"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Beynəlxalq neft-qaz sənayesinin ən mühüm layihələrindən biri olan Cənub qaz dəhlizinin həyata keçirilməsi üzrə işlər sürətlə davam etdirilir. 

 


Cənub qaz dəhlizinin və TANAP-ın təməli qoyuldu

Dünyanın dəniz akvatoriyalarındakı ən böyük təbii qaz yataqlarından birində – “Şahdəniz” yatağında hasil olunan təbii qazın Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan bu möhtəşəm layihə regionun enerji xəritəsini dəyişəcək, Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa Birliyi ölkələri ilə enerji sahəsində əməkdaşlığının yeni, daha parlaq səhifəsini açacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev enerji daşıyıcılarının nəqlində “Yeni İpək yolu” kimi səciyyələndirilən Cənub qaz dəhlizini “XXI əsrin layihəsi” adlandırmışdır. Dəhlizin təməli də XX əsrin müqaviləsinin imzalanmasının 20-ci ildönümü günündə – 2014-cü il sentyabrın 20-də qoyuldu.

“Əsrin müqaviləsi”nin 20 illiyi və Cənub qaz dəhlizinin təməlinin qoyulması münasibətilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Yunanıstanın Baş naziri Antonis Samaras, Monteneqronun Baş naziri Milo Cukanoviç iştirak etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qonaqlar layihənin əhəmiyyətindən söz açdılar. Dövlətimizin başçısı dedi: “Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu layihə bizim üçün yeni imkanlar açır. Bu layihə eyni zamanda tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar eyni zamanda istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq”.

Heydər Əliyev Mərkəzindəki tədbirdən sonra dövlət və hökumət başçıları, digər rəsmi şəxslər Səngəçal terminalına yola düşdülər. Orada Cənub qaz dəhlizinin təməlinin qoyulması mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və mərasimin digər iştirakçıları rəmzi olaraq xüsusi qəliblərin üzərində
əl izlərini qoydular.

Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Giknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, “bp” şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Cənub qaz dəhlizinin təməlinə qoyulacaq ilk borunu imzaladılar. Beləliklə, Cənub qaz dəhlizinin təməli qoyuldu.

Cənub qaz dəhlizi üç əsas boru kəmərindən ibarət olacaq: mövcud Cənubi Qafqaz Boru Kəməri Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək, “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazası çərçivəsində hasil olunacaq qaz həcmləri Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə ərazisi boyunca nəql ediləcək, Türkiyə–Yunanıstan sərhədində TANAP-a birləşəcək Trans-Adriatik Boru Kəməri (TAP) isə qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək.

Cənub qaz dəhlizinin Türkiyə ərazisindən keçəcək hissəsi – Trans-Anadolu Təbii Qaz Boru Xətti layihəsi (TANAP) iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında davam edən uğurlu əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Bu nəhəng layihə Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və bölgənin təbii qaz təchizatının diversifikasiyası məqsədini daşıyır. Azərbaycan və Türkiyə prezidentlərinin birgə təşəbbüs və səylərinin nəticəsi olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanmışdır. TANAP Cənub qaz dəhlizinin birləşdirici həlqəsi olaraq çox mühüm əhəmiyyət daşıyır. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə mərhələ-mərhələ həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.

2015-ci il martın 13-də Ankarada TANAP layihəsi üzrə ortaqlıq anlaşması imzalanmışdır. Türkiyə Respublikasının energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın, SOCAR prezidenti Rövnəq Abdullayevin, “bp”nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin, BOTAŞ-ın baş icraçı direktoru Mehmet Konukun, TANAP İdarə Heyətinin üzvü Vaqif Əliyevin, TANAP-ın baş icraçı direktoru Saltuk Düzyolun, Cənub Qaz Dəhlizi şirkətinin baş icraçı direktoru Əfqan İsayevin iştirak etdikləri mərasimdə Ortaqlıq Anlaşmasının imzalanması ilə “bp” şirkətinin TANAP layihəsinin tamhüquqlu iştirakçılarından biri olması rəsmiləşmişdir. TANAP layihəsinin ortaqları arasında paylar belə müəyyənləşdirilmişdir: Azərbaycan Cənub Qaz Dəhlizi şirkəti – 58%, BOTAŞ – 30%, “bp” – 12%.

Martın 17-də isə Azərbaycan və Türkiyənin gərgin səyləri məntiqi nəticəsini verdi və TANAP layihəsinin inkişafında tarixi hadisəyə imza atıldı. Türkiyənin Qars vilayətinin Selim rayonunda təntənəli mərasimlə TANAP-ın təməli qoyuldu. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak etdilər. TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirildi. Qeyd olundu ki, TANAP Azərbaycan–Türkiyə qardaşlığının Anadoluya atılan imzasıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsində əksini tapan bu ölməz qardaşlığın TANAP-la yeni bir səhifəsi açılır.