"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

“Əsrin müqaviləsi”nin hazırlanması və imzalanması ilə əlaqədar hadisələrin iştirakçılarından biri də Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, parlamentin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Valeh Ələsgərovdur

 


Heydər Əliyevin yeni neft strategiyası: qətiyyətin təntənəsi

– Hörmətli Valeh müəllim, böyük ümummilli liderimiz Heydər Əliyevin nəhəng layihələrindən olan “Əsrin müqaviləsi”nin işlənilib hazırlanması və həyata keçirilməsində fəal iştirak etmisiniz. Bu ilk sazişlə əsası qoyulan neft strategiyasının effektiv inkişafına təsir edən hansı hadisələri bu gün qeyd etmək istərdiniz? 

– Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın yeni neft strategiyasından danışanda o zaman ölkədə, neft-qaz sənayesində gedən prosesləri xatırlamamaq olmur. 1980-ci illərin sonunda artıq qəbul edilirdi ki, müasir Qərb texnologiyalarını, avadanlıqlarını və böyük həcmdə tələb olunan maliyyə resurslarını cəlb etmədən Xəzər dənizinin dərin sularında yerləşən neft-qaz ehtiyatlarının kəşfiyyatını, işlənməsini təmin etmək mümkün olmayacaq. Hətta o da qəbul olunurdu ki, bu işlərin uğurla aparılması üçün mütləq tanınmış xarici şirkətlər də cəlb edilməlidir. 1990–93-cü illərdə çoxsaylı xarici şirkətlərlə, maliyyə-kredit institutları ilə görüşlər keçirilirdi, danışıqlar aparılırdı, tenderlər keçirilirdi, hətta bu tenderlərin qalibləri elan edilirdi, protokollar, memorandumlar, başqa sənədlər imzalanırdı.

– Ancaq nəticə yox idi. Nəticə deyəndə söhbət ondan gedir ki, imzalanmış və hüquqi qüvvəyə minmiş anlaşma, saziş, bunun davamı olaraq qoyulmuş sərmayələr, başlanmış işlər yox idi...

– Bunlar ola da bilməzdi, çünki o zamanlar hakimiyyətdə olanların arasında beynəlxalq iqtisadiyyatın, maliyyə-kredit sisteminin, ümumilikdə beynəlxalq siyasətin və konkret olaraq milli təbii ehtiyatların kəşfiyyatı, işlənməsində xarici şirkətlərin cəlb edilməsinin qanunvericilik, hüquqi, idarəetmə və s. əsaslarını, incəliklərini mükəmməl bilən, böyük təcrübəsi, beynəlxalq dairələrdə nüfuzu olan, millətin ehtiramına, inam və dəstəyinə arxalanıb, müsbət və mənfi məqamları, riskləri nəzərə alıb uzunvədəli neft-qaz strategiyasını, bu strategiya ilə bərabər və buna əsaslanan iqtisadiyyatın başqa sahələrinin inkişaf strategiyasının işlənməsini və həyata keçirilməsini təmin edə bilən, bu prosesi idarə edən, bunlarla bağlı bütün məsuliyyəti öz üzərinə götürən siyasi lider yox idi.

 Bu gərgin şəraitdə 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıtdı. Çoxları və birinci növbədə xarici neft şirkətləri, onları dəstəkləyən dövlət və hökumətlər, beynəlxalq maliyyə qurumları gözləyirdilər ki, böhran nəticəsində xəzinəsində bir quruş parası olmayan dövlətin yeni rəhbərliyi “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarına dair kontraktın imzalanmasını məcburiyyət qarşısında tezləşdirəcək. Ancaq hadisələr başqa istiqamətdə inkişaf etdi. Xarici neft şirkətləri ilə danışıqlar faktiki olaraq dayandırıldı. O zaman və o şəraitdə bu qərarı verən şəxs nə qədər səbirli, dözümlü olmalı idi, hansı iradənin sahibi olmalı idi – bunları bu gün də təsəvvür etmək adi insan üçün çox çətindir. Eyni zamanda bu qərarı verən şəxsin – Heydər Əliyevin nə qədər müdrik, uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi.

– Məlumdur ki, 90-cı illərin ortalarında yaradılmış və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni neft strategiyasının yolu heç də hamar olmayıb. Bu çoxplanlı, genişmiqyaslı iş prosesində bir çox çətinliklərin aradan qaldırılması lazım gəlmişdir...

– Azərbaycanın xarici neft şirkətləri ilə “Azəri”, “Cıraq” yataqları və “Günəşli” yatağının dərin sularda yerləşən hissəsinə dair sazişlə bağlı danışıqlara hazır olduğu ancaq 1994-cü ilin may ayında elan edildi. Sonrakı hadisələr göstərdi ki, bu 10 ay ərzində (iyul 1993 – may 1994-cü il) Azərbaycanın uzunvədəli, ancaq bir sazişlə, ancaq neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi ilə məhdudlaşmayan, çoxşaxəli, onlarca illəri əhatə edən neft-qaz strategiyası üzərində gərgin işlər aparılmışdır.

“Azəri–Çıraq–Günəşli” layihəsini əhatə edən sazişə dair apardığımız danışıqlar zamanı xarici şirkətlər ən böyük risklər kimi bəzi məsələləri ortaya qoymuşdu (misal üçün, Xəzərin delimitasiyası) və bəyan etmişdi ki, saziş imzalansa da, bu risklər onları qane edən şəkildə həll edilməyincə şirkətlərin sərmayə qoyub yataqların dəyərləndirilməsini, işlənməsini təmin edib neft hasilinə başlamaq öhdəlikləri olmamalıdır. Bu risklərdən də ən önəmlisi kimi Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi göstərilirdi. 

Vəziyyət o yerə gəlmişdi ki, 1994-cü ilin iyul ayından aparılan danışıqlar faktiki olaraq dayanmışdı və nəticə olaraq həmin dövrdə ARDNŞ-nin birinci vitse-prezidenti olan İlham Əliyev Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşüb beynəlxalq hüquq normalarına, müvafiq sazişlərə və təcrübəyə əsaslanaraq bu tələbin əsassız olduğunu sübut edə bildi və xarici şirkətlər tələblərini geri götürməli oldu.

– Bəs yaranmış vəziyyətdən çıxış yolu necə tapıldı?

– Azərbaycan tərəfinin təkidi ilə sazişdə mütləq bir şərt öz əksini tapdı: saziş qüvvəyə minəndən sonra 30 ay ərzində xarici şirkətlər bu yataqlardan neft hasilatına başlamasa, Azərbaycan tərəfi bu sazişə birtərəfli xitam verə bilər və xarici şirkətlər tərəfindən xərclənmiş vəsaitləri ödəmək öhdəliyi olmayacaq. Daha önəmli və strateji əhəmiyyətli məsələ ondan ibarət idi ki, sazişin adında və dəfələrlə mətnində də yazılmışdır: “...Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının...”

20 sentyabr 1994-cü ildə bu sazişin təntənəli imzalanma mərasimində sazişi imzalayan şirkətlərin səlahiyyətli nümayəndələri ilə bərabər, həm də onların təmsil etdiyi ölkələrin (ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə) yüksəkrütbəli hökumət rəsmiləri iştirak edirdi.

Şirkətlərin rəhbərləri “Əsrin müqaviləsi” kimi tanınmış sazişi imzalayandan sonra saziş hökumət rəsmilərinə (şahidlər qismində!) imzalanmaq üçün təqdim edildi. Müvafiq prosedurlardan sonra bu saziş Milli Məclisdə ratifikasiya edilib hüquqi qüvvəyə mindi (faktiki olaraq – beynəlxalq saziş statusunda) və beləliklə, sazişin əhatə etdiyi dəniz ərazisinin, bu yataqların Azərbaycana məxsus olması yeni tarixdə rəsmi, beynəlxalq sənədlə tanındı və bizim üçün həyati önəm daşıyan beynəlxalq hüquqi presedent yarandı. Bununla həm də Xəzər dənizinin delimitasiyasının sivil, beynəlxalq normalara, sazişlərə və təcrübəyə müvafiq şəkildə həll olunmasının təməli qoyuldu. Bu prosesin davamı kimi Rusiya, Qazaxıstan, Azərbaycan arasında Xəzər dənizinin delimitasiyasına dair iki və üçtərəfli sazişlər imzalandı. 

 Bir ticari sazişdən başlayaraq Azərbaycanın həyati maraqları üçün önəmli olan məsələnin beynəlxalq səviyyədə həllinə nail olmaq – bu, Heydər Əliyevin neft-qaz strategiyasının ancaq bir hissəsi, bir nümunəsidir. Bu konkret misalda Azərbaycanın həyati maraqları deyəndə mən ancaq neft-qaz ehtiyatlarına mülkiyyət hüquqlarını, maraqlarını nəzərdə tutmuram. Söhbət həm də regional və geosiyasi maraqlardan gedir.

 Bir önəmli məqamı da hər zaman yadda saxlamalıyıq ki, neft-qaz strategiyası işlənilən zaman “Əsrin müqaviləsi”nə dair danışıqların getdiyi və onun həyata keçirilməsinin ilk mərhələlərində ölkədə həm də ictimai-siyasi sabitliyi təmin etmək, dövlətin bütövlüyünü, suverenliyini qoruyub saxlamaq, daxili, regional, beynəlxalq siyasətin prioritetlərini müəyyənləşdirmək və tətbiq etmək, bütün sahələri əhatə edən islahatlar proqramlarını hazırlamaq və həyata keçirmək... bir sözlə, müstəqil, qüdrətli, zəngin Azərbaycanın əsaslı bünövrəsini qurmaq kimi çətin və şərəfli missiya da Heydər Əliyevin üzərinə düşmüşdür.

 – Heydər Əliyevin neft-qaz strategiyasının bir hissəsi olan “Əsrin müqaviləsi”nin Azərbaycan tarixində, iqtisadi inkişafında danılmaz yeri var... 

– Bu haqda ölkə Prezidenti İlham Əliyev çox dəqiq deyib: “Əsrin kontraktı”nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki tənəzzül yaşanırdı, iqtisadiyyat, demək olar, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı eyni zamanda bölgədə birmənalı qarşılanmırdı. “Əsrin kontraktı”nın imzalanması eyni zamanda böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik”.

– Bu illər ərzində beynəlxalq bazarda mövcud olan kifayət qədər mürəkkəb şəraitdə ölkəmizin maraqlarının ən yüksək səviyyədə qorunması naminə çox debatlarda müqavimətə sinə gərmək lazım gəlib...

– Yeri gəlmişkən, Prezident İlham Əliyev bir neçə il bundan əvvəl çıxışlarının birində deyəndə ki Azərbaycan hasil etdiyi neft və qazı dünya bazarlarına artıq yeddi boru kəməri vasitəsilə ixrac edə bilər, tədbirdə iştirak edənlərin bəziləri təəccüblə bir-birinə baxdı, bəziləri bunu tərcümə səhvi kimi anladı, bəzilərinin də ürəkləri qürurla doldu – bir neçə il bundan öncə dünya bazarlarına heç bir boru kəməri olmayan Azərbaycan bu gün istədiyi istiqamətdə istədiyi istehlakçıya məqbul bildiyi şərtlərlə neftini, qazını ixrac edə bilər. 

“Əsrin müqaviləsi” çərçivəsində yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 1995-ci ilin əvvəlindən fəaliyyətə başladı və kontraktın şərtlərinə uyğun olaraq 1997-ci ilin ikinci yarısında artıq neft hasilatına başlamalı idi və təbii ki, bu neft dünya bazarlarına ixrac edilməli idi. Çoxları inanmırdı ki, cəmi 30 ay içində, hətta hasil olunan neftin boru kəməri vasitəsilə sahilə nəql edilməsi təmin edilsə belə, bu nefti Qara dəniz limanlarına çatdıra bilən boru kəmərini tikmək mümkün olar. 

İqtisadiyyatın siyasi, siyasətin iqtisadi ölçülərini dərindən bilən və bunlardan məharətlə istifadə edən ulu öndərin qərarı ilə Rusiya ilə danışıqlara başlanıldı. Məqsəd Rusiyanın Volqaboyu, Ural və Qərbi Sibir neft yataqlarını Qara dənizdəki ixrac limanı Novorossiysklə birləşdirən boru kəmərlərindən, bu neftin bir hissəsini bir zaman Bakı emal zavodlarına çatdıran boru kəmərindən əks istiqamətdə (Bakı–Novorossiysk) istifadəsini təmin edən sazişlərin razılaşdırılması idi.

 Danışıqlar çox çətin şəraitdə keçsə də, Heydər Əliyevin şəxsi müdaxiləsi nəticəsində ədalətli bir dövlətlərarası saziş imzalandı və bu gərgin prosesin sonunda – 1997-ci ilin axırlarında Bakı–Novorossiysk boru kəməri istismara buraxıldı. Bununla da həm ARDNŞ-nin, həm də ABƏŞ-in istehsal etdiyi neftin ixracı üçün yol açıldı.

 Bakı–Novorossiysk boru kəmərində bərpa işləri hələ başlamamışdı. Ancaq ulu öndər tərəfindən ARDNŞ və ABƏŞ rəhbərliyinə Bakı–Xaşuri (Gürcüstan) neft məhsulları boru kəmərinin vəziyyətini öyrənmək və bundan istifadə edərək Xəzər dənizini Qara dənizlə birləşdirən boru kəmərinin inşasına hazırlaşmaq göstərişi verildi. Bu qərar bəzilərini təəccübləndirdi, bəzilərinin (xarici şirkətlərin, maliyyə qurumlarının və s.) narazılığına səbəb oldu. Sonrakı hadisələr bu qərarın həm siyasi, həm də iqtisadi cəhətdən nə qədər uzaqgörən və səmərəli olduğunu açıq-aydın göstərdi. 

1999-cu ilin aprel ayında uzunluğu 850 kilometrə yaxın olan Bakı–Supsa boru kəməri nasos stansiyaları, Supsada inşa edilmiş terminal və limanla birlikdə təntənəli şəraitdə istismara buraxıldı. Bu hadisədən cəmi 7 ay keçməmiş – 1999-cu ilin noyabr ayında İstanbulda Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinə dair dövlətlərarası saziş imzalandı. Bundan bir il keçməmiş Cənubi Qafqaz qaz boru kəməri layihəsinə dair Azərbaycan və Gürcüstan arasında dövlətlərarası saziş imzalandı və qısa müddətdən sonra eyni dəhlizdə yerləşən bu layihələrin icrasına başlandı. Bu strateji plan və ümumiyyətlə, Heydər Əliyevin neft-qaz strategiyası o qədər məharətlə və bütün məqamları, o cümlədən mümkün ola bilən təzyiqləri, siyasi oyunları, təxribatları nəzərə alan, əsaslandırılmış bir şəkildə hazırlanıb həyata keçirildi ki, bu planların, bu strategiyanın qarşısını heç kim ala bilmədi. 

 Heydər Əliyevin neft strategiyasının uğurlarını Prezident İlham Əliyev daha məzmunlu və dolğun şəkildə ifadə edib: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft strategiyası nəinki ölkəmizi tamamilə yeniləşdiribdir, eyni zamanda bölgədə bizim imkanlarımızı gücləndiribdir və bizim müttəfiqlərimizin sayının artırılmasında önəmli rol oynayıbdır. Enerji təhlükəsizliyi, enerji diplomatiyası, bütün bunlar, yəqin ki, növbəti illərdə də dünya gündəliyində duran vacib məsələlərdən biri olacaqdır”.