"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

2014-cü il noyabrın 7-də Xəzərin qoynunda, estakadalar üzərində yerləşən neft şəhərciyində – əfsanəvi “Neft Daşları”nda hasilatın başlanılmasının 65 illiyi münasibətilə SOCAR rəhbərliyinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir. 

 


“Neft Daşları” – 65 illik əfsanə

Mərasim iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edərək ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş və abidənin önünə əklil qoymuşlar. “Neft Daşları” yatağını kəşf etmiş əfsanəvi neftçi-geoloq Ağaqurban Əliyevin, 1957-ci il noyabrın 20-də Xəzəri fəth edərkən həlak olmuş neftçilərin və Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş neftçilərin abidələri də ziyarət edilmiş, şanlı tariximizdə əbədi yer almış qəhrəmanların xatirəsi ehtiramla yad olunmuşdur. SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Neft Daşları” qaz-separasiya məntəqəsi ilə “28 May” NQÇİ-nin lay təzyiqinin saxlanılması sexi arasında yeni tikilmiş estakadanın açılışında iştirak etmişlər. “Neft Daşları”nın 65 illiyinə həsr olunmuş təntənəli tədbirdə əfsanəvi şəhərin inkişaf yolu, yatağın kəşfi, işlənilməsi tarixindən danışılmış, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni neft strategiyası çərçivəsində qazanılmış nailiyyətlərdən söz açılmış, qarşıda duran vəzifələr müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında 6 noyabr 2014-cü il tarixli sərəncamı oxunmuş, “Neft Daşları” əməkçilərinə göstərilən daimi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq bildirilmişdir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə geniş nitq söyləyərək 65 il əvvəl dünya neft sənayesinin tarixində ilk dəfə olaraq açıq dənizdə neft hasilatına başlanılmasının əsasının məhz Azərbaycanda – “Neft Daşları” yatağının kəşfi ilə qoyulmasının böyük qürur hissi verdiyini bildirmiş, neftçiləri bu əlamətdar gün münasibətilə təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır. SOCAR prezidenti fədakar dəniz neftçilərinin əməyinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulamış, Azərbaycan neft-qaz sənayesinin, xüsusilə “Neft Daşları”nın inkişafında uzun bir dövrün xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd etmişdir. O, xatırlatmışdır ki 40 il əvvəl, Neft Daşlarının 25 illik yubileyində ulu öndərin neftçilər qarşısında qoyduğu vəzifələr və istiqamətlər müstəqil Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün müstəsna əhəmiyyət kəsb edən “Günəşli”, “Çıraq”, “Azəri” və digər yataqların kəşfi ilə nəticələnmişdir. ulu öndər Heydər Əliyev bunu dəfələrlə qeyd etmiş və müstəqillik dövründə yeni neft strategiyasının qələbələrindən danışarkən demişdir: “Yeni neft strategiyasının maddi və elmi təməli də məhz Neft Daşları ilə qoyulmuşdur”. “Neft Daşları”nın işlənilməsinin perspektivlərinın hələ də böyük olduğunu qeyd edən Rövnəq Abdullayev möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, yatağın bundan sonra da uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə xidmət edəcəyini vurğulamışdır. Sonda SOCAR prezidenti bütün Azərbaycan xalqını əlamətdar yubiley münasibətilə təbrik etmiş, Xəzərin qəhrəman fatehlərinə daha böyük uğurlar arzulamışdır. Sonra Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı verilmiş Daşqın İsgəndərova, “Şöhrət” ordeni ilə təltif edilmiş Zabit Əhmədova, “Tərəqqi” medalı ilə təltif edilmiş Alik İslamov, Balaəmi Cəfərov, Tacəddin Məcidov və başqalarına, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2014-cü il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş Elmira Ramazanovaya yüksək dövlət mükafatları təqdim olunmuşdur. SOCAR prezidentinin müvafiq əmrinə əsasən, “Neft Daşları”nın 65 illiyi münasibətilə əlaqədar “Azneft” İB, Geofizika və Geologiya İdarəsi, Kompleks Qazma İşləri Tresti, “Neftqaztikinti” tresti, Nəqliyyat İdarəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə bir qrup işçiyə ARDNŞ-nin fəxri fərmanları təqdim edilmişdir. SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə təltif olunanları təbrik etmiş, dəniz neftçilərinin fədakar əməyinin ən yüksək qiymətə layiq olduğunu söyləmişdir. O, Azərbaycanın dinamik inkişafında ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış qalibiyyətli neft strategiyasının müstəsna rol oynadığını, qəhrəman neftçilərimizin bu strategiyanın uğurla həyata keçirilməsinə misilsiz töhfə verdiklərini qeyd etmişdir. Xoşbəxt Yusifzadə “Neft Daşları” ilə bağlı xatirələrini bölüşmüş, bu yatağın işlənilməsinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, “Neft Daşları” yatağı hələ uzun müddət ölkədə neft hasilatının dayağı olacaqdır. Təltif olunan neftçilər adından çıxış edən Zabit Əhmədov, Əhəd Abuyev və “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov əməklərinə verilən qiymətə görə minnətdarlıqlarını ifadə etmiş, qarşıdakı illərdə “Neft Daşları” yatağının potensialından daha səmərəli istifadə ediləcəyini, neftçilərin yatağın işlənməsi istiqamətində daha əzmlə çalışacaqlarını, qarşıya qoyulan vəzifələri layiqincə və vaxtında yerinə yetirəcəklərini bildirmişlər.