"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

2013-cü ilin sonlarında “Yay!” qalereyasında rəssam İrina Eldarovanın “Qızlar neftçilərə üstünlük verir” adlı sərgisi açılmışdır. Demək olar ki, bütün rəsmlərdə 60-cı illərin ulduzu Merilin Monro və Azərbaycan neftçiləri təsvir olunmuşlar. 

 


Qızlar neftçilərə üstünlük verir

İrina Eldarova İ.Y.Repin adına Sankt-Peterburq Dövlət Rəssamlıq Akademiyasının (1975–79) və V.İ.Surikov adına Moskva Dövlət  Rəssamlıq İnstitutunun məzunudur (1980–82). 

İrina Eldarovanın əsərləri Tretyakov Qalereyasında, Azərbaycan Müasir İncəsənət Muzeyində saxlanılır. Bakı metrosunun “Xalqlar dostluğu” stansiyasındakı mərmər panno da onun əl işidir.   

İrina Eldarova Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş və müasir Azərbaycan incəsənətini təmsil edən bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Bunlar London, Paris, Berlin və Romada keçirilmiş “Fly to Baku”, 2013-cü ildə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş “Home sweet home” sərgiləridir. 

Biz “Mayak-13” kafesində – qədim İşərişəhərin mərkəzindəki müasir incəsənət adacığında görüşdük. 

İrina Eldarova. Bu cür zərif, həssas təbiətli insanda belə böyük mənəvi gücün, həyata yenilməz inamın olduğunu təsəvvür etmək çətindir.  

– Bu yaxınlarda Bakıda keçirilmiş “Qızlar neftçilərə üstünlük verir” sərginiz böyük uğur qazanmışdır. Siz özünüz yaradıcılığınızı necə qiymətləndirirsiniz və bu layihənin yaradılmasına nə təkan verdi? 

– İki il əvvəl eşitdim ki, SOCAR 20 illik yubileyinə həsr olunmuş müsabiqə keçirir. Müsabiqədə iştirak etməyi qərara aldım. “Caspian” jurnalında böyük təcrübə qazanmışdım, neft mövzusu mənə yaxşı tanış idi. Neft haqqında, demək olar ki, hər şeyi bilirəm. Onu necə tapırlar, necə çıxarırlar, hansı buruqlar var... və işə başladım. Əvvəlcə darıxdırıcı idi, incəsənətdə isə bu yolverilməzdir. Bəzi düşüncələrdən sonra məndə belə bir fikir oyandı: Merilin Monro və Azərbaycan neftçisi. Qızlar brilyant bəzək əşyalarından xoşlanırlar. Amma bu gün valyuta brilyant deyil, neftdir. Qızlar da neftçilərə üstünlük verir. 

– Qərbin divası, 60-cı illərin zəriflik simvolu Merilin Monro və Azərbaycan neftçisi – Şərq kişisi. Bu obrazlar arasında əlaqə varmı? Bu, Şərq və Qərb mədəniyyətinin simvoludurmu? 

– Əlbəttə, şübhəsiz. Şərq və Qərbin idealları üst-üstə düşür. Sovet neft sənayesinin çiçəklənmə dövrü, neft bumu müharibədən sonraya, 60–70-ci illərə təsadüf edir. Həmin illərdə dünyanın o biri yarımkürəsində zəriflik timsalı Merilin Monro hökm sürür. Bununla bərabər, Azərbaycan qadını da dəyişir, sadəliyini qoruyub saxlamaqla bərabər, müasirləşir, özündə Merilinin obrazını yaratmağa çalışır, özünü dünya mədəniyyətinin bir hissəsi hesab edir. 60–70-ci illər Azərbaycan üçün çox parlaq bir dövrdür. Məhz bu illərdə Azərbaycan dünya mədəniyyətinə Müslüm Maqomayev, Tahir Salahov, Toğrul Nərimanbəyov kimi simalar bəxş etmişdir. 

– Neftçi xarakterinin ən çox hansı məziyyətləri xoşunuza gəlir?

– Mənim təsvir etdiyim neftçi bir tərəfdən güclü, mərd, yaraşıqlı və mətin insan, digər tərəfdən kövrək, incə qəlbli, nəzakətli kişidir. 

– Sərgini necə qiymətləndirirsiniz?

– Çox məmnun oldum. Sərgi əla keçdi. Çoxlu tamaşaçı vardı, müxtəlif adamlardan saysız-hesabsız təbriklər qəbul etdim. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əsərlərimə böyük maraq göstərdi. O, maraqlandı ki, məni bu layihəyə nə ilhamlandırıb. 

– Layihənizdə sizin üçün xüsusi olan əsəriniz varmı?

– Hə, bir neçəsini qeyd edə bilərəm: “Bəyaz rəqs”, “Qaqarinin uçuşu”, “Təklif”, “Məni seç”.

– Siz Bakıda çoxdan yaşayırsınız? O sizin üçün doğmalaşıbmı?

– Mən Bakını çox sevirəm. Bura mənim ikinci vətənimdir. Burada mən həm xoşbəxt, həm də kədərli anlar yaşamışam. Burada mənim doğmalarım, ailəm yaşayır. Bu nağıl kimi gözəl şəhər mənə çox əzizdir. 

– Gənc Azərbaycan rəssamlarının yaradıcılığını necə qiymətləndirirsiniz? 

– Fantastika, onlar çox cəsarətli, dərindüşüncəli, ağıllı və istedadlıdırlar.

– Sizcə, rəssam necə olmalıdır?

– Rəssam ilk növbədə ruhən körpə olmalıdır. Həmişə.