"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Jurnalımızın ötən saylarında Yer üzündə neft və qazın necə əmələ gəlməsi və insanların onları necə çıxarması barədə sənə danışmışdıq. Biz sənə bəşəriyyətin neftdən alınan yanacaqdan, eləcə də qazdan necə istifadə etməsi barədə də məlumat vermişdik. Daha sonra kimyaçıların neft və qazdan aldıqları məhsulları göstərmişdik.




Neft və qaz istehlakçıya necə çatdırılır

Bu gün isə neft və qazın istehlakçılara çatdırılması barədə danışacağıq. Axı benzin və digər məhsullar, zəruri kimyəvi maddələr almaq üçün neft emal olunmalıdır, deməli, nefti zavodlara daşımaq lazımdır. Eynilə qazı hasil olunduğu yerdən istifadəçilərə – mənzillərimizə, zavod və stansiyalara, qazı olmayan ölkələrə çatdırmaq lazımdır. 

 

Dəmiryol nəqliyyatı

Uzun müddət neft primitiv yollarla, karvanla daşınıb. Neft və kerosin taxta çəlləklərə və tuluqlara doldurulur, arabalara yüklənir və bu üsulla mənzilbaşına çatdırılır, ya da su yolu ilə palıddan hazırlanmış çəlləklərdə daşınırdı. Sonralar palıd çəlləklər polad çəlləklərlə əvəz olundu. Bu cür daşıma üsulu baha başa gəldiyi üçün neft məhsullarının qiyməti də yüksək olurdu. Sonra dəmir yolu meydana çıxdı. Nefti metal sisternlərə doldurur, dəmir yolunun uzandığı yerlərə qədər parovozla daşıyırdılar. Bu, bir vaxtlar əsas daşınma üsulu sayılırdı. Amma “qara qızıl”ın dəmir yolu ilə daşınması neft kəmərləri ilə nəqldən 10 dəfə baha başa gəldiyi üçün bu gün bu üsul bütün dünyada öz aktuallığını itirməkdədir. İndi tankerlər və neft kəmərləri dövrüdür! 

 

Tankerlər 

Vaxt gəldi ki, neftin daşınması üçün xüsusi gəmilər – tankerlər meydana çıxdı. Bu gün tanker nəqliyyatı neft daşımalarında ən geniş yayılmış üsuldur. Dünyada ilk dəfə tankerdən Bakıda istifadə olunub. 1877-ci ildə “Nobel qardaşları” şirkətinin sifarişi ilə İsveçin Motala şəhərindəki tərsanələrdə “Zoroastr” adlı “maye daşıyan paroxod” düzəldildi. 15 min pud (təxminən 250 ton) yük tutumuna malik bu paroxod neft və kerosinin Bakıdan Rusiyanın müxtəlif şəhərlərinə daşınması üçün istifadə olunurdu. 

“Tanker” sözü ingilis dilindən götürülüb. “Tank” sözünün mənası “sistern” deməkdir. Tanker maye yüklərin “tank” adlanan sisternlərdə daşınması üçün istifadə olunan yük gəmisidir. Tankerlərlə neft, turşular, əridilmiş kükürd, bitki yağları və digər mayelər daşınır. Qaz daşıyan tankerlər də var. Qaz maye halda böyük kürəşəkilli tanklarda daşınır. Qaz doldurulmuş tanklarda temperatur -1620 C dərəcədən yüksək olmur. Tankerin korpusu sərt metal karkasdan ibarətdir. Karkasa metal haşiyələr bərkidilir. Qəzaların qarşısını almaq üçün birqat haşiyəli tankerlərdən istifadə qadağan olunub. Müasir tankerlərin daha davamlı ikiqat haşiyələri var. 

Bu gün dünyanın dəniz və okeanlarında 4000-dən çox tanker üzür! Neft korporasiyaları nefti hasilat yerindən müxtəlif ölkələrə tankerlə daşıyır. Norveçin 1981-ci ildə düzəldilmiş “Knock Nevis” supertankeri 25 il dünyanın ən iri tankeri hesab olunub. Onun uzunluğu 458 metr (5 stadion boyda!), eni 69 metr idi. Tutumu 564.763 ton olmuş bu nəhəng tankerdən daha istifadə edilmir. İndi fəaliyyətdə olan supertankerlərdən ən böyüyü 320.000 ton yükdaşıma qabiliyyətinə malik “ULCC”dir. 

Müasir supertankerlər bir dəfəyə yüz minlərlə ton yanacaq daşıya bilsə də, onları neft nəqli probleminin ən yaxşı həlli kimi qəbul etmək olmaz, çünki bu cür daşıma o qədər də ucuz deyil. Digər tərəfdən tez-tez baş verən tanker qəzaları ətraf mühitin çirklənməsinə səbəb olur, yüzlərcə mil radiusda bütün canlıları məhv edir. Bu nəqliyyat növündə müntəzəmlik də yoxdur, çünki məlum olduğu kimi, dəniz nəqliyyatının sürəti bir çox hallarda havadan asılı olur. Bəs çıxış yolu nədədir?

 

Neft kəmərləri

İlk neft kəməri 1878-ci ildə Bakıda mühəndis V.Q.Şuxov tərəfindən çəkilib. Bu kəmərlə neft Balaxanı yatağından şəhərin neft emalı zavodlarına daşınırdı. Gördüyün kimi, bu məsələdə də bizim Bakı dünyada birincidir! Bu neft kəmərinin uzunluğu cəmi 12 kilometr olub. Amma bu yalnız başlanğıc idi...

Bu gün magistral boru kəmərləri Yer kürəsini hörümçək toru kimi sarıb. Onların əsas istiqamətini müəyyənləşdirmək çətin deyil: kəmərlər hasilat yerindən ya tankerlərə yükləmə yerinə, ya da terminallara qədər uzanır, burada isə neft ya yenidən kəmərlərə vurulur, ya da dəmiryol sisternlərinə yüklənir. Bu gün dünya üzrə neft kəmərlərinin ümumi uzunluğu 2 milyon kilometrə yaxındır! Yəqin ki, bilirsən, bu gün ən böyük neft kəmərlərindən biri də Bakı–Tbilisi–Ceyhan (BTC) magistralıdır. 2006-cı ilin iyun ayından 2013-cü ilin iyun ayının sonuna kimi Ceyhan limanında 2227 tankerə Azərbaycan nefti yüklənib, BTC ilə dünya bazarlarına 229 milyon ton neft nəql olunub!

 

Qazın nəql olunması 

Neftin nəqlindən çox danışdıq. İndi isə qaz haqqında söhbət açaq. Təbii qaz çıxarıldığı yerdən sənin evinə gəlib çatmaq üçün xüsusi kəmərlər vasitəsilə uzun məsafə qət edir. 

Qaz kəmərləri yerin üstündən, altından, yerin səthi ilə, həmçinin göl və çayların, hətta bəzi yerlərdə dənizin dibindən keçir. Bu gün qaz kəmərlərinin və qazpaylayıcı şəbəkələrin uzunluğu Yerin çevrəsinin uzunluğundan dəfələrlə çoxdur: təkcə magistral qaz kəmərlərinin uzunluğu 2 milyon kilometrdir! Yəqin ki, sən bizim böyük Bakı–Tbilisi–Ərzurum (Cənubi Qafqaz boru kəməri) qaz kəməri barədə eşitmisən. 2007-ci ildən bu kəmərlə Gürcüstana və Türkiyəyə Azərbaycan qazı nəql olunur. Boru kəmərinin diametri 42 düym, uzunluğu 970 kilometrdir (Azərbaycanda 442 kilometr, Gürcüstanda 248 kilometr, Gürcüstan–Türkiyə sərhədindən Ərzuruma qədər 280 kilometr). 

Lakin qaz kəməri hələ ki okean və dənizlərin o biri tayına keçə bilmir! Qazın az yer tutması və rahat daşınması üçün insanlar onu mayeləşdirməyi öyrəniblər. Sən demə, qazı -160 dərəcəyədək soyutduqda o, mayeyə çevrilir! Maye şəkildə o, qaz halına nisbətən 600 dəfə az yer tutur. Sonra onu yenidən qaz halına qaytarıb kəmərlərlə nəql etmək olar. Qazı da dəniz və okeanlarda neft kimi tankerlərlə daşıyırlar. Dəmir yolunda qaz da neft kimi maye halında sisternlərlə daşınır. Sən bu cür qazı qaz balonlarında da görmüsən. Qaz alışqanlarında da maye qazdan istifadə olunur! 

 

...Hə, əziz dost, artıq sən təkcə neft və qazın necə hasil olunduğunu deyil, necə daşındığını da bilirsən.