"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

İkinci Dünya müharibəsinin əsas səbəblərindən biri də faşist Almaniyasının və müttəfiqlərinin Avropanın neft rayonlarını ələ keçirmək iddiası idi

 


1941–45-ci illərdə Bakı neftinin müharİbədə rolu

1939-cu ildə neft hasilatı təqribən 805 min ton təşkil edirdi. Genişmiqyaslı müharibə aparmaq üçün bu həcm kifayət etmirdi. Faşist Almaniyasının 1939–40-cı illərdə 5,5 milyon ton neft verən Rumıniya mədənlərinə sahib olması Hitlerin ambisiyalarını qane etmirdi. 1939-cu ildə hücum etməmək haqqında pakt imzalandıqdan sonra faşıst Almaniyası sovet neftinə böyük maraq göstərməyə başladı. Həmin dövrdə Sovet İttifaqında neft ixracının 75%-i Almaniyanın payına düşürdü. Bakı və Şimali Qafqaz SSRİ iqtisadiyyatının əsas neft tədarükçüsü idi. SSRİ-də istehsal olunan neftin 80%-i Azərbaycanda çıxarılırdı. Ural-Volqaboyu, Orta Asiya və Qazaxıstanda neft hasilatı elə də əhəmiyyətli rol oynamırdı. Hitler komandanlığı Bakının neft ehtiyatlarına xüsusi diqqət ayırırdı. Qafqaza hücumunda faşist Almaniyasının əsas məqsədi Bakının neft və qazla zəngin rayonlarını ələ keçirmək idi. Hitlerçilər Bakını işğal edəcəklərinə əmin idilər. Hətta Almaniyanın “Ost-Öl” və “Karpaten-Öl” firmaları ilə Qafqazdakı neft yataqlarının 99 illik istismarı üçün eksklüziv saziş imzalamışdılar. Neftin ixracı üçün borular da hazırlanmışdı. Sonralar bu borular SSRİ tərəfindən zəbt edildi və istifadəyə verildi. General-leytenant Nidenfurun rəhbərliyi ilə xüsusi iqtisadi komissiya yaradılmış, neft çıxarılan sahələrin bombalanması qadağan edilmişdi. Amma faşistlərin Bakı nefti ilə bağlı planları iflasa uğradı.

Azərbaycan müharibə dövründə SSRİ-də əsas neft məhsulları tədarükçüsü olmuşdur. 1941-ci ildə Bakıda rekord həcmdə – 23,5 milyon ton neft çıxarılmışdır. Neft emalı planı 122,8%, benzin istehsalı planı isə 118% yerinə yetirilmişdi. Amma 1942-ci ildə hasilat azalmağa başladı. 1942-ci ilin iyulunda alman qoşunları Stalinqrada çatdıqları üçün Volqada gəmi nəqliyyatı dayandırıldı. Bakıdan cəbhəyə neft və neft məhsulları daşınan əsas dəmir yolları almanlar tərəfindən ələ keçirilmişdi. Alman-faşist qoşunları Qafqazın astanasında idi. Bakı işğal təhlükəsi qarşısında qalmışdı. Buna baxmayaraq köhnə quyular bərpa olunaraq istismara buraxılır və cəbhənin neftlə təchizatı davam etdirilirdi. Stalinqrada neft məhsullarını göndərmək üçün başqa yol tapmaq lazım gəlirdi. Dünya praktikasında ilk dəfə neftlə doldurulmuş dəmiryol sisternləri yedəyə alınaraq dənizlə Bakıdan Krasnovodska yola salındı. Buradan isə Orta Asiya və Qazaxıstan ərazisindən dəmir yolu ilə Stalinqrad cəbhəsinə çatdırıldı. 

1942-ci ilin payızında müharibənin gedişi tamamilə Bakı neftindən asılı vəziyyətə düşmüşdü. Bakı üçün də çətin zamanlar idi. Naviqasiya müddəti başa çatanadək nəzərdə tutulmuş 6 milyon ton neft əvəzinə cəmi 1,6 milyon ton göndərilmişdi. Bütün ölkə üçün mürəkkəb olan belə bir zamanda Bakı riskli qərar qəbul edir. Bakı neftçilərinin köçürülməsi başlanır.
10 mindən çox neftçi ailəsi ilə birlikdə gəmilərlə Krasnovodska, oradan da dəmir yolu ilə məskunlaşmamış rayonlara – Başqırdıstana, Kuybışev və Perm vilayətlərinə yola salınır. Burada onlar Bakıdan gətirdikləri avadanlıqların köməyi ilə neft hasil etməyə başlayırlar. Bu yerlərə “ikinci Bakı” adı verilir. Müharibənin ən çətin dövrlərində Bakı neftçiləri həqiqətən də əsl qəhrəmanlıq göstərmişlər. Bakı özünün ən yaxşı neftçi kadrlarından məhrum olur, onların yerini qadınlar tuturdu. 1942-ci ildə neft sənayesində 25 min qadın işləyirdi ki, bu da bütün işçilərin 33%-ni təşkil edirdi. 1944-cü ildə bu rəqəm 60%-ə çatmışdı. Bakıdakı arxa cəbhə briqadaları gecə-gündüz çalışır, fasiləsiz olaraq Stalinqrada yanacaq göndərirdilər. 1943-cü ilin fevralında Stalinqrad cəbhəsinin qoşunları hücuma keçərək almanlara ağır zərbələr endirdilər. Bu, müharibənin gedişində əsl dönüş anı oldu. Hücum neft nəqlinin bərpasına yol açdı. 

1945-ci il aprelin 28-də Sovet İttifaqı marşalı Fyodor Tolbuxin “Azərbaycan xalqına eşq olsun!” sərlövhəli məqaləsində yazırdı: “Qızıl ordu bir çox qələbələrinə, hücuma keçən hissələrin vaxtında keyfiyyətli yanacaqla təmin olunmasına görə Azərbaycan xalqına və cəsur Bakı neftçilərinə borcludur. Stalinqrad yaxınlığındakı, Don və Donbasdakı, Dnepr və Dnestr sahillərindəki, Bel-qraddakı, Budapeşt və Vyana yaxınlığındakı döyüşçülərimiz Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayır, cəsur Bakı neftçilərini alqışlayırlar”. 

Azərbaycan SSR-dən ön cəbhəyə 681 min nəfər, o cümlədən 10 min qadın çağırılmışdı. Onlardan 300 mini döyüşlərdə həlak olmuşdur. Hərbi hissələr üçün 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. 128 nəfər azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adı (14-ü ölümündən sonra) verilmişdir. Həzi Aslanov bu ada 2 dəfə layiq görülmüşdür. Leytenant İsrafil Məmmədov isə bu adı alan ilk azərbaycanlı kimi tarixə düşmüşdür.

Qəhrəmanların adı yaddaşlarda əbədi yaşayacaq!