"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Bu il yanvarın 14-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadənin 85 yaşı tamam olmuşdur

 


Xoşbəxt Yusifzadə

 Yubiley ərəfəsində görkəmli geoloq Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. Dekabrın 20-də Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, Rusiya Federasiyasının əməkdar ixtiraçısı Əzizağa Şahverdiyev SOCAR-da olmuş, Rusiya Təbiət Elmləri Akademiyası xarici üzvünün diplomunu, vəsiqəsini və döş nişanını Xoşbəxt Yusifzadəyə təqdim etmişdir. Qeyd olunmuşdur ki, X.Yusifzadənin elmi yaradıcılığı və praktiki fəaliyyəti başqa ölkələrdə olduğu kimi Rusiyada da yaxşı tanınır və yüksək qiymətləndirilir. Akademik X.Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçildiyinə görə təşəkkürünü bildirmiş, elmi yaradıcılığının bundan sonra da neft elmi sahəsində yeni-yeni nailiyyətlərə yol açacağına ümid etdiyini söyləmişdir.

Yanvarın 9-da “Nizami” Kino Mərkəzində görkəmli neftçi-geoloqun həyat və fəaliyyətindən bəhs edən “Fədakar” filminin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər. Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabı əsasında çəkilmiş ikihissəli bədii-sənədli film Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sifarişi ilə “SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilmişdir. Filmin leytmotivini belə bir fikir təşkil edir ki, Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsində əvəzsiz rol oynamış akademik Xoşbəxt Yusifzadənin həyat və fəaliyyəti Azərbaycan neft epopeyasının ayrılmaz hissəsidir. “Fədakar” filmində bu şərəfli ömrün maraqlı anları neft-qaz sənayesinin inkişafı ilə vəhdət şəklində xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınmışdır. Film fədakar bir insanın ömür kitabını vərəqləyir, həyatının bütün eniş-yoxuşlarına işıq salaraq gərgin zəhmətin və işgüzarlığın nəyə qadir olduğunu tamaşaçıya bir daha sübut edir, düzgün, halallıqla yaşayan, ucaldıqca sadələşən, təkəbbürdən uzaq olan, seçdiyi peşəni daha da şöhrətləndirən bir insanın timsalında gənclərə örnək verir. Görkəmli geoloq alimin neft sənayesinin inkişafına verdiyi töhfələr, yeni neft-qaz yataqlarının kəşf olunmasında xidmətləri inandırıcı səhnələrlə canlandırılmışdır. Böyük maraqla qarşılanan filmin təqdimatından sonra SOCAR prezidenti Rövnəq Abdullayev “Fədakar” sənədli-bədii filminin yaradıcı heyətini təbrik etmiş, təəssüratlarını bölüşmüşdür. O, neftçilərin ağsaqqalı Xoşbəxt Yusifzadəni ad günü münasibətilə təbrik etmiş, ona uzun ömür, cansağlığı arzulamışdır.

Bütün iştirakçılara minnətdarlığını bildirən filmin qəhrəmanı Xoşbəxt Yusifzadə vurğulamışdır ki, bu ekran əsərində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən səslənən fikirlər, əslində, bütün neftçilərə ünvanlanıb. Bu, ölkəmizdə neftçilərin əməyinə verilən qiymətin göstəricisidir. X.Yusifzadə filmin böyük bacarıq və zəhmətin bəhrəsi olduğunu, “Xoşbəxti xoşbəxt kimi göstərdiyini” vurğulamışdır. Sonda iştirakçılara filmin diski təqdim olunmuşdur. Qeyd edək ki, ssenari müəllifi Eldar İsgəndərzadə olan filmdə obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov, aktyorlar Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf Hüseynov və başqaları canlandırmışlar. Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, baş məsləhətçisi Xalik Məmmədovdur.

Fevralın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə pressxeber.info xəbər portalının təsis etdiyi “Azərbaycan ziyalısı” diplomu təqdim olunmuşdur. Portalın rəhbəri Elşad Əliyev uzun illər Azərbaycan neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə və ölkəmizin ictimai həyatındakı roluna görə görkəmli neftçi-alimə minnətdarlığını bildirmiş, ona uzun ömür, cansağlığı arzulamışdır.

Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Xoşbəxt Yusifzadəyə Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” fəxri adının diplomu və medalı təqdim edilmişdir. AMEA-nın prezidenti Akif Əlizadə bu münasibətlə Xoşbəxt Yusifzadəni təbrik etmiş, ona gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulamışdır. Akademik X.Yusifzadə təşəkkürünü bildirmiş, elmi yaradıcılığının bundan sonra da yeni-yeni istehsalat nailiyyətlərinə yol açacağına ümid etdiyini söyləmişdir.

Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadə həm də Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademikidir.