"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

“BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birel ilə müsahibə

 


“BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birel ilə müsahibə

– 2014-cü ildə sizin əsas prioritetləriniz və hədəfləriniz nədən ibarətdir?

– 2014-cü il “BP” şirkətinin operatorluğu ilə həyata keçirilən “Azəri–Çıraq–Günəşli” (AÇG) layihəsi üçün əhəmiyyətli bir ildir. Bu il AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin imzalanmasının 20-ci ildönümü ilə əlamətdardır və bu əlamətdar ilin əvvəlində AÇG-də mühüm bir mərhələyə nail olunub – “Qərbi Çıraq” platformasında neft hasilatına başlanıb. Bu platforma AÇG yatağında işə saldığımız və təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərən dünya səviyyəli səkkizinci dəniz platformasıdır. O, AÇG yatağındakı hasilatın sabitləşdirilməsi və neftveriminin artırılması istiqamətində atılmış böyük bir addımdır. Digər tərəfdən isə biz il ərzində laya qaz vurumunu yüksək templərlə həyata keçirə bilmək üçün yeni mühərrik layihələndirməsindən istifadə etməklə Xəzər dənizindəki platformalarımızda olan turbinlərin bəzilərini yenicə modernləşdirmişik. Biz dərhal hasilatda müsbət nəticələrin şahidi olduq və hazırda irəlilədikcə rastlaşdığımız əsas çətinliklərdən biri (dənizdəki lay təzyiqlərinin azalmasının qarşısının alınması yollarının tapılması) ilə bağlı uzunmüddətli müsbət irəliləyiş müşahidə edirik. Biz Xəzər dənizində əməliyyatlarımızın təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə dair götürdüyümüz əsas öhdəliyin bir hissəsi kimi hasilatın sabitləşdirilməsinə yönəlmiş səylərimizi davam etdirəcəyik.

2014-cü ildə bizim biznes hədəflərimiz də ötən ilindekabr ayında verilmiş yekun investisiya qərarından sonra “Şahdəniz – Mərhələ-2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələrinin icra mərhələsinin həyata keçirilməsinə yönəlib. Bu nəhəng layihələr ölkədəki bütün sahələrdə və istehsalat meydançalarında, o cümlədən Səngəçal terminalında, ATA konsorsiumunun Bakı yaxınlığındakı istehsalat sahəsində, Bakı Dərin Özüllər Zavodunda, eləcə də Azərbaycanda və Gürcüstanda boru kəməri marşrutu boyunca yerləşən sahələrdə yenidən canlanacaq irimiqyaslı tikinti fəaliyyətləri ilə səciyyəvi olacaq. Məmnuniyyətlə qeyd etməliyəm ki, bu layihələr qrafikə uyğun irəliləyir. Biz mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə əsas müqavilələrin əksər hissəsini artıq imzalamışıq. Bir çox sahələrdə ilkin işlərə başlanılıb. Bəzi istehsalat sahələrində biz hətta əsas işlərə start vermişik. Xüsusən də ATA istehsalat sahəsində biz platformanın göyərtələrinin yığılmasına başlamışıq. Biz bu böyük işlənmə layihəsinin bir çox sahələrində əldə olunan ümumi irəliləyiş çərçivəsində il ərzində müqavilələrin bağlanılması prosesini davam etdirəcəyik.

Həmçinin onu da qeyd etmək istəyirəm ki, bizim üçün həmişə əməliyyatlarımızı və layihələrimizi təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək başlıca prioritet olub. Mən ilin ilk yarısındakı əməliyyat planlarımızı bu vaxtadək müvafiq qaydada, səmərəli və təhlükəsiz şəkildə həyata keçirdiyimizi deməkdən qürur duyuram.

Qarşımızdakı digər priori-tet bir məsələ də milli neft sə-nayesindəki yerli mütəxəssisləri və işçi qüvvəsini inkişaf etdirməkdir. “BP” şirkətində 2900 nəfərdən çox azərbaycanlı əməkdaş işləyir – ixtisaslaşmış kadrlarımızın təxminən 85%-i yerli əməkdaşlardır. Lakin biz 2018-ci ilədək bu göstəricini ən azı 90%-dən yuxarı səviyyəyə qaldırmaqda qərarlıyıq. Bu bizim əsas öhdəliklərimizdən biridir.

– Siz qeyd etdiniz ki, 2014-cü ildə AÇG-nin 20 illiyi tamam olur. Bununla bağlı builki planlar və gözləntilər nədən ibarətdir və siz bu layihəni və onun Azərbaycana təsirini necə qiymətləndirirsiniz?

– Hər şeydən öncə qeyd etməliyəm ki, bizim iyirmi il bundan əvvəl həyata keçirməyə söz verdiyimiz bütün vədlər, demək olar, gerçəkləşdirildi. Bu, bütün əlaqədar tərəflər, yəni hökumət, ARDNŞ və tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən bir çox digər maraqlı tərəflər üçün müstəsna bir uğur tarixçəsinə çevrildi.

Bu tərəfdaşlıq özü ilə hansı dəyişikliklər gətirdi? 

Bütün iqtisadiyyat, idarəetmə konsepsiyaları, sənaye standartları, texnologiya, infrastruktur, bacarıqlar və imkanlar dəyişdi. Bütün bunlar isə mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində imzalanmış bir müqavilə ilə başladı və Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkliyə çevrildi.

1994-cü ildə “BP” və onun tərəfdaşları Azərbaycan hökuməti ilə “Əsrin müqaviləsi” kimi tanınan saziş imzaladı. Bunun üzərindən 20 il keçdikdən sonra biz artıq iqtisadiyyatı sürətlə inkişaf edən bir ölkə görürük və bu ölkə bir daha dünyanın aparıcı neft və qaz hasil edən dövlətlərindən birinə çevrilməsi istiqamətində sağlam və iri addımlarla irəliləməyə başlayıb. “BP” şirkəti ölkəni və onun enerji sektorunu bugünkü vəziyyətə gətirib çıxarmış bütün bu böyük tarixi hadisələrin bir hissəsi olmaqdan qürur duyur.

Burada bir sıra mühüm faktları qeyd etmək istəyirəm və onlar özlüyündə çox şey deyir: 1997-ci ildən etibarən təxminən 2,5 milyard barel neft hasil edilib, BTC kəməri vasitəsilə 2 milyard barel neft nəql olunub, minlərlə yerli əməkdaşa təlim keçirilib və onlar AÇG-dəki dünya miqyaslı əməliyyatları həyata keçirmək üçün müvafiq səviyyədə inkişaf etdirilib. Səngəçal terminalında AÇG və “Şahdəniz” layihələrinin texnoloji emal qurğuları da diqqətəlayiqdir. Onlar “BP” qurğuları arasında ən böyüyüdür. Daha dəqiq desək, onlar əməyin təhlükəsizliyi və istismar hazırlığı baxımından son dərəcədə yüksək göstəricilərə – təxminən 100%-ə yaxın olan bir göstəriciyə nail olub.

– “BP”nin operatorluğu ilə həyata keçirilən layihələr Azərbaycandakı qeyri-neft sektorunun inkişafına necə dəstək olur?

– Bizim fikrimizcə, ötən 20 il ərzində Azərbaycan cəmiyyətinin hər bir təbəqəsi bizim hökumət və tərəfdaşlarımız adından həyata keçirdiyimiz neft və qaz layihələrindən bəhrələnib. Sadəcə, bir misal versək – dövlətin təhsil sektoruna xərclədiyi vəsaitin həcmi 2007-ci ildən indiyə qədər 120% artıb.

Ümumi faydalardan əlavə, biz bütün səviyyələrdə bacarıqları, standartları və səriştələri təkmilləşdirmək üçün nəzərdə tutulmuş Xəzər Texniki Təlim Mərkəzi və Layihələri İdarəetmə Məktəbi kimi bir sıra təhsil və təlim layihələrinə sponsorluq etmişik və sponsorluq etməyə davam edirik. Biz yeni universitet fakültələrinin və kurslarının açılmasına yardım etmişik. Biz yerli jurnalistlərin və sahibkarların təliminə dəstək olmuşuq.

Biz həmçinin investisiyalarımızda yerli resurslardan istifadənin maksimuma çatdırılması istiqamətində səylə çalışmışıq; misal üçün, qeyd etməliyəm ki, təkcə bizim sahibkarlığın inkişafı və təlim proqramı son yeddi il ərzində 150-dən çox yerli şirkətin tenderlərdə qalib gələrək bizimlə ümumi dəyəri təxminən 276 milyon dollar həcmində olan müqavilələr imzalamasına yardım edib. Ümumilikdə isə ötən 20 il ərzində AÇG layihəsinə 3000-dən artıq yerli şirkət və müəssisə cəlb olunub.

Bundan əlavə, 1768 km uzunluğundakı BTC/CQBK marşrutu boyunca yerləşən təxminən 145 kənd icması 2005-ci ildən etibarən həyata keçirdiyimiz yüzlərcə kiçikmiqyaslı davamlı inkişaf layihələrindən sözün əsl mənasında faydalanıb. Bu layihələr maldarlıqdan ta su təchizatının yaxşılaşdırılmasına qədər olan hər bir sahəni və məktəblərin və yolların bərpasını əhatə edib.

