"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Gənc mütəxəssislərin daha geniş biliklərə yiyələnməsi, müasir tələblərə uyğun şəkildə ixtisaslarını artırmasında SOCAR-ın ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə birgə təşkil etdiyi Bakı Yay Enerji Məktəbinin də böyük əhəmiyyəti var.

 


Bakı Yay Enerji Məktəbi

 Bu il 9-cu Yay Enerji Məktəbinə 17 ölkədən 47 enerji mütəxəssisi qoşulmuşdur. Son illər beynəlxalq mütəxəssislər arasında tanınmağa, siyasi, elmi və işgüzar dairələrin nümayəndələrini cəlb etməyə başlamış Yay Enerji Məktəbində dinləyicilərə Azərbaycanın dünya neft və qaz hasilatında tarixi mövqeyi, Xəzərin Azərbaycan sektorunda yeni yataqların kəşf edilməsi, region ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolu haqqında məlumat verilir. İki həftə ərzində məktəb iştirakçıları enerji sahəsinin siyasi və iqtisadi əsasları, hüquqi bazası, o cümlədən enerji və xarici siyasət, enerji və ətraf mühit kimi mövzularda mühazirələr dinləyir, interaktiv məşğələlərdən yararlanırlar. Yay Enerji Məktəbində maraqlı qonaqlarla görüşlər də təşkil olunur. Görkəmli neftçi-alim, akademik, SOCAR-ın geologiya, geofizika və yataqların işlənilməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin “Xəzərin inkişafında tarixi mərhələlər. Karbohidrogen ehtiyatları: əfsanəvi geoloqun şəxsi lətifələri” mövzusunda seminarı böyük maraqla qarşılanmışdır. Azərbaycan neft-qaz sənayesinin inkişafında misilsiz rol oynamış Xoşbəxt Yusifzadə bilavasitə özünün iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağının, o cümlədən hazırda bütün dünyada məşhur olan ”Azəri”, ”Çıraq”, ”Günəşli” və “Şahdəniz” yataqlarının kəşf edilməsi haqqında məlumat vermiş, xatirələrini danımışdır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev də Yay Enerji Məktəbində qonaq olmuşlar. Elşad Nəsirov “Ətraf mühitin qlobal dəyişikliyində rəqabətin saxlanılması: SOCAR strategiyasının hazırlanması və qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmiş, Muxtar Babayev isə “Neft sənayesində sazişlərin növləri, idarəçilik və maliyyə iqtisadiyyatı” mövzusunda iştirakçılara ətraflı məlumat vermişdir. Hər iki çıxış böyük maraq doğurmuşdur. Qeyd edək ki, son səkkiz il ərzində ADA Universitetinin və SOCAR-ın birgə təşkilatçılığı ilə keçirilən Bakı Yay Enerji Məktəbində 350 yerli və beynəlxalq enerji mütəxəssisi təlimlər keçərək məktəbin məzunu olmuşdur.