"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Keçmiş SSRİ-nin fəxri neftçisi, Azərbaycanın əməkdar mühəndisi, mötəbər orden və medallarla təltif olunmuş Məmməd Qəhrəman oğlu Süleymanovun (18.09.1912–09.08.1988) fəaliyyəti Azərbaycanın neft hasilatı sənayesində müasir texniki yeniliklərin tətbiqi üçün başlanğıc nöqtəsi olan mənalı nailiyyətlərlə zəngindir 

 


Məmməd Süleymanov: ömür yolu

Məmməd Süleymanovun xatirəsinin əbədiləşdirilməsi, görkəmli xidmətlərinin bir daha anılması məqsədilə Xəzərin perspektiv dərin kəşfiyyat sahələrində mühüm hazırlıq funksiyasını daşıyan geofiziki tədqiqat gəmisinə onun adı verilmişdir. 

 

Peşəyə doğru gedən yolda 

Məmməd Qəhrəman oğlu Süleymanov Dağlıq Qarabağda – Laçın və Şuşa arasında yerləşən Əhmədli kəndində doğulmuşdur. Uşaqlıqdan bütün işlərə ciddi yanaşmaq adəti M.Süleymanovun həyatında müsbət rol oynamışdır. O, 16 yaşında Bakıya gələrək fəhlə fakültəsinə daxil olmuş, sonra təhsilini Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsində davam etdirmişdir. Peşə qazanmağın növbəti mərhələsi Moskva Neft Akademiyasında təhsil aldığı illərə təsadüf edir. Məmmədin tələbə elmi konfranslarında çıxışları, məqalələri, referatları yeni ideyalarla, müasir neft sənayesi inkişafının aktual məsələlərinin ortaya qoyulması ilə yadda qalmışdır. 

 

Rəhbər işçi

Məmməd Süleymanovun kəşfiyyat partiyasına rəis təyin olunması onun nəzəri hesablamalarının praktikada təsdiqinə imkan yaratdı. Müharibə ərəfəsi idi. Belə bir çətin dövrdə M. Süleymanov qrup rəisi təyin olunur. Ona işğal təhlükəsi yarandıqda düşmən əlinə keçməsin deyə quyuları partlatmaq barədə gizli göstəriş verilir. Müharibədən sonra M.Süleymanovu artezian quyularının kəşfiyyatı və qazılması işində kömək göstərmək üçün İrana göndərirlər. 1945-46-cı illərdə o, burada sahəyə rəhbərlik edir. Vətənə qayıtdıqdan sonra Məmməd müəllimi yeni təyinat gözləyir: “Azneftkəşfiyyat” trestinin quruda geoloji-axtarış kontorunun direktoru vəzifəsi. Yenilikləri cəsarətlə həyata keçirən M.Süleymanov ölkə üçün mühüm olan bu təşkilatın işini ciddi şəkildə fəallaşdırır. 

 

Dövrün yeni cərəyanları

1949-cu ildə “Azmorneft” birliyinin rəhbərliyi dənizdə geoloji-kəşfiyyat kontorunu təşkil etməyi ona tapşırır. Çətin vəzifə idi, bütün işləri sıfırdan başlamaq lazım gəlirdi. 50-ci illərdə struktur qazma işləri primitiv yelkənli-motorlu gəmilər, balıqçı seynerləri, motobot və tral gəmiləri vasitəsilə aparılırdı. Bu gəmilərdə “KAM-300” və “ABBM-3100” dəzgahları quraşdırılmışdı. Bu cür texniki avadanlıq yalnız 25–30 metr dərinlikdə qazmağa imkan verirdi. 

Məmməd Süleymanovun dənizdə geoloji-kəşfiyyat kontoruna rəhbərliyinin ilk 13 ilində 400 min metrdən artıq struktur-axtarış,
800 min metrdən çox struktur-qazma işləri aparılır. Adalarda, layların səthə çıxmış hissələrində instrumental tədqiqat işləri görülür, Bakı və Abşeron arxipelaqlarında struktur-axtarış qazma işləri aparılaraq süxurlardan nümunələr götürülür, palçıq vulkanları öyrənilir. Əldə olunan geoloji informasiya aerofoto, geomorfoloji və geofiziki çəkiliş materiallarına aydınlıq gətirir. 

 

Texniki tərəqqi

1959-cu ildə M.Süleymanovun səyləri nəticəsində dənizdə geoloji-kəşfiyyat kontoru ilk yerli istehsal olan ponton tipli üzən özül alır. Bu özüldən orta dərinliyi 650–700 metr olan 51 quyu qazılmışdır. Müəssisənin yeni avadanlıqla təchiz olunması 60-cı illərdə də davam etdirilir. Həmin dövrdə kontorun sifarişi ilə ilk yerli üzən qurğu – “Abşeron” yaradılır. Bu qurğu dənizin 15 metr dərinliyində 1800 metr dərinlikdə quyular qazmağa imkan verirdi. M.Süleymanovun birbaşa iştirakı ilə rekonstruksiya olunduqdan sonra artıq qazmanı dənizin 20 metr dərinliyində aparmaq mümkün idi. 