Ən son olaraq biz səkkiz kənd sahəsində məktəbəqədər yaşlı uşaqlara erkən təlim imkanları təmin etmək məqsədilə Azərbaycan hökuməti ilə işləmək üçün YUNİSEF ilə “Anlaşma memorandumu” imzalamışıq. Bu bizim üçün əhəmiyyətli və uzunmüddətli bir öhdəlikdir.

Bəzən bizim verdiyimiz töhfələr daha çox dolayı yolla gerçəkləşir; məsələn, Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində getdikcə artan səyləri bizim əməliyyatlarımız ilə bağlı müntəzəm olaraq tədqiqatlar və monitorinqlər aparmaq öhdəliyimizlə daha da güclənir. Misal olaraq qeyd etmək lazımdır ki, ötən 20 il ərzində AÇG layihəsi çərçivəsində 90-dan az olmayaraq “Ətraf mühitə təsirin qiymətləndirilməsi” aparılıb və dənizdə, quruda və sahilyanı zonalarda təxminən 190 monitorinq tədqiqatları həyata keçirilib.

– Son 10 il ərzində Azərbaycanda “BP”nin rolunda və əməliyyatlarında əsas dəyişikliklər nədən ibarət olub?

– Son 10 ili bizim bu regionda fəaliyyət göstərdiyimiz ümumi 20 illik müddətdən ayırmaq çətin olar. Buna görə də icazə verin bizim operatorluğumuzla həyata keçirilən layihələrin gətirdiyi ümumi dəyişikliklərdən söhbət edim.

Biz ötən 20 il ərzində Xəzər regionunda ARDNŞ və digər tərəfdaşlarla birlikdə nəhəng hasilat və nəqletmə sistemi yaratmışıq. Bu sistem miqyasına və səmərəliliyinə görə yalnız “BP”də deyil, həm də dünya sənayesində ən yaxşı sistemlərdən biridir. Biz qürur hissi ilə deyə bilərik ki, dünyanın çox az yerində bizim Xəzər regionunda nail olduğumuz dərəcədə yüksək səmərəliliklə fəaliyyət göstərən bu miqyasda hasilat sistemi mövcuddur. Bu nəhəng fəaliyyətlər dəqiqliklə və sakit şəkildə həyata keçirilir və bizim uğurlu hasilat mexanizmimizin gündə 600.000 bareldən çox neft, 900 milyon kubfut qaz və təxminən 50.000 barel kondensat hasil etməsinə imkan verir.

Bundan əlavə, mən “BP”nin yeni texnologiyaların regiona gətirilməsindəki rolunu xüsusi qeyd etmək istərdim. Nəzərə alsaq ki biz nisbətən sadə bir platformadan həyata keçirilən ilkin neft layihəsindən nəhəng işlənmə layihələrinə keçmişik və bunlar da mürəkkəb geoloji quruluşa malik karbohidrogen zonasında yerləşir, bizim sənayedə texnologiyaların əhəmiyyəti son dərəcədə mühüm rol oynayır. Qum təzahürü ilə mübarizə, hasilatın optimallaşdırılması və lay suyunun idarə olunması kimi sahələrdə “BP”nin bir çox qabaqcıl texnologiyaları tətbiq edilməli olub. Şirkət olaraq biz 4 ölçülü seysmik tədqiqatlar sahəsində aparıcı mövqedəyik və bu texnologiya artıq Azərbaycanda dənizdə istifadə edilib. Başqa bir misal kimi böyük inhiraflı maili quyuların qazılmasını göstərmək olar – bu bizim hasilat göstəricilərini təkmilləşdirmək və qoruyub saxlamaq üçün göstərdiyimiz səylərdə mühüm əhəmiyyət daşıyan bir texnologiyadır.

– “BP”nin ARDNŞ və Azərbaycandakı digər strateji tərəfdaşları ilə olan münasibətlərini necə təsvir edə bilərsiniz?

– Mən hesab edirəm ki, bizim hökumət, ARDNŞ və digər tərəfdaşlarla olan birgə işimiz uğurlu tərəfdaşlıq modeli kimi təsvir oluna bilər. Biz Azərbaycan hökuməti və ARDNŞ ilə çiyin-çiyinə işləyərək dünyada dövlət sektoru ilə özəl sektoru birləşdirən ən uğurlu biznes tərəfdaşlıqlarından birini qurmuşuq. Biz bunu etibarlı şəkildə gerçəkləşdirmişik. Regionda əməyin təhlükəsizliyi üzrə səviyyəmiz sənayedə ən yüksək göstəricilər arasındadır.

Bizim burada qazandığımız uğurlarda Azərbaycan xalqının, o cümlədən hökumətin, ARDNŞ-nin, biznes sektorunun, ali təhsil sektorunun və bir çox  yerli icmaların əməyi son dərəcədə əhəmiyyətli olmuşdur. ARDNŞ əsl tərəfdaş olmuşdur. Biz şirkət olaraq bu tərəfdaşlıqdan çox bəhrələnmişik və fürsətdən istifadə edərək ARDNŞ-yə göstərdiyi dəstəyə və əməkdaşlığa görə təşəkkür etmək istəyirəm. Mən inanıram ki, faktik olaraq hər iki tərəf də bu tərəfdaşlıqdan bir çox şəkildə bəhrələnib – əməliyyatlarla bağlı məlumatları və təlim proqramlarını bölüşüb və müxtəlif təşəbbüsləri koordinasiya edib. Birgə həyata keçirdiyimiz diqqətəlayiq proqramlardan biri də bizim layihələrə cəlb olunan azərbaycanlı işçi qüvvəsinin inkişaf etdirilməsi, habelə peşə və neft-qaz ixtisasları üzrə daha çox yerli mütəxəssisə təlim keçirilməsi üçün bizim 2014-cü ilin may ayında ARDNŞ ilə imzaladığımız sazişdir. Biz yerli işçi qüvvəsinin yetişdirilməsinə töhfə vermək məqsədilə ARDNŞ-nin Qobustandakı Regional Təlim Mərkəzi, habelə “BP” və onun tərəfdaşlarının Səngəçaldakı Xəzər Texniki Təlim Mərkəzi və digər mərkəzlər vasitəsilə ARDNŞ ilə sıx əməkdaşlıq etməkdən çox məmnunluq duyuruq.

– Sizin Azərbaycan üçün 2020-ci ilə dair baxışınız nədən ibarətdir?

– Bu gün Bakı Xəzər regionundakı enerji sənayesinin mərkəzinə çevrilməkdədir. Hər zaman yeni bazarlar və yeni üfüqlər açılır. Düzgün siyasət və nəzarət mexanizmləri tətbiq edildikcə bu tendensiya davam edəcək.

Hələ də dənizdə çox sayda yeni neft və qaz imkanları mövcuddur; məsələn, ən son olaraq biz ARDNŞ ilə “Şəfəq-Asiman” blokunun birgə geoloji kəşfiyyatına dair müqavilə imzalamışıq.

Şübhəsiz ki, zamanla neft-qaz hasilatı artdıqca karbohidrogen sektorundan əldə olunan gəlirlər də artacaq. Bu mərhələdə, bizim insanlara və texnologiyalara yatırdığımız əhəmiyyətli sərmayələr “BP” şirkətinə və Azərbaycana mənfəət gətirməkdə davam edəcək. Hazırda Azərbaycan regiondakı qonşu ölkələrdən müqavilələr əldə edə biləcək səriştələr bazasına və texnoloji imkanlara malikdir. Bu yalnız həmin sahələrdə investisiyaların qoyuluşu davam etdiyi müddətdə arta bilər.

Həmçinin onu da qeyd etmək lazımdır ki, Xəzər dənizinin digər tərəfindəki karbohidrogenlə bağlı layihələrin miqyasını nəzərə alsaq, Bakı da Şimal dənizindəki Aberdin kimi, yaxud Yaxın Şərqdəki Dubay şəhəri kimi sənaye üçün sürətlə regional xidmət sektoruna çevrilir. 

Azərbaycanda neft-qaz sənayesi üçün parlaq gələcəyin olduğunu görməyimizlə yanaşı, biz həm də ölkənin öz iqtisadiyyatını şaxələndirməkdə qətiyyətli yol seçdiyini də müşahidə edirik. Hesab edirəm ki, builki dövlət büdcəsini on il bundan əvvəlki büdcə ilə müqayisə etdikdə ötən on il ərzində Azərbaycan iqtisadiyyatının inkişafında baş verən dəyişiklikləri hər şeydən daha yaxşı göstərir. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan son dərəcə sürətlə inkişaf edir. Həmçinin ötən il ÜDM-də qeydə alınan artımın həm də qeyri-neft sektorundan gəldiyini görmək çox ümidvericidir və bu da onu göstərir ki, ölkə məharətlə öz artım hədəfini qeyri-neft sektoruna yönəldir. Gələcəkdə biz bütün bunların, sadəcə, davam edəcəyini deyil, həm də əhəmiyyətli dərəcədə artacağını gözləyirik.