"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin əlamətdar hadisə münasibətilə jurnalımız üçün müsahibəsini təqdim edirik.

 


Əsrə bərabər 20 il

– Hörmətli Xoşbəxt müəllim, 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış böyük neft sazişinin iştirakçıları ilə danışıqların uğurla nəticələnməsinə təsir edən hansı mühüm amilləri, hadisələri xatırlayırsınız?

– Sualınıza cavab vermək üçün ötən əsrin 90-cı illərinin əvvəllərinə qayıtmaq, o dövrün adamlara heç nə vəd etməyən ictimai-siyasi və sosial-iqtisadi mənzərəsini yada salmaq istəyirəm.

1991-ci ilin sonunda dünyanın siyasi xəritəsində böyük dəyişiklik baş verdi. Sovet İttifaqı dağıldı. Keçmiş müttəfiq respublikalar müstəqillik əldə etdi. Azərbaycan da öz milli müstəqilliyini elan etdi. Lakin bu vaxt respublikada vəziyyət heç də yaxşı deyildi. Siyasi həyat qeyri-sabit idi, keçmiş ittifaqın respublikaları ilə əlaqələr qırılmış, maliyyə və texniki təchizat məsələləri son dərəcə kəskinləşmiş, iqtisadiyyat iflic olmuşdu. İşsizliyin və yoxsulluğun səviyyəsi təşviş doğururdu. Belə bir mürəkkəb şəraitdə respublika iqtisadiyyatını neft-qaz sənayesi xilas edə bilərdi. Amma təəssüf ki, o dövrdə neft və qaz sənayesinin özü də ağır böhran içində idi. Buna görə də hələ 1979-cu ildə kəşf edilmiş “Günəşli” yatağının dərinsulu hissəsində, 1985-ci ildə kəşf olunmuş “Çıraq” və 1987-ci ildə kəşf olunmuş “Azəri” yataqlarında işləmək mümkün deyildi. İmkanımız yalnız “Günəşli” yatağının suyun dərinliyi 200 metrə qədər olan hissəsində işləməyə çatırdı.

Belə bir vaxtda Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə gələn cənab Heydər Əliyev respublikanın neft sənayesi ilə yaxından məşğul olmağa basladı. Bu da həqiqətdir ki, 1994-cü ildə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsi üzrə danışıqların uğurla nəticələnməsini və “Əsrin müqaviləsi”nin imzalanmasını təmin edən ən böyük hadisə ümummilli liderimizin yenidən hakimiyyətə gəlməsi oldu.

O vaxt “Azəri”, “Çıraq”, “Günəşli” (dərinsulu hissə) yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək! Nə etməli və hansı yolu seçməli? Bu sual hamını düşündürürdü. Qeyd etmək lazımdır ki, o vaxt xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına qarşı çıxan qüvvələr də mövcud idi. Bu qüvvələr həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərirdilər. Buna görə də Azərbaycan Prezidenti bizi – neftçi mütəxəssisləri ətrafına toplayıb məsələnin aydınlaşdırılmasının zəruriliyini qeyd etdi, məsləhətləşdi və nəticədə qərara alındı ki, xarici neft şirkətləri ölkəmizə dəvət edilsin.

Qeyd etməliyəm ki, xarici şirkətlərlə işbirliyinin qurulmasında təəccüblü heç nə yoxdur. Dünyanın, demək olar ki, bütün neft ölkələri – ABŞ, Böyük Britaniya, Norveç və başqaları birgə işləmək üsulundan geniş istifadə edir. Bunun səbəbi məlumdur: neft sənayesi böyük sərmayə qoyuluşu tələb edir və heç bir ölkə, xüsusilə də dənizdə bu riskli işə təklikdə getmək istəmir.

Xatırladıram ki, Xəzər dənizində xarici şirkətlərlə birlikdə iş görmək ideyası bizdə hələ keçmiş ittifaq dövründə – ötən əsrin 80-ci illərinin sonlarında meydana çıxmışdı. Lakin bu sahədə danışıqlar qurtarmamışdı. Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə yenidən respublikanın sükanı arxasında dayandıqdan sonra bu işi sürətləndirdi. Bakıda başlanan danışıqlar İstanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi ümummilli liderimiz tərəfindən müəyyən olunmuş nümayəndə heyəti (onun üzvlərindən biri də mən idim) 1994-cü ilin iyul ayında Birləşmiş Ştatlara getdi. Orada danışıqlar 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Amma burada təəccüblü heç nə yox idi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə danışıb Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcəkdir. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt ARDNŞ-nin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə ulu öndərimizə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu. Nümayəndə heyətimizin digər üzvlərinə isə danışıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. Yadımdadır ki, o vaxt mən “Yunokal” şirkətində oldum.

Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib alimlik dərəcəsi almış və sonra da həmin institutda dərs demiş cənab İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, bütün bu gərgin işin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin titanik əməyi sayəsində “Azəri”, “Çıraq”, “Günəşli” (dərinsulu hissə) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə – “BP”, “Statoil”, “Amoco”, “TPAO”, “Itochu”, “ExxonMobil”, “LUKoil”, “Delta”, “Ramco”, “McDermott”, “Hess” şirkətləri ilə sonralar tarixə “Əsrin müqaviləsi” kimi düşmüş Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bu tarixdən başlayaraq müstəqil Azərbaycanın neft siyasəti dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi. 

Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsi illəri – misilsiz inkişaf dövrü başlandı. Ötən əsrin 90-cı illərində dərin böhran içində boğulan respublika XXI əsrin ilk illərindən sürətlə inkişaf edib çiçəklənən bir diyar, dünyanın nüfuzlu dövlətlərindən biri kimi şöhrətləndi. 

Yeri gəlmişkən deyim ki, Prezident Heydər Əliyevin fərmanı ilə sentyabrın 20-si 2001-ci ildən ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur.

– Fikrinizi rəqəmlərin dili ilə davam etdirməyinizi xahiş edirik: “Əsrin müqaviləsi” konkret olaraq Azərbaycana nə verdi?

– Rəqəmlərə müraciət edəcəyik, lakin əvvəlcə mən həm karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri müqavilələri sırasına aid edilən bu müqavilənin iki əsas müsbət cəhətini qeyd etmək istəyirəm.

Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, o, Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu göstərdi, dünyanın aparıcı dövlət və şirkətlərini əmin etdi ki, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 32 müqavilə bağlandı.

“Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyətinə gəldikdə isə deməliyik ki, neft hasilatı bizim neftçıxarma tariximizdə ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, neft hasilatı 5,6 dəfə artdı.

Respublikada karbohidrogen hasilatı artımının əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir. Hazırda “Çıraq”, “Azəri” və “Günəşli” yatağının dərinsulu hissəsində 76 hasilat quyusundan ayda orta hesabla 2,6 milyon tona qədər neft və 1,5 milyard kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən bu il iyulun 1-dək “Azəri-Çıraq-Gunəşli” yataqlar blokundan 338,9 milyon ton neft və 97,8 milyard kubmetr qaz hasil edilmişdir.

Artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları, o cümlədən Azərbaycan “mənfəət nefti”ndən gəlir əldə edir. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” ilə dolu tankerlər xarici bazarlara çıxarılır. 2014-cü il iyulun 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 180,8 milyon tona qədər “mənfəət nefti” satılmışdır. Mənfəət neftinin həcmi ilbəil artır. Təkcə 2014-cü ilin 6 ayı ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilmiş 16 milyon ton neftin 11,2 milyon tonu, yəni 70 faizi Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur. “Mənfəət nefti”nin satışından əldə edilən gəlir ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış “Neft Fondu”nda toplanır, Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişaf etdirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına sərf edilir.

Azərbaycan nefti Avropaya və dünya bazarlarına 1997-ci ildən “Şimal istiqaməti” (Bakı–Novorossiysk) və 1999-cu ildən “Qərb marşrutu” (Bakı–Supsa) ilə çıxarılırdısa, 2006-cı ilin mayında bunlara Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri də əlavə olundu.

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının ərazilərindən keçib, birbaşa Aralıq dənizinə çıxan Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri unikal bir kəmərdir. Onun ümumi uzunluğu 1769 km, keçiricilik qabiliyyəti ildə 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq olar.

2014-cü il iyulun 1-dək dünya bazarlarına 351 milyon ton neft, o cümlədən Bakı–Tbilisi–Ceyhan kəməri ilə 249,7 milyon ton, Bakı–Supsa kəməri ilə 68,4 milyon ton, Bakı–Novorossiysk kəməri ilə 11,3 milyon ton və dəmir yolu ilə 20,3 milyon ton neft ixrac edilmişdir.

– Xoşbəxt müəllim, siz müxtəlif ölkələrin neft şirkətləri ilə danışıqlarda, müvafiq sənədlərin, müqavilələrin hazırlanmasında və imzalanmasında iştirak etmisiniz. Onlardan hansı sizin yaddaşınızda ən mühüm, ən mürəkkəb və nəticə etibarilə ən səmərəli sənəd kimi qalıb?

– Son 20 ildə dünyanın aparıcı neft-qaz şirkətləri ilə çox danışıqlarımız, məsləhət-məşvərətimiz olub, dediyim kimi, otuzdan çox saziş imzalanıb, Azərbaycan bir sıra nəhəng layihələrin ünvanı kimi tanınıb. Hasilatın pay bölgüsü sazişləri, məşhur Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakının yaxınlığındakı Səngəçal terminalından başlanıb Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Türkiyənin Ərzurum şəhərinə çatan və burada “Botaş” şirkətinin kəmərlər sisteminə qovuşan Bakı–Tbilisi–Ərzurum ixrac qaz boru kəməri, 2011-ci ildə Xəzərin Azərbaycan sektorunda “Abşeron” kimi yeni bir qaz-kondensat yatağının kəşfi ilə nəticələnmiş saziş... Azərbaycanı dünyaya zəngin qaz ehtiyatlarına malik bir ölkə kimi tanıtdıran nəhəng “Şahdəniz” layihəsi, böyük həcmdə Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqlini gerçəkləşdirəcək Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin layihələri üzrə sazişlər... Lakin bütün bunlara biz “Əsrin müqaviləsi”nin övladları – törəmələri kimi baxırıq. Əgər “Əsrin müqaviləsi” imzalanmasaydı və həyata keçirilməsəydi, heç sadaladığım və sadalamadığım digər sazişlər də olmayacaqdı. 

Ümummilli liderimiz Heydər Əliyevin “Yeni neft strategiyası” və Azərbaycanın sürətli tərəqqisi məhz “Əsrin müqaviləsi”ndən başlandı. Mənim üçün də o, ölkəmizin indiyədək imzaladığı bütün neft sazişlərinin tacı və nəticə etibarilə ən qiymətlisidir. 

– Ötən 20 il ərzində “Əsrin müqaviləsi”nin iştirakçısı olan xarici şirkətlərin mütəxəssislərindən kimlərlə daha məhsuldar əməkdaşlıq etmisiniz?

– Hamısı ilə. Bu elə bir müqavilədir ki, tərəfdaşlardan kimlərinsə öz vəzifə və öhdəliklərindən yaxasını kənara çəkməsi, məsləhətsiz iş görməsi mümkün deyil. Ümumiyyətlə, deyim ki, yataqların işlənməsi və hasilatın pay bölgüsü, eləcə də nəql marşrutları üzrə layihələr barədə mübahisələr, çəkişmə və incikliklər sazişlərin imzalandığı günə qədər davam edir. Burada fövqəladə heç nə yoxdur, çünki söhbət böyük vəsaitlərdən, külli miqdarda sərmayə qoyuluşlarından və nəzərdə tutulan müvafiq gəlirlərdən gedirsə, tərəflərin hər biri öz marağını qoruyur və bu, təbiidir. Bu mənada “Əsrin müqaviləsi” də istisna olmadı. Mən bunu müqavilənin texniki tərəflərinə dair apardığımız danışıqlarda da aydın hiss edirdim. Amma elə ki bu böyük saziş imzalandı, bizim hamımızı etibarlı tərəfdaşlıq prinsipləri, əsl işgüzarlıq, yüksək peşəkarlıq və qarşılıqlı hörmət hissləri birləşdirdi. Çünki biz neft sahəsində dünyada o vaxtadək nadir hallarda müşahidə edilmiş çox böyük bir layihənin uğur qazanması üçün dövlətlərimiz, xalqlarımız qarşısında eyni dərəcədə məsuliyyət daşıyırdıq və mən bu gün də deyə bilərəm ki, “Əsrin müqaviləsi” üzrə tərəfdaşlarımız olan şirkətlərlə, onların yaratdıqları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilə, bu şirkətin rəhbərləri və mütəxəssisləri ilə birgə işimizdən razıyıq. Bu gün də onlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. Lakin bilirsiniz ki, “Azəri–Çıraq–Günəşli” layihəsinin operatoru “BP” şirkətidir və ötən illərdə biz əsasən bu şirkətin rəhbərləri, mütəxəssisləri ilə işləmişik. “BP–Azərbaycan” şirkətinin keçmiş prezidentləri Terri Adams, Devid Pritçard, Con Leqat, Devid Vudvort, Bill Şreder və Rəşid Cavanşiri, vitse-prezidentlər Tom Dossu, Robert Blantonu, Con Hollisi, Pol Klaynı, Mayk Kruzu və başqalarını biz həmişə xoş sözlərlə yad edirik. Düzdür, işin gedişində müəyyən fikir ayrılıqlarımız da olub və yəqin ki, gələcəkdə də olacaqdır. Bizim isə vəzifəmiz həmişə ortaq məxrəcə gəlməkdir. İndi onların işini və ənənəsini cənab Qordon Birrell davam etdirir. Onun rəhbərliyi ilə ABƏŞ “Azəri–Çıraq–Günəşli” blokunda hasilatın azalmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirir. 

– Neftçilərin dediyi kimi, sizdə neft yataqlarını kəşfetmə vergisi var. Siz qazılacaq quyunun yerini dəqiq deyə bilirsiniz. Buna necə nail olursunuz? Sirrinizi bizimlə bölüşün...

– Həmişə demişəm ki, yataq kəşf eləmək bir nəfərin, beş nəfərin işi deyil. Geoloq və geofiziklər, inşaatçılar, qazmaçılar, elm adamları... Hər bir yatağın kəşfi yüzlərcə adamın əlinin və zəkasının bəhrəsidir. Amma iş belə gətirib ki, uzun illər boyu mənə həvalə edilmiş vəzifədə çalışarkən, necə deyərlər, xəritə üzərində son nöqtəni və son imzanı mən qoymuşam. Bəzən quyuların qazılacağı yeri tərəddüdsüz təsdiq etmişəm, bəzən gərgin araşdırmalar aparıb müəyyən düzəlişlər etmişəm – qazılacaq quyunu xəritə üzərində sağa-sola “çəkmişəm”, bəzən də sənədi imzalamaqdan imtina edib demişəm ki, “özünüzü yormayın, orada nə neft var, nə də qaz”. Bəzən də əksinə olub. Yadımdadır, “Şahdəniz” strukturunda 1998-ci ildən qazılan 1 nömrəli axtarış quyusunda işlər bir sıra texniki və texnoloji səbəblərdən uzanırdı. Bu da respublikada işləyən bəzi xarici mütəxəssislər arasında müəyyən söz-söhbətə səbəb olmuşdu. Belə bir vaxtda cənab İlham Əliyev məni açıq söhbətə dəvət etdi. Mən ona “Şahdəniz” barəsində geniş məlumat verdim. Məlumatı diqqətlə dinlədikdən, müəyyən məsələləri özü üçün dəqiqləşdirdikdən və təqdim etdiyim geoloji materiallarla tanış olduqdan sonra o, tam inandı ki, yatağın böyük perspektivi vardır. Həqiqətən də, sonralar “Şahdəniz”dən alınan məlumatlar həmin söhbət zamanı söylənilən fikirlərin düzgünlüyünü təsdiq etdi. 

Sualınız mənə başqa bir hadisəni – 2010-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xəzər dənizində karbohidrogen ehtiyatı 200 milyard kubmetr qazdan və 40 milyon ton kondensatdan ibarət olan “Ümid” yatağının kəşf edilməsi münasibətilə ARDNŞ rəhbərliyi ilə görüşünü və onun söylədiyi nitqi xatırlatdı. Prezident həmin görüşdə dedi ki: “Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik. Geoloqlarımızın təcrübəsi və bilikləri heç də ən aparıcı neft şirkətlərinin geoloqlarının təcrübəsindən geri qalmır, hətta dəqiq deyirəm, onları üstələyir. Son illər ərzində bəzi xarici şirkətlər tərəfindən aparılmış uğursuz kəşfiyyat işləri bunu göstərir. Mən “Abşeron” yatağının təcrübəsini yada salmaq istəyirəm. Mən yaxşı xatırlayıram ki, o vaxt birinci dəfə “Abşeron” yatağı kontraktla əhatə olunanda geoloqlarımız və şəxsən Xoşbəxt müəllim demişdi ki, quyu harada qazılmalıdır. Əfsuslar olsun ki, o vaxt qarşı tərəf buna əhəmiyyət vermədi. Quyunu başqa yerdə qazdılar, milyonlarla, on milyonlarla vəsait xərclədilər və quyu quru çıxdı. Ancaq buna baxmayaraq biz və geoloqlarımız bilirdik ki, “Abşeron” yatağı böyük ehtiyatlara malikdir. Bir neçə ildən sonra başqa şirkət maraq göstərdi və yenidən “Abşeron” yatağı üzrə kontrakt bağlandı”.

– Çox səmərəli elmi, pedaqoji və ictimai fəaliyyətinizə, neft sənayesi qarşısında böyük xidmətlərinizə görə siz keçmiş SSRİ-nin, Azərbaycanın və bir sıra xarici ölkələrin yüksək mükafatlarına, fəxri adlara layiq görülmüsünüz. Onların hansı sizin üçün daha qiymətlidir? 

– Mükafatlarımın və fəxri adlarımın hamısı mənim üçün qiymətlidir. Çünki onların hamısını mənə işimə görə veriblər. Mükafatlar mənim altmış iki illik əməyimə işıq saçan ulduzlardır, öz vətəndaşının əməyinin, elmi araşdırmalarının əhəmiyyətinin dövlət tərəfindən etiraf və qeyd edilməsinin ifadəsidir. Hər bir mükafat adamı sevindirir, daha böyük nailiyyətlərə ruhlandırır. Çünki onun sahibi öz peşəsinə, xalqına və dövlətinə gərək olduğunu və unudulmadığını, əməyinin fərqləndirildiyini görür ki, bu da irəliyə getmək üçün ona əlavə stimul verir. Sovet dövründə təltif edildiyim orden və medallar da, respublikanın Dövlət mükafatları və nüfuzlu fəxri adlar da, sonralar layiq görüldüyüm xarici ordenlər də mənim üçün əzizdir. Amma bütün bunların arasında Vətənin – müstəqil Azərbaycanın yüksək mükafatlarının – “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenlərinin xüsusi yeri var. Bu ordenlərin sinəmdəki və qəlbimdəki yeri onların statusu ilə yanaşı, həm də bu mükafatları mənə təqdim edənlərin – ulu öndərimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır.

– Ailənizdə neftçi-geoloq kimi ardıcılınız, həmkarınız varmı?

– Ailəlikcə mühəndisik və hamımız keçmiş Azərbaycan Sənaye İnstitutunun (sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, indi Azərbaycan Dövlət Neft Akademiyası) məzunuyuq. Həyat yoldaşım həmin institutu energetika fakültəsini bitirib. Oğlum neft-mədən fakültəsində təhsil almışdı, mədən mühəndisi idi. Dəniz mədənlərində, elmi-tədqiqat institutunda, Vyetnama göndərilmiş Azərbaycan neftçiləri qrupunun tərkibində Cənubi Çin dənizində, ARDNŞ-də və xarici şirkətlərdə çalışmış, yaxşı təcrübə toplamışdı. Qızım isə institutun geoloji-kəşfiyyat fakültəsini bitirib, geofizikdir və hazırda xaricdə məşhur neft şirkətində çalışır.

– Ömrünüzün neçə ilini həsr etdiyiniz ARDNŞ-nin gələcəyi barədə nə deyə bilərsiniz?

– Mən şirkətimizin bu günündən danışım, onun gələcəyini isə birlikdə təsəvvür edək.

ARDNŞ artıq 1994-cü ildəki şirkət deyil. Aparıcı reytinq agentliklərinin fikrincə, 2009-cu ildən ARDNŞ dünyanın ən iri 50 şirkəti sırasındadır. Hazırda ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995–2013-cü illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. ARDNŞ dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. 

“Azərbaycandan kənarda” deyəndə mən ilk növbədə Türkiyəni, Gürcüstanı və bir sıra digər ölkələri nəzərdə tuturam. ARDNŞ bu ölkələrin iqtisadiyyatına milyonlarla dollar sərmayə qoymuşdur. Türkiyədə “PETKİM” kimi nəhəng neft-kimya kompleksini idarə edən və onun əsas payçısı olan ARDNŞ-nin sərmayəsi hesabına bu ölkədə yeni dəniz limanı tikilir, “Star” adlı böyük neft emalı zavodu inşa edilir. Şirkətimiz Gürcüstanda da çox işlər görüb. Orada Kulevi terminalını istifadəyə verib, geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi və qazpaylaşdırıcı şəbəkə yaradıb. TAP və TANAP layihələrində ARDNŞ-nin başlıca tərəf kimi iştirakı da şirkətimizin beynəlxalq nüfuz və imkanlarının yüksək göstəricisidir.

ARDNŞ axtarış-kəşfiyyat və qazma işləri sahəsində də müasir metod və texnologiyalara yiyələnmiş şirkətdir. Düzdür, hələlik biz xarici sifarişçilər üçün servis müqavilələri üzrə müəyyən işlər görürük. Lakin məqsədimiz gələcəkdə bu işləri genişləndirməkdir. Biz Xəzərin Azərbaycana aid olmayan sektorlarında və dünyanın digər regionlarında neft və qaz yataqlarının kəşfiyyatı ilə məşğul olacağımızı da istisna etmirik, çünki bunun üçün müvafiq imkanlar var. 

“Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan keçən müddət ərzində qazanılmış bütün bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətləridir. Onun işini layiqincə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycanın yeni neft strategiyasını da inamla həyata keçirir, ölkəmizin, regionun və Avropanın enerji təhlükəsizliyində respublikanı qabaqcıl mövqelərə çıxarır.