"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində martın 17-də Qars şəhərində Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyinin rəsmi açılışı olmuşdur.

 


SOCAR Qarsda üç ölkə prezidentinin iştirakı ilə yeni məktəb açdı

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak etmişlər. Dövlətimizin başçısı mərasimdə geniş nitq söyləmiş, bildirmişdir ki, Türkiyə, Azərbaycan, Gürcüstan birliyi enerji sahəsində regiondakı mənzərəni dəyişmişdir. Bu əməkdaşlığın salnaməsinə yeni-yeni parlaq səhifələr əlavə olunur. Azərbaycan Prezidenti demişdir: “Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır, yeni iş yerləri yaradır, bizim iqtisadi, siyasi gücümüzü artırır. Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlamışdır. SOCAR – Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar dəyərində sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır. Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada beş lisey və məktəb tikilmişdir. Bu, təhsil sektoruna qoyulan sərmayədir. Yəni bu bizim gələcəyimizə qoyulan sərmayədir. Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Biz çalışmalıyıq ki, həm Azərbaycanda, həm Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək”. Prezident İlham Əliyev Qarsda yeni açılan məktəbin yetişdirəcəyi peşə sahiblərinin Türkiyə və Azərbaycanın maraqlarına xidmət edəcəyini vurğulamışdır. O, Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi gördüyünü, bu gün görülən işlərin, xüsusilə də TANAP layihəsinin Qars üçün yeni imkanlar açacağına əmin olduğunu bildirmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Qarabağda soyqırımına məruz qalan azərbaycanlıların ağrı-acısını daim qəlblərində duyduqlarını söyləmiş, Türkiyə və Azərbaycanın hər zaman bir yerdə olacağını bəyan etmişdir. O, Türkiyə–Azərbaycan dostluğunun möhkəmlənməsində və inkişafında əvəzsiz rolu olan Heydər Əliyevin adının daim böyük ehtiramla anıldığını, əziz xatirəsinin Türkiyənin hər guşəsində yaşadıldığını və bundan sonra da yaşadılacağını bildirmiş, 2011-ci ildə təməli qoyulan, 2013-cü ilin sonunda tədris-təlimə başlayan Qarsdakı bu məktəbin təntənəli rəsmi açılışının buna bariz nümunə olduğunu qeyd etmişdir. Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyinin Qars şəhərində və ətraf bölgələrdə sənayenin inkişafına yeni nəfəs gətirəcəyinə, bütünlükdə regionun inkişafına xidmət edəcəyinə əmin olduğunu söyləmişdir.