"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..




Əl-CÜbeyl XXI əsrin şəhəri!

Səudiyyə Ərəbistanı son 40 ildə baş verən köklü sosial-iqtisadi islahatlar nəticəsində tam dəyişərək inkişafda böyük bir sıçrayış etmiş və bir sıra göstəricilərə görə dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrinin səviyyəsinə yaxınlaşmağı bacarmışdır. Neft ölkənin hazırkı vəziyyətini müəyyən edən əsas amildir. Səudiyyə Ərəbistanını tez-tez “neft krallığı” da adlandırırlar. 

Səudiyyə Ərəbistanının dinamik inkişaf edən şəhərlərindən biri dünyanın neftlə zəngin bölgəsində – Fars körfəzinin sahilində yerləşən  əl-Cübeyldir.

Əl-Cübeyl qədim tarixə malikdir. Burada aşkar edilən qədim insan məskənini eramızdan əvvəl 3-cü minilliyə aid edirlər. O zaman Fars körfəzi sahilinə yayılmış Dilmun tayfaları burada ilk məskənlərini salmışlar. Min illər boyu onlar balıqçılıqla və mirvari çıxarmaqla məşgul olmuşlar. 

1933-cü ildə xaricdən dəvət olunmuş ilk geoloq dəstəsi burada böyük neft yataqları kəşf etdikdən sonra  əl-Cübeyl bütün dünyada tanındı. 1976-cı ildə qəbul edilmiş Səudiyyə Kral Sənaye Proqramı əsasında “Basic İndustries Company” (SABIC) dövlət şirkəti yaradıldı. SABIC işə böyük ambisiya ilə başlayaraq, ənənəvi sənaye sahələrinin inkişafı və yenilərinin yaradılması üçün məsuliyyəti öz üzərinə götürdü. Bu irimiqyaslı layihə  əl-Cübeylin inkişafına güclü təkan verən hadisəyə çevrildi. 

Bu gün şəhərdə onlarca müasir müəssisə fəaliyyət göstərir, ildə 20 milyon tondan çox sürtkü yağları, benzin, dizel yanacağı və neft-kimya sənayesinin digər məhsulları, o cümlədən kimyəvi gübrələr istehsal olunur.  Əl-Cübeyl həm də polad istehsalı ilə tanınır. 

Əl-Cübeyl – ölkənin əsas limanı, həm də Fars körfəzində neft daşınan ən böyük limandır. Liman iki ixtisaslaşmış kompleksdən – ticarət və sənaye komplekslərindən ibarətdir. Limanın cənub hissəsində yerləşən ticarət kompleksinin dərinliyi 30 metr, ümumi uzunluğu 13 kilometrdən artıq olan 16 yanalma körpüsü var. Bu kompleks əsas dəniz yüklərinin daşınmasına xidmət edir. Sənaye kompleksi ticarət kompleksindən cənub-şərqdə, sahildən 5–6 mil məsafədə yerləşir. Buradan xüsusi yüklər – neft məhsulları, kimyəvi maddələr, kükürd, polad, tökmə alüminium, dəmir filizi, gil-torpaq və duzlar daşınır. Limanın yükdaşıma dövriyyəsi ildə 12 milyon tondan çoxdur. 

Əl-Cübeyl həm də körfəz ölkələri arasında ticarət mübadiləsinin, xüsusilə də qiymətli daşlar ticarətinin mərkəzidir. Hindistandan Avropaya daş-qaş daşınmasının əsas marşrutu buradan keçir. 

Yüksək sənaye potensialına malik olmaqla yanaşı, əl-Cübeyl həm də Səudiyyə Ərəbistanının ən gözəl və abad şəhərlərindən biri sayılır. Şəhərin 400 minə yaxın sakini var. Burada minlərlə müasir ofis və yaşayış binası tikilmişdir, sürət yolları şəhəri bütün istiqamətlərdə kəsib keçir. Əl-Cübeylin bağları şirinləşdirilmiş dəniz suyu ilə suvarılır, burada çimərliyi olan çoxlu sayda dənizdən ayrılmış göllər, hər il on minlərlə turistə dünya standartlarına uyğun xidmət göstərən beşulduzlu hotellər vardır. 

Balıq və mirvari ovçularının qədim qəsəbəsi indi XXI əsrin ultramüasir şəhəridir!