"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Təxminən iyirmi il əvvəl bura tikanlı kollarla örtülmüş tozlu-dumanlı çöllük ərazinin bir hissəsi idi. Bu gün Bakıdan 55 kilometr cənubda yerləşən həmin qeyri-münbit yarımsəhrada dünyanın ən böyük və ən məhsuldar terminallarından biri yerləşir.


“Günəş” cənubdan doğur

Səngəçal terminalı 500 hektardan artıq ərazini əhatə edir ki, bu da təxminən 600 futbol meydançasına bərabərdir. Terminal ərazisi binaların, boruların və avadanlıqların mürəkkəb şəbəkəsi ilə örtülüb. Burada yardımçı konstruksiyalardan əlavə, ağırlığı təxminən 15.000 ton olan borular, çənlər, siyirtmələr yerləşir. Terminala “Əsrin müqaviləsi” çərçivəsində beynəlxalq konsorsium tərəfindən işlənilən “Azəri–Çıraq–Günəşlı” yataqlar blokunun müxtəlif platformalarından və “Şahdəniz” yatağından çəkilmiş altı boru kəməri daxil olur, səkkiz kəmər isə buradan çıxır. Həmin boru kəmərləri yüksəkkeyfiyyətli “Azəri” xam neftini və “Şahdəniz” yatağından hasil olunan qazı müxtəlif marşrutlar üzrə dünya bazarlarına nəql edən Bakı–Tbilisi–Ceyhan və Cənubi Qafqaz boru kəmərinin qolları, şaxələridir. Hazırda terminalda hər gün 760 min barel neft (ümumiyyətlə, terminal gündəlik 1,2 milyon barel nefti qəbul və texnoloji emal etmək gücündədir) və 995 milyon kubfut qaz emal olunur – bu, həqiqətən böyük nailiyyətdir.

Səngəçal terminalının sahə əməliyyatları üzrə meneceri Con Kurz deyir: “İyirmi il bundan əvvəl Səngəçal terminalı indiki inzibati binadan bir qədər böyük idi və kiçik bir kollektivlə çalışırdı. İndi bura “BP”-nin kəşfiyyat və hasilat seqmentində fəaliyyət göstərən ən böyük neft və qaz terminallarından biridir. Bura çox mürəkkəb bir obyektdir”.

Terminalda “Çıraq”, “Qərbi Çıraq”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Mərkəzi Azəri” və “Dərinsulu Günəşli” platformalarından, nefti və səmt qazını, “Şahdəniz” platformasından təbii qazı qəbul edən texnoloji emal qurğuları fəaliyyət göstərir. Xam neft və qaz Səngəçal terminalında texnoloji emaldan keçirildikdən sonra boru kəmərləri və texnoloji xətlər vasitəsilə Gürcüstana, Türkiyəyə və Aralıq dənizi ilə dünya bazarlarına yola salınır.

 

Neftin və qazın texnoloji emalı

Neftin və qazın texnoloji emalı bir neçə mərhələdən keçir. “Bu, təhlükəsiz və effektiv istismar əməliyyatları üçün sərt qaydalar və hər şeydən də öncə fədakar və səriştəli insanlar tələb edir”, – Con deyir. 

Terminaldakı neftayırma sistemi ilkin neft layihəsi (İNL) də daxil olmaqla yeddi texnoloji xətdən ibarətdir. Dənizdən gələn qismən sabitləşdirilmiş neft separasiya edilərək neft, su və qaz axınlarına ayrılır. Qaz səmt qazının kompressiyası sisteminə göndərilir və boru kəmərləri vasitəsilə Azərbaycan bazarına nəql olunur. Su isə lay suyu saxlama çənlərinə vurulur. Burada laya vurulmaq məqsədilə dənizə göndərilməzdən əvvəl kondisiyalaşdırılmaq üçün lay suyu qurğusunda emal olunur. Satış üzrə texniki şərtlərə cavab vermək üçün neft sabitləşdirilir, sonra BTC (Bakı–Tbilisi–Ceyhan) boru kəmərinə və ya QİBK-yə (Qərb ixrac boru kəmərinə) ötürülür, yaxud da müvəqqəti saxlamaq məqsədilə xam neft saxlama çənlərinə vurulur.

Hər bir texnoloji xətt neft qızdırıcısından, iki növ separatordan, elektrostatik koaqulyatordan, lay suyu nasoslarından, xam neft nasoslarından və əmtəə neftinin soyuducusundan ibarətdir. Hər bir texnoloji xəttin neft üzrə nominal məhsuldarlıq gücü gündə təxminən 175 min bareldir. Ümumi qurğulara neft kəmərinin ərsin qəbuletmə kameraları, kondisiyalaşdırılmamış xam neft çənləri, eləcə də normal xam neft çənləri daxildir.

Səngəçal terminalı həmçinin “Şahdəniz” qaz platformasından gündə 995 milyon standart kubfuta qədər qaz qəbul edə bilir. Qaz və onunla birlikdə hasil olunan kondensat iki ayrı-ayrı sualtı boru kəməri vasitəsilə dənizdən Səngəçaldakı quru terminalına nəql edilir. Burada həm qaz, həm də kondensat satış üzrə texniki şərtlərə uyğunlaşdırılmaq məqsədi ilə texnoloji emaldan keçirilir. Sonra isə yenə də ayrı-ayrı boru kəmərləri vasitəsilə ixrac olunur. 

İki texnoloji xətdən ibarət qazın texnoloji emal sistemi qaz istilik mübadiləsi qurğularından, qaztəmizləyici turboekspanderdən, ekspanderlərdən, drossel klapanlarından, separatordan və gücləndirici ekspander kompressorlarından ibarətdir. Qazın satış üçün krikondenterm (şeh nöqtəsi) göstəricisinə uyğunlaşdırılması məqsədilə texnoloji emalı həyata keçirilir. Bu prosesdə qazdan kifayət qədər qaz-kondensat mayelərinin çıxarılması da əsas məsələlərdən biridir. 

Boru kəməri ilə gələn xam kondensat da texnoloji emaldan keçirilir. Burada başlıca məqsəd satışa hazır kondensatın saxlanılma və BTC boru kəməri vasitəsilə ixrac üçün tələb olunan buxarlanma təzyiqi göstəricisinə uyğunlaşdırılmasıdır. Qaz və maye ilə birlikdə çıxmış su qlikoldan və karbohidrogenlərdən ayrılaraq saxlama-buxarlandırma hovuzuna yönləndirilir.

Səngəçal terminalı daim fəaliyyətdədir. “Dənizdən nə qədər çox xam neft və qaz gəlirsə, terminalın həyatı bir o qədər dinamik olur”,
– Con deyir. Terminalın təhlükəsiz və səmərəli işi mühüm əhəmiyyət daşıyır və böyük iqtisadi nəticələr verməkdədir. 2013-cü ildə Səngəçal terminalının ümumi məhsuldarlığı 300 milyon barel neft ekvivalentinə bərabər olmuşdur. Bu qədər maye Azərbaycanın bütün ərazisinin səthini ən azı 1,5 metr qalınlığında örtməyə kifayət edə bilərdi. Həmin il terminaldakı obyektlərin işlədilməsi üçün 563.910 MVt-saat elektrik enerjisi hasil olunmuşdur. Bu qədər enerji isə Bakıda təxminən 235 min evin illik ehtiyaclarını ödəməyə yetərlidir. (Nəzərə alaq ki, Bakıda sakinlərin orta aylıq elektrik sərfiyyatı 200 kVt-saat təşkil edir.) “Gələcək ehtiyaclarımızı ödəmək üçün, demək olar ki, bizim faktik olaraq bundan beş dəfə artıq enerji yaratmaq imkanımız var”, – Con əlavə edir.

İnsan inkişafı

Kurz deyir: “Biz hər şeydən öncə insanlarımıza dəyər veririk. Sahədə təxminən 700 işçi və podratçı çalışır və onların hər biri kollektivin uğurlarına mühüm töhfə verir”.

Səngəçalda işçilərin bacarıqları xüsusi qaydada inkişaf etdirilir.  Səriştələrin İdarə Olunmasının Təminatı Sistemi (CMAS) terminaldakı texniklərin iş bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “BP” üçün xüsusi təşkil olunmuş bir proqramdır. Kurz deyir: “Hazırda işçilərin orta səriştə dərəcəsi 72%-dir, 2014-cü il üçün 78%-ə yüksəlməlidir və biz inanırıq ki, Səngəçal bunun öhdəsindən gələcək”.

Texniklərin inkişafı ilə bağlı sabit inkişaf tendensiyasının səbəblərindən biri də terminaldakı işçi heyət üçün xüsusi təlim proqramının həyata keçirilməsidir. Bura iş sahəsində və sahədən kənarda kompüter əsasında təlimlər, iri qəza hadisəsinin qarşısının alınması, eləcə də ölkə xaricində keçirilən təlim kursları daxildir. Kurz deyir: “Terminalda əməliyyatlara başlanan gündən bu yana işçi heyətin təlimlər keçməsinə milyonlarla dollar pul xərcləmişik. Hazırda bu səylərimizin bəhrəsini görürük”. 

Kadrların milliləşdirilməsi sahəsində də Səngəçal terminalı nümunə göstərilə bilər. İNL üzrə texniki heyətin milliləşdirilməsi 100% həyata keçirilib. Bunun ardınca 98%-lə terminalın “Şahdəniz” bölümü gəlir. Böyük AÇG ailəsi kadrların milliləşdirilməsini 95%-ə çatdırmaqla bu istiqamətdə inamla irəliləyir. 

Supervayzerlər və heyət rəhbərləri də xüsusi rəhbər işçilərin təkmilləşdirilməsi proqramı vasitəsilə təkmilləşdirilir (bu proqram “Mükəmməlliyi hədəf götürən rəhbərlərin yetişdirilməsi” adlanır). Kurz deyir: “Biz proqramın həyata keçirildiyi son yeddi il ərzində ön sıradakı rəhbər işçilərin səriştələrində nəzərəçarpan irəliləyişin şahidi olmuşuq və mən heyətin inkişafla bağlı əldə etdiyi nailiyyətlərlə qürur duyuram. Terminal üçün bu irsi miras qoya bilmək də mənim üçün çox möhtəşəm bir hissdir”. 

Terminalın daxilindəki yolların ümumi uzunluğu 35 kilometrdir. Obyektin bir başından o biri başına getsəniz, Bakıdan Azərbaycanın üçüncü böyük şəhəri sayılan Sumqayıtadək olan məsafə qədər yol qət etmiş olarsınız. Səngəçal terminalında müasir və uğurlu bir sənaye obyekti üçün səciyyəvi olan yol şəbəkəsi qurulmuşdur. Bu, güclü yerli xüsusiyyətlərə malik beynəlxalq şirkət üçün mühüm nailiyyətdir.