Dəniz dərinliklərində kəşfiyyatın yeni metod və texnologiyalarını öyrənmək üçün Məmməd Süleymanov əməkdaşlarını Hollandiyaya göndərir. Bu, vaxtında atılmış addım idi, belə ki, keçmiş SSRİ-də ilk dəfə olaraq Məmməd Süleymanovun rəhbərliyi ilə Xəzərin Azərbaycan akvatoriyasında Hollandiyadan gətirilmiş ilk üzən qazma qurğusu istismara verilir. “Xəzər” adlanan bu qurğu dənizin 60 metr dərinliyində 6000 metrədək dərinliyi olan quyular qazmağa imkan verirdi. 

 

Son söz

Məmməd Süleymanovun 70 illiyi ilə əlaqədar “Kaspmorneft” ümumittifaq istehsalat birliyinin rəisi Qurban Abasov və rəis müavini Xoşbəxt Yusifzadə (indi ARDNŞ-nin birinci vitse-prezidenti) qeyd etmişlər: “Sizin texniki erudisiyanız, zəhmətkeşliyiniz, yüksək məsuliyyət hissiniz sayəsində 30 il rəhbərlik etdiyiniz dənizdə geoloji-kəşfiyyat kontoru Xəzər dənizinin geoloji cəhətdən öyrənilməsində böyük nəticələr əldə etmişdir. Dəniz dibinin məqsədyönlü şəkildə tədqiqi Azərbaycanın geniş şelf zolağının müfəssəl geoloji xəritəsini çəkməyə, 50-ci illərin əvvəllərində çətin dəniz şəraitində struktur quyuların qazılması dənizdə neft və qazın geoloji-iqtisadi cəhətdən daha effektiv axtarışına nail olmağa imkan vermişdir. Sizin iştirakınızla ilk dəfə olaraq SSRİ-də dəniz şəraitində tədqiqat və struktur-axtarış işlərinin metod və texnologiyası işlənib hazırlanmışdır. Dəniz dibi geologiyasının proqressiv öyrənilməsi prosesi sizə barkasdan aparılan struktur-qazma işlərindən şlanq-kabel qazma qabiliyyətinə malik unikal “Əli Əmirov” qazma gəmisinin sənayedə istismarına keçməyə imkan vermişdir. 40 ildən artıq əmək fəaliyyətiniz ərzində siz ölkəmizin iqtisadi gücünə önəmli töhfə vermisiniz. Xəzərin “Neft daşları”, “Bahar”, “Səngəçal”, “Duvannı-dəniz”, “Bulla” kimi məşhur neft və qaz-kondensat yataqlarının kəşfində böyük rol oynamısınız”. 

Belə məsul və genişmiqyaslı işə 30 il rəhbərlik etmək ən dərin hörmətə layiq rekord bir müddətdir. M.Süleymanov 70 yaşında da rəhbər vəzifədə çalışıb, 1979–88-ci illərdə “Kaspmornefteqaz” birliyinin mərkəzi elmi-tədqiqat laboratoriyasına başçılıq edib. Məmməd Süleymanov laboratoriyanın avadanlığını yeniləmiş, onu müasir cihazlarla təchiz edərək tədqiqat işlərinin mövcud standartlar səviyyəsində aparılmasına nail olmuşdur. 

 

Ailə

Məmməd müəllim və həyat yoldaşı Tuba xanım üç övlad böyütmüşlər. Tuba xanım həkimdir. Sonbeşikləri Eldar Süleymanov texnika elmləri doktorudur, bir sıra monoqrafiyaların, o cümlədən xaricdə çap olunmuş əsərlərin, geniş tətbiq olunan bir sıra elmi işlərin müəllifidir. Bu gün Məmməd Süleymanovun ailəsinin artıq üçüncü nəsli neft sənayesinə töhfə verir: nəvəsi Orxan Nuriyev geofizikdir, hazırda “Baker Hughes” neft servis şirkətinin Hyuston şöbəsində işləyir, eyni zamanda “Borehole Image” üzrə əsas interpretasiya” mövzusunda kurslar aparır. Eldar müəllimin oğlu Oqtay Süleymanov da atası kimi müvəffəqiyyətlə elmi fəaliyyətini praktiki işlə uyğunlaşdırır: o, texniki elmlər üzrə fəlsəfə doktorudur, “BP”-də qazma mühəndisi vəzifəsində çalışır, hazırda Hyustonda (ABŞ) Azərbaycan mühəndis məktəbini təmsil edir. 

Məmməd Süleymanovun şərəfli ömür yolu beləcə davam edir...