptanın idarə etdiyi Geovator ziyarətçiləri quyulara virtual ekskursiyaya aparır. Muzeyin ziyarətçiləri karbohidrogenlərdən bəhs edən interaktiv sərgi vasitəsilə müxtəlif karbohidrogen zəncirlərinin nümunələrini öyrənirlər. Emal zavodunun modeli plastik kütlə və kerosin kimi hər gün istifadə olunan materialların kimyəvi strukturu haqqında məlumat verir. Ziyarətçilər burada ABŞ-ın elektrik şəbəkəsi ilə boru kəmərləri şəbəkəsini müqayisə edib onlar arasındakı fərqləri görə bilirlər. Burada insanların enerjisini vatta və yaxud benzin damcılarına çevirən Enerji Çarxı var. Sərgidə alternativ enerji mənbələri – külək, okean, çəkilmə və qabarma, günəş enerjisi, geotermal enerji haqqında da ətraflı məlumat almaq olar.   

Amma enerji haqqında maarifləndirmə işi təkcə sərgi ilə bitmir. Wiess Energy Hall təkcə Hyustondan deyil, dünyanın hər yerindən olan müəllimlər, uşaqlar və cəmiyyətin digər nümayəndələrinin enerji sahəsində savadlanmasının qayğısına qalır. Muzey bu sahədə yüksəkkeyfiyyətli təhsili təmin etmək məqsədilə müxtəlif yerli və milli təşkilatlarla əməkdaşlıq edir. Milli Enerji Təhsili İnkişafı layihəsi və Project Learning Tree təşkilatının seminarları vasitəsilə Wiess Energy Hall müəllimlərin təkmilləşdirilməsi üzrə pulsuz kurslar keçirir. Wiess Energy Hall hazırda Aramco Services Company ilə birlikdə yeni iExplore Energy proqramı üzərində işləyir. Proqram iki hissədən ibarətdir. Əvvəlcə 5-ci sinif müəllimləri muzeyə aparılır, burada onlara Wiess Energy Hall-un Texas Təhsil Agentliyinin Baza Bilikləri və Təcrübəsi Təşkilatı ilə əməkdaşlığı barədə məlumat verilir. Sonra tələbələr ekspertin müşayiəti ilə muzeydə ekskursiyaya çıxır və buradakı enerji laboratoriyası ilə tanış olurlar. Wiess Energy Hall daim yeni müəllimlik fəaliyyətlərini inkişaf etdirir. Wiess Energy Hall yayda Marathon Oil şirkətinin dəstəyi ilə müəllimlər üçün seminarlar təşkil edib. Müəllimlər Hyustonda enerji ilə bağlı olan yerləri, atom-elektrik stansiyasını, daş kömürlə işləyən elektrik stansiyasını, Hyuston limanını, qazma baltası zavodunu, müxtəlif enerji şirkətlərini ziyarət ediblər.

Hər il Wiess Energy Hall-a gələn yüz minlərlə tələbəyə müxtəlif təhsil imkanları təklif olunur, enerji sənayesində geoloq, günəş paneli texniki, məsafədən idarə olunan maşın operatoru kimi müxtəlif karyeralar haqqında məlumat verilir. Uşaqların heç də hamısı muzeyə gələ bilmədiyi üçün Wiess Energy Hall öz ekskursiya rəhbərlərini məktəblərə göndərir.  Wiess Energy Hall tələbə təqaüdlərini qazanmaq üçün keçirilən müsabiqələrə sponsorlar tapmaq məqsədilə Consumer Energy Alliance kimi yerli şirkət və təşkilatlarla əməkdaşlıq edir. 

Wiess Energy Hall böyük həvəslə İnohosa məktəbəqədər təhsil müəssisəsi ilə əməkdaşlıq edir, burada keçirilən uşaq festivallarına dəstək verir, müxtəlif elmi təcrübələr göstərir. 

 Wiess Energy Hall diqqətini təkcə uşaqlarda cəmləməyib. 1995-ci ildə yaradılarkən əsas məqsəd enerji şirkətlərinə yeni işçilərə təlim keçməkdə yardım etmək olub. Böyüklər üçün ekskursiyalar və dərslər indiyə qədər mütəmadi olaraq təşkil edilir. Hazırda “Energy-101” adlı onlayn proqramı vasitəsilə keçilən interaktiv kurs tələbələrdəki inkişafı izləməyə imkan verir. 

Wiess Energy Hall müxtəlif yerli elmi, təhsil və enerji festivallarında iştirak edir. Hər il 20 mindən çox adamın qatıldığı Hyuston Enerji gününün təsisçilərindən biri olan Wiess Energy Hall uşaq festivalında, Shell-in ekologiya marafonunda da fəallıq göstərir. Belə tədbirlərdə sərginin təmsilçiləri uşaqlarla birlikdə gel lampaları, kağız yeldəyirmanları düzəldirlər.  Wiess Energy Hall Hyuston Təbiət Elmləri Muzeyinin hər il keçirilən Yer günü tədbirində də fəal iştirak edir. 

Muzey Keep Houston BeautifulRecycle Art Center kimi tərəfdaşları ilə birlikdə peşə təhsilini inkişaf etdirmək üçün geniş miqyasda fəaliyyət göstərir. 

Wiess Energy Hall bu gün sosial media və qlobal interaktivliyin yaratdığı imkanlara laqeyd qalmır, xüsusi bloqu (Beyond Bones Blog) vasitəsilə müxtəlif enerji mənbələri, ABŞ-ın enerji siyasəti və bəzən də Makondo quyusu, Keystoun kəməri kimi mübahisəli məsələlərin də daxil olduğu geniş mövzuları araşdırır. Marathon Oil şirkətinin dəstəyi ilə Wiess Energy Hall Energy Conservation Club (ECC)adlı vebsaytını açıb. Enerjidən rasional istifadə ən böyük enerji mənbələrindən biridir. Saytda bütün bunlar haqqında ətraflı məlumat var. Hyuston Təbiət Elmləri Muzeyinin Uiess Energetika Zalında deyirlər: “Bizim enerji sahəsində biliklərin ötürülməsi üçün böyük imkanlarımız var. Bizi ziyarət edin, istər muzeydə, istər bloqda və ya ECC vebsaytında. Sizinlə söhbət etməyə, malik olduğumuz entuziazmı sizə də ötürməyə hazırıq